Hüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMA



Hüseynpaşa xan Qarabağda, Şuşada məşhur olan rüstəmbəyovlar soyuna mənsubdur. Babaları Kəbirli elinin Əfətli obasından çıxmışdılar. Keçən yazımızda babası Hacı Kazım xan haqqında məlumat verdiyimizdən artıq cəhdə lüzum görmürük.

Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahaduri 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu.
Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü. (Mehdi Bamdad, Şərhe hale recale İran, I cild, Tehran, s. 384) Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə onu təyin etdi. Şah qvardiyasının rəisi oldu.

Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü. 1905-ci ildə Mirzə Mahmud xan Həkimülülmülk yerinə saray naziri təyin edildi. O, İran ordusunun komandanı kimi Kirman, İsfahan və Fars əyalətlərində reyd keçirmişdi.

1906-cı ildə kütlənin bir qurupu bir sıra dini alimlər və tacirlər ilə yanaşı Şah Əbdüləzim türbəsinə sığınıb və Əbdülməcid mirzə Eynüddövlənin Sədrəzəmin işdən kənar edilməsini tələb etdilər. Şah sığınanları şəhərə qaytarmaq məqsədilə 200 əsgəri Hüseynpaşa xan sərkərdəliyi ilə Şahəbdüləzimə göndərdi, Lakin onun səyi nəticə vermədi. (Nazimülislam Kirmani, Tarixi bidarani İran, I bölmə, II cild, s. 340, 347, 348; Braun, s. 114.)Türbəyə sığınanların ittihadı çoxalmaqla onlar İran gömrüyünün Belçikalı müdiri Misyö Nousun işdən azad edilməsini və ədalətxananın təşkil edilməsini tələb etmişlər. (Braun, s. 115-116; Kəsrəvi, h. Ş.1363, s. 67) Müzəffərəddin şah Hüseynpaşa xana çox etibar edirdi. Elə buna görə o sarayın nüfuzlu adamlarından oldu və bu yol ilə çoxlu sərvət qazanmışdı. O, şahı Avropa səfərlərində müşaiyət etmişdi. (Çerçil, s. 37)

Məhəmmədəli şah səltənətinin ilk dönəmlərində (1324-1327) Hüseynpaşa xanla çox da şaha yaxın deyildi, lakin tezliklə hər ikisi Məşrutə ilə müxalif olduğuna görə bir-birinə yaxınlaşmış və yenə də Hüseynpaşa xan keşikçibaşı təyin olunmuşdu. Hüseynpaşa xan hicri şəmsi 1326-ci ildə Milli məclis önundə Məşrutənin himayəsində and içsə də, məşrutəçilər onu Məhəmmədəli şahın tərəfdarı bilirdilər. (Nazimülislam Kirmani, II bölüm, IV cild, s. 195-199.)Bu ilin əvvəllərində, Hüseynpaşa xan Səltənət sarayının ətrafında yerləşən Silaxur ordusunun sərkərdəsi olmuşdu. Məhəmmədəli şah bu orduya çox arxayın idi və özünə tərəfdar olan qoşundan yalnız onu bilirdi. (Müğisəssəltənə, s. 194-195) 1326-ci il Rəbiüssani ayında Tehran keçirilən etirazda məşrutəçilər Hüseynpaşa xanın işdən azad olmasın şahdan tələb etmişlər və şah isə məcburi halda bu tələbi qəbul etmişdir. Bu zaman şahla bərabər məşrutəçilərin əleyhinə gizli sui-qəsd olan Hüseynpaşa xan Zərgəndədə yerləşən Rusiya səfirliyinə sığındı.

Cümadiəl-ula ayının 15-də, Hüseynpaşa xan şahın topxanasına başçı təyin edilmişdi. Bu qərardan öncə Qutbeyg elinin əsgərlərinin bir qurupu Tehrana dəvət olmuş və bir sıra quldurlar ilə yanaşı Bağişahda yerləşmişdilər. (Yenə orda, s. 223-224; Nazimülislam Kirmani, II bölüm, IV cild, s. 136, 151) Məhəmmədəli şahın iqamətgahına çevrilən Bağişah bir neçə müddətdən öncə Qızıl briqada və əks-məşrutə qüvvələrin yiğinaq yerinə dönmüşdü. 1326-ci il Cümadi əl-ulanın 23-cü günündən sonra, Hüseynpaşa xan ordunun komandanı olmuş, Mirzə Əhməd xan Müşirüssəltənənin IV və V kabinetdə Müdafiə naziri təyin etmişdir. (Nazimülislam Kirmani, II bölüm, IV cild, s. 167, Kəsrəvi, 1363 h.ş. s. 623; I cild, s. 385) Hüseynpaşa xan Məşrutə ilə müxalifətlərin ən güclü olan bu dövrlərdə güclü və nüfuzlu adamlardan sayılırdı və şaha o qədər nüfuzu vardı ki, ona “İranın diktatoru” ləqəbini vermişdilər. (Britaniya Xarici işlər nazirliyi, Sənədlər toplusu, I cild, s.289-290) Bir ildən sonra Rusiya və Britaniya səfirliklərinin təzyiqi ilə şah məcburi şəkildə Hüseynpaşa xanı vəzifədən azad etmişdi. (Yenə orda, I cild, s. 328; Nazimülislam Kirmani, II bölmə, V cild, s. 404) Lakin o sarayda öz hüzurunu davam etmişdi. Məşrutəçilər qələbə çalandan bir az öncə, Hüseynpaşa xan çox səy etsə də, Ətəbatda (Nəcəf, Kərbəla) məskunlaşma icazəsini əldə edə bilmədi. O, məşrutəçilər tərəfindən Tehran fəth olandan sonra, 1327-ci ilin Cümadi əl-axirə ayının 27-də Məhəmmədəli şahla bərabər Zərəgəndiyə gedərək Rusiya və Britaniyanın himayəsi altında oldu. (Nazimülislam Kirmani, II bölmə, V cild, s. 437, 494, 500)

Hüseynpaşa xan məşrutəçilərə qarşı kobud mövqedə olduğuna görə inqilabçılar tərəfindən bağışlanmadı və şahla bərabər sürgün olundu. O, bir müddət Odessada Məhəmmədəli şahın yanında yaşamışdı və 1329-cu il şaha tac-taxtını bərpa etməyə yardımçı oldu. O, bir müddətdən sonra Məhəmmədəli şahdan uzaqlaşdı və Parisə, sonra da Vyanaya getdi. (Kəsrəvi, 1355 h.ş. s. 172, Braun, s. 447, 450, Ic, s. 385-386)
Hüseynpaşa xan nəhayət neçə ildən sonra inqilabçılardan can təminatı istəyərək Tehrana qayıtdı və 1366-ci ildə həyatını dəyişdi. (Bamdad, I cild, s. 386)

Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1917-ci ildə vəfat edib.

O, məşrutəçilərə qarşı bir kobud adam kimi tanınsa da, çox sadə və elmə, ədəbə maraq göstərən şəxsiyyət idi. (Şərif Kaşani, I cild, s. 275; Dövlətabadi, I cild, s. 151; Nazimülislam Kirmani, II bölmə, V cild, s. 287; Kəsrəvi, 1363 h.ş. s. 27; Tacüssəltənə, s. 94; Mustovfi, II cild, s. 138) Hüseynpaşa xan Firdovsinin "Şahnamə"sinə çox maraq göstərərdi və onun bəzi hissələrini əzbər bilirdi və xüsüsi məclislərdə onun bəzi qismətlərin nümayişə qoyardı. (Rüşdiyyə, s.139; Bozorgomid, s. 130-131; Bamdad, qabaqki refrensdə) O, Firdovsinin "Şahnamə"sindən bir dəfə çapa təqdim etdi ki, onun ləqəbinə aid olaraq "Əmir Bahaduri Şahnamə"si adlandırıldı. (Rüşdiyyə, s. 140; Bamdad, qabaqkı refrens) Həmçinin, saray naziri olan zaman, Şiə hədisilərinin etibarlı qaynaqlarında sayılan Məhəmməd ibni Həsən Hürri Amilinin "Vəsailüşşiə" kitabının 3 ciliddə çapını öhdəsinə götürmüşdü. (Müşar, Sütuni 989; Ağa Büzürg Tehrani, IV cild, s. 3542- 354)

H. ş. 1346-ci il, dövlət onun Tehranın Əmiriyyə xiyabanı (günümüzdə Vəliyyiəsr ) də yerləşən və Bahadüriyyə adı ilə tanınan evinin qalmış hissəsini almış və “Milli abidələr əncüməni”nin (indiki adı: Milli əsərlər və qəhrəmanlar əncüməni) ixtiyarında qoymuşdur. (Mustovfi, I cild, s. 451)

Məmmədəmin Rəsulzadə Hüseynpaşa xan Əmir Bahaduri-Cəng haqqında yazır:
"Hüseynpaşa xan, bu "cəng bahaduru" öz cəngavərliyini xalqa və demokratiyaya göstərdi. Məclisi topa tutdu. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə 1905-ci ilin dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdüləzim" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadur bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə güc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Yeni məclis yarananda Hüseynpaşa xan məclisi hərbi nazirliyinin tabeliyinə verilməsini tələb etdi. Ondan məclisin sədri məsələsini soruşanda qılıncını göstərib demişdi: "Sizin gələcək məclisinizin başçısı bu olacaq". 1909-cu ildə Məhəmmədəli şah devriləndə, təcili çıxarılması vacib olan iki nazirdən biri o idi.

Son zamanlar Tehranın vəziyyəti bu kibi niyətlər, xülyalar bəsləməgə görünüyor ki, olduqca müsaiddir. Bunun böylə olmasına Məhəmmədəli şahın ən sadiq yavrularından sabiq hərbiyyə vəziri Əmir Bahadırın Tehrana gəlmiş olduğudur. Əmir Bahadır o məşhur Əmir Bahadır cəngdir ki, məşrutiyyət əleyhinə gördügü İqdamatda Məhəmmədəli şahın “əcinnə”lərindən biri, həm də birincisi idi.

Əmir Bahadır 1909-cu ildə Tehranın məşrutiyyətpərəstlər tərəfindən alınmasından sonrasının yaylağı olan Zərkəndə sarayında bəstdə əyləşib, sonra inqilab hökuməti tərəfindən İran xaricinə sürgünə göndərilmişdi. Əmir Bahadır son zamanlara qədər Vyanada olub, restorançılıq edirdi. 1911-ci ildə Məhəmmədəli şahın Mazandarana keçib də orada təkrar bir hərəkəti-irticaiyyə başladığı zamanlar, hər kəs Əmir Bahadır cəngin də İrana gəlməsinə müntəzir ikən, Əmir “ağır oturub batman gəlmişdi”. Hətta, hər kəscə qaba, siyasətdən anlamaz, idrakdan məhrum, bütün məziyyəti yalnız “Şahnamə”yi əzbər oxumaqdan ibarət bilinmiş ikən, bu “restorançı vəzir”, o zaman böyük bir zəkavati-siyasiyyə göstərmiş, (məşhurdur) şah tərəfindən İrana getmək üçün kəndisinə vaqe olan təklifə “bu səfərdən faidə görməzsən” demişdi.
O səfər də “əldən çıxmış iqtidari qaytarmaq təşəbbüsünü faidəsiz” görən Əmirin bu dəfə “Məhəmmədəli şahı istiyoruz zamanında – birdən-birə Tehran üfüqündə “parlaması” bir az mənidar kibi görünüyor". (M.Rəsulzadə, “Açıq söz”, 23 fevral 1916, №118)

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi