İbrahim bəy Hüseynbəyov: Əbdürrəhim bəy Haqverdiyevin hamisi - ARAŞDIRMA



1905-1906-cı illər erməni müsəlman davasında 5 türk oğlu ermənilərin milli düşməni elan olunmuşdu. Biri Yağləvənd Həsənalı bəy Əsgərxanov, biri Mirzə Cəfər bəy Vəzirov, biri Hacısamlı Sultan bəy Muradov (Sultanov), biri onun qaynatası Teymur bəy Həsənbəyov, biri isə Mirzəhaqverdilər İbrahim bəy Hüseynbəyov idi.
İbrahim bəy Şuşa qəzasında məşhur olan hüseynbəyovlar soyuna mənsubdur. Bu sоyun ulu babası Mirzə Əli bəy Kəbirlidir. Mirzə Əli bəy XVIII yüzilin ikinci yarısında yaşamışdı.
Mirzə Əli bəyin Haqverdi bəy, Hüseyn bəy adlı оğlu vardı.

Mirzə Əli bəyin ikinci oğlu Hüseyn bəy Kəbirli mahalının qardaşının adı ilə adlanan Mirzəhaqverdili obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirirdi.
Hüseyn bəyin Əli bəy adlı oğlu vardı.

Əli bəy Hüseyn bəy oğlu Kəbirli mahalının Mirzəhaqverdili obasında doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sоnra mükəmməl mədrəsə təhsili almışdı. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşıyırdı.
II Mirzə Əli bəyin Məmmədbağır bəy, Səməd bəy, Mehdi bəy adlı oğlanları vardı.

Məmmədbağır bəy Mirzə Əli bəy oğlu Hüseynbəyov 1841-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Mirzəhaqverdili obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirirdi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Məmmədbağır bəyin İbrahim bəy, Əliş bəy, Ədil bəy adlı oğlanları vardı.

İbrahim bəy Kərbəlayı Məmmədbağır bəy oğlu Hüseynbəyov 1874-cü ildə Şuşa qəzasının Mirzəhaqverdilər obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Real məktəbində oxumuşdu. Şuşa Qəza Polis İdarəsinə II dərəcəli dəftərxana xidmətçisi kimi işə düzəlmişdi. Bir müddət tərcüməçi kimi çalışmışdı. Sonra polis pristavı kimi xidmət etmişdi.

İbrahim bəy Əbdürrəhim bəy Haqverdiyevlə bir soydandır. Onun qorxusundan heç kim ədibin xətrinə dəymirdi.

İbrahim bəy Hüseynbəyov 1905-1907-ci illərdə daşnak silahlılarına qarşı vuruşmuşdu.
Ermənilər Şuşa şəhərinin Xəlfəli qapısında on evə hücum edərək yandırırlar. Ev sakinlərindən üç nəfər öldürülür, qalanları qaçıb canlarını qurtarırlar. Erməni silahlılarına qoşulan erməni tacirləri öz dükanlarını bağlayır, əllərinə silah alaraq türk-müsəlmanların dükanlarını gülləboran edirdilər. Bazarda on beşə qədər müsəlman dükanı var idi. Erməni silahlıları müsəlman dükanlarının qapılarını açaraq içəridəki müsəlmanları öldürür, mal-dövlətlərini isə qarət edirdilər. Şuşanın türk-müsəlman əhalisi şəhərin strateji və döyüş üçün əlverişli yerlərində altı müdafiə və hücum səngərləri qurmuşdular. Döyüş başlayanda ermənilər məhkəmə və duma divanxanasını yandırdılar. Avqust ayının 17-də İbrahim bəy Hüseynbəyovun rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.

Erməni müəllifi İ. Əlibəyov İbrahim bəyi qaralayaraq yazır: “Keçmiş Ağdam nahiyəsinin pristavı, Mirzəhaqverdilər kəndinin sakini İbrahim bəy Hüseynbəyov Ağdam ermənilərinin qətl-qarətində iştirak etmişdi. O, bir çox əməllərinə görə, 30 sentyabr 1899-cu ildə məhkəmə palatası tərəfindən bütün hüquqlarından məhrum edilmiş, Tobolsk quberniyasına sürgün edilmişdi. Sürgün müddətini çəkəndən sonra qubernator Lutsau tərəfindən Yelizavetpol qəzasına pristav təyin edilmişdi. Son günlərə qədər həmin vəzifəni tuturdu”. (И. Алибегов, Елисаветпольские кровавые дни, Тифлись, 1906, с.39)
Ermənilər 1907-ci ildən sonra onu qaralama kampaniyasına başlamışdılar. Mərkəzə danos danos ardınca gedirdi.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi