Məşədi Mir Baba bəy Vəzirov-Ənvər Çingizoğlunun araşdırması



Qarabağda müalicəvi bitkilər, həmçinin ədviyyatla əttarlar məşğul olurdular. Vaxtilə Şuşada, Ağdamda, Bərdədə və digər şəhərlərdə əttar dükanları olmuşdur. Qarabağın məşhur əttar və nüsxəbəndlərindən biri də Məşədi Mir Baba bəy Vəzirov olmuşdur. O, Qarabağda məşhur olan vəzirovlar soyuna mənsubdur.

Bu uruğun ulu babası Mirzə Əliməhəmməd ağa İbrahimxəlil xanın sarayında çalışmışdı. Xanın müşavir-məsləhətçisi idi. Qarabağda Sofuoğlu ayaması ilə tanınırdı.

Mirzə Əliməhəmməd ağa 1785-ci ildə Osmanlı dövlətinə elçi getmişdi. Elə bu missiyasına görə də 1797-ci ildə Ağaməhəmməd şah Qacarın əmri ilə boğuldu. Tarixçi Rzaqulu bəy Vəzirov yazır: «Axundu (Molla Pənah Vaqifi-Ə. Ç.) və həmrahı Əli Məhəmməd ağayi Sofuoğlunu bir yerdə tutub, hüzura gətirən vaxtda ərzi-rahda o gün ki, Qalaya varid olacaq imiş Axund deyir Əli Məhəmməd ağayın ki, qətən şahın üzünü görmüyəcəm və bənə zərər yetişməz, amma səni bilmirəm. Əli Məhəmməd ağa deyir ki, bizim qollarımız bağlı və sənin keçən məsələlərdə olan göftgulərin məlum. Şah səndən dağ bərdel! (Keçən 1795-ci ildəki olaylardan, Mola Pənah Vaqifin şeirlə şahı təhqir etməsi və başqa məsələlərdən şahın səndən qəlbi dağlıdır.-Ə. Ç.) Necə olur ki, bizə zərər olmuya? Axund deyir ta…

Həmin gün axşama yarım saat qalmış onları Ağa Məhəmməd şahın qapısına gətirirlər. Şah özü onları görməmiş buyurur Axundun yoldaşlarını öldürün, özünü məhbus edin ki, sabah onu bir neçə kəlmə danışdırıb, yaxşı hörmətlə gərək öldürəm. Keçən məsələlərdə onun tədbirindən mən çox zəhmət çəkmişəm.

Əli Məhəmməd ağanı öldürürlər…» (Rzaqulu bəy Vəzirov, Əsərləri, Bakı, "Şuşa", 2005, 88 səh.)

Mirzə Əliməhəmməd ağa 1797-ci ildə öldürülüb.

Mirzə Əliməhəmməd ağanın Seyid Şahməhəmməd ağa, Seyid Xanməhəmməd ağa, Mir Cəfər ağa adlı oğulları vardı.

Seyid Şahməhəmməd ağa Şuşa şəhərində dünyaya təşrif gətirmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Ibrahimxəlil xanın divanxanasında divanbəyi vəzifəsində çalışmışdı. Divanda xandan və baş vəzirdən sonrakı yerdə divanbəyi dayanırdı. Divanbəyi çox vaxt seyid kökənli adamlardan təyin olunurdu. Ədalətə, güvənliyə cavablı, məsul sayıldıqlarından çox vaxt məhkəmə hakimi vəzifəsini həyata keçirirdi. Divanbəyilər əsasən dünyavi məsələlərə baxırdılar. Xanlığın daxili əmin-amanlığına, təhlükəsizliyinə nəzarət edirdilər.

Divanda siyasi suçlular, ağır dövləti cinayət işlətmiş adamlar yarqılanırdılar, ittiham olunurdular. Divanbəyi hökmü şəriət qaydalarına əsasən çıxarırdı. Dayaq qanunları müctəhidlər tərəfindən yazılan risalələr olurdu. Divanbəyi xanın ədliyyə vəziri hesab olunurdu.

Seyid Şahməhəmməd ağanın nəvəsi Yusif Vəzir Çəmənzəminli «Qan içində» adlı əsərində babası haqqında yazır: «Şahməmməd isə, biləks, cəsur, əmrə tabe, yeri gələndə xanın qəzəbini söndürəcək hərəkətlərə hazır bir adam idi. Lakin onda ifadəsi qabil olmayan bir şey var idi ki, bu da onu sevindirmirdi: zahiri çox çirkin idi, iri, çopur burnu, yoluq qaşları, xırda sönük gözləri vardı. ...danışdımı, adamı qorxu hissi bürüyürdü. Bu qorxu hər kəsə aid idi. Ölkənin aşağıdan yuxarıya heç bir təbəqə və sinifi xanın qəzəbindən yaxa qurtara bilməzdi, bu qəzəb də çox zaman Şahməmmədin vasitəsilə icra olunardı». (Çəmənzəminli Yusif Vəzir. İki od arasında. Bakı, Hədəf Nəşrləri, 2013, 298 səh.)

Seyid Şahməhəmməd ağa təxminən 1822-ci ildə vəfat etmişdi. Nəvəsi Yusif Vəzirin şəhadətinə görə ilan vurmasından dünyasını dəyişmişdir.

Seyid Şahməhəmməd ağanın Seyid Abdulla ağa, Mir İman ağa, Seyid Hüseyn ağa adlı oğulları, Xədicə xanım adlı qızı vardı.

Seyid Abdulla ağa Seyid Şahməhəmməd ağa oğlu 1809-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Müdərrisliklə məşğul idi.

Seyid Abdulla ağanın Mir Baba bəy adlı oğlu, Telli xanım adlı qızı vardı.

Mir Baba bəy Mir Abdulla bəy oğlu 1836-cı ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Öncə müdərrisliklə, sonra nüsxəbəndliklə məşğul olmuşdu. Yusif Vəzir yazır: " Atam Ağdamda nüsxəbəndlik еdərdi. Və şəhərə ildə üç-dörd dəfə gələ bilirdi, hər gəldikdə də bir həftə qalardı. Bu gözəl həftələr anamız üçün dеyil, yalnız biz çоcuqlar üçün gözəl idi: mеyvə, xоruzbеçələr, yağ-yavanlıq gətirərdi. Yеyərdik, içərdik, xоruzbеçələrlə əylənərdik, nəhayət gözəl həftə gəlib kеçər, zavallı atamın pulu qurtarardı və şənbə günü yеnə kəndə yоla düşərdi".

(Çəmənzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə. III cild. Bakı, “AVRASİYA PRЕSS”, 2005, 440 səh. s.383) Ədib sonra yazır: " Nüsxəbəndlik yavaş-yavaş aptеk şəklinə düşürdü, nəbati davalarla bərabər, fabrik əczaları da satırdıq. Lakin əsas davalar yеnə nəbati idi, bunların bir qismi (xiyar çənbər səna, tərəncəbir, qara həllə kimi) Irandan gəlir, о biri qismi (ayıdöşəyi, gülxətmi, babına çiçəyi, göyzəban, kasni kimi) Qarabağ dağlarından yığdırılırdı, cürbəcür həbləri, civə yağını və müshil kimi şеyləri özümüz hazırlayırdıq. Atamın tətbiq еtdiyi tibbin əsası istiliklə sоyuqluq üzərində qurulmuşdu. Guya xəstəlik bədəndə bu xassənin birinin digərinə üstün gəlməsindən əmələ gəlirmiş. Bütün yеməli və içməli şеylər də istilik və sоyuqluq artıran dеyə, ikiyə bölünmüşdü. Məsələn: düyü, kartоf, kələm, qarpız, turşu, yumurtanın ağı sоyuqluq artırandır, bal, ədviyyə, yumurtanın sarısı istilik artırandır.

Xəstəlik istilikdən irəli gəlmişsə qan aldırmalı, sоyuqluq artıran şеylər yеdirməli və əksinə. Babasil xəstəliyi guya iki xassəyə də istinad еdə bilərmiş. Bunun üçün xəstəni yоxlayırlar. Isti kərpicin üstünə bir parça kеçə qоyub, üzərinə bir çiy yumurta çırpırlar və xəstəni оnun üstünə оturdurlar. Bədən еhtiyacına görə ya yumurtanın aqını içəri çəkir, ya sarısını. Bu şərq təbabətinin musiqi ilə tədavi еtməsi daha maraqlı idi... Sill, diqq və kif xəstəliklərinə çubi çini vеrərdilər.

Çubi çini xırda köklərdən ibarətdir ki, xarab оlmamaq üçün оnu həmişə şəkərdə saxlarlar. Müalicə qırx gün davam еdər və xəstənin ruhunu yüksəltmək üçün hər gün yanında оxuyub, çalarlar". (Çəmənzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə. III cild. Bakı, “AVRASİYA PRЕSS”, 2005, 440 səh. s.388)

Mir Baba bəy musiqini, muğamatı gözəl bilirdi. Bir müddət mədrəsələrdə musiqidən dərs demişdi. Məşhur müğənni, ustad xanəndə Hacı Hüsü Lütfəli (Niftalı) oğlu onun şagirdi olmuşdu. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Mir Baba bəy 1906-cı ildə vəfat edib.

Məşədi Mir Baba bəy birinci dəfə adını bilmədiyimiz xanımla evlənmişdi. Bu xanım vəfat edəndən sonra ikincisini almışdı. Bu xanımla yola getməmiş, boşanmışdı.Üçüncü dəfə Seyid Əziz xanım Seyid Hüseyn qızı ilə ailə qurmuşdu. Mir Əbülhəsən bəy, Mir Yusif bəy, Mir Abdulla bəy (Miri bəy) adlı oğulları, Bəyim xanım, Ziba xanım, Qönçə xanım və Əzət xanım adlı qızları vardı.


Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi