Adil Mirseyidin nağılı



Kəmaləddin Qədim, bu şəkil sizə tanışdırmı, xatırlaya bildinizmi o günü? Əminəm, tam əminəm ki, o şəkil çəkdirdiyimiz gün yadınızdan çıxmayıb. Çıxa da bilməz. Çünki o gün sizinlə, Adil Mirseyidlə şəxsən tanış olduğum gün idi. Baxmayaraq ki, hər ikiniz atamın çoxdankı dostlarısınız. Sizləri tanıyıb yeni münasibət qurmağın da mənim üçün ayrı bir önəmi var.

Neçə il əvvəlin söhbətidi. Qərara almışdım ki, radioda müəllifi olduğum “Yurd yeri” verilişinə Adil Mirseyidi dəvət edib həmsöhbət olum. Adil müəllimlə həmsöhbət olmaq çoxdanki arzum idi. Ona olan sevgimi şairin “Vernisaj” adlı orjinal şeirlər kitabı yaratmışdı. Kitaba ön sözü xalq yazıçısı Elçin yazıb. Əslində, Adil Mirseyidə olan sevgim Elçin müəllimin şairin kitabına yazdığı ön sözündən də güc aldı desəm, yerinə düşər. Ona görə yox ki, Adil Mirseyidi tərifləmişdi.

Adil Mirseyid nə kiminsə təqdimatına, nə də tərifinə ehtiyacı olan yazarlardandı. Sadəcə, Elçin müəllim yazdığı ön sözündə şairin kitabda toplanmış şeirlərinin lirik-pisxoloji, fəlsəfəsi qatını elmi şəkildə açmağa müfəvvəq olmuşdu.Elçin Əfəndiyevin təbirincə desək, “Adil gözdən itən ayın bir də haçansa görünəcəyini, sönən ayın bir nə vaxtsa işıldayacağını dəqiq bilməyənlərin və belə bir ay səfərinə baxarkən ürəyi əlindən düşənlərin şairidir".

Bu sözün çəkisini dərk etmək və Adil Mirseyid haqqında təzə nə isə yazmaq mənim üçün olduqca çətindir. Heç bu iddiada da deyiləm.

Düzü onun əsərlərinin təhlilinə varsam, yaşadığı həyatı, keçirdiyi «dövranı» araşdırası olsam, labirint içinə düşməyim yüzə-yüzdü.

Adil müəllimlə ilk tanışlığımız təqribən belə başladı. Bayaq qeyd etdiyim kimi, onu verilişə dəvət etmək istəyirdim.Telefon nömrəsini dostlardan soraqlayıb tapdım. Bir neçə dəfə zəng etsəm də, dəstəyi götürən olmadı. Verilişin efirə getməsinə bir gün qalmış içimi qara sancı doğrayırdı. Vaxt yaxınlaşdıqca, həyacanım az qalırdı ürəyimi deşib sinəmdən çıxara. Birdən Adil müəllim də bəzi ipiqırıq sənətkarlar kimi verilişə gəlməz. Rəhbərlik yanında da dilim gödək olar. Onunla əlaqə yaratmaq üçün təkrar olaraq yenə zəng etdim. Hardasa 5-10 dəfə zəng edəndən sonra dəstəyi qaldıran oldu.
- Salam.
- Salam.
- Adil Mirseyidin nömrəsidir?
- Bəli.
- Bəs Adil müəllimlə necə əlaqə saxlamaq olar?
- Adil müəllim 1-2 saatdan sonra sizinlə danışa bilər.
- Mən Adil müəllimi radio verilişə dəvət etmək istəyirəm,xahiş edirəm mənə kömək edin onunla əlaqə saxlayım.
- Bir azdan zəng edin. Özü ilə danışın.
Mənimlə telefonda danışan şairin sevimli övladı Ayan idi. Amma yenə də narahat qalmışdım. "Görəsən Adil müəllim verilişə gələcəkmi"- sualı ətrafında öz içimdə var-gəl edirdim.
Bir neçə saatdan sonra telefonuma Adil müəllimdən zəng gəldi. Salam-əleykümdən sonra onu axtarmağımın səbəbini söylədim. Zəngimə sevinmişdi. ”Tahir mənim köhnə dostumdur”- deyib sabah saat 11-də görüşə biləcəyimizi söylədi. Görüşümüzün alınmasında qızı Ayan vasitəçi oldu.

Səhəri gün deyilən vaxta yaxın Adil Mirseyid mənə zəng edib - artıq burdayam - söylədi. Həmin görüşdə mən bildim ki, Adil müəllim niyə zənglərimə cavab vermirmiş.

Onun səhhətində olan problemlərdən sözün düzü xəbərim yox idi. O, xəstə-hal vəziyyətdə verilişə gəlmişdi. Nasaz olduğunu gözlərindən oxumaq olurdu. Sağ olsun dostu Kəmaləddin Qədim, şairi tək buraxmayaraq, ona bələdçilik edib, yaşadığı ünvadan düz AzTV-yə qədər gəlmişdi.

Maraqlı müsahibə alındı. Söhbətə yurd yeriylə körpü saldıq. Söhbətimiz böyük türk imperiyalarına qədər uzandı. Olduqca mütaliəli olan Adil Mirseyid dünyada olan sivilizasiyaları, ədəbiyyatda yaranan cərəyanlarından söhbət açdı. Rəssamlığın sirlərini, incəsənətin xırdalıqlarını da böyük zövqlə izah etdi.

Aşıq yaradıcılığını, folkloru da dərindən bilirdi. Nazim Hikmətdən, Nəcib Fazil Kısakürəkdən, Hüsnü Dağlarcadan da o ki var danışdı.O müsahibədən sonra lügətimdə hətta yeni ifadə formalaşdı: "Babamız Nazim". O, Nazim Hikməti belə xatırlayırdı.

Radiomüsahibədən sonra, mən bu işıqlı adamla daha çox ünsiyyətdə olub türk mifologiyasını, tarixini, ədəbiyyatını, incəsənətini, musiqisini öyrənmək istəyirdim.

Görüşlərimizdə əsas mövzular Qaracaoğlandan üzü bu yana, Atilla İlhandan, Ahmet Kayadan, Yusuf Hayaloğlundan olardı. Tengriçilikdən, şamanizimdən, türklərin dünyaya verdiyi mənəvi dəyərlərdən yetərincə bilgili olması adamı ruhlandırır, bu vergili insandan öyrənməyə sövq edirdi.

Sonralar görüşlərimiz daha çox oldu.Kəmaləddin Qədimin vasitəsi ilə Əhmədlidə çay evində tez-tez görüşərdik.

Şair dostum Qılman İmanla Adil müəllimə maraqlı suallar verər, dadından, duzundan doyulmayan söhbətlərinə qulaq kəsilərdik. Şairdən ayrılandan sonra Qılmanla Adil müəllimin söhbətlərini ikilikdə müzakirə edər, onun mütaliyəsinə, dünyagörşünə heyran qalardıq.

Canından sağlığında problemləri olan bu içi eşq dolu insanın həyatdan getməyi heç ağlasığası iş deyil, adam heç bunu düşünmürdü də.
“Express” qəzetində Adil Mirseyidin hər həftə silsilə yazıları çap olunurdu. Təzə tanış olduğum vaxtlar özüylə mütamadi görüşmək imkanım olmasa da, çalışırdım ki,yazılarını oxuyum.

dənizlərdən danışıram
akvariumda üzən balıqlara
balıqlar inanmır mənə
su pərilərindən söz açıram
aşiqlər inanmır mənə
özgürlük türküləri oxuyuram qəfəsdəki quşlara
quşlar inanmır
yanağımdan süzülən yaşlara
qara sevda türküləri oxuyuram yanıq səsimlə
dostlara qardaşlara
sən güzgüdən çıxmısan
deyirəm sevdiyim qadına
gülümsəyir amma
güzgüdə yaşadığı ömür gəlmir yadına

Adil Mirseyid avqustu çox sevirdi. Avqust haqqında silsilə şeirləri də var. Avqust onun şeirlərinin demək olar əsas «personajlarındandı».

Bir dəfə yarızafatla dedim - Adil müəllim avqustdan yaman çox yazırsız, bu qorabişirən aydan nə görmüsünüz?

Gülümsəndi, ışıqlı çöhrəsinə bir təbəssüm qondu: "Şair dostlarım da avqustdan şikayət edir. Güclü istilər olduğundan çoxu yaradıcılıqla məşğul ola bilmir. Amma mənim üçün avqust yazmaq üçün ən əlverişli aydır".

hər il avqust ayının ilk günlərində
bu şəhərdən uçub getmək
keçir mənim könlümdən
belə qərib axşamlarda
söz açmayın ayrılıqdan ölümdən
uzaqda mor dağlar var
vadidə son bahar
zirvələrdə qar
bir röyadı hər səhər sənin gül təbəssümün
bir röyadı hər axşam buludların dözümü
bir röyadı çəkmədiyim rəsmlər yazmadığım şeirlər
yarpaqlar arasında gizlənən qızıl almadı
çözə bilmədiyim sirlər

Eh dünya... Bəs görəsən Adil müəllimin bu avqust ayına qədər niyə tabı qalmadı? Niyə ölümə tez məğlub olub, ölüm üçün tələsdi? Şair bu qədərmi zəif idi ki, ölümə qalib gələ bilmədi?! Yox, onun istədiklərini nə dünya, nə də həyat istədi... Onu Allah istədi. Misralarının qanadında uçub, Qaf dağına, göylər aləminə, Tanrıya sarı getdi.
Amma ona tərəf əllərimiz uzalı qaldı. Bəlkə də ona görə çıxıb getdi ki, daha bu dünyaya deyiləsi sözü qalmamışdı.

Bu dünyanın bütün səslərini eşitmişdi. Səsi səsdən keçirə bilmişdi. Bəlkə də bu dünyanın bütün rənglərini görmüşdü. Bütün rəngləri tablolarında işlədib qurtarmışdı. Bəlkə də bütün tükənənlərdən sonra sənətkar ömrü də tükənir və üzü Tanrıya gedir.

Yazılarının birində qeyd edirdi ki, “bəzən Tanrı üçüncü göz verir insan oğluna. Üçüncü göz ancaq peyğəmbərlərə və şairlərə nəsib olur. Mən alın yazımı yazan adamam. Mən o adamlardanam ki, Şairin qeyri-adi məxluq olduğuna şübhə etmirəm. Şairin istisnalıq hüququnu müdafiə edirəm. Şair ömrü yaşamaq qaranlıqda qıl körpüsündən keçmək kimi bir şeydi”.

Sən bütün yaşayışınla, əzablarınla, çiynində daşıdıqlarınla bu dünyada qıl körpüdən hər gün keçən və keçməyi bacaran adam idin, Adil Mirseyid. Allah sənə rəhmət eləsin. Ölüm son qəmin olsun!

hardan nişan alsalar
güllə mütləq ürəyindən keçir şairin
həmişə hər yerdə hər yerdə həmişə
bir qəfil gülləyə hədəfdi şair ürəyi
şairin başı üstündə yellənir qanlı köynəyi
və hər kəsin öz şairi var bu dünyada.
Və mənim də öz Adilim var idi...[/justify]
Savalan Talıblıскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi