Qara bəy Əliverdilər: Cümhuriyyət deputatı - ARAŞDIRMA



Qara bəyin ulu babası Hüseyn bəy Əli bəy oğlu 1743-cü ildə Qarabağın Bayat nahiyəsinin Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Əvvəlcə Pənahəli xana, sonra İbrahimxəlil xana xidmət etmişdi.
Hüseyn bəyin Əliverdi bəy adlı oğlu vardı.

Babası Əliverdi bəy Hüseyn bəy oğlu 1775-ci ildə Qarabağın Kəbirli mahalının Pərioğlular obasında doğulmuşdu. Öncə İbrahimxəlil xan Cavanşirə, sonra onun oğlu Mehdiqulu xana xidmət etmişdi. Xanın mahal darğası idi. Çox zaman Ağdam kəndində olurdu.
Əliverdi bəyin törəməsi Əliverdibəyov soyadını daşıyırlar.
Əliverdi bəyin Əzim bəy, Ələkbər bəy, Hüseyn bəy, Rəhim bəy adlı oğlanları vardı.

Atası Rəhim bəy Əliverdi bəy oğlu 1840-cı ildə Şuşa qəzasının Kəbirli sahəsinin Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirirdi.
Rəhim bəyin Səlim bəy, Qara bəy adlı oğlanları vardı.

Rəhim bəyin ikinci oglu Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa şəhərində real məktəbi bitirmişdi. 1914-cü ilə qədər Şuşada yaşamışdı. 1914-cü ildən 1925-ci ilə qədər Ağdamda yaşayıb, əkinçiliklə məşğul olmuşdu və Azərbaycan Pambıq idarəsində kassir işləmişdi. 1925-ci ilin fevralından tutulana qədər 19 may 1925-ci ilə qədər Qaryagində gizli həyat sürmüşdü. Qaryagində tutulmuşdu.
Qara bəy AXC dönəmində parlament üzvü olmuşdu. “İttihad” partiyasının üzvü idi. Əliverdilər soyadı ilə məşhur idi.

Sənəd. "Nəsib bəy Usubbəyliyə
Əsgəranı ermənilər artıq zəbt ediblər. Aldığım məlumata görə ermənilər bütün yüksəklikləri ələ keçiriblər. Əsgərandan qaçıb gələn uryadnik və strajnikin dediklərinə görə, Хankəndi istiqamətində döyüşlər səhər tezdən başlayıb. Hələlik atəş kəsilib. Hava bərk dumanlıdır. Bizim partizanlar Əsgəran və Ağdam mövqelərini ələ keçirdilər. Artıq ermənilərə qarşı döyüşlər davam edir. Parlamentin üzvü Qara bəy Əliverdiyevin təşkilatçılığı sayəsində Müdafiə Komitəsi və yaralıları müalicə şöbəsi təşkil edilib.
General Cavad bəy Şıxlinski, Ağdam".


Cümhuriyyət dönəmində orta və ibtidai məktəb kurslarında kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə peşə hazırlığına da diqqət yetirilirdi. İlk olaraq 1919-cu ilin yaz mövsümündə Azərbaycan Parlamentində səslənən fikirlər diqqəti cəlb edir. Azərbaycan Parlamentində Qara bəy Əliverdiyev çıxış edərək məsələ qaldıraraq Şuşa qəzasında yerləşən Ağdam və Zəngəzur kəndlərinin birində kənd təsərrüfatı məktəbinin yaradılmasını təklif etmişdi. Təkliflə əlaqədar Maarif Nazirliyinin nümayəndəsi tərəfindən bildirildi ki, Qara bəy Əliverdiyevin təklifinə heç bir etiraz yoxdur, ancaq məktəblərin yaradılacağı kəndləri müəyyənləşdirmək, zəruri xərcləri və tikinti işlərini yerlərdə icra etməyi öhdəsinə götürəcək cəmiyyət və şəxsləri seçmək lazımdır («Азербайджан» (газета), Баку,, №44,1919).

Ağdamda məşhur “Armud” ağacıyla üzbəüz Qara bəyin mülkü öz möhtəşəmliyi ilə diqqəti həmişə çəkirdi. “Qobu” arxının üstündə Muradbəyli səmtinə gedəndə yolun sağ tərəfində böyük bir ərazidə onun çoxsaylı mülkü var idi. İkimərtəbəli şəxsi evində sovet dövründə Ağdam Kənd Təsərrüfatı Texnikumu fəaliyyət göstərmişdi. Qayınanası üçün inşa etdirdiyi mülkündə sonralar Xan Şuşinski adına Ağdam Uşaq Muğam Məktəbi fəaliyyət göstərirdi.

Qara bəy Əliverdilər 1929-cu ildə vəfat edib.

Qara bəy Əliverdilər Ziba xanım Əlipaşa bəy qızı Sultanova ilə ailə qurmuşdu. Şövkət xanım, Diliş xanım, Ədilə xanım adlı qızları vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi