Yezidilik: Oddan yaranıb, Şeytana tapınanların inancı - ARAŞDIRMA



Kimdir bu sirli-soraqlı cəmiyyət? Niyə adları gələndə bəzi şəxslərin əti çimçəşir? Doğurdanmı onlar Şeytana tapınırlar. Oxucu marağını nəzərə alıb, bu qapalı toplum haqqında yazı hazırlamağı qərara aldıq.

Əsas hissəsi kurmanc dilində danışan etnik-dini toplumdur. Ərəb dilində danışanları da var. Yezidilərin inandığı din bir çox ədəbiyyatda Yezdanizm formasında təqdim olunur. Yezidilərin tarixi vətəni Assuriya dövlətinin paytaxtı olan Nineviya şəhəri hesab olunur. Bu gün Yezidi icması kompakt şəkildə İraqın şimal hissəsində, Suriya, Gürcüstan, Ermənistan və Rusiya kimi ölkələrdə yaşamaqdadır. XX əsrin ikinci yarısından etibarən Almaniyaya əmək miqrasiyası edən 50 minlik Yezidi toplumu isə Avropada ən böyük Yezidi icmasını təşkil edir.

Ermənistan, Gürcüstan, İran, İraq, Suriya və Türkiyə kimi bölgələrdə camaat halında yaşayan yezidilərin toplam sayı 800.000 civarında olduğu təxmin edilir. Bəzi elmi istiqamətdən irəli sürülən iddialar etnik yezidilərin sayının daha çox olduğu, bunların böyük bir qisminin sonradan müsəlmanlaşdırılması yönündədir. Bununla yanaşı bəzi Avropa ölkələrində də yezidi icmaları mövcuddur.

1970-ci illərə qədər Türkiyənin Urfa vilayətinə bağlı Viranşəhər şəhərində yaşayan və sayları 80 min nəfərə yaxınlaşan yezidi icması, müəyyən səbəblərə görə 1980-ci ildən etibarən ölkəni tərk etməyə başlamışdır. 1985-ci ildə 23.000 nəfər olan Türkiyə yezidilərinin sayı, 2007-ci ildə 377 nəfərə qədər geriləmişdir. Türkiyə yezidiləri əsasən İraq və Almaniya kimi müxtəlif çoğrafi bölgələrdə olan yezidi icmalarının yanına miqrasiya etmişdir.


Müasir araşdırmalar göstərir ki, yezidilik adının nə imamların qatili xəlifə Yezidlə, nə də mənası mələk və ya pəri olan İran şəhəri Yəzdlə hər hansı əlaqəsi yoxdur. Onların özləri deyirlər ki, “izidilər” sadəcə olaraq Azdaya (Yəzdana) sitayiş edənlər deməkdir.

Adət və inanclarını təqdim edək. Yezidi uşaqları “pir” adlanan ruhani şəxs tərəfindən xaçaçur edilirlər. Toylarda da iştirak edən pir çörəyi ortadan bölərək bir hissəsini bəyə, digər hissəsini isə gəlinə verir.

Gəlinlər qırmızı geyinir və xristian kilsələrini ziyarət edirlər. Dekabr ayında yezidilər üç gün oruc tutur, oruc başa çatanda isə pirlə birlikdə şərab içirlər.

Araşdırmalar göstərir ki, onların müqəddəs ocaqları çox vaxt Günəş simvolları ilə bəzədilsə də, məzarları şərqə doğru qazılsa da, dinlərində daha çox Xristianlıq və İslamın təsirlərini görmək mümkündür.
Onlar hər il sentyabrın 15-20-i arasında Mosulun şimalındakı Laleş dağında Şeyx Hadinin məzarını ziyarət edirlər. Həmin ziyarət zamanı onlar özlərini çayda qüsl edib təmizləyirlər. Onlarda qurban kəsmək və sünnət adətləri də var.

Yəzdandan 7 ruh şüalanır ki, onların da içərisində ən böyüyü tovuzquşu şəklində təsəvvür edlən Mələk Tovuzdur. Mələk Tovuz müqəddəs iradənin fəal icraçısı sayılır.

Tovuz quşu erkən xristianlıqda ölməzliyin rəmzi sayılırdı, çünki onun cəsədi inanclara görə guya heç vaxt çürümürdü. Mələk Tovuz Allahın köməkçisi sayılır, ondan ayrılmazdır və bu mənada yezidilik monoteist və ya təkallahlı inancdır.

Yezidilər Mələk Tovuza gündə beş dəfə ibadət edirlər. Mələk Tovuzun başqa bir adı da “şeytan”dır və bu söz ərəbcə İblisi bildirdiyindən yezidiləri yanlış olaraq “şeytana sitayiş edənlər” kimi tanıyırlar.

Yezidilər inanırlar ki, ruh davamlı olaraq başqa bədənlərə köçür və ya transmiqrasiya edir, buna görə də təkrar doğulmalar nəticəsində tamamilə paklaşıb cəhənnəmdən xilas olmaq mümkündür.

Yezidi üçün ən böyük cəza onun icmadan qovulmasıdır. Bu o deməkdir ki, həmin şəxsin ruhu daha səfər edə bilməyəcək. Bu səbəbdən də başqa dinə keçmək tamamilə qeyri-mümkün məsələdir.

Yezidilərin inandığı din Yezdanizm adlanır. Yezidi sözü bu dinin tanrısı olan Azda sözündən əmələ gəldiyi ehtimal edilməkdədir. Kürd dilində tanrı sözünü ifadə edən iki növ söz vardır: Ezda və Xveda. Ezda məni yaradan, verən və var edən anlamına gəlməkdədir. Xveda isə özü tərəfindən yaradılmış, öz-özünə var olan anlamanında işlədilir. Səmavi dinlərdə olduğu kimi Yezdanizm dinində də dünyanın tanrı tərəfindən yaradıldığı qəbul edilir. Sadəcə tanrı dünyanı yaratamaqla kifayətlənib, dünyanın idarəsi isə insanların iradəsi ilə bir başa bağlıdır. Yezidilik inancında Mələk Tavus simvolu mühüm yer tutur.

Tovuz quşuna bənzəyən və əsas tanrı Azda tərəfindən yaradılan Mələk Tavusa yaradıcısı tərəfindən kainatı və insanları xəlq etmək vəzifəsi verilimişdir. Mələk Tavus qürurlu bir mələk olduğundan tanrıya üsyan etmiş, cəza olaraq isə 40.000 il Azda tərəfindən odda yanmaq cəzası ilə cəzalandırılmışdır. Yezidilər Mələk Tavusun odda yandığı müddətcə tökdüyü göz yaşlarının, yanar odu söndürdüyünə inanırlar. Yezdanizm dinində Mələk Tavus ən güclü mələk və eyni zamanda tanrı Azda tərəfindən bağışlanılmış şeytan olaraq qəbul edilir. Bu adı tələffüz etmək, adın müqəddəs olması səbəbindən günah hesab olunur.

Tanrı daxilən xoş niyyətli olduğundan ona ibadət edib günahların bağışanılması üçün dua edilməsinə gərək yoxdur. Yezdanizmdə ibadətlər tanrı Azdaya yox, Mələk Tavus üçün edilir. Duaların bağışlanılmış bir şeytan üçün edilməsinin səbəbi isə onun şərindən qorunmaq və insanların ondan uzaq durmasına nail olmaqdır. Bu anlamda yaxşılığın və pisliyin başlıca mənbəyi Mələk Tavusdur. Yezdanizm dini səmavi dinlərdə özünə geniş yer tapmış qiyamət günü kimi anlayışları bir mənalı formada inkar edir. İnsanın inancına və həyat tərzinə uyğun olaraq yaşadığı dünya cənnətə və yaxud cəhənnəmə cevirilə bilir. Başqa bir sözlə insan həyatı bir dəfə yaşayır və bu həyatın cənnət və ya cəhənnəm olması onun öz əlindədir. Mələk Tavus bütün bu işlərə nəzarət edən bir simadır və tanrı Azdanın yer üzündəki kölgəsi sayılır.

Yezdanizm dinin əsas simvollarından olan Mələk Tavus inancı, Zərdüşlük və Mitraizm kimi dinlərdən təsirlənərək yaradıldığı məlumdur. Günümüzdə Yezidilər dini inanclarını və mərasimlərini qapalı yığıncaqlarda keçirməyə üstünlük verirlər. Yezdanizmdə quşlara və ilanlara olan hörmətin 6000 il bundan əvvəl yaranmış quşa sitayiş edən inanclardan gəldiyi ehtimal edilir.

Başlanğıcda tanrı Azda, öz odundan Mələk Tavusu yaratmışdır və ona Kainatı və insanları xəlq etmək tapşırığını vermişdir. Bununla yanaşı yaradılış işində Tavusa kömək etmək üçün, Azda tərəfindən daha 6 mələk yaradılmışdır. Mələk Tavus, Azdanın verdiyi tapşırıqlara əsasən ilk olaraq kişi və qadın olmaqla iki cins və onların yaşaması üçün kainati yaratmışdır. Kiçik işlərin görülməsi üçün isə yenə Mələk Tavus tərəfindən dörd cin yaradılmışdır.

Daha sonra Mələk Tavus, yaratdığı iki cins insanı təqdim etmək üçün tanrı Azdanın yanına gəlir və Azda, Mələk Tavusa Bundan sonra bu iki insana tabe olacaqsan deyərək, Tavusun insanlara pənah gətirməsini tələb edir. Mələk Tavus isə Bu iki insanı mən yaratmışam, yoxdan yaradan mənəm. Nədən öz yaratdığım bir canlıya inanmalıyam? Mən sadəcə məni yaradan sənə tabe olar və ancaq sənin üçün ibadət edərəm şəkilində Azdaya cavab verir.

Mələk Tavus tərəfindən yaradılan ilk insanlardan ümumi 80 insan doğulur. Daha sonra bu ilk iki insan, ideal insan məsələsində münaqişə etməyə başlayırlar və onların Mələk Tavus tərəfinən imtahandan keçirilməsinə qərar verilir. Hər ikisi ruhlarını, düşüncələrini bir küpə doldurararaq, ağızı bağlanır. 40 gün sonra kişi cinsindən olan insanın küpündən Şahid bin Car adında gözəl bir gənc çıxır. Qadın cinsindən olan insanın küpündən isə 40 günün tamamında əqrəblər, dodaqayaqlılar, sürünənlər kimi Yezdanilik dinində lənət gətirdiyinə inanılan canlılar çıxır.

Şahid bin Car yaradılış qatında çox sevilən və hörmət görən bir şəxsə çevirilir. Onun belə sevgiyə sahib olması qadının və digər 80 övladın diqqətdən kənar qalması ilə nəticələnir. Bu da qadın və övladlarında qısqanclıq hissinin baş qaldırması ilə nəticələnir. Şahid bin Carın öldürülməsi qərarı verilir. Şahid bin Carın öldürülməsi üçün qadın tərəfindən gizli plan hazırlanır. Ancaq hər şeyi bilən və eşidən Mələk Tavus bundan dərhal xəbər tutur. Mələk Tavus yaratdığı dörd cinə əmir verir və cinlər gecə vaxtı yaradılan ilk insanların 80 övladının ağızlarına üfürürlər. Səhərisi gün övladlar oyandığında hər biri başqa bir dildə danışmaqdadır. Bu səbəbdən analarının danışdığı dli başa düşməzlər və beləliklə qadının övladarının əli ilə Şəahid bin Carı öldürmək planı baş tutmur. Şahid bin Carın Mələk Tavus tərəfindən xilas edildiyinə inanılır.

Yezidilər özlərini Daasin adlandırırlar və bu ad Şərq dyakonluğuna aid qədim nəsturi və ya nestorian kilsələrinin birindən götürülüb. Bu da qeyd olunmalıdır ki, yezidilərin bir sıra inancları məhz Xristianlıqdan qaynaqlanır. Onlar həm Qurana, həm də İncilə hörmət bəsləyirlər, lakin öz dinləri şifahi ənənələrə söykənir.

Qapalı həyat tərzlərinə görə onlar haqqında belə bir yanlış fikir də formalaşıb ki, yezidilik işıq-qaranlıq dualizminə söykənən Zərdüştiliklə və ya hətta Günəşə sitayişlə bağlıdır.

Druzluq və ələvilik təriqətlərində olduğu kimi, yezidizmi də qəbul etmək mümkün deyil. Yezidi kimi yalnız doğulmaq olar.
Ancaq Şahid bin Carın nəslindən olan şəxslər yezididilər, bir şəxsin sonradan yezidi olması mümkün deyildir.

Dünya sonsuzdur. Dünyanı yaradan tanrı onu əsla dağıtmaz.
Təbiətin qorunması və təbiətə sevgi əsasdır.
Gündə üç dəfə üzü Günəşə tərəf ibadət edilməlidir.
Çərşənbə günü, Mələk Tavus və ilk iki insanın yaradıldığı gün olduğu üçün həmin gündə insanların istirahət etmələri vacibdir.
Şeytanın adını tələffüz etmək, onun adı ilə bağlı olan Kitan, məlun, Şar və Şat kimi kəlimələri işlətmək, adın müqəddəs olması səbəbindən haramdır.
Müqəddəs hesab edilən ağaclara sitayiş edilir.
Qadınların saçlarının kəsilməsinə icazə verilmir.
Aprel ayında evlənmək günah hesab olunur.
Ətirli balqabaq, Ceyran əti və Kahı yemək haram sayılır.
Müqəddəs rəng olduğu üçün tünd göy rəngli paltarların geyinlməsi məqbul hesab edilmir.
Şeyxlər, pirilər və müridlərdən ibarət camaat sistemi mövcuddur. Yezidilərin bu camaat daxilində olan şəxslərlə evlənməsi arzu edilir.
Şeyxlərə özəl günlərdə pul verilməlidir.
Yuxarı sinif mənsublarına bir necə qadınla evlənməsinə icazə vardır.
Başqa din mənsubu ilə evlənən şəxs afaroz edilir və hətta öldürülür.
Reinkarnasiya inancı mövcuddur.
Vəftiz prosesi mövcuddur.
Mitraizm dində olduğu kimi inəklərin qurban kəsilməsi halı vardır.

Yezdilərin inandığı Yezdanizm dinin iki əsas müqəddəs kitabının olduğuna inanılır:

Məshaf Rəş
XV əsrdə yazıldığı iddia edilən və Yezidilərin mifologiyasından danışan əsərdir. Məshaf Rəş kitabının sonunda yezidilərin həyatda etməmələri olduqları əməllər barədə də məlumatlar verilmişdir.

Kitab əl-Cəlvə
Yezdilərin əsas kitabı sayılır. Kitab əl-Cəlvədə kitabın sadəcə yezidilər tərəfindən oxunmalı olduğu və başqalarının əlinə keçməməli olduğu göstərilmişdir. Kitab beş bölümdən ibarətdir:

Mələk Tavusun yaradılması və sifətləri. Digər dinlərin öz mahiyyətini itirməsi.
Mükafat, cəza və Reinkarnasiya
Hər şeyin Mələk Tavusun nəzarətində olduğundan bəhs edən bölüm
Mövsümlər, qanunlara bağlı məlumatlar və digər dinlərlə inanmamaqla bağlı xəbərdarlıqlar
Müqəddəs hesab edilən nəsnələrə və varlıqlara hörmətin göstərilməsi ilə bağlı bölüm.

Hər iki kitabın yezidilər tərəfindən iddia edildiyi kimi qədim dövrlərdə yazılmadığı məlumdur. Bunun ən böyük səbəbi yezidilərin inancını təşkil edən Yezdanizm dinin əsrlərdir şifahi formada yayılaraq, inkişaf etməsidir. Buna görə də səmavi dinlərdə olduğu kimi müqəddəs kitablar və mətnlər mövcud deyildir.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf


скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi