Ermənistanda türk mənşəli toponimlər



Ermənistanda türk mənşəli toponimlərQiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Baki şəhərində 9 nömrəli Peşə Texniki məktəbində oxuyub. 1952-ci ilin noyabrında "Buzovnaneft" və "Kirovneft" mədənlərində təmir ustasının köməkçisi işləyib. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi (1964-1973), baş elmi işçi (1973-1992),1992-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1996-cı ildə ABŞ-da çap olunan "Türk dünyası" jurnalının redaksiya heyətini seçilmişdir. Q.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuşdur. Alim 10 monoqrafiya və 200-dən çox elmi məqalənin müəllifidir.
Qiyasəddin Qeybullayev 13 dekabr 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.


1966-cı ildə "Azərbaycanlılarda müasir ailə məişəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə o, bu mövzu üzrə araşdırmalarını davam etdirmiş, "Azərbaycanlılarda ailə və nigah. Tarixi etnoqrafik tədqiqat. XIX əsr və XX əsrin əvvəlləri " mövzusunda doktorluq dissertasiyasını yazmışdır. Ali Attestasiya Komissiyası çoxsaylı monoqrafiyalarına görə müdafiə etmədən 1995-ci ildə Q. Qeybullayevə tarix elmləri doktoru elmi dərəcəsini vermişdir. Deməli, Qiyasəddin müəllim Azərbaycan etnoqrafiyasında Ailə məişəti sahəsi üzrə respublikada yeganə tədqiqatçıdır. Q. Qeybullayev 1960-cı illərdə Azərbaycan toponomiyasının tədqiqinə başlamış, məhz alim ilk dəfə Azərbaycanın coğrafi adlarında müxtəlif tarixi dövrlərdə Azərbaycanda yaşamış çoxlu türk tayfalarının adlarını, hazırda dilimizdə qalmamış çoxlu qədim türk sözləri aşkarlanmışdir. Onun rus dilində yazdığı "Azərbaycanın toponomiyası" adlı əsəri SSRİ Elmlər Akademiyasının Etnoqrafiya, Coğrafiya və Dilçilik institutlarında 1982-1983-cü illərdə müzakirə edilib bəyənilmiş, 1986-cı ildə Bakida çap olunmuşdur. Alimin elmi yaradıcılığında Azərbaycan xaıqının mənşəyi problemi mühim yer tutur. Azərbaycan tarixşünasliğında hakim baxışa görə XI-XII əsrlərə qədər azərbaycanlıların ulu əcdadları cənubda irandilli, şimalda Dağıstandilli idi. Həmin əsrlərdə gəlmiş oğuzlar bu xalqları assimilə etmiş, özlərini türkləşdirmiş, nəticədə Azərbaycan xalqı və Azərbaycan dili yaranmişdır. Q.Ə.Qeybullayev bu baxışın tamamilə əksinə yeni baxış irəli sürmüş, onun əsaslandırılmasına 4 monoqrafiya "Azərbaycanlıların etnogenezinə dair" (1991), "Qədim türklər və Ermənistan" (1992), "Azərbaycanlıların etnik tarixinə dair" (1994), "Azərbaycan türklərinin təşəkkülü tarixindən" (1994) həsr etmişdir. Onun baxışı 3 qrup fakta əsaslanır: 1) e.ə I minillikdə və eramızın I minilliyində həm cənubda, həm də şimalda qədim mənbələrdə çəkilmiş yer adlarının türkcə olması; 2) həmin qədim yer və şəxs adlarında Azərbaycan dilində və onun dialektlərində saxlanmamış çoxlu qədim türk sözlərinin əksini tapması; 3) V-XI əsrlərə aid erməni və gürcü mənbələrində çoxlu miqdarda türk sözlərinin olması. Onun bu konsepsiyası Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin çap etdirdikləri "Azərbaycan tarixi" dərsliklərində əksini tapmışdır. Q.Ə.Qeybullayev Ermənistan azərbaycanlılarının etnik tarixinə və onların deportasiyasına dair tədqiqat aparmış, iri həcmli "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti"ni çap etdirmişdir (akademik Budaq Budaqovla birlikdə). Əsərin birinci hissəsində Azərbaycan xalqının mənşəyi haqqında yeni baxışın xeyrinə yeni faktlar gətirilmişdir. 2002-ci ildə B.Ə.Budaqovla həmmüəllif olduğu "Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti" çap olunub.


Ermənistan ərazisində qədim türk mənşəli yer adları haqqında danışmazdan əvvəl, ümumiyyətlə, ermənilər və “Ermənistan” anlayışı barədə qısa məlumat vermək lazımdır.Tarixşünaslıqda, o cümlədən erməni tarixçilərinin əsərlərində deyilir ki, indiki Ermənistanın ərazisi tarixən ermənilərin (məlumdur ki, “erməni” sözü ermənicə deyil, çünki onların etnik adları “hay”dır, “erməni” etnonimi isə mənşəcə qədim farslar və yunanlar tərəfindən Urartu dövlətinin Arme əyalətinin adamlarına verilmiş, sonralar “hay”lara şamil edilmiş kənardan verilmə addır, bu barədə aşağıda deyəcəyik) yaşadıqları ərazidir. Əslində isə onlar Ermənistan ərazisinə türklərdən sonra gəlmişlər. Ermənistan ərazisində Urartu mənbələrində qeyd olunmuş coğrafi adlar, hətta V – X əsrlərin qədim erməni mənbələrində göstərilən və indi də mövcud olan yer adlarının əksəriyyətinin ermənicə olmaması bu fikrin doğru olduğunu sübut edir.
Ermənistanda türk mənşəli toponimlər

Bir neçə misal göstərək. V əsrdən (Moisey Xorenskinin “Ermənistan tarixi” əsərindən) adı çəkilən Araqats dağının (hündürlüyü 4090 m) adlı türkmənşəli Alagöz adının qədim erməni dilində “l” səsinin “r” səsi ilə, “z” səsinin “s” səsi ilə əvəzlənməsi nəticəsində tələffüzü və yazılış formasıdır. Qeyd etmək lazımdır ki, keçən əsrdə Ermənistanın Şərur, Dərələyəz qəzasında və Eçmiadzin mahalında Alagöz adlı çay, Alagöz adlı şəhər xarabalığı məlum idi15.Maraqlıdır ki, Alagöz (ermənicə Araqadz) dağının ayrı-ayrı hissələrinin adları da yaxınlara qədər türk-azərbaycanca idi: Çınqıl, Kuyül, Ziyarət, Qızıl Ləqəm, Qaradağ, Qaraköynək, Qızıl Ziyarət, Qızıldağ, Şiştəpə, Buğutlu, Börklü, Qıpçaq, Qaranluq, Baku-göl, Təkərli gölü, Maralik və . Bu onunla əlaqədardır ki, Alagöz qədim zamanlardan Ermənistan azərbaycanlılarının yaylaq yerləri idi. Birakn dağının (hündürlüyü 3650 m) adı türkcə Binqel (yəni Mingöl) adındandır: türk mənşəli bin (min) sözündəki “n” səsi “r” səsinə çevrilmiş qel (göl) sözü isə erməni dilindəki akn “bulaq”, “su mənbəyi” sözü ilə əvəz olunmuşdur (indi bu dağ Burokan adlanır).

Saraki dağının (hündürlüyü 3050 m) əsl adı Sarıbulaqdır, demək türkcədir, lakin bulaq sözü ermənicə akn “bulaq” sözü ilə əvəz edilmişdir. Tondrak dağının (hündürlüyü 3542 m) adı erkən orta əsrlərdə (830 – 840- cı illərdə orada xalq həyəcanı baş vermişdir) Apahuni əyalətinin Tondrak mahalının17 adını əks etdirir. XVIII əsrdə Qərbi Sibirdə bir türk ulusu Tondurak adlanırdı.Cənubi Azərbaycan ərazisində əhalisi azərbaycanlılardan ibarət olan Tondar kəndi vardır. Bütün bu toponimlər qədim türk mənşəli dondar (tondar) tayfasının adını əks etdirir. Bu tayfa haqqında biz bundan qabaqkı kitabımızda ətraflı danışdığımıza görə təkrara varmırıq. Ermənistanda Pəmbək dağının adı da ermənicə deyildir. Müqayisə üçün deyək ki, keçən əsrdə Bambak adlı xarabalıq və çay Tiflis quberniyasının Axalsıx qəzasında, Bambak adlı dağ Şimali Qafqazda (Maykopda) .Pəmbək, yaxud Pambak toponiminin mənası hələ aydınlaşdırılmamışdır. Lakin burası şübhəsizdir ki, bu toponimin sonluğunu qədim türk mənşəli bək “təpə” (məsələn, Kazbek toponimində olduğu kimi, həmin söz Gədəbəy toponimində də vardır və bütünlükdə “keşikçi təpəsi” mənasını verir) sözü təşkil edir. Ararat dağının və Ararat (ermənicə Ayrarat) vadisinin adı ermənicə deyil, ermənicə Ararat Masis adlanır. “Ararat” toponimi Urartu dövlətinin Bibliyada yazılış formasıdır və erməni dilinə xristianlığın IV əsrdə qəbul olunması ilə əlaqədar Bibliyadan keçmişdir.

“Urartu” sözünün özü isə qədim assur mənbələrində çəkilir və Urartu ölkəsinin adıdır. Urartulular öz ölkəsini Urartu deyil, Biaynili adlandırırdılar və bu adın dil mənsubiyyəti aydın deyil. Melikişviliyə görə “Urartu” (əslində Uriatru) hürrit dilindədir, bu dil isə Urartu dili ilə birlikdə Qafqaz mənşəli hesab edilir.Halbuki erməni dili Hind-Avropa dil ailəsinə daxildir. Ermənistanda Erzinkay vadisinin adı əslində Araz-qaya adının ermənicə yazılışı (sözlərin axırında sait səslərin yazıda düşməsi erməni dili üçün səciyyəvidir) və tələffüz formasıdır. Oradakı Şirak vadisi isə (bu toponim erməni mənbələrində V əsrdən məlumdur) türk mənşəli şirak tayfasının adını əks etdirir və bu haqda aşağıda ətraflı danışacağıq. Sevan gölünün adı Urartu dilindən erməni dilinə keçmiş sue “su” sözündəndir.Lakin qədim erməni mənbələrində Sevan adına rast gəlinmir. Göyçə gölünün Sevan adlandırılması 1930-cu ilə aiddir. Urartu dilindəki sue “su”, erməni dilindəki sov “göl” sözləri ilə türk dillərindəki suv “su” sözünün zahiri oxşarlığı diqqəti cəlb edir. Tarixən Göyçə mahalı azərbaycanlıların ərazisi olmuşdur. V əsr erməni tarixçisi Moisey Xorenski əsərində (I kitab, 12-ci fəsil) ermənilərin bu əraziyə köçməsinin erməni çarı Artaşesin (eramızdan əvvəl II əsr) dövrünə aid olduğunu yazmışdır.
(ardı var)
Təqdim etdi
Savalan Talıblı
analoq.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi