ƏSAS SƏHİFƏ Araşdırma BNA-NIN ÜMİDİ ƏCNƏBİLƏRƏ QALIB... - Parkinq problemini çözmək bu qədərmi müşküldür?

BNA-NIN ÜMİDİ ƏCNƏBİLƏRƏ QALIB... - Parkinq problemini çözmək bu qədərmi müşküldür?

Paytaxtda həyata keçirilən infrastruktur layihələrinin, yeni yolların, körpülərin, keçidlərin tikintisinin şəhərin müasir görünüşünə, əhalinin rahatlığına və nəqliyyat axınının intensivliyinə xidmət etdiyi şübhəsizdir. Bu layihələr Bakını regionun ən müasir və inkişaf etmiş infrastruktura malik şəhərinə çevirib.

Lakin bu infrastrukturun idarə olunmasında və ən əsası, düzgün idarə olunmasında ciddi problemlər yaşanmaqdadır. Bu problemləri həll etmək, şəhər nəqliyyatını tənzimləmək üçün iki il əvvəl Bakı Nəqliyyat Agentliyinin(BNA) yaradılması labüd və təqdirəlayiq addım oldu. Lakin ötən müddət göstərir ki, müəyyən müsbət işlərin görülməsinə baxmayaraq, ciddi problemlər qalmaqdadır. Elə BNA-nın əhalinin ən çox şikayət və tənqid etdiyi qurumlardan biri olması da bunu təsdiqləyir.

Təbii ki, bu şikayət və tənqidlərin hamısını haqlı saymaq olmaz. Çünki bəzi məsələlərdə doğrudan da BNA-nın əlindən gələni etdiyi, lakin bir çox obyektiv, yəni ondan asılı olmayan səbəblərdən öz vəzifəsini tam şəkildə yerinə yetirə bilmədiyi görünür. Lakin elə istiqamətlər də var ki, bu qurum bütün geniş imkan və səlahiyyətlərinə rəğmən, ciddi dönüş yarada bilməyib. Bunlardan biri və bəlkə də ən birincisi parkinq problemidir. Çünki məhz bu məsələnin lazımi səviyyədə həll olunmaması şəhər nəqliyyatındakı digər böyük problemi - tıxacları yaradan əsas səbəblərdən biridir.

Ona görə də ölkə başçısının BNA rəhbəri Vüsal Kərimlini qəbul edərkən bu məsələ ilə maraqlanması təsadüfi deyildi: “Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək... Ona görə, parkinqlə bağlı soruşmaq istəyirəm. Vəziyyət necədir və bu il hansı addımlar gözlənilir?

Vüsal Kərimli: “Bu il biz parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun...”

Deməli, belə çıxır ki, BNA parkinq məsələsini həll etmək məqsədilə xaricdən mütəxəssis çağıracaq, problemin infrastruktur və iqtisadi tərəflərini çözmək üçün onlardan məsləhət alacaq. Təbii ki, bu məsləhətlər pulsuz deyil və bununla bağlı tender keçiriləcək. Bu isə milyonlarla dollar və bəlkə də daha çox dövlət vəsaitinin xərclənməsi deməkdir. Sual yaranır ki, avtomobil saxlamaq üçün yer müəyyənləşdirmək, bunun qiymətini, gəlir-çıxarını hesablamaq nə qədər çətin, mürəkkəb işdir ki, bunun üçün xaricdən mütəxəssis cəlb olunur?

Axı bu, Atom Elektrik Stansiyası, yaxud “S-400” raketlərinin yox, sadəcə parkinqlərin quraşdırılmasıdır. Bir çox ölkələrdə, elə qardaş Türkiyənin özündə də bu cür problemlər sadəcə, yerli bələdiyyələr tərəfindən həll olunur, nə hökumət səviyyəsinə qaldırılır, nə də xarici mütəxəssislərin məsləhəti adı altında büdcənin milyonlarla vəsaiti xərclənir. Axı paytaxtın, ölkənin illərdir maliyyə vəsaiti səbəbindən həllini gözləyən kifayət qədər iqtisadi və sosial problemləri var. Həmin problemlər qala-qala adi parkinq yerləri müəyyənləşdirməyə məsləhət almaq üçün pul xərcləmək nə dərəcədə doğrudur və bizim belə bir lüksə haqqımız çatırmı?

Narahatlıq yaradan təkcə xarici məsləhət üçün maliyyə xərcləri deyil, həm də Azərbaycanın elmi-texniki potensialı, mütəxəssis bazası və s. bu kimi prestij məsələlərinə münasibətdir. Əlbəttə ki, xarici təcrübənin öyrənilməsi müsbət haldır.

Ancaq hər adi məsələ üçün əcnəbilərə üz tutmaq, onlardan yardım, məsləhət istəmək və buna böyük pullar xərcləmək regionun ən müasir, inkişaf etmiş ölkələrindən birinə yaraşırmı? Yəni bu ölkənin adi avtomobil dayanacaqlarının, duracaqlarının və s. dislokasiyasını müəyyənləşdirəcək, bu sahədə adi iqtisadi təhlil apara biləcək mütəxəssisi- mühəndisi, meneceri, iqtisadçısı yoxdur? Bəs BNA nə üçün yaradılmışdı? BNA rəhbərliyinin işə götürdüyü şəxslər kimlərdir və onların arasında parkinq məsələsini çözə biləcək mütəxəssislər yoxdurmu?

Əlbəttə ki, bütün bunlarla BNA-nın indiyə kimi gördüyü işləri tamamilə kölgə altına almaqdan uzağıq. Ancaq bununla yanaşı ümid edirik ki, bu qurum heç olmasa gələcəkdə öz mütəxəssislərimizin imkan və bacarıqlarından daha geniş şəkildə istifadə edəcək və bu cür problemləri daxili imkanlar hesabına çözə biləcək...AzPolitika.info
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu