Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMA



Əmir Şeyx Həsən 1319-cu ildə Əmir Dəmirdaş (Teymurtaş) Sulduzun ailəsində anadan olmuşdu. Əmir Çobanın nəvəsidir. Hərbçi aristokrat bir ailədə moğol qayda-qanununa uyğun tərbiyə edilmiş, islam qaydasına uyğun təhsil almışdı.

Elxanlılar dövlətinin Baş əmiri Çobanın ölümündən (1328) sonra onun oğlanları və nəvələri Rumda, Qarahisar qalasında möhkəmlənmişdilər.

1335-ci ildə Əbu Səid Bahadır xanın ölümündən sonra elxanlı taxtına çıxarılan Arpa Qaunu Diyarbəkir valisi oyrat Əli Padşah tanımadı, Musa adlı bir əsilzadəni xan elan edərək Arpa qauna hücum etdi. Arpa xan məğlub olaraq öldürüldü, yerinə Musa xan keçdi, Əli Padşah dövlətə hakim oldu. Ancaq onun dövranı Sulduz Əmir Çoban ağanın nəvəsi və Dəmirdaşın oğlu Kiçik Şeyx Həsən böyük bir ordu ilə gələrək iqtidarı Əli Padşahın əlindən aldı (1337-ci il). (Faruq Sümər. Oğuzlar. B.: Yazıçı, 1992, 432 səh. s.140)

Tarixdə "Kiçik Həsən" kimi tanınan Şeyx Həsən Çobanlı 1338-ci ildə təkrar mərkəzi hakimiyyətə qarşı çıxdı. O öz ətrafmda hərbi qüvvələr topladı və Təbrizə tərəf irəlilədi. Məhəmməd xan və Şeyx Həsən Cəlair (tarixdə "Böyük Həsən" kimi tanınır) məğlubiyyətə uğradılar. Şeyx Həsən Çobanlı Sultan Məhəmməd Xudabəndənin qızı Satıbəy xatunu (1339-1340) padşah elan etdi və öz fəaliyyətini onun adı ilə qanuniləşdirdi.

1338-ci ilin payızında bağlanmış sülh müqaviləsinə əsasən Şeyx Həsən Cəlair Qəzvinə, oradan isə Bağdada getdi və Cahan Teymur xanı padşah elan etdi. Çobanlılar və Satıbəy xatun Azərbaycana sahib oldular. Çobanlıların nüfuz dairəsinə Azərbaycan, İraq-i Əcəm, Həmədan, Qum, Kaşan, Rey, Vəramin, Fuqan, Gürcüstan vilayətləri və Ermənistanın böyük bir qismi daxil idi. Azərbaycanda və qonşu ölkələrdə hakimiyyət Şeyx Həsən Çobanlının əlində cəmlənmişdi. Satıbəy xatunun hərəkətlərindən narazı qalan Şeyx Həsən (Kiçik) onu 1340-cı ildə Süleyman xanla (1340-1344) əvəz etdi. Həmin ildə Şeyx Həsən Cəlair Azərbaycana hücum etdi, lakin məğlub olub geri çəkildi. Tezliklə Çobanlı qoşunu Bağdada hücum etdi və müvəffəqiyyətsizliyə uğradı. Şeyx Həsən Cəlair 1341-ci ildə yenidən Azərbaycana hücum etdi. O, bu dəfə də qələbə qazanmadı.

Şeyx Həsən Çobani 1340-cı ildə ildə Satıbəy xatunu hakimiyyətdən kənarlaşdırıb Süleyman xanı padşah elan etdi.

1340-ci ildə Əmir Şeyx Həsən (Kiçik) Sulduz Təlbardan Təbrizə gəlir. Ordan da çıxıb Hacı Toğayın üstünə gedir. Öncə onun üstünə Qutluq axtaçını göndərir. Sonra özü Hacı Toğayın üstünə gedir. Duruş gətirə bilməyəcəyini düşünən Hacı Toğay ona itaətini bildirir. Qardaşı oğlu Ərəbşahı sülh bağlamaq üçün Əmir Şeyx Həsən (Kiçik) Sulduzun yanına göndərir. Şeyx Həsən Sulduz ona kələk gəlib, yalandan razılığını bildirir. Arxayınlanan Hacı Toğay ağa dincəlmək qərarına gəlir. Birdən 10 minlik qoşunun gəldiyini görüb qaçmağa üz tutur. Muşa qaçır. Şeyx Həsən Sulduz onu izləyə-izləyə gəlib Muşa çatır. Qəddar Sulduz əmiri Çəpəqcur və Bəşiriyyə vilayətlərini yağmalayır. Bütün Diyarbəkiri dağıdır. Kürdlər sutaylılarla birləşib Şeyx Həsən Sulduzu izləməyə başlayırlar. Sulduz elinin Çobanlı uruğundan geri qalanı tutub oda atırlar.

Şeyx Həsən Sulduz ordan Ərzuruma gedir. Bir ay o şəhərdə qalıb hər tərəfi yağmalamaqla məşğul olur. Ordan Hacı Toğay ağanın oğlunun şəhərinə gedir. Sulduz eli oranı da dağıdıb yarmalıyır. Hacı Toğay ağanın oğlunun məqbərəsini dağıdıb, onu qəbirdən çıxarıb başını bədənindən ayırır.
Çobanlılar bir müddət sutaylıları Unik qalasında mühasirədə saxlayırlar. Qala möhkəm olduğundan tuta bilmirlər. Axırda oranı tərk edib Təbrizə qayıdırlar.

1341-ci ildə Şeyx Həsən Sulduz yenə Aladağa yollanır. Orda Hacı Toğayın yurdunda böyük dağıntılar törədib Təbrizə qayıdır.

1342-ci ilin may ayının 5-də Əmir Şeyx Həsən (Kiçik) Sulduz İbrahimşah bəyin üstünə hücum çəkdi. Bəhanəsi də bu oldu ki, İbrahimşah bəy Hacı Toğay bəylə birləşib Mahmud Zəkəriyyəni öldürüblər. Şeyx Həsən Kiçik öncə Miyanədən cənubda olan Bulanlıq qəsəbəsini tutub olan sutaylıların evlərini və mal-qaralarını yağmaladı. Bol qənimət ələ keçirib Təbrizə qayıtdı.

Şeyx Həsən Sulduz Anadoluda da önəmli rol oynamışdı. Əbu Said Bahadır xanın ölümündən sonra (1335), Böyük Şeyx Həsənin yaxşı bir mövqe əldə etmək məqsədiylə Rumdan Elxanlılar dövlətinə dönərkən Əlaəddin Ərətnanı yerinə vəkil buraxması siyasî nüfuzunu qüvvətləndirmək istəyən Ərətna üçün yaxşı bir fürsət oldu və bəyliyin təməllərini atdı. Aladağda Böyük Şeyx Həsəni məğlub edən (1337) Dəmirtaş oğlu Çobanlı Şeyx Həsənin pna tabe olması üçün etdiyi təklifi rədd edərək (1337-38) Anadoluda idarəni əlinə aldı. Kiçik Şeyx Həsənın təhdidləri qarşısında Qeysəriyyə qazısı Siracəddin Süleymanı Məmlük Sultanı əl-Məlikün-Nasır Məhəmmədin yanına göndərib Anadolunu onun naibi sifətiylə idarə etmək istədiyini bildirdi. Buna görə Məmlük sultanı, Əlaəddin Ərətnaya məmalik-i Rum naibi olduğuna dair bir bəlgə göndərdi. Bununla bərabər Ərətna ilə məmlüklər arasındaki münasibətlərdə zaman zaman soyuqluqlar olmuş və bəzi Türkman qrupları, özəlliklə də Zülqədər Qaraca bəyin idarəsindəki türkmənlər istifadə edilərək Ərətna məşğul ədilmişdir. Daha sonra Qaraca bəy ilə bir anlaşma quran Əlaəddin Ərətna Orta Anadoluya yönəldi. 1340-cı ildə Məmlük sultanı adına xütbə oxunmasına son verdi. Ancaq ona qarşı Türkman basqınları davam edincə sultana elçi göndərib təkrar anlaşma yoluna getdi. Ertəsi il məmlüklərlə ilgisini kəsib müstəqilliyini elan etdi. Öncə Sivas, daha sonra Qeysəriyyə mərkəz olmaq üzrə öz adına xütbə oxudub sikkə kəsdirdi. Elxanlıların vəzifələndirdikləri komandan və valilərin pis idarələri üzündən Anadoluda uzun zamandan bəri davam edən anarxiyanı qısa müddətdə önləyərək nüfuzunu hər kəsə qəbul etdirdi. Rum Səlcuqlu torpaqlarının böyük qismini ələ keçirdi. Çobanlı Şeyx Həsən və onun müttəfiqi Süleyman xana qarşı 1343-cü ildə qazandığı Karanbük zafəriylə hakimiyətini sağlamlaşdırdı. Çobanlı Şeyx Həsənin dekabr 1343-cü ildə arvadı tərəfindən öldürülməsiylə bir müddət rahatlayan Əlaəddin Ərətna, ardından onun xələfiylə uğraşmq məcburiyyətində qaldı və Çobanlı - Məmlüklü iş birliyinə qarşı Cəlayir Şeyx Həsən ilə ilişkilərini inkişaf etdirdi.

Şeyx Həsən Çobanlı 1343-cü ilin axırlarında öldürüldü. Zeynəddin bin Həmdullah Qəzvini yazır: "Həmin gün Şeyx Həsən Teymurtaşinin nökərlərindən Ərəb candar Təbriz tərəfdən gəlib çatdı və Məlik Əşrəfə bir neçə söz dedi. Məlik Əşrəf ağladı. Yağı Basdı soruşdu ki, ağlamağının səbəbi nədir? Dedi ki, qardaşım Şeyx Həsən Çobaniyə onun xatunu İzzət xatun qəsd etmiş və öldürmüşdür. (Zeynəddin bin Həmdullah Qəzvini, Zeyl-e tarix-e qozide, Bakı: Elm, 1990, 212 səh. s.14-15)

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi