Qulamrza bəy Qasımbəyli: Universitetin ilk azərbaycanlı müəllimi - ARAŞDIRMA



Qulamrza bəy kökcə Cavanşir elinin Sarıcalı oymağına bağlıdır. Pənahəli xanın kiçik qardaşı Behbudəli ağanın soyundan gəlir. Behbudəli ağanın Əbdüssəməd bəy, Mirzalı bəy, Qasım bəy adlı oğlanları vardı.

Babasının babası Qasım bəy Behbudəli ağa oğlu Şuşa şəhərində dünyaya boy göstərmişdi. Mükəmməl saray təhsili almışdı. Öncə xanlığın qoşununda, sonra rus ordusunda xidmət еtmişdi. Ştabs-kapitan rütbəsi vardı.
Qasım bəy 1810-cu ildə kapitan rütbəsində idi.
Qasım bəyin törəmələrindən bəziləri Qasımbəyov soyadını daşıyırlar.
Qasım bəyin Fəzləli bəy, Fərzalı bəy, Baxşalı bəy, Kazım bəy, Ağalar bəy, Bəylər bəy, İsfəndiyar bəy, Rüstəm bəy adlı oğulları, Tumar bəyim, Xanım bəyim, Gilə bəyim, Balaxanım bəyim, Qızxanım bəyim adlı qızları vardı.



Ulu babası Hacı Bəylər bəy Qasım bəy oğlu Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Əvvəlcə əmisi oğlu İbrahimxəlil xana, sonra Mehdiqulu xana xidmət etmişdi. Qarabağ xanlığının adlı sərkərdələrindən idi.
Hacı Bəylər bəy vəfat еdəndən sonra mülkünü oğulları Nəcəfqulu bəy, Məmməd bəy, Abdulla bəy, Abbasqulu bəy və Yusif bəy idarə еdirdilər.


Babası Nəcəfqulu bəy Hacı Bəylər bəy oğlu 1808-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. 1826-cı ildə əmisi Hacı Ağalar xanla qiyam qaldırıb İrana qaçmışdı. 1827-ci ildə Mеhdiqulu xanla bərabər İrandan dönmüşdü.
Nəcəfqulu bəy Mirzə Camal bəy Cavanşirin qızı Hürzad xanımla yaşam qurmuşdu. Bəylər bəy, Cəfər bəy, Qəhrəman bəy, İmamqulu bəy, Hüsеynəli bəy adlı oğulları vardı.

Atası Cəfər bəy Nəcəfqulu bəy 1833-cü ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Məktəb təhsili almışdı. Ata mülkü Güləbürd kəndini idarə еtməklə güzəran kеçirirdi. Müqəddəs Kərbəla torpağını ziyarət еtmişdi.
Kərbəlayı Cəfər bəy Əzət xanım Hüseyn bəy qızı Hacıyeva ilə ailə qurmuşdu. Sadıq bəy, Qulamrza bəy, Qulam bəy adlı oğlanları, Bəyim xanım adlı qızı vardı.

Qulamrza bəy Cəfər bəy oğlu 1889-cu ildə Zəngəzur qəzasının Güləbürd kəndində anadan olmuşdu. İbtidai təhsili molla yanında almışdı. Sonra Yelizavetpol (Gəncə) 4 sinifli gimnaziyasında oxumuşdu. 1 sentyabr 1909-cu ildə gimnaziyanı tamamlamışdı. Zəngilan kənd məktəbinə müdir təyin olunmuşdu. 18 iyul 1912-ci ilin sənədlərinə görə hələ həmin məktəbdə çalışırdı.

Qulamrza bəy Qasımbəyli bir müddət doğma kəndlərindəki məktəbin naziri, müdiri olmuşdu. 1 sentyabr 1919-cu ildə Şuşa ali ibtidai məktəbdə müəllim işləmişdi. AXC dönəmində Dövlət Müdafiə komitəsində işlər müdiri vəzifəsində çalışmışdı.

Q. Qasımbəyli Bakı Universitetində Azərbaycan dili kafedrasında işə başlamışdı. Kafedranın əsası 1919-cu ildə qoyulmuşdur. Universitetdə ilkin tədris olunan fənlərdən biri türk (Azərbaycan) dili olmuşdur. Belə ki, Bakı Dövlət Universiteti təsis olunarkən (1919) təhsil rus dilində aparıldığından dövlət dili olan türk (Azərbaycan) dili öyrədilirdi. Bu ondan irəli gəlirdi ki, universitetin hazırladığı kadrlar Azərbaycan respublikasının əsas əhalisinə - azərbaycanlılara xidmət göstərməli idilər. Sonralar universitetin türk (Azərbaycan) və rus bölmələri mövcud olanda Azərbaycan bölməsində rus, rus bölməsində isə türk (Azərbaycan) dili keçilirdi. İlk illərdə türk (Azərbaycan) dili 10 semestrdə tədris edilirdi. Bu illərdə onun tədrisi ilə yazıçı-dramaturq Ə.Haqverdiyev, dövrünün görkəmli ziyalıları Qədim bəy Şaxtaxtinski, Qulamrza bəy Qasımbəyli məşğul olurdular.

1930-cu ildə müstəqil Tibb İnstitutu təşkil olunanda ayrıca dillər kafedrası yaradıldı ki, onun da tərkibində Azərbaycan dili müəllimləri mühüm yer tuturdular. O zaman kafedraya Azərbaycan dili müəlliminin - Qədim bəy Şaxtaxtinskinin rəhbər təyin olunması da ana dilimizə göstərilən qayğının nəticəsi idi.

1932-ci ildə kafedraya dosent Qulamrza bəy Cəfər bəy oğlu Qasımbəyli müdir təyin edilmişdi. O, bu vəzifədə 1937-ci ilə qədər çalışmışdı.

Qulamrza bəy Qasımbəyli jurnalist kimi də fəaliyyət göstərmişdi. 1909-cu ildə "Tərəqqi" qəzetinin Zəngəzur üzrə xüsusi müxbiri idi, həmin nəşrdə xeyli yazıları var.

Qulamrza bəy Güləndam xanım Məmməd qızı ilə ailə qurmuşdu. Süleyman bəy, Adil bəy adlı oğlanları, İsmət xanım adlı qızı vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi