ƏSAS SƏHİFƏ Araşdırma 17 uşaq böyüdən, xanımını “kəşfiyyat”a göndərən “1 nömrə” - SİRLİ ULDUZLAR

17 uşaq böyüdən, xanımını “kəşfiyyat”a göndərən “1 nömrə” - SİRLİ ULDUZLAR

Klaudio Taffarel. Dünya futbolunda tarix yazmış, "Braziliyadan güclü qapıçı çıxmır" fikrini alt-üst edən şəxs. Futbol həyatına gec başlamasına rəğmən, dünya çempionu olmuş birindən bəhs edirik. Əfsanəvi "1 nömrə"nin keçdiyi ömür yolu maraqlı olmaya bilməz...

“Əmilərim kimi hərbçi olmaq istəyirdim”

1966-cı il mayın 8-də Braziliyanın Rio-Qrande ştatının Santa-Roza şəhərciyində, fermer ailəsində doğulub Taffarel. Ailədə 3 uşaq olublar: 2 oğlan, 1 qız. Bütün braziliyalılar kimi, o da uşaq yaşlarından idmana maraq göstərib. Atletika və voleybolla da məşğul olan Klaudio vaxtını daha çox futbola ayırırdı. Braziliyalılar üçün xarakterik olmayan bir xüsusiyyət var idi onda: öz istəyi ilə qapıya keçirdi, dostlarından fərqli, çərçivədə dayanmaq xoşuna gəlirdi. Amma gələcəkdə futbolçu olmaq istəmirdi, çünki arzusu başqa idi. "Hərbçi nizam-intizamının olduğu ailədə böyümüşəm. Atamdan fərqli, əmilərim hərbçi idilər. Onların necə qüvvətli olduğunu gördüyüm üçün mən də hərbçi olmaq istəyirdim. 16 yaşımda da bu fikirdə idim. Hətta hərbçi məktəbinə daxil olmaq üçün imtahanlara hazırlaşırdım. Ancaq sonra futboldan zövq aldığımı hiss etdim və qərarımı dəyişdim", - həmin anları yada salır Klaudio Taffarel.

Dasayevin fanatı

Futbolçu olmağında 1982-ci ildə keçirilən dünya çempionatı böyük rol oynayır. İspaniyada baş tutan mundialın qrup mərhələsində Braziliya SSRİ yığması ilə üz-üzə gəlir. Cənubi amerikalıların çətinliklə qələbə qazandığı (2:1) görüşdə SSRİ millisinin qapıçısı Rinat Dasayev öz qurtarışları ilə yeniyetmə Klaudionun diqqətini cəlb edir. Dasayevin fanatına çevrilən Taffarel qapıçı olacağını qətiləşdirir.

“Palçıqda topu qaytarmaqdan həzz alırdım”

Klaudionun oyununu görən “İnternasional” klubunun skautları onu çox bəyənirlər. Nəticədə Taffarel klubun akademiyasına götürülür. "Futbola gec - 17-18 yaşımda başlasam da, çətinlik çəkmədim. Voleybol və atletika məni futbolçu olmağa hazırlamışdı. Məhlədə futbol oynayanda adətən heç kim qapıda durmaq istəmir. Amma mən öz istəyimlə qapıya keçirdim. Palçıqlı meydanlarda oynayırdıq. Palçığa bulaşsam belə, tullanıb topu qaytarmaqdan həzz alırdım", - deyir Taffarel.

Əvvəl milliyə, sonra Avropaya

Bu yola gec qədəm qoysa da, sürətlə inkişaf edir, nəticədə peşəkar futbolçuya çevrilir. 1985-ci ildə “İnternasional”ın əsas komandasında debüt edir. Bu klubda heç vaxt kubok qazana bilməsə də, həm milliyə, həm də Avropaya yolu açılır. Əvvəlcə Braziliyanın olimpiya yığmasına çağırılan Taffarel 1988-ci ildən əsas milliyə dəvət almağa başlayır. 1989-cu ildə Amerika Kuboku turnirinin qalibi olur. 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatına yollanan “sambaçılar”ın heyətində Taffarel də yer alır. Yığmanın əsas qapıçısı olan Klaudio qrup mərhələsində 3 oyuna cəmi 1 top buraxır və qrup lideri kimi növbəti mərhələyə adlayırlar. 1/8 finalda Braziliyanın qarşısına əzəli rəqibi Argentina çıxır və bu görüş ikincilərin 1:0 hesablı qələbəsi ilə başa çatır. Nəticədə Taffarelin də heyətində yer aldığı yığma mundialdakı çıxışını erkən başa vurmalı olur.

Həmin il A Seriyasına yüksələn “Parma” klubunun rəsmiləri Taffarelin mundialdakı çıxışını çox bəyənirlər. Fürsətdən istifadə edib onun razılığını alırlar, transfer baş tutur. 3 il “Parma”nın formasını geyinəndən sonra İtaliyanın “Redjana” klubuna icarəyə verilir. Orada cəmi 1 mövsüm keçirməsinə baxmayaraq, komandasını 2-ci diviziona düşmək təhlükəsindən xilas edənlərdən biri olur.

Baco ilə göz-gözə və ya Braziliyanın 4-cü çempionluğu

DÇ-1994. ABŞ-da keçirilən dünya çempionatına da Braziliya yığmasının əsas qapıçısı qismində Taffarel yollanır. 4 il öncə olduğu kimi, qrupdakı 3 oyunda cəmi 1 qol buraxır. Bu dəfə də qrup lideri kimi növbəti mərhələyə adlayan cənubi amerikalılar 1/8 finalda ABŞ-ı (1:0), 1/4 finalda isə Niderlandı (3:2) üstələyirlər. Yarımfinalda İsveçdən güclü olan (1:0) Braziliya finalda meydan sahibi İtaliya yığması ilə qarşılaşır. Oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitdiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulur. İlk olaraq ağ nöqtəyə Franko Barezi yaxınlaşır və zərbəsindən sonra top qapının üstündən keçir. Lakin braziliyalıların ilk zərbəsi də dəqiq olmur. Marsio Santosun zərbəsini Canluka Palyuka dəf edir. Bundan sonra meydan sahiblərində Demetrio Albertini və Alberiqo Evaninin, Braziiyada isə Romario və Brankonun zərbəsi dəqiq olur. Daha sonra növbə italyan Daniele Massaroya çatır. Onun zərbəsindən sonra Taffarel topu qaytarmağı bacarır. Braziliyanın heyətində Dunqanın dəqiq zərbəsindən sonra ev sahiblərində Roberto Baco mütləq hədəfi düzgün nişan almalıydı. Ancaq Taffarellə göz-gözə gələn Baconun zərbəsindən sonra top qapının üstündən keçir və Braziliya yığması tarixində 4-cü dəfə dünya çempionu adını qazanır.

"Millidə çox dəyərli futbolçularla oynadım. Braziliya yığmasının formasını daşımaq olduqca ağırdır. Çünki gözləntilər həmişə böyük olur. Bütün turnirlərdə hamı Braziliyadan çempionluq gözləyir. Mənim üçün karyeramda ən önəmli mükafat DÇ-1994-ün kubokudur", - həmin mundiali yada salır Taffarel.

Yığmadakı son turnirində gümüş medal

1995-cı ildə Taffarel İtaliyadan ölkəsinə dönməli olur. Avropada iddialı kluba keçmək istəyi reallaşmayan Klaudio “Atletiko Mineyro” ilə anlaşır və 3 il bu komandanın formasını geyinir. Həmin müddətdə - 1997-ci ildə yığmanın heyətində ikinci dəfə Amerika Kubokunun qalibi olur. 1 il sonra isə Taffarel yığmanın heyətində 3-cü dəfə dünya çempionatına yollanır. Yeri gəlmişkən, bu, onun millidəki son turniri olacaqdı. DÇ-1998-də qrup mərhələsini ilk pillədə bitirən “sambaçılar” 1/8 finalda Çili, 1/4 finalda isə Danimarkanı üstələyirlər. Yarımfinalda Braziliyanın qarşısına güclü Niderland yığması çıxır. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyası oynanılır. Braziliyalılarda ilk zərbələri Ronaldo və Rivaldo, hollandlarda isə Frank de Bur və Dennis Berqkamp dəqiq yerinə yetirir. Cənubi amerikalıların 3-cü zərbəsini Emerson qolla tamamlayır. Əks cəbhədə isə topa Fillip Koku yaxınlaşır. Bu anda səhnəyə Taffarel çıxır. Kokunun özündən sağ cinaha vurduğu zərbəni Klaudio dəf edir. Dunqanın zərbəsi dəqiq olduğundan, hollandlar növbəti penaltini mütləq qolla tamamlamalıydılar. Ancaq ağ nöqtəyə yaxınlaşan Ronald de Bur da Taffarellə dueldən məğlub ayrılır. Bu dəfə əks cinaha göndərilən topu qaytaran “1 nömrə” komandasını mundialın finalına çıxarır. Lakin həlledici görüşdə Braziliya meydan sahibi Fransaya gözlənilmədən 0:3 hesabı uduzaraq, gümüş medalla kifayətlənir.

Eyni anda 2 vacib qərar

Millidə 101 oyun keçirən Taffarel dünya çempionatından sonra yığma karyerasını başa vurduğunu açıqlayır. Həmin ərəfədə 32 yaşlı çərçivə qoruyucusu daha bir vacib qərar verir - “Atletiko Mineyro”dan Türkiyənin “Qalatasaray” klubuna keçməklə. Halbuki bu transferin baş tutacağı inandırıcı görünmürdü. Zaman Taffarelin doğru addım atdığını göstərəcəkdi.

“O vaxta qədər nə “Qalatasaray” tanıyırdım, nə də Türkiyə”

“1998-ci ildə keçirilən dünya çempionatının gedişində mənə “Qalatasaray”dan təklif var” dedilər. Dürüst olacağam: o vaxta qədər nə “Qalatasaray” tanıyırdım, nə İstanbul, nə də Türkiyə. Yadımdadır, hətta “Türkiyədə də futbol varmı” deyə qəribə sual vermişdim. Sonra ölkə, şəhər və klub haqqında məlumat toplamağa başladıq. Gəlib inanılmaz futbol mədəniyyəti, istiqanlı insanlar və çox rəqabətli çempionatla qarşılaşdım. Bir futbolçu fərqli ölkəyə gedirsə, qarşısında duran ən çətin məsələ həyat yoldaşını razı salmaqdır. “Qalatasaray” bu cəhətdən ağıllı addım atdı. Dünya çempionatı gedərkən həyat yoldaşımı Türkiyəyə dəvət etdilər. O, “kəşfiyyat”dan qayıdanda “rahat ol, gedə bilərik” dedi. Şəhərə, komandaya heyran olmuşdu", - həmin vaxtı yada salır Klaudio.

“Tanrının əli” və yenə uğurlu penaltilər seriyası

3 il “Qalatasaray”ın formasını geyinən Taffarel qısa zamanda özünü Türkiyədə sevdirməyi bacarır. Bu müddətdə o, 2 dəfə Superliqa, 2 dəfə Türkiyə Kubokunun qalibi olur. 2000-ci il həm Taffarel, həm də “cim-bom” üçün çox düşərli olur. Daxili turnirlərdən əlavə “Qalatasaray” həmin il Avropada da tarix yazır. “Sarı-qırmızılılar” öncə UEFA Kubokunda (indiki Avropa Liqası) əla çıxışla yadda qalırlar. Ardıcıllıqla Dortmund “Borussiya”sı, “Malyorka” və “Lids Yunayted”i mübarizədən kənarlaşdıran “Qalatasaray” finalda adlı-sanlı rəqibi “Arsenal”la üz-üzə gəlir. Oyunu yüksək səviyyədə keçirir Taffarel. Matçın əsas vaxtında qol olmur. Əlavə vaxtda Taffarel “Arsenal”ın gənc ulduzu Tyerri Anrinin başla zərbəsinə əla reaksiya göstərərək, komandasının xilaskarı rolunu oynayır. Matçdan sonra verdiyi müsahibədə həmin qurtarışını “Tanrının əli” deyə şərh edir. Əlavə 30 dəqiqə də qolsuz başa çatır və yenə Taffarelin sevdiyi penaltilər seriyasına ehtiyac duyulur. Düzdür, budəfəki seriyada Taffarel top qaytarmır, ancaq onun avtoriteti rəqibin ulduz futbolçularını səhv buraxmağa məcbur edir. Davor Şuker dirəyi, Patrik Vieyra isə tiri nişan alır. “Cim-bom”lu futbolçuların bütün zərbələri dəqiq olunca “Qalatasaray” UEFA Kubokunu qazanır. Taffarel isə finalın ən yaxşı oyunçusu seçilir.

“Sanki o, prokuror, sən isə müttəhimsən”

“Heç vaxt 11 metrlik zərbələrdən qorxmamışam. Oyun vaxtı ilə müqayisədə matçsonrası penaltini dəf etmək asandır. Mənim üçün bütün hallarda belə olub. Çünki oyunda penati vuran müəyyən psixoloji üstünlüyə malikdir. Sanki o prokuror, sən isə müttəhimsən. Oyunsonrası penaltilərdə isə tam fərqli vəziyyət olur. Çünki penalti yerinə yetirən futbolçu qapıçıdan daha çox məsuliyyət daşıyır. Buna görə də o, səhv etməkdən qorxur. Üstəlik, qolkiper ona bir qədər də inamsızlıq, qeyri-müəyyənlik hissi aşılayır”, - penaltilər seriyasındakı uğur sirrini açıqlayır Taffarel.

Həmin il avqustun 25-də isə "cim-bom" Madrid "Real"ından güclü olaraq (2:1) UEFA Superkubokuna da sahib çıxır.

Maşını xarab olur, karyerasını bitirir

2001-ci ildə Taffarel Avropadakı ilk klubu “Parma”ya qayıdır - bu dəfə ehtiyat qapıçı rolunda. İki il bu komandada yer alan Klaudio 2003-cü ildə “Empoli”dən təklif alır. Klub rəhbərliyi ilə görüşə gedərkən yolda avtomobili xarab olur. Maşındakı problemi özü həll etməyə çalışarkən düşünür: “Bəlkə futbolu buraxmalıyam artıq? Maşının xarab olması buna işarədir!” Avtomobilini təmir etdirsə də, “Empoli” rəhbərliyi ilə görüşməkdən vaz keçir. Bununla da futbolçu karyerasını başa çatdırır.

“Fatih Terim türkiyəli atamdır”

Bundan sonra Parma şəhərində restoran açır. Maraqlıdır ki, həmin vaxt pendirləri İstanbuldan gətizdirirmiş. Bir müddət sonra isə Braziliyaya qayıdır və futbol agenti kimi fəaliyyətə başlayır. Ancaq bu iş ona darıxdırıcı gəlir. Ürəyindən məşqçi olmaq keçirdi. Bunun üçün isə təklif almalıydı. İşsiz olduğu müddətdə vaxtını daha çox ailəsinə həsr edir.

2011-ci ildə "Qalatasaray"ın baş məşqçisi postuna qayıdan Fatih Terim sabiq yetirməsinə zəng edir: “Klaudio, səni köməkçilərimin sırasında görmək istəyirəm”. Taffarel keçmiş məşqçisinin sözündən çıxa bilməzdi: “Fatih Terim mənim türkiyəli atamdır. O, “Qalatasaray”a dönəndə Braziliyadaydım. Zəng etdi və qapıçılar üzrə məşqçi olmağımı istədiyini bildirdi, mən də razılaşdım. Terimin üzərimdə zəhməti çoxdur".

Ailəcanlı, xeyirxah Taffarel

Sonrakı illərdə "Qalatasaray"la yanaşı, Braziliya yığmasında da eyni işi görməyə başlayır. 2016-cı ildə "cim-bom"dan ayrılsa da, Fatih Terimin növbəti qayıdışından sonra Taffarelin də dönəcəyi ilə bağlı xəbərlər özünü doğruldur. “İmperator” 2018-ci ildə Klaudionu yenidən özünə qapıçılarla iş üzrə köməkçi götürür. Lakin 2019-cu ilin yayında eyni anda "Qalatasaray" və Braziliya millisində çalışmağın çətin olduğunu, ailəsini daha çox görmək istədiyini əsas gətirərək Türkiyəni tərk edir.

Taffarel həyat yoldaşı Andrea ilə birlikdə 17 uşaq böyüdüb. Onlardan ikisi (1 qız, 1 oğlan) öz uşağı, 15-i isə övladlığa götürdükləridir. “1 nömrə”nin xeyirxah əməlləri bununla bitmir. O, Braziliya və Afrikada yaşayan kimsəsizlərə tez-tez maddi yardım edir.
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu