HERODOTUN “TARİX” ƏSƏRİ VƏ ERMƏNİ MƏNİMSƏMƏLƏRİ



Analoq.az saytı tanınmış folklorşünas,professor İsrafil Abbaslının "Nurlu ömürdən səhifələr" kitabından "HERODOTUN “TARİX” ƏSƏRİ VƏ ERMƏNİ MƏNİMSƏMƏLƏRİ" adlı xatirəsini təqdim edir:


Ermənilər Herodotun “Tarix” əsərini (doqquz kitabdan ibarətdir) yunan dilindən tərcümə etmişlər.Onu da deyim ki,orijinaldan tərcümənin əhəmiyyəti çoxdur.

Ermənilər bunu yaxşı bildiklərindən orijinala üstünlük vermişlər.Orijinalın üstünlükləri nədir, buna bir az aydınlıq gətirək.Məsələn, “Tarix”də Harpaq verilmişdir.

Bu rus dilində tərcümədə Qarpaq şəklinə düşmüşdür. Halbuki, bizim əlifbada da “h” hərfi vardır.

Sözümüz budur ki,tərcümədə xeyli yanlışlıqlar yaranır, bu da orijinalın təhrif edilməsidir. Yenə əvvəlki sözümə qayıdıram, ermənilər Herodotun “Tarix” əsərinin tərcüməsinə geniş müqəddimə də yazmağı unutmamışlar.Həm də bu əsərdən gen-bol öz xeyirlərinə faydalanmışlar.

Bildiyiniz kimi,Herodotun bu əsəri dilimizə rus dilindən tərcümə olunmuşdur,amma “Tarix”in orijinaldan tərcüməsi olduqca vacib məsələdir.

Bu tərcümə xalqımızın tarixi keçmişi barəsində bəzi qaranlıq məsələlərə aydınlıq gətirə bilər.
M.Xeronasi V əsrdə yaşamış erməni tarixçisidir.

O, öz əsərini daha çox Herodotun “Tarix”inə uyğun işləyib. Daha doğrusu, Herodotun kitabının çox hissəsini öz “əsəri”nə köçürmüşdür.

Bir sözlə, bu yalançı tarixçi Herodotun “Tarix” əsərini erməni xalqının yaranmasına uyğunlaşdırmışdır.Maraqlıdır ki,M.Xeronasi ilə Herodotun yaşadıqları dövrlər arasında min il fərq olsa da, bu erməni “tarixçi”si Midiya hökmdarı ilə Tiqranı əlaqələndirib,paralel şəkildə erməni şəcərəsini verib.

Onu da qeyd edək ki,bu saxta erməni tarixçisinin “Alban tarixi” dünyanın bir neçə dillərinə tərcümə olunub.Həm də tərcümələr orijinaldan edilmişdir.

Bu əsər ─ “Erməni xalqının tarixi mətni” M. Xeronasinindir.Guya qədim tarixi mənbə olduğu üçün bu əsəri 1828-ci ildə rus dilində, 1868-ci ildə Parisdə, 1869-cu ildə bir də Parisdə təkrar nəşr etmişlər.

“Erməni xalqının tarixi mətni” 1878-ci ildə ABŞ-da da çap edilmişdir. Bizim xarici ölkələrdə yaşayan soydaşlarımız barəsində çox az bilgilərimiz var.

Ermənilərdə bu çoxdan mövcuddur,bizdə təzə-təzə formalaşır. Bir maraqlı misal deyim.1960-cı ildə çap edilmiş bir kitabda (kitab erməni dilindədir) ermənilər haqqında geniş məlumat verilir.

Argentinada 40 min,Braziliyada 12 min, Türkiyədə 200 min, İsraildə 2 min,İranda 140 min, Hindistanda 1500, Yuqoslaviyada 8 min, Suriyada 12 min, Misirdə 45 min, Sudanda 600 nəfər erməni yaşadığı göstərilir.

Təbii ki, bu kitabda ermənilərin təhsili, durumu, yaşayışı haqqında ətraflı məlumatlar vardır. Kitabda göstərilir ki,Tehrandakı oğlanlar məktəbində (erməni uşaqlarından söhbət gedir) 617 oğlan, qız məktəbində 520 nəfər qız təhsil alıb.

Maraqlıdır ki, başqa şəhərlərdə də erməni məktəbləri haqqında məlumatlar vardır.Məsələn, Rəştdə 70,Qəzvində 70,Pəhləvidə 30,Həmədanda 70,Məhsətdə 60 nəfər şagird təhsil almışdır.

Bütün bu məlumatlar ermənilərin İranda yaxşı durumda olduqlarını göstərir.Eyni zamanda, erməni dilində məktəblərin İran ərazisində fəaliyyətdə olduğu bəlli olur.

Halbuki İrandakı ermənilərin sayı 140 min, soydaşlarımızın sayı 30 milyondur.Ancaq 30 milyonluq bir xalqın İranda bir orta məktəbi belə yoxdur.Hər şey fars dilinə tərcümə edilib, çap olunur.Bu, milli mətnin, milli koloritin itməsinə gətirib çıxarmayacaqmı?

Mən 1966-cı il İrəvanda keçirilən bir konfransda Tomson adlı bir alimlə rastlaşdım. O, M.Xeronasini orijinaldan tərcümə etmiş, bu kitaba geniş müqəddimə yazmışdır. Yaxşı yadımdadır,Tomson çıxışında M.Xeronasinin V əsrdə yaşadığını qeyd etdi.

O göstərdi ki, əsərdə qeyd olunan məsələlərə əsasən müəllifin IX-X əsrlərdə yaşadığını müəyyən etmək mümkündür.Natiq bu barədə çoxlu dəlil və faktlar göstərdi.Deməli, M.Xeronasinin əsərlərinə sırf tarixi əsər,mənbə kimi baxmaq olmaz.Bəli, bunu biz deyirik.

Amma bütün xarici ölkələrdə M.Xeronasinin əsərlərinə qədim tarixi mənbələr kimi baxırlar.Oradakı saxtakarlıqlar çoxuna bəlli deyildir.

M.Xeronasi Herodotun “Tarix” əsərindən çoxlu mənimsəmələr və özəlləşdirmələr etmişdir. O, bununla İran hakimiyyətini ermənilərin adına bağlayır. M.Xeronasi İran hökmdarlarının adını dəyişdirib erməniləşdirmiş, saxta şəcərə düzəltmişdir.

O göstərir ki, xronoloji əhvalatların əjdaha ilə bağlı olması mifoloji səciyyə daşıyır.
Mən yenə əvvəlki fikrimdə israrlıyam: Herodotun “Tarix”i orijinaldan ana dilimizə tərcümə edilməlidir. Əslində bu məsələnin bir tərəfidir.

Bundan sonra M.Xeronasinin əsərlərinə istinadən bu əsərlərin saxta və uydurma olduğunu sübut edən bir tarixi əsər yazılmalıdır.Bundan sonra həmin əsər xarici dillərə tərcümə edilib geniş yayılmalıdır.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi