Bilinməyən bir türk qövmü: Sunqur türkləri -ARAŞDIRMA



Güney Azərbaycanlı dostum Murad Dirəxşanla Həmədana, orda yaşayan Baharlı oymağını tədqiqata gedirdim. Kirmanşah ostanın Sunqur şəhərində su içmək üçün dayandıq. Su köşkünə yaxınlaşıb, farsca su istədim. Ləhcəmdən türk olduğumu anlayıb türkcə danışdı. Tanış olduq. Sunqur türklərindən idi. Bu etnos haqqında demək olar ki, az məlumatlıydım. Ətraflı araşdırma apardım. Həmin araşdırmanı oxucularla bölüşməyi gərəkli bildim.
Sunqur türkləri Sunqur şəhərində və onun ətrafındakı bəzi kəndlərdə (Qaleyi-Fərhad və Qurvə) yaşayırlar. Sunqur şəhəri İranın qərb sərhəd-sınırlarına yaxın olan Kirmanşah şəhərinin, 70 kilometr şimali-şərqində kiçik bir şəhərdir. Şəhərin əhalisi yüz minə yaxındır. 2006-cı il rəsmi məlumata görə şəhər əhalisinin sayı 43.184 nəfərdir. [World Gazetteer] Əhalinin yarısı Sunqur türklərindən ibarətdir. Doerfer bu şəhərde yaşayan türklerin sayını 35.000 olaraq göstərmişdir. Christian Bulut şəhərdəki toplam türk əhalisinin 40.000 civarında olduğunu bildirmişdir. [Christiane Bulut, “İranian Influences in Sonqor Turkic”, Linguistic Convergence and Areal Diffusion, RoutledgeCurson, London and New York 2005, s. 241-269.] Doerferdən bu yana qələmə alınmış yazılarda Sunqur şəhərində yaşayan Türk əhalisinin sürəkli azaldığı görünür. Əhali sayının azalmasında müxtəlif səbəblər olmasına rəğmən iki xüsus önə çıxıır. Bunlardan biri Sunqur şəhərinin əkinçilik və qismən heyvandarlıqdan başqa geçim-güzəran qaynağının olmaması səbəbiylə verdiyi mütamadi köçdür. Şəhərdə yaşayan türk əhalisi sürəkli bir şəkildə böyük şəhərlərə köçür və boşalan türk əhalisinin yerinə başqa etnik qruplar keçir. Daha çox kürdlər yerləşdirilir.
Doerferə görə Sunqur şəhərinə bağlı Qaleyi-Fərhadxanda 200, Qurvədə 400 türk yaşayır.
Minorskiyə görə Sunqur türkləri buraya monqollar dövründə gəlmişdilər və bunların rəisi olan Sunqur Şiraz monqollarına xidmət etmişdi. Sunqur türkləri şiə olub, əhli-haqq təmayülləri olduğu zənn olunur. [Vladimir Minorsky, “Sungur”, İslam Ansiklopedisi, Cilt 11, MEB Yayınları, İstanbul 1970, s. 41.] Bununla bərabər Sunqur şəhərində qədimdən qalmış "Gonbədi-malik" binası Səlcuq memarlığı üslubuyla tikilmişdir.
Sunqur şəhərinə İran-İraq savaşında minlərcə kürd gəlib yerləşmişdir. Elə ki, bugün şəhərdə türkdən çox kürd və az sayda da fars vardır. Farsların çoxunu hökümət məmurları təşkil edir.
Şəhərin əhalisi iki və ya üç dil bilir.
Sunqur türkcəsi Azərbaycan və İnallı ləhcələri arasında bir Türk ləhcəsidir. Hətta fonetikası baxımından (o-u, ö-ü) İnallı ləhcəsinə daha yaxındır. Əgər yavaş danışırlarsa bir Azərbaycanlı tərəfindən anlaşılır və Prof. Doerfərə görə Azərbaycantürkcəsinin bir ləhcəsidir.
Sunqur türkcəsini ilk dəfə Prof. L. Windfuhr və ondan sonra Prof. G. Doerfer (Alman türkoloqu) tədqiq etmişdir. [Gerhard Doerfer, “Das Sonqor-Turkische (Ein Vorlaufiger Bericht)”, Studia Orientalia, 47, Helsinki 1977, s. 43-56.]
Sunqur türkləriylə söhbətlərimizdə ləhcə və ya ağızlarındakı bəzi özəllikləri Prof. Doerfərin təsbit etdiyindən fərqli gördük. Məsələn məsdər şəkilçisi olaraq ax yerinə ağ olduğunu dəqiqləşdirdik. [Cevat Heyet, “Sungur Türkleri”, Türkler Ansiklopedisi, Cilt 20, Yeni Türkiye Yayınları, Ankara 2002, s. 675-678.]
Sunqur ata sözlərindən örnəklər:
Ügdə baci, ardə qəyçi.
Nə bağdəqu (qoy) alu nəkürdə dinə xalu (dayı).
Qiç gəlmi issiyov tiz giyə (getsin).
Hərkəsu bidərdi var dəyirmançinu su dərdi var.
Qərqə qərqəyə diyər üzü gərə.
Piçağ üz dəssəsini (dəstdəsini) kəsməz.
Bizə (i ilə ə arasında) gələn bizə xoşər (bənzər).


ƏNVƏR ÇİNGİZOĞLU


Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi