Mirzə İshaq xan Müfxəməddövlə: Azərbaycan Xalq Cümhuriyyətini tanıyan səfir -ARAŞDIRMA



Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu 1870-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdu. Əslən Xoyludur. Hacı Hüseynəli Xoyinin nəvəsi, Hacı Səfərəli Xoyinin qardaşı nəvəsi və Mirzə Cavad xan Sədəddövlənin əmisi oğludur. O, ibtidai təhsilini atasından almışdı. Sonra Hərbi məktəbdə oxumuşdu. Hərbi məktəbi tamamlayandan sonra Avropaya yollanmış, ali təhsilə yiyələnmişdi. Fransız, ingilis, rus və alman dillərini bilirdi. Cavanlığında Mirzə Nəcəfəli xan Karpərdazın araçılığı ilə İranın Xarici İşlər nazirliyində işə düzəlmişdi. Mirzə Mahmud xan Əlaülmülkün yanında xidmət etmişdi. 1891-ci ildə Osmanlı dövlətində konsul kimi İranı təmsil etmişdi. 1896-cı ilədək bu vəzifədə çalışmışdı.
O, 1898-ci ildən İranda Müfxəməddövlə, Avropada prins ləqəbi ilə tanınırdı.

Mirzə İshaq xan Müfxəməddövlə bir müddət baş nazir Mirzə Ələsgər xan Əminüssultanın (1857-1907) dəftərxanasına başçılıq etmişdi.

Mirzə İshaq xan Müfxəməddövlə 1900-cü ildə Müzəffərəddin şah Qacarın məiyyətində Avropada olmuşdu.

Mirzə İshaq xan Müfxəməddövlə xarici İşlər naziri Mirzə Nəsrulla xan Müşirüddövlənin qızı ilə ailə qurandan sonra, 1901-ci ildən İranın ABŞ-da səfiri olmuşdu.

Mirzə İshaq xan Müfxəməddövlə 1904-cü ilin mart ayında Tehrana dönmüşdü. Həmin ildə Qacarlar dövlətinin Avstriyada səfiri olmuşdu.

Mirzə İshaq xan Müfxəməddövlə 1906-cı ildə Qacarlar dövlətinin Rusiya imperiyasında səlahiyyətli səfiri vəzifəsini icra etmişdi.

Mirzə İshaq xan Müfxəməddövlə 1910-cu ildən Qacarlar dövlətinin İtaliyada səfiri olmuşdu.

Mirzə İshaq xan Müfxəməddövlə 1912-ci ildən təkrar Qacarlar dövlətinin Rusiya imperiyasında səlahiyyətli səfiri olmuşdu. O, 1917-ci ildə İranın Rusiyada səfiri idi. II Nikolayın yıxılması haqqında xəbəri teleqramla Sultan Əhməd şah Qacara çatdırmışdı.

Mirzə İshaq xan Müfxəməddövlə 1919-cu ildə Seyid Ziyaəddin Təbatəbainin (1888-1969) başçılığı altında Azərbaycan Xalq Cümhuriyyətinə gələn elçilik heyətinə qatılmışdı. 14 nəfərdən təşkil olunmuş nümayəndə heyətinə Mirzə İshaq xan Müfxəməddövlə, xarici işlər nazirinin katibi Seyid Bağır Kazimi, daxili işlər nazirliyinin nümayəndəsi Yusif Müşar, maarif nazirliyinin nümayəndəsi Rza Fəhmi, Poçt və Teleqraf nazirliyinin nümayəndəsi Rəhim Ərcümənd, maliyyə nazirliyinin nümayəndəsi Tərcüman əs-Səltənə, ümumi mənfəət nazirliyinin nümayəndəsi Məhəmmədcəfər Mirzə Qacar və digərləri daxil idi. Diplomatlar 1919-cu ilin 6 noyabr tarixində Qafqaz Merkuri Şirkətinə aid gəmi ilə Ənzəlidən yola düşərək 1 gün sonra Bakıya çatdılar. Onları Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə yanaşı Bakıda yaşayan iranlılar da qarşıladılar.

Tərəflər arasında bir neçə ay davam edən danışıqlar nəhayət ki, 1920-ci ilin mart ayında uğurla başa çatır. Danışıqların uğurunu təmin edən başlıca səbəblərdən biri də, heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasının nəticələrinə əsasən aparıcı dünya dövlətləri tərəfindən tanınması oldu. 20 mart 1920-ci ildə tərəflər arasında keçirilən sonuncu görüşdə İran tərəfindən tam tərkibdə nümayəndə heyəti Azərbaycan tərəfindən isə Xarici İşlər naziri Fətəli xan Xoyski, Ədliyyə naziri Xəlil bəy Xasməmmədov, Ticarət və Sənaye naziri Məhəmməd Həsən Hacinski, Yollar və Küçələr naziri Xudadat bəy Məlik Aslanov, Poçt və Teleqraf naziri Cəmo Hacinski iştirak etdilər. Tərəflər 7 sahə üzrə müqavilə imzaladılar.

Razılaşmanın ən mühüm cəhəti İranın Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanıması ilə bağlı idi. Nəhayət ki, Azərbaycan diplomatiyası qarşısında duran müşkül vəzifələrdən daha birinin öhdəsindən gəlməyə müyəssər olmuş, Qacarlarla bərabərhüquqlu münasibətlər təmin edilmişdi. İran heyətinin rəhbəri Seyid Ziyaəddin bütün müqavilə və protokolları heyət üzvlərindən biri vasitəsilə baş nazir Mirzə Həsən xan Vüsuqəddövlənin (1874-1950) təsdiqinə göndərdi.

Mirzə İshaq xan Müfxəməddövlə 1939-cu ildə Lozannada vəfat etmiş, Tehran şəhərində dəfn olunmuşdu.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi