Nadir şah əslən Tovuzludur - ƏNVƏR ÇİNGİZOĞLUNUN ARAŞDIRMASI



2007-ci ildə dostum Aydın Avşarla bərabər "Avşarlar" kitabı ilə bağlı İran İslam Respublikasında elmi ezamiyyətdə olduq. Avşar boyunun İran adlı məmləkətdə ayağı hara dəymişdisə, oranı qarış-qarış gəzdik. Tarixçilərlə, tədqiqatçılarla görüşdük. Təbrizdə tanınmış tədqiqatçı, professor Rəhim Rəisniya ilə görüşümüz zamanı bildirdi ki, Xorasanda, Məşhəd şəhərində Firdovsi adına univerisitetdə Nadir şah Avşarın nəslindən, Qırxlı tayfasından bir alim işləyir. Soyadı da Qırxlıdır. İmkan olsa, onunla da görüşün.

Zəncan əyalətindəki görüş və tədqiqatlarımızdan iki gündən sonra Xorasana yollanmaq üçün Tehran şəhərinə istiqamət götürdük. Tehrana çatan kimi Xorasana gedən qatara bilet alıb, gecə ikən Məşhədə yola düşdük. İnsafən qatar çox rahat, təmiz, xidmət isə yüksək səviyyədə idi. Tehran ilə Məşhədin arası 1000 kilometrə yaxındır. Səhər tezdən Məşhəd şəhərinə çatdıq.

Məşhədə getməkdə məqsədimiz İmam Rzanın müqəddəs hərəmini ziyarət etmək, Nadir şah Avşarın muzey və məqbərəsində olmaq, Firdovsi adına Universitetin müəllimi Kəyumərs Qırxlı ilə görüşmək idi. Biz Məşhəddə İmam Rzanı ziyarət etdik. Sonra Türk xalqının, Oğuz ulusunun sonuncu fatehi Nadir şah Qırxlı-Avşarın (1736-1747) məqbərəsinə, muzeyinə baş çəkdik. Dünyanın varidatını, ləl-cavahiratını İrana gətirmiş şəxsin muzeyi miskin görkəmdə idi. Əlbəttə, eksponat baxımından. Yalnız XVIII əsrə aid geyim və silahlar nümayiş olunurdu. Nadirin nadir əşyalarından səs-soraq yox idi. Muzeydən pərt və pəjmürdə ayrıldıq. Onunla təsəlli tapdıq ki, çozsaylı ziyarətçilərin önündə sualımızı muzeyin direktoru Hacı Əhməd İşraqi qənaətbəxş cavabladı:

-Bəli, Nadir şah türkdür və Azərbaycan xalqının övladıdır.

Oxuculara qəribə gəlməsin, İranda Nadir şahın türklüyünü yalnız alim və müəllimlər bilirlər...

Nadir şah Avşarın bibisioğlu İmamverdi xanın nəticəsi Kəyumərs Qırxlı ilə görüşdük. Doktor Qırxlı Firdovsi adına Universitetdə Səfəviyyə və Avşariyyə dövründən dərs deyir.

İmamverdi xan Avşar elinin Qırxlı oymağından idi. Nadirin dayaq və dəstəklərindən olub, sarayın biyuttat naziri (ev və təşrifat baxıcısı) kimi böyük vəzifə daşımışdı. O, həm də cəsur sərkərdə olmuşdu. Üsyançı qəlacailəri məğlub edib sərkərdələrini (Məhəmməd Sultan Hüseyn oğlunu, Seydal xanı, Məhəmməd Qəlacaini) tutuqlu şahın yanına göndərmişdi.

İmamverdi xanın İmamqulu xan adlı oğlu, Zöhrab xan adlı nəvəsi, Kəyumərs adlı nəticəsi vardı. Bu professor Qırxlının şəcərəsidir. Bu cür düzülüşə inanmadığımı bildirdim. Genealoq kimi özümün İmamverdi xanla yaşıd babama qədər 9 qurşaq olduğunu söylədim. Qırxlı özlərinin uzun ömürlü və gec evləndiklərini açıqladı. Atası Zöhrab xan sağ idi və 105 yaşı vardı.

Nadir şahın yaxın qohumu kimi əsliyyətlərini soruşduq. Professor Kəyumərs Qırxlı bildirdi ki, ailə söyləntilərinə görə, Quzey Azərbaycandan, Kür çayının yaxasındakı Qırxlı oymağından gəliblər. I Şah Abbas döyüşkən avşarları özbəklərə qarşı bufer zonası yaratmaq üçün köçürüb. Əslən Qarabağlıdırlar.

Dərhal tədqiqata başladıq. Qırxlı kəndi hazırda Tovuz bölgəsinin ərazisindədir. Tovuz bölgəsi tarixi Qarabağ bəylərbəyliyinə bağlı olub. Professorun məlumatını həqiqətə çox yaxın bildik.

Professor K. Qırxlı hazırda ABŞ universitetlərinin birində tarix fənnindən dərs deyir.

Ənvər Çingizoğlu

Analoq.az
Professor Kəyumərs Qırxlı, foto müəllifindır
Nadir şah əslən Tovuzludur - ƏNVƏR ÇİNGİZOĞLUNUN ARAŞDIRMASI


Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi