Hacı Mirzə Təhmasib bəy Şadlinski: Abbasqulu bəyin silahdaşı - ARAŞDIRMA



Hacı Mirzə Təhmasib bəyin ulu babası Aslan sultan Şadlıdır. Vedibasar mahalının sultanı olmuşdu və ilk dəfə o, Şadlinski soyadını götürmüşdü.
Aslan sultanın Məhərrəm sultan, Fəti xan, Niftalı sultan, Kəlbəli sultan, Hüseyn sultan adlı oğlanları vardı.
Məhərrəm sultan Aslan sultan oğlu İrəvan xanlığının Vedi mahalının Böyük Vedi kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra İrəvan şəhərində mədrəsədə oxumuşdu. Atasının yanında xidmət etmişdi. Ordudan tərxis olduqdan sonra özəl mülkünü idarə etməklə məşğul idi.
Məhərrəm sultanın Məhəmməd bəy adlı oğlu vardı.
Məhəmməd bəy Məhərrəm sultan oğlu Şadlinski 1832-ci ildə İrəvan quberniyasının Böyük Vedi kəndində doğulmuşdu (ARDTA, f.290, siyahı 2, saxlama vahidi 228, v.3). İbtidai təhsilini molla yanında almışdı. İrəvan şəhərində mədrəsədə oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.
Məhəmməd bəy Nazənin xanım Hacı Mir Bağır xan qızı Mərəndi ilə ailə qurmuşdu. Teymur bəy, Təhmasib bəy adlı oğlanları vardı.
Məhəmməd bəyin ikinci oğlu Təhmasib bəy 1884-cü ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdu. (ARDTA, f.290, siyahı 2, saxlama vahidi 228, v.3) İbtidai təhsilini molla yanında almışdı. İrəvan şəhərində rus-tatar məktəbində oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Ata mülkünü idarə etməklə güzəran keçirirdi. Müqəddəs Məkkəyi-mükkərəmi ziyarət etmişdi.
Hacı Mirzə Təhmasib bəy Abbasqulu bəy Şadlinski ilə çiyin-çiyinə səngərə sinə gərmiş şəxsiyyətlərdəndir. Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qırğınlara başlayanda Abasqulu bəyin başçılığı ilə Vedibasarda böyük silahlı dəstə yaradıldı. O, camaatı başına yığıb ermənilərə qarşı mübarizəyə başladı. Abasqulu bəyin ətrafında, Bilas bəy Şadlinski, Nəsrulla bəy Şadlinski, Xəlil bəy, Mehdi bəy, Hacı Mirzə Təhmasib bəy var idi. Onlar ilyarım ərzində doğma yurdlarını ermənilərdən qoruyublar.
Başqa yerlərdə olduğu kimi Vedibasar kəndində də hərc-mərcliyə, xarici işğalçılara, daxili talançılara qarşı Abbasqulu Şadlinski başda olmaqla müqavimət hərakatı genişlənir. Ermənistanda "Daşnaksütün" milliyətçi partiyasının müsibətli siyasətindən xəbərdar olan Vedibasar kəndliləri Abbasqulu bəy Şadlinskinin ətrafında sıx birləşir və oyuncaq daşnak hakimiyyətinə tabe olmurlar.
A.Şadlinskinin və Hacı Mirzə Təhmasib bəyin rəhbərlik etdiyi "Vedi taboru" ermənilərin hücumlarının qarşısını alaraq döyüşlərdə ermənilərə böyük itkilər vermişlər. Bunu təsdiq edən sənəd 2 iyul 1919-cu ildə Azərbaycanın Ermənistandakı səlahiyyətli nümayəndəsi M.Təkinskinin Azərbaycan Xarici İşlər Nazirinə İrandan vurduğu teleqramdır. Həmin teleqramda yazılır: "Böyük Vedi erməni ordusunun hücumunu dəf edib və onları dəmir yoluna qədər geri çəkilməyə məcbur edib. Ermənistana çoxlu yaralı erməni gətirilir. 200-dən çox ölü erməni əsgəri var. Yaralı və ölü zabitlər isə 10 nəfərdi. Deyilənə görə müsəlmanlar ermənilərdən 2 top, 8 pulemyot alıblar. Yeni hücum üçün ordu səfərbər edilir. Ermənilər çox məyusdular. Ermənilər öz uğursuzluqlarını türk əsgərlərinin olması ilə izah edirlər. İngilis missiyası da buna inanır. Lakin kəndlərdə bir dənə belə türk əsgəri yoxdur, bu ermənilərin fərziyələridir. İngilis hərbi nümayəndəsinin bu gün mənə təqdim etdiyi bəyanatda tərəfkeşlik duyulur.
Səlahiyyətli Nümayəndə Təkinski" (Nax MRDA. f. 314. s.5a. iş.74. vər. 192.)
Hacı Mirzə Təhmasib bəyin təşəbbüsü ilə Vedi mahalında hökumət qurumu yaranmışdı. Həmin qurumun hərbi komandanı idi.
Böyük Vedidə ermənilərin hücumları və törətdikləri qanlı cinayətlərlə bağlı Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən 12 iyul 1918-ci il tarixdə Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsinə rəsmi bəyanat təqdim edilmişdir. Diplomatik nümayəndə həmin bəyanatı Ermənistan hökumətinə göndərmişdir.
Ermənistan hökumətinin Azərbaycandakı diplomatik nümayəndəsi həmin bəyanatla bağh 18 iyul 1918-ci il tarixdə belə bir cavab göndərmişdir: "Sizin Böyük Vedidə baş verən hadisələrə dair 12 iyul tarixli 2047 №-li etiraz məktubunuzu aldım və öz hökumətimə göndərdim. Bu barədə öz tərəfimdən bildirmək istəyirəm ki, deyəsən Azərbaycan hökuməti bu hadisələr barədə düz məlumatlandırılmayıb. Bu hadisələr sözsüz ki, Ermənistan ərazisində, onun vətəndaşları ilə baş verib və Azərbaycan buna qarışa bilməz, amma buna baxmayaraq bu hadisənin baş vermə səbəblərini sizə açıqlamaq istəyirəm.
1 iyul tarixində Böyük Vedi və Dəvəli kəndi yaxınlığında 9 əsgər və 12 erməni kəndlisi müsəlmanlar tərəfindən qətlə yetirilmişdir. Bu haqda xəbər tutan Ermənistan hökuməti hadisə yerinə dəstə göndərdi ki, günahkarlar və öldürülmüş əsgərlərdən götürülmüş silahlar qaytarılsın. Dəstə həmin yerə çatıb dincəlmək üçün düşərgə qurur, dəstənin rəisi isə represiya törətmək istəmədiyinə görə bu məsələni araşdırmaq üçün danışıqlara başlayır.
Bu danışıqlar zamanı dəstə kəndlilər tərəfindən (müsəlman kəndlilərinin erməni dəstələrini atəşə tutduğunu göstərir - Ə. Ç) atəşə məruz qalmış, nəticədə 3 zabit, 30 əsgər öldürülmüş, 7 zabit, 120 əsgər isə yaralanmışdır. Bundan sonra hökumət bura cəza dəstəsi göndərmək qərarına gəldi.
Cənab Nazir, yəqin ki, bu kədərli rəsmi məlumatdan Siz anladınız ki, mənim hökumətim başqa vətəndaşlar tərəfindən onun vətəndaşları və əsgərlərinin qanı axıdılsa da sülhsevər fikirlərini dəyişməmiş, mübahisəli məsələləri həmişə qan tökmədən həll etməyə çalışmışdır. Bununla yanaşı böyük vedililər naməlum mənbələrdən silahlanaraq günahkarları və əsgərlərdən götürülmüş silahı qaytarmaqdan imtina edərək Ermənistan hərbi hissəsinə atəş açmışdılar.
Cənab Nazir, Siz razılaşmaya bilməzsiniz ki, Sizin "öz mü- qəddaratını həll edən millət", kəndlərin müdafiəsiz sakinlərinə qarşı "cəza ekspedisiyası" kimi sözləriniz səhv məlumat və anlaşılmazlığın nəticəsidir. Siz bir nazir və vətəndaş kimi kəndli və əsgərlərin öldürülməsini adi cinayət hesab edə büməzsiniz. O vaxt ki, bu cinayəti bu "müdafiəsiz əhali" təşkil edib, hansı ki, bir atəş ilə daimi ordunun 200-dən çox əsgər və zabitini qətlə yetirmək üçün pulemyot da gizlədib saxlayıb, bu yerdə "müdafiəsiz əhaliyə qarşı fəaliyyətdən danışmaq düz olmazdı və hökumətin günahkarları cəzalandırmaq hüququ danılmazdır.
Cənab Nazir, bu kədərli faktları şifrə ilə Sizə bildirməkdə məqsədim odur ki, Böyük Vedidə baş verən hadisənin görünməyən mənbədən silahlanmış və səfərbər edilmiş dövlət canilərinin cəzalandırılmasından başqa bir şey deyil, hansılar ki, Ermənistan Respublikasının dövlət əsaslarını sarsıtmaq üçün sistematik olaraq hərbi hissələrə hücumlar təşkil edirlər.
Bu izahatdan sonra Sizin narazılığınızın Ermənistan respublikasının daxili işlərinə qarışmaqdan başqa öz tərkibinə görə də qəbul olunmazdır, çünki Sizin etiraz etdiyiniz hadisə barədə yetərincə məlumatınız yoxdur.
Sizin Ermənistan ordusunun ümumiyyətlə müsəlmanlara qarşı bütün fəaliyyətlərinin qarşısının alınması xahişinizə gəldikdə isə onu deyə bilərəm ki, nə mənim hökumətim, nə də onun ord usu ümumiyyətlə müsəlmanlara qarşı heç bir fəaliyyət keçirməyiblər. Ermənistan hökuməti azərbaycanlıları qarət edən 2 erməni əsgərini güllələməkdən çəkinmədi, o, müsəlman nümayəndələrini dövlət qulluğuna çağırır və dairələri bütünlüklə onlara həvalə edir. Hökumət sübut etmək istəyir ki, bütün vətəndaşlarına eyni cür münasibət bəsləyir. Bu xalqların mehribançılıqla yaşaması planlarına uyğun olmayan üçüncü şəxslər bizim və sizin mətbuatda çirkin və yalan məlumatlar yayaraq millətlərimizin bir-birinə nifrət etməsi üçün əllərindən gələni əsirgəmirlər.
Ermənistan Respublikası diplomatik nümayəndəsi T. Bekzadyan". (Nax. MRDA. f. 314, s. 5a, iş. 74, vər. 200-203)
Sənəddən də göründüyü kimi Vedibasara hücum edən erməniləri Hacı Mirzə Təhmasib bəyin komandanı olduğu dəstə məğlub etmişdi. Ancaq məğlubiyyəti heç cür qəbul etməyən ermənilər polkovnik Dolxanovu geri çağırdılar və yenidən hərbi hazırlığa başladılar. Onlar Vedinin kəndlərindən intiqamlarını almaq istəyirdilər. Qaralar, Qabqıran, Şirazlı, Reyhanlı, Avşar kəndləri ətrafında döyüşlər başladı. Bu dəfə də ermənilər qəhrəman vedililər tərəfındən məğlub edilərək İyova, Dəvəliyə geri çəkildilər. (İzvestiya, 1989, №-4, s.118)
Erməni hakim dairələri türklərin İrəvan üçün ciddi təhlükə olmaması üçün heç olmazsa Böyük Vedini ələ keçirmək niyyətində idilər. Polkovnik Plovdenin ciddi etirazına baxmayaraq, Dronun komandanlığı altında erməni qoşunu 3 istiqamətdə Böyük Vediyə doğru hücuma keçdilər. Şıxlar, Şirazlı, Qaralar və Reyhanlı kimi kəndlər ermənilərin əlinə keçdi. Ancaq birləşən türk kəndləri və könüllülərin qəhrəmancasına vuruşmaları, əhval-ruhiyyələri pis olan erməni qoşununu məyus etdi. Məğlub olan ermənilər hücumu dayandıraraq geri çəkildilər. (USA NA Eastern Affairs 867.00/1100. İzvestiya, 1989, İzvestiya, 1989, №4, s. 120.)
Bir Azərbaycan mənbəyinə əsasən deyə bilərik ki, ermənilər 400-ə qədər itki vermişdi. (Известия 1989, № 40, 120)
Vedibasar təşkilatının komandanı Hacı Təhmasib Şadlinskinin Naxçıvan qəzasının hərbi komandanı Kəlbəli xan Naxçıvanskiyə 9 yanvar 1920-ci il tarixdə Böyük Vedidən göndərdiyi teleqramda yazılır: "Bu gün dördüncü gündür ki, erməni gözətçiləri çöldə otarılan mal qaraya hər gün atəş açırlar, eyni zamanda Böyiik Vedi tərəfdə yoldan keçən və gözə görünən adamları atəşə tuturlar. Bu vəziyyəti çatdırmaqla xahiş edirəm ki, məsləhət verəsiniz biz nə edək və eyni zamanda sizdən asılı nə varsa hüququnuzla sərəncam verəsiniz.'' (Nax. MRDA. f.314. s.5a. iş.72. v.17.)
Professor Vaqif Şadlinski yazır: "1918-ci il iyunun axırlarında Kalbalı xanın nümayəndəsi Bağır bəy türk zabiti Əli Teymurun başçılıq etdiyi 150 nəfərlik əsgəri hissə ilə Naxçıvan hökuməti adından Vedibasar mahalına daxil olur. Abbasqulu bəy qonaqları Böyük Vedidə səmimiyyətlə qarşılayıb, Azərbaycan xalqına, o cümlədən Vedibasar camaatına xas qonaqpərvərliklə qəbul edir. Əsgərlərə münasib yer ayrılır. Bağır bəy və yavərləri Sultan bəy Paşayevin evində yerləşdirilir.
Abbasqulu bəylə görüşündə Bağır bəy ona Kalbalı xanın şəxsi məktubunu təqdim edir. Kalbalı xan bu məktubunda erməni daşnak hökumətinin Vedibasara və Naxçıvana can atmasından öz narahatlığını bildirərək Abbasqulu bəyin "kiçik bir qüvvə" ilə o böyüklükdə erməni ordusu qarşısında təkbaşına duruş gətirmək cəhdinə inamsızlığını ifadə edir. Nəhayət, Kalbalı xan Vedibasar mahalının müdafiəsini göndərdiyi hərbi hissəyə həvalə edərək Abbasqulu bəyin təcili Naxçıvana gəlməsinin zəruriliyini bildirir.
Kəlbəli xanın məktubunu təfsilatı ilə müzakirə edən Vedibasar Komitəsi daşnakların hücumunun hər an gözlənildiyi belə gərgin vaxtda Abbasqulu bəyin Vedibasardan çıxmasını yolverilməz hesab edir. Xüsusilə Hacı Təhmasib, Şəmdin müəllim və Mirzə Nəsrullah bunu qəti olaraq qeyri-mümkün sayırlar". (Şadlinski V.B. Şadlinskilər / "Təhsil nəşriyyatı - Poliqrafiya"; Bakı, 2011, 285 səh. s.79-80)
Ermənilərə yaxın olan bəzi kənd sakinləri Vedibasara pənah gətirmişdilər. Murdarxislət daşnaklar adam göndərəək köçkünləri öz yurdlarına dəvət edirdilər. Hacı Mirzə Təhmasib bəy hər vəchlə geri qayıtmaq istəyənləri buraxmaq istəmirdi. Bəzi kənd sakinləri şirin dilə, yağlı felə inanın qayıtdılar. Ermənilərin hiyləsi ilə İrəvan quberniyasında qaçqın düşmüş müsəlman sakinləri öz kəndlərinə qayıtdıqdan sonra ermənilər tərəfindən qılıncdan keçirilərək məhv edilmişdi.
Dirsəkləndiyimiz sənədlər bunu bir daha sübut edirlər. 7 yanvar 1920-ci il tarixdə Vedi özünümüdafiə dəstəsinin komandiri Abbasqulu bəy Şadlinski Böyük Vedidən Naxçıvanda yaranan General qubernator ordusuna belə bir teleqram göndərir: "Toxmaqdan kənd sakinlərindən 37 nəfər ermənilərin müqaviləsinə inanaraq öz yurdlarına köçdülər. Ancaq orada yerləşən ermənilərin nizami qoşun hissələri tərəfindən kəsilib doğrandılar. Məlumat üçün bu vəziyyəti Sizə çatdırıram. A. Şadlinski. (Nax.. MRDA . f. 314 , siy .5 a , iş. 18. vər. 74.)
Osmanlı ordusu Vedibasar mahalına yardım etmişdi. Türkiyəyə aid arxiv sənədləri, mətbuat xəbərləri də bunu sübut edir. Döyüşlərdə Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə Vedi əhalisinin fəal vuruşması erməniləri böyük məğlubiyyətə uğratdı. Döyüş meydanında xeyli erməni ölüsü qalmışdı, 4 pulemyot üçün mərmi və bir çox qənimət müsəlmanların əlinə keçdi. Bundan başqa, əvvəllər ermənilərin əlində olan Böyük Vedinin şimalındakı təpələr türklərin nəzarətinə keçmişdi. (ATASE, A.5/2793, kls 814, f. 128-2. İstiqlal, 10 aprel 1920, № 128.)
Hacı Mirzə Təhmasib bəyin Nəzakət xanım adlı qızı vardı.

ƏNVƏR ÇİNGİZOĞLU
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

Viktoriya1995

написал 0
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту
Используйте тор браузер он обходит все возможные блокировки провайдеров.
https://tor-browser-vpn.ru/