Muxtar bəy Bədəlbəyov: Darğalıqdan xanəndəliyə - ARAŞDIRMA



Muxtar bəy Şuşada, Qarabağda məşhur olan bədəlbəylilər soyundandır. Bu soyun ulu babası Miri bəy Kəbirlidir. Miri bəy Kəbirli mahalının Çullu obasında anadan olmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Miri bəyin törəmələrindən bəziləri Miriyev soyadını daşımışdılar. [ARDTA, fond 69, siyahı 1, saxlama vahidi 62 t2].
Miri bəyin Məhərrəm bəy adlı oğlu vardı.
Məhərrəm bəy Miri bəy oğlu Kəbirli mahalının Çullu obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Şuşa şəhərinə köçmüş, Qurdlar məhəlləsində məskunlaşmışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi.
Məhərrəm bəyin Miri bəy, Bədəl bəy adlı oğulları vardı.

Babası Bədəl bəy Məhərrəm bəy oğlu 1825-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Bədəl bəyin törəmələri Bədəlbəyli soyadını daşıyırlar.
Kərbəlayı Bədəl bəy Hüsnü xanımla ailə qurmuşdu. Məhəmməd bəy, Bəşir bəy adlı oğulları vardı.

Atası Məhəmməd bəy Kərbəlayı Bədəl bəy oğlu 1844-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi. Xurşidbanu bəyim Mehdiqulu xan qızı Cavanşir-Usmiyevanın yanında xidmət etmişdi. Xan qızının inandığı, etibar etdiyi adamlar içində onun da adı vardı. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Məhəmməd bəy 1901-ci ildə vəfat edib.
Kərbəlayı Məhəmməd Xanım xanım Kərbəlayı Ələkbər bəy qızı Əliverdibəyova ilə ailə qurmuşdu.Xosrov bəy, Muxtar bəy adlı oğulları, Fatma xanım adlı qızı vardı.

Kərbəlayı Məhəmməd bəyin ikinci oğlu Muxtar bəy 1874-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Xasay xan Mehdiqulu xan oğlu Usmiyevin darğası olmuşdu.

Muxtar bəyin gözəl səsi vardı. Ara-sıra toy şənliklərində, dost məclislərində oxuyardı. Muğamatı tamam-kamal biirdi. Musiqişünas Ağalar bəy Əliverdibəyov yazır: «Bu zat (Muxtar Bədəlbəyli) Şişə şəhərində 1874-cü ildə təvəllüd edib. Atası Kərbəlayı Məhəmməd daim Xurşudbanu bəyim Natəvanın bargahında xidmətdə olub. Atası Muxtarı uşaqlıqda Şişə şəhərində şəhər məktəbinə qoyur. Ancaq Muxtar elə məktəbi bitirməyib, xidmətə başlayır. Atası Kərbəlayı Məhəmməd fars-ərəbcə dərin savadlı bir kişi idi və bekar vəqtlərində mütaliə ilə məşğul olardı, çox vəqt Hafiz, Sədi, Nizami və Firdovsi kimi fazil şairlərin kəlamlarını oxuyub, zümzümə edərdi. Özünün çox dəyərli sövtü var idi. Həmçinin oğlu Muxtar da musiqini artıq dərəcədə sevirdi. Odur ki, həvəskar olaraq qonaqlıqlarda, məşhur toylarda bir para xatirli adamların təvəqqesinə görə Muxtar oxuyardı. Bunun sövtündə olan yağ və boğazında həncərə bir oxuyana müyəssər deyildi. Gözəl və mütərənnim səsinin nəticəsi olaraq müstəmeləri tərənnümə gətirib, Qarabağda böyük şöhrət qazanmışdı. Bu şəxs ucaboylu, xoşsima, nəhayət, gözəl cavanlardan biri olub. Odur ki, Xasay xan ondan bir dəqiqə də olsa ayrılmazdı, onu öz mülklərinə darüğə təyin etmişdi və ölənə qədər ondan ayrılmadı. 1933-cü ildə vəfat elədi. [Ağalar bəy Əliverdibəyov, Rəsmli musiqi tarixi, Bakı, «Şuşa», 2001, s.178-179].

Muxtar bəy Bədəlbəyov 1933-cü ildə vəfat edib.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi