Cəfər xan Çubəndi: Məşrutə bülbülü - ARAŞDIRMA



Cəfərqulu xan Abbasqulu xan oğlu 1899-cu ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Əhər mahalının Çubənd kəndində anadan olmuşdu. Ailədə Cəfər çağrıldığından bu adla da çavlanmışdı. Molla yanında ibtidai təhsil almışdı.

Cənubi Azərbaycanda ünlü olan bir məsəl var: "Aşıq Qaradağdan, pəhlivan Sərabdan, şil-şikəst isə Muğandan". Balacalıqdan Qaradağ aşıqlarının yanını kəsdirən Cəfər xan bir çox el nəğmələrini əzbərləmişdi. Onun çox gözəl səsi vardı, zildən və avazla oxuyurdu. Dinləyənlər onun böyük gələcəyinə ümid edirdilər.

Cəfər xan həm də çox istedadlı, gözəl muğam ifaçısı idi, bulaq kimi səsi vardı. Oxuduqca çağlayırdı. Dinləyənlərin hamısı onun səsinə heyran qalırdı. Sadəcə kənddə yaşayan hər istedadlı uşaq sənətə yiyələnmək şansına sahib ola bilmirdi. Ona görə də Cəfər xan Qaradağdan Təbrizə getməli oldu.

Cəfər xan Çubəndinin Təbrizə gəlişi Məşrutə hərəkatı çağlarına təsadüf etdi. O zaman Təbriz qaynar qazana dönmüşdü. Balaca Cəfər xan məktəbə, mədrəsə getmək əvəzinə mücahid dəstəsinə qoşuldu. Bəlli bilgidir ki, mücahid dəstəsində qaradağlıların çəkisi ağır idi. Baş mücahid, Sərdari-milli Səttar xan da Qaradağlı idi.

1907-ci ildə Təbrizin Əmirxiz məhəlləsinin azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilmişdi. Cəfər xan hələ Qaradağdan tanıdığı Səttar xanın ən kiçik silahdaşına çevrilir.

Cəfər xan Çubəndi məhəllə evlərindən birinin damına çıxır, gözə səsi, şirin Qaradağ ləhcəsi ilə "Ərik ağacı" mahnısını oxuyurdu:

Ərik ağacı, əymələrin olaydım,
Yar sinəndə düymələrin olaydım.

Dam üstədir damımız,
Qoşadır eyvanımız.
Sən ordan çıx, mən burdan,
Kor olsun düşmanımız.

Ərik ağacı, əymələrin olaydım,
Yaxandakı düymələrin olaydım.

Evimizi qabağı bala, meydandı,
Hamıya meydandı, mənə zindandı.

Küçədən keçeydim ətiriyyatdı,
Ətirin şüşəsi Qolimabaddı,
Dedim xudaya, onu kim atdı?
Onu atan oğlan, adı Baratdı...

Səngərin hər iki tərəfindəkilər də azərbaycanlılar, türklər idilər. İstər şahçılar olsun, istər məşrutəçilər. Hər biri də el havalarına, xalq mahnılarına biganə deyildilər. Başlarını səngərdən çıxarır, ağızlarını açır, heyranlıqla dinləyirdilər. Başlarına dəyən güllədən dünyasını dəyişirdilər. Bu gözəl səs şahpərəstlərin ölüm çağrışına çevrilmişdi. Qulaq asmayasan, necə? Səs istər-istəməz səni qulaq asmağa vadar edirdi.

Cəfər xan Çubəndi məşrutəçilər arasında “Ərik ağacı” ləqəbi ilə tanınırdı. Bir də görürdün məşrutə səngərindən Hüseyn xan Bağbanın səsi gəldi:

-Ərik ağacı, dama! Könlümə irticaçı ovlamaq düşüb...

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi