Korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilib

Korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilib
Tarix: 1-03-2016, 23:04 Toplam: nəfər paylaşdı.


Korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Qlobal böhranlara baxmayaraq, Azərbaycanda əsası dahi öndərimiz tərəfindən qoyulmuş intensiv inkişaf kursunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirildiyini, dövlət başçısının apardığı iqtisadi islahatların, qətiyyətli addımlarının, habelə qeyri-neft sektorunun inkişafının təşviqinin qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, 2015-ci ildə Məhkəmə-Hüquq Şurasının iclaslarında ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisi, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması ilə bağlı çoxsaylı məsələlərə baxılaraq konkret qərarlar qəbul edilib, bu tədbirlər Şuranın internet səhifəsində (www.jlc.gov.az) və mətbuatda geniş işıqlandırılıb. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılaraq bu sahədə əhatəli təhlillər aparılıb, müxtəlif qanunvericilik layihələri Şuranın iclasında müzakirə edilib, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara mütərəqqi dəyişikliklər edilib, məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatı müəyyən olunaraq Şuranın funksiya və səlahiyyətləri genişləndirilib, Şura və Hakimlərin Seçki Komitəsinin tərkibi yenilənib.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinə xüsusi əhəmiyyət verilərək ölkəmizin Dünya Bankı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində artıq bir çox məhkəmələr üçün yeni binalar inşa edilərək istifadəyə verilib, 5 məhkəmə üçün binalar inşa olunmaqdadır. Dövlət büdcəsi hesabına inşa edilən daha 4 məhkəmə üçün isə binaların cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Ötən il yeni inşa olunmuş və ən müasir avadanlıqla, o cümlədən elektron informasiya texnologiyaları ilə təchiz edilmiş Sabunçu və Şəki Məhkəmə Komplekslərinin inşası başa çatdırılıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin 6 məhkəmənin yerləşdiyi, konseptual baxımdan tam yeni olan və öz funksionallığı ilə fərqlənən bu komplekslərin açılışlarında şəxsən iştirakı və yaradılan şəraitlə yaxından tanışlığı məhkəmə hakimiyyətinə böyük etimadın və yüksək qayğının təzahürü olmaqla xüsusi iftixar və dərin rəğbətlə qarşılanıb.
Şəki Məhkəmə Kompleksinin açılışında cənab Prezident hakimlərlə keçirdiyi müşavirə zamanı aparılan mütərəqqi islahatları və Şuranın fəaliyyətini müsbət qiymətləndirib, eyni zamanda məhkəmə sahəsində işin səmərəliliyinin artırılması üzrə konkret tapşırıqlar verib, qarşıda mühüm vəzifələr qoyub. Bir çox problemlər, o cümlədən ən təhlükəli sosial bəla olan korrupsiyaya qarşı qəti mübarizə aparılması, məhkəmələrdə şəffaflığın artırılması, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, məhkəmə qərarlarının ədalətliliyi, qərəzli yanaşmanın aradan qaldırılması, əsassız tələblərin qarşısı alınmaqla vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi xüsusi vurğulanıb.
Dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin müzakirəsi məqsədilə təxirəsalınmadan Məhkəmə-Hüquq Şurasının hakimlərin, prokurorların, ədliyyə işçilərinin və vəkillərin iştirakı ilə geniş iclası, Şəkidə isə yeni məhkəmə kompleksində regional müşavirə keçirilib, bütün hakim korpusunun əhatə olunduğu bu iclaslarda konkret tədbirlər müəyyən edilib.
Ötən ilin mühüm hadisələrindən biri də Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinin qeyd edilməsi olub.
İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkəmizdə əldə edilmiş nailiyyətlərin beynəlxalq aləmdə də etiraf olunduğu vurğulanıb, qeyd edilib ki, ötən il Avropa Şurasının mühüm təsisatı olan Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 12 illik fəaliyyətinə həsr olunmuş və bütün üzv dövlətlərdə yayılan xüsusi nəşrdə Azərbaycanda həyata keçirilən məhkəmə islahatına böyük önəm verilərək buna ayrıca bölmə həsr olunub.
Bildirilib ki, Avropa Şurasının bu nüfuzlu nəşrində ölkəmizdə irimiqyaslı məhkəmə islahatlarının müsbət nəticələri, o cümlədən məhkəmə özünüidarəsinin genişlənməsi, hakimlərin mütərəqqi seçimi, məhkəmə infrastrukturunun müasirləşməsi, texnoloji yeniliklərin tətbiqi və şəffaflığın təmin olunması üzrə işlərin digər Avropa dövlətlərinə nümunə göstərilməsi məhkəmə islahatlarımıza verilən dəyərin və dövlətimizin beynəlxalq nüfuzunun daha bir təzahürüdür.
İclasda qeyd olunub ki, hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla işlək mexanizmlər yaradılıb və ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyəti yerində öyrənilərək qiymətləndirilib, habelə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilib.
Məhkəmə səhvlərinin azaldılması məqsədilə nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və təcrübəli hakimlərin iştirakı ilə 500-dən çox hakimi əhatə edən 40-dək tədris tədbirləri, habelə məhkəmə işçiləri üçün silsilə təlimlər təşkil olunub, insan haqları, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, etik davranış qaydaları ilə bağlı mövzuların tədrisinə üstünlük verilib.
Ötən il ərzində ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilmiş tədbirlər vurğulanıb, qeyd olunmuşdur ki, aparılan islahatlar çərçivəsində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələri yaradılıb, hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb, insan haqlarının etibarlı təmini məqsədilə inzibati ədliyyə institutu təsis olunaraq 7 bölgədə yeni məhkəmələr fəaliyyətə başlayıb, kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Avropada nümunə kimi göstərilən yeni mütərəqqi qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib. Görülmüş tədbirlər cəmiyyətdə məhkəmələrə inamı artırıb, mülki xarakterli mübahisələr üzrə məhkəmələrə müraciətlərlərin sayı yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 15 dəfə çoxalıb. Təkcə 2015-ci ildə məhkəmələrə daxil olan belə müraciətlərin sayı 30%-dən çox artaraq 330 minə çatıb, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı mülki işlər üzrə 95,9%, iqtisadi mübahisələr üzrə 96,5%, inzibati mübahisələr üzrə 82,7% təşkil edib. Bildirilib ki, qəbul edilmiş qərarların stabilliyi də artıb, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 98%-i, hökmlərin isə 91%-i dəyişdirilməyərək sabit qalıb. Eyni zamanda 3 hakim barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Balakən rayon məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar rayon məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilib, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanılıb.
İclasda Ali Məhkəmənin sədri Ramiz Rzayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər Şura üzvləri çıxış edərək ötən il ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən işləri məqbul qiymətləndirib, qarşıda duran vəzifələrə toxunulub, fəaliyyətin dövlət başçısının yüksək tələbləri səviyyəsində qurulması, mövcud nöqsan və problemlərin aradan qaldırılması, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, məhkəmə monitorinqlərinin səmərəsinin artırılması ilə bağlı tədbirlər müəyyən olunub.
Məhkəmə-Hüquq Şurasının iclasında həmçinin bir sıra təşkilati məsələlərə baxılıb, vakant olan Şura və Hakimlərin Seçki Komitəsi üzvü yerlərinə yeni hakimlər seçilib, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyevin hakimliyə namizədlərin növbəti müsabiqəsi barədə məlumatı dinlənilib.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10