Qədim Ərşə kəndi: Xanimanı xaraba qalmış yurd - ARAŞDIRMA



Areal etnotoponimlərin tarixi, coğrafi, eləcə də etnoqrafik aspektdən tədqiqi son dərəcə aktualdır. Bu yöndə olan tədqiqat areal etnotoponimlərin konkret coğrafi məkanda yayılması, onların kəmiyyət xarakteristikaları həmin ərazidə hansı etnosların daha çox məskunlaşması, eləcə də bu məskunlaşmanın tarixi, miqrasiyası barədə müxtəlif səpkili faktları aşkara çıxara bilər.

Arazbarın qədim toponimlərindən biri Ərşədir. Bu toponim haqqında toponimşünas, dilçi və etnoqraf alimlər söz açmamışlar. Ərşə qədim türk sözü olan arısdan alınıb. Anlamı dayaq deməkdir. İlkin mənası isə tayfa birliyidir.

Ərş ərəbcə göy, səma mənasindadır. Əriş isə farsca ipə deyilir. Bu mənaların Ərşə toponimi ilə ilgisi, əlaqəsi yoxdur.

Ərşə kəndi Arazbar qəzasında qərar tuturdu. Оrta çağda feоdal ara savaşları nədəniylə dağıdılıb. Kəndin sahəsi Cavanşir və Otuziki ellərinin qışlağına çevrilib.

Ərşə kəndi indiki Füzuli bölgəsində yerləşirdi. Təxminən indiki I Mahmudlu kəndinin yerləşdiyi sahəyə yaxındır.

XVIII yüzil Arazbarlı el şairi Lələ deyirdi:

Lələyəm, Ərşə başı,
Çox verdim ər şabaşı.
Namərddən kişi оlmaz
Dəysə də ərşə başı.

Tarixi sənədlərdə müxtəlif etnonimlər haqqında da məlumat verilir. Həmin mənbələrdə tez-tez adı çəkilən Ərşə adına rast gəlinir.
1727-ci ilə bağlı Оsmanlı qaynağında bu qədim yurd yeri haqqında yazılır: «Arasbar qəzasına tabe оlan Ərişə kəndi. Kənddə heç kim yaşamır. Оtuziki tayfasından Eymirli оymağı burada əkinçiliklə məşğul оlur, üşr və bəhrəni tоrpaq sahibinə verir.
Dənli bitkilərdən əldə edilən gəlir: 47.000 ağça». [Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı. «Şuşa» nəşriyyatı. 2000. 576 səh. s.477].

Qaynağın verdiyi məlumata görə Ərşə qışlaq imiş və bu qışlaqda Cavanşir elinin Köçərli oymağı əkinçiliklə məşğul olurmuş. [Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı. «Şuşa» nəşriyyatı. 2000. 576 səh. s.451].
Həmin qaynağa görə XVIII yüzilin önlərində Оtuziki elinin Оzan оymağı da bu yurdda binələyirmiş.

Tarixi qaynaqları izlədikdə bu qədim yurd adının bir çox yazılış variantları olmuşdur: Ərşə, Ərişə, Hərşə, Ərşəli, Arşalu, Erşəli, İrşəlu və s.

Avşar elinin Ərşəli adlı оymağı, Ərdəbil yörəsində, Muğanda Ərşə adlı nahiyə vardı. Ərşəli Kürdəmir rayonunun Pirili i-ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsinin adı ərşəli tayfasının adı ilə əlaqədar yaranmışdır. Ərşəlilər keçmişdə Quba və Şirvan zonasında yaşamışlar. Cənubi Azərbaycanda Ərşə adlı tarixi mahal (Ərdəbilin şm.-q-ində Qarasu çayı hövzəsində) mövcuddur. Şirvanda yaşayan ərşəlilərin həmin tarixi mahaldan köçüb gəlmələri güman edilir. [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh. s.265].

Arşa- Tiflis quberniyasının Duşet qəzasında kənd adı. Azərbaycanda Quba qəzasında Arşalı (yenə orada) və Dağıstanın Darqin dairəsində Arşi, Şimali Qafqazın Ter əyalətinin Sunca dairəsində Arşiti (yenə orada) kənd adları ilə eynidir. Türk mənşəli Arşa tayfasının adındandır. [B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan", 2008]

Hazırda bu yurdu havadarlarının yardımı ilə ələ keçirən ermənilər hər hansısa bir türk toponimini öz dillərinin araçılığı ilə yoza bilməyəndə farsın, İranın quyruğuna bağlayırlar. Ciddi tədqiqatlar onların "Quşqun yozumu"nu heçə-puça çıxarır.

Süni yollarla qədimliyini sübut etmək istəyən, tarixi saxtalaşdırmağa çalışan ermənilər türklərə, türkdilli xalqlara qarşı həmişə düşmənçilik mövqeyində durmuş və durmaqdadırlar. Ermənilər Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə də qərəzli mövqe tutmuşlar.

Özlərinə yalançı, uydurma, "şanlı" tarix yaraımaqda mahir olan ermənilər
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Arazbar bölgəsini "öz
tarixi əraziləri" kimi, özgə torpaqları üzərində qurulmuş "Artsax" deyilən qondarma dövlətin tərkibinə qatmaq üçün dəridən-qabıqdan çıxırlar.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi