Umbay bəy Əmirov- Ənvər Çingizoğlunun araşdırması



Əslən Qarabağlı olan həkimlərindən biri də Umbay bəy Əmirovdur. Şuşalı əmirovlar soyuna bağlıdır. Bu soyun ulu babası Əmirdir. Əmir XVIII yüzilin sonlarında, XIX yüzilin önlərində Şuşa şəhərində yaşamışdı. Əslən Cavanşir elinin Malıbəyli obasındandır. Mehdiqulu xan Sarıcalı-Cavanşirin rəiyyətləri arasında kameral siyahıya alınmışdı.

Əmirin törəmələri Əmirov soyadını daşıyırdılar.Əmirin Əli, Qasım, Vəli adlı oğulları vardı.

Umbay bəyin babası Əli Əmir oğlu 1802-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Ticarətlə məşğul idi. Pak Хorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Əli 1856-cı ildə vəfat edib.Məşədi Əli Pərzadla ailə qurmuşdu.Əmir, Teymur, Abbas, Süleyman, Salman adlı oğulları, Püstə adlı qızı vardı.

Umbay bəyin atası Abbas Məşədi Əli oglu 1842-ci ilədə Şuşa şəhərində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Ticarətlə məşğul idi.

Abbas Minə Hacı İbrahim qızı ilə ailə qurmuşdu.Azad, Surxay, Umbay adlı oğulları vardı.

Umbay bəy Abbas oğlu 1899-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Şuşa real məktəbini bitirmişdi. Sonra gimnaziyada oxumuşdu. Odessa Novorossiya Tibb Universitetinə qəbul olmuşdu. III kursadək bu universitetdə oxumuşdu. (ARDTA, f.51, siyahı 1, iş 55, vər.3)

Umbay bəy Əmirov 19 avqust 1919-cu ildə Xalq Maarif Nəzarətinə müraciət etmişdi ki, təhsilini Fransada davam etdirmək istəyir. Ona təqaüd ayrılmasını xahiş etmişdi. (ARDTA, f.51, siyahı 1, iş 55, vər.2) Maarif naziri Rəşid xan Qaplanov onun xahişinə mənfi cavab verib və onu yenidən Odessaya göndərməli olublar. (ARDTA, f.51, siyahı 1, iş 55, vər.4)

Umbay bəy Əmirov 25 noyabr 1919-cu ildən Şuşa şəhər əmək müfəttişi vəzifəsində çalışmışdı. (ARDTA, f.7, siyahı 3, iş 12, vər.2)

Umbay bəy Əmirov 28 iyun 1920-ci ildə Qarabağ qaçqınlar şöbəsində müvəkkil köməkçisi idi. (ARDTA, f.7, siyahı 3, iş 12, vər.10)

Umbay bəy Əmirov sovet dövründə tibb universitetini tamamlamışdı. 1942-ci ildə Şamaxı şəhər xəstəxanasının baş həkimi idi. Həmin il onu "Azərbaycan SSR-nin əməkdar həkimi" fəxri adı ilə təltif etmişdilər.

Umbay bəy Əmirov Azərbaycan SSR-nin səhiyyə nazirinin müavini vəzifəsində çalışmışdı.

Umbay Əmirov Dilarə Səfərova ilə ailə qurmuşdu. Rasim adlı oğlu, Alya adlı qızı vardı.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi