Müharibə uşaqları...

Müharibə uşaqları...


Müharibə uşaqları...

...Onları bax, beləcə adlandırırdılar: “müharibə uşaqları”. Uşaqlıqları müharibədə “itib-batan”, o qayğılı-qayğısız illərin dadını çıxara bilmədiklərindən vaxtından qabaq “qocaldıqlarından”, atalarının əvəzinə ailə yükünü hələ bərkiməmiş çiyinlərinə almağa məhkum olduqlarından “saqqallı uşaqlar” da deyirdilər onlara.
Müharibə! Bu sözün mənası ölüm-itim, qan-qada deməkdir! Heç bir canlı, şüurlu varlıq istəməz ki, amansız və vaxtsız ölümlə üz-üzə qalsın! Lakin elə olur ki, insan övladı, bəşəriyyətin və məmləkətin xilası naminə ölümün üstünə birbaşa gedir: gözlərini qırpmadan, çəkinmədən! Xalqımızın da milyonlarla oğul-qızı bu dəhşətlə zaman-zaman üzə-üzə gəlib.
Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq fakültəsinin kafedra müdiri, əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, tarix elmləri doktoru, professor Abuzər Xələfov da məhz uşaqlığı müharibə illərində əlindən alınanlardan biridir.
1931-ci ildə Göyçə mahalının ucqar Cil kəndində (Göyçəgölün yaxınlığında) dünyaya gələn Abuzər Xələfovun xəyalında o illərdən elə dəhşətli anlar, məqamlar, günlər, hadisələr ilişib qalıb ki: “Müharibənin od-alovundan çıxmış insanların arasında daha çox əzab çəkən uşaqlar olur. Mənim də yeniyetməliyim faşistlərin dünyanı işğal etmək iştahasından yaranan müharibə illərinə düşdü. 7-8 yaşlarından kolxozda ağır işlər görməyə başladım. Kotanın macından tutmağa kişilər yox idi, hamısını müharibəyə aparmışdılar. Təsərrüfatda uşaqlarla qadınlar qalmışdı. Ailənin və təsərrüfatın bütün ağır işləri onların çiyinlərinə düşmüşdü. Buna baxmayaraq, gedənlərin yerinə gecə-gündüz çalışmaq və ön cəbhəyə də yardım etmək ümumxalq borcuna çevrilmişdi. Qələbə naminə hamı səfərbər olmuşdu. Döyüşlərdəki uğurlar, əzmkarlıq arxa cəbhədə çalışanların ağır əməyinin, qan-tərinin hesabına idi...”
Qocaman professor deyir ki, 1941-1945-ci illər müharibəsində Azərbaycan canlı qüvvəsi və həm də “qara qızıl”ı ilə sovetlərin üzünü ağartdı: Bakıya göz dikən, hətta Qafqazı ilhaq edən kimi neft səltənətini yandırmaq faşistlərin strateji planlarına daxil idi. 1945-ci il may ayının 9-da faşizm üzərində qələbə çalan müttəfiqlərin arasında Azərbaycanın adı məhz ona görə birincilər sırasında çəkildi ki, xalqımız ön və arxa cəbhədə birlik nümayiş etdirdi: “Həmin müharibə xalqımıza ağır yaralar vursa da, canlı itkilərimiz həddən artıq olsa da, qələbə bayrağının Berlində dalğalanması bütün ağrı-acıları unutdurdu. Hətta iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən və igidlikləri, döyüşkənlikləri tarixə həkk edilən, bədii əsərlərə çevrilən azərbaycanlıların payı daha çox idi. Bildiyimiz kimi, qanlı-qadalı müharibədən zəfərlə, qalib çıxan ölkə yenidən dinc quruculuq dövrü yaşadı.
Milli müstəqilliyimizi bərpa etdiyimiz illərdə isə Azərbaycan xalqı ermənilərin faşizm siyasəti ilə üz-üzə gəldi. Yetmiş illik imperiya siyasətindən qurtulan Azərbaycan 1988-ci ildən Ermənistanın işğalçılıq siyasəti ilə mübarizə aparmaq məcburiyyətində qaldı. Bu, o zamanlar idi ki, ölkəmizdə ictimai, iqtisadi, siyasi münasibətlər xaos halındaydı, bir tərəfdən isə erməni vandalları ərazilərimizə diş qıcayır, azərbaycanlıları doğma yurd-yuvasından zorla çıxarır, fiziki işgəncələrə, terrorlara məruz qoyurdu”.
1945-ci ildə əməyinə ilk dəfə yüksək qiymət verilən Abuzər Xələfovun sonradan sinəsini orden və medallar bəzədi. Lakin onların arasında ikisinin adını xüsusilə çəkən alim deyir ki, “Böyük Vətən müharibəsində faşizm üzərində çalınan qələbədə rəşadətli əməyə görə” medalı və müstəqil Azərbaycan Prezidentinin fərmanı ilə təltif edildiyi “Şöhrət” ordeni onun üçün daha şərəflidir.
Həyat və elmi yaradıcılıq bioqrafiyası zəngin olan professor Azərbaycan xalqının azadlıq aşiqi və bu yolda mücahid olmağa daim üstünlük verməsindən qürur duyduğunu bildirir: “Hər bir xalq özünün dövlət müstəqilliyinin qorunub saxlanması yolunda canından keçir. Biz də bu yolda bir əsrdə iki dəfə yaranmış şansdan istifadə etdik. Lakin ötən əsrin əvvəllərindəki Azərbaycanla bugünkü, müstəqil respublikamızı müqayisə etmək mümkün deyil. Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, Avropa və dünyada hərtərəfli inkişaf göstəricilərinə görə lider dövlətdir. Çünki xalqımızın ümummilli lideri Heydər Əliyev ötən əsrin doxsanıncı illərində yenidən Azərbaycanın siyasi lideri kimi dövlətimizin müstəqilliyinin bünövrəsini qoydu və möhkəmləndirdi. Bununla belə, ulu öndər xalqımıza iki böyük sərvət verib: müstəqil Azərbaycan və onun hərtərəfli - iqtisadi, hərbi, sosial-mədəni inkişafına nail olan və dünyada tanıdan siyasi varisi cənab Prezident
İlham Əliyev! Qədirbilən xalqımız hər iki sərvətini qorumağı özünün şərəfi sayır”.
Professor hər iki müharibə dövrünü müqayisə edərkən oxşar məqamlarla üz-üzə gəldiyimizi söyləyir. Onun fikrincə, 1941-1945-ci illər müharibəsində Bakı nefti faşizm üzərində qəti qələbənin çalınmasında mühüm rol oynadığı kimi, ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” də bugünkü Azərbaycanın nəinki iqtisadi inkişafında, hərbi potensialının gücləndirilməsində vacib amilə çevrildi. Məhz neftdən gələn gəlirlərin müəyyən hissəsi ölkənin inkişafına, qüdrətli, modern silahlarla təchiz edilən ordu quruculuğuna, həmçinin Ermənistanın təcavüzü nəticəsində yurdunu, torpağını itirmiş bir milyondan artıq qaçqın və məcburi köçkünün məskunlaşmasına, onların yaşayış səviyyəsinin yüksəlməsinə sosial problemlərinin həllinə yönəldi. Əlbəttə, burada qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın və aqrar sahənin inkişafına da göstərilən maliyyə dəstəyini unutmaq olmaz. Bütün bunlar isə strateji hədəflərə hesablanmış siyasi, iqtisadi kursun dövlət başçısı tərəfindən layiqincə davam etdirilən ürəkaçan, həmçinin düşməni və eləcə də antiazərbaycançı şəbəkəni vahimələndirən faktordur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu günlərdə ön cəbhədə, düşmənlə üzbəüz mövqelərdə dayanan əsgər və zabitlərlə görüşündə bir inam özünü göstərdi: biz çox qısa müddət ərzində doğma torpaqlarımızı təcavüzkarların işğalından azad etməyə qadirik. Çox riskli olan səfərin ön cəbhədə düşmənlə üzbəüz mövqedə ayıq-sayıq dayanan əsgər və zabitlərimizdə yaratdığı psixoloji təsir vətənpərvərlik duyğularını qat-qat yüksəltdi!
Ömrünü, gününü elmə, xüsusən də mənəvi sərvətlərimizdən olan kitaba - bilik xəzinəsinə həsr edən professor Qarabağ torpaqlarının azadlığı uğrunda ölüm-dirim savaşlarına atılanların uşaqları ilə 1941-1945-ci illər müharibəsi dövründə atalarını əvəz edən, vaxtından əvvəl “kişiləşmiş”, ailənin qayğılarını daşıyanlar arasındakı oxşarlığı və fərqliliyi dilə gətirərkən onu da vurğuladı ki, hər iki halda onlar öz halal uşaqlıq və yeniyetməlik çağlarını itirir. Bundan başqa, faşistlərlə döyüşlərin vahiməsi, ölümsaçan güllələrin və ağır hərbi texnikanın vəhşi hayqırtılarını o dövrün uşaqları eşitmirdilər. Onların üzərinə ancaq arxa cəbhədə gecə-gündüz çalışmaq düşürdü. Bugünkülər isə həmin döyüşlərin şahidinə və qurbanlarına çevrilirlər. Qarabağ torpağının verdiyi ilk şəhidlər - Əli ilə Bəxtiyar qardaşları kimi. Bu isə müharibə uşaqlarının Ana Vətən, torpaq uğrunda savaşların iştirakçıları olmasıdır. Bax, müharibələr bir də buna görə amansız sayılır...
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10