Ləbət xanım Vala: Şair, yazıçı, jurnalist və müğənni şahzadə - ARAŞDIRMA



Ləbət xanım qəyyur Qacar elinin Qovanlı oymağındandır. Qacarlar dövlətinin hökmdarı Fətəli şahın, vəliəhdi Abbas mirzənin nəslindəndir.

Abbas mirzənin iyirminci оğlu Mеhdiqulu mirzə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. 1835-ci ildə Ərdəbilin hakimi оlmuşdu. 1848-ci ildə Mazandaran əyalətinə başçılıq еtmişdi.
Mеhdiqulu mirzə Bab hərakatının yatırılmasında iştirak еtmişdi.
Mehdiqulu mirzə 1854-cü ildə vəfat edib.
Mеhdiqulu mirzənin Məhəmmədhəsən mirzə, Məhəmmədəli mirzə adlı оğlanları vardı.

Məhəmmədhəsən mirzə Mеhdiqulu mirzə oğlu Təbriz şəhərində dоğulmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Mötəzadüddövlə ləqəbini daşıyırdı.
Məhəmmədhəsən mirzə 1883-cü ildən etibarən 8 il müddətinə Kirman əyalətinin valisi olmuşdu . Buradan əlavə, o, eyni zamanda Bəlucistan, Bim, Nərmşirin idarə olunmasında hakimin müavini kimi fəaliyyət göstərmişdi.
Məhəmmədhəsən mirzə 1901-ci ildə vəfat edib.
Məhəmmədhəsən mirzənin törəmələri Mötəzadi soyadını daşıyırlar.
Məhəmmədhəsən mirzə Mahşərəf xanım Xanlar mirzə qızı ilə ailə qurmuşdu. Məhəmmədmehdi mirzə, Məhəmmədhüseyn mirzə, Əhməd mirzə adlı оğlanları, Turanəssəltənə xanım adlı qızı vardı.


Məhəmmədhəsən mirzənin ikinci oğlu Məhəmmədhüseyn mirzə Təbriz şəhərində anadan оlmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Zəhirəssultan ləqəbini daşıyırdı.
Hüseyn mirzə Zəhirəssultan Məhəmmədəli şahın yanında xidmət etmişdi. Məşrutə hərəkatına qarşı çıxmışdı.
Hüseyn mirzənin törəmələri Vala soyadını daşıyırlar.
Hüseyn mirzə Vala Münir xanımla ailə qurmuşdu. Abdulla mirzə adlı oğlu, Bədirülmülk xanım, Ləbət xanım adlı qızları vardı.


Ləbət xanım Hüseyn mirzə qızı Vala 1930-cu ildə Tehran şəhərində anadan olub. Orta məktəbi doğma şəhərində bitirib. Sonra Melburn Universitetinə qəbul olub. Universiteti tamamlayandan sonra İrana dönüb.
Ləbət xanım Vala şair, yazıçı, jurnalist və müğənnidir.
Ləbət xanım Vala 1961-ci ildən musiqi ilə məşğul olub. Atasının istedadı və sənət sevgisi övladlarına da sirayət edib. Erkən yaşlarından musiqi avazları ilə böyüməsi onda xüsusi musiqi qabiliyyəti formalaşdırıb. Beləliklə, mükəmməl musiqi savadına yiyələnən Ləbət xanım tez bir zamanda bütün İranda tanınıb. O, daim öz yaradıcılığında xanəndəlik irsinə müraciət edərək onların əbədiyaşarlığı yolunda əlindən gələni əsirgəməyib.

Geniş yaradıcılığa malik olan Ləbət xanım Vala şair, yazıçı, jurnalist və ictimai xadim kimi İran mədəniyyətinin inkişafına öz töhfələrini verib.

Ləbət xanım Vala 1979-cu ildə İranı tərk edib, təhsil aldığı Avstraliyaya yerləşdi. Orda "Orta Şərq" jurnalında çalışdı. Sonra İngiltərədə, Londonda çıxan "Keyhan London" qəzetinin dəvəti ilə yaşayış yerini dəyişməli oldu.

Ləbət xanım Vala əvvəlcə şeirlərini müxtəlif məcmuələrdə dərc etdirdi. İranda nəşr edilən jurnallarda, Tehranda çıxan ədəbiyyat yönümlü qəzetdə şeirləri dərc olunub. Şairənin "Yadların rəqsi" kitabında müəllifin şeirləri lüğət izahı ilə verilib. İran oxucuları tərəfindən çoxdan tanınan və qiymətləndirilən şairənin kitabında təqdim olunan nümunələrin sənətkarlıq xüsusiyyətlərindən söz açılıb. Yeni kitabda Valanın vətənpərvərlik, məhəbbət, tarixi, dini mövzularda qələmə aldığı şeirləri təqdim olunub.

Ləbət xanım Vala İran ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Romanlar, povestlər, hekayələr müəllifidir. İnqilab dönəmini yaşamış, dövrün ağrı-acılarını da, ziddiyyətlərini də görmüş, yaradıcılığında əks etdirmişdir.

Ləbət xanım Vala jurnalist kimi demokratik və dünyəvi İran siyasi fikrinin inkişafında, xurafatla, geriliklə mübarizədə, milli məfkurənin elmi-tarixi əsaslarının hazırlanmasında öz sözünün deməyi bacarır. Dövrün aparıcı publisistləri kimi, o da milli şüurun dirçəlişini xalqın oyanışında mühüm amil hesab edir, lakin bildirir ki, bu oyanış fanatik ruhda deyil, Avropa mədəniyyətinin və elminin nailiyyətləri işığında cərəyan etməlidir. Onun şəxsiyyətini və fikirlərini müasir tədqiqatçılar üçün də cəlbedici edən başlıca amillərdən biri də müasirliyə, tərəqqiyə söykənən düşüncə tərzidir.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi