• 15:05 – Minnətdarlıq 
  • 18:00 – 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib 
  • 16:30 – Qadın həyat yoldaşını bıçaqladı-Hadisə 
  • 15:00 – Neft ucuzlaşacaqmı?-Araşdırma 
  • 14:00 – Bakıda qeyri-adi oğurluq hadisəsi oldu 
  • 13:00 – Yeni televiziya kanalının yaradılması təklif olunub 
  • 12:00 – Prezident İlham Əliyev:"Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb" 
  • 11:00 – İçməli suyun verilməsi bu gün məhdudlaşdırılacaq 

ZİNDANDA ŞÖHRƏTLƏNƏN ÖMÜR...

ZİNDANDA ŞÖHRƏTLƏNƏN ÖMÜR... ZİNDANDA ŞÖHRƏTLƏNƏN ÖMÜR...
Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, dünyasını dəyişib və doğma kəndində dəfn edilib. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.

Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır.

Onun yaratdığı «Azaflı dübeyti»,«Azaflı gözəlləməsi»,«Azaflı sənəti»,«Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni»,«Mikayılı»,«Azaflı dağları»,«Azaflı bəhri», «Məzahiri»,«Azaflı müxəmməsi»,«Şah sarayı» kimi saz havaları dillər əzbəri olubdur.


Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilib.Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi.Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var.

Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub. Aşıq Mikayıl Azaflı kommunizmə qarşı idi və bunu öz şeirlərində bildirirdi.

Bu səbəbdən o, 1961-ci ildə oğurluq və evində silah saxlamaqda təqsirli bilinib dörd il azadlıqdan məhrum edilibdi. Həbsxana həyatı sənətkara bir universitetdə qazanılacaq qədər təcrübə qazandırmışdı.

Onun zindan həyatını təsvir edən şeirləri aşıq hələ zindandaykən dillər əzbəri olub. Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərin ortalarına qədər mətbuat üzünə həsrət qalıb. Bu vaxt artıq sovet quruluşunun dayaqları laxlamağa başlayıb.

Odur ki, 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacıyevin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verildi. Veriliş böyük maraqla qarşılandı.Sonralar «Yazıçı» nəşriyyatı sənətkarın «Qoca qartal» (1987) adlı kitabını çap etdi. 1988-ci ildə Şərifzadə adına Aktyor evində Azaflının özünün iştirakı ilə məclis keçirildi və geniş şəkildə televiziya vasitəsilə nümayiş etdirildi.

Azaflının anadan olmasının 70 illiyi isə sənətkar dünyasını dəyişəndən sonra, təntənəli şəkildə 1994-cü ildə Filarmoniyada, 75 illiyi Yazıçılar Birliyində, 2004-cü ildə aşığın 80 illiyi Mədəniyyət Nazirliyinin xətti ilə Dövlət Musiqili Komediya Teatrında qeyd olundu. 1984-cü ilin mart ayında aşıqların IV qurultayında sənətkara böyük ehtiram göstərilərək, çıxış etmək təklif olunmuşdu.

Azaflı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsindən istifadə edərək, aşıq sənətinin incəliklərindən, çatışmazlıqlarından, qarşıda duran vəzifələrdən söz açdı.Onun irad və tövsiyələri minnətdarlıqla nəzərə alındı.Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətlər xüsusi qeyd edildi.O, Aşıqlar Birliyinin sədr müavini seçildi.Novruz Bayramı şənliklərində xalqımızın müdrik qəhrəmanı Dədə Qorqud obrazı ona həvalə olundu.

1989-cu il may ayının 17-də Azaflı Mikayıl ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görüldü. Ölümündən sonra Tovuz şəhərində bir küçəyə aşığın adı verildi və Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyuldu.

Xalq tərəfindən sevilən, yaşadılan Aşıq sənəti əsrlər keçməsinə baxmayaraq şöhrətini qoruyub saxlayır. Sevincli və kədərli günlərimizin dayağı olan, Dədə Qorqud yadigarı saz, babalarımızın söz xəzinəsinin ilham mənbəyi olub. Məclislərimizin bəzəyi olan aşıqlar xalq ədəbiyyatının yaradıcısı və daşıyıcısı kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəliblər. Bəslədikləri havalar xalq tərəfindən sevilərək xalq mahnıları adını qazanıb. Dedikləri sözlər və şeirlər dillər əzbəri olaraq, atlar sözlərinə çevrilib.

Aşıqlıq torpaq, hava, su bir sözlə təbiətlə ünsiyyətdə olan bir sənətdir.Aşıqlıq sənəti dağlar, dərələr və sakit təbiətlə bağlıdır.Bu onun ilahi bir ilhamdan qaynaqlandığını göstərən amildir. Dağlar ucalıq, Allaha yaxınlıq deməkdir.Dağlar ilham qaynağı deməkdir.

Bu kimi amilləri nəzərə alaraq deyə bilərik ki, Aşıq sənətinin coğrafiyasında dağlıq təbiət daha çox seçilir. Ölkəmizdə Tovuz, Gədəbəy, Qazax rayonlarında Aşıq sənəti tarixən inkişaf edib. Bu rayonların gözəl təbiyəti və ucalıq rəmzi kimi qeyd edilən füsunkar dağları mövcuddur. Burada yaşayan, təbiətin gözəliyini görən, dubduru bulaqlardan su içən insanlar necə yazıb yaratmasınlar.

Aşıq sənətində “Qoca qartal” kimi tanınan, amma qocalmayaraq sağlığında klassikləşən ustad aşıq Mikayıl Azaflının yaradıcılıq dünyası olduqca zəngindir. Mikayıl Azaflı yaradıcılığı birbaşa xalıq yaradıcılığı ilə qırılmaz tellərlə bağlıdır. Onun “Qoca qartal” və “Ağarma ay saçlarım” şeir və ifaları dillər əzbəri olaraq demək olar ki, xalq mahnıları sırasına keçid alır. Bu isə aşığın dahiliyindən bəhrələnən bir addımdır.

Mikayıl Azaflının yaradıcılığı və şöhrətlik zirvəsinə ucalması çox keçmə-keşli hadisələrdən sonra baş verib. Qəribədir ki, şairlərin bir çoxlarının zindan həyatı olmasına baxmayaraq ədəbiyyatımızda aşıqların zindan həyatına çox az rast gəlinir. Məhz Azaflı Mikayıl zindanda şöhrətləşən aşıqdır. Uca Allah bu söz sərrafına klassiklik və şöhrətlik kimi ilahi bəxşini zindanda verdi. Mikayıl Azaflı özündən xəbərsiz zindanda yazdığı şeirlər ona ucalıq, sənətində şöhrətlənmə qismət etdi. Ustad aşığın yaşadığı ömür mənalı, əzablı və şərəfli ömür olub.

Azaflı yaradıcılığını araşdırarkən zəngin nümunələrlə oxucu tanış olur. Qoşma yaradıcılığının bütün nümunəsinə demək olar müraciət edən Azaflı Mikayıl şeirləri ilə dillər əzbəri olub. Şeirlərində olan fəlsəfəlik, bədii ecazkarlıq oxucunun zehnində dərin izlər buraxır.

Bu yazımızda Aşıq sənətində Mikayıl Azaflı dühasını onun sənət əhlindən soraqlayaraq davam edəcəyik. Filologiya elmləri doktoru Vaqif Yusiflinin Aşıq Mikayıl Azaflı haqqında "Qoca qartal" deyəndə...” məqaləsində yazır:

- Elə sənətkar var ki, bircə şeiri, bircə bəstəsi, bircə rəsmiylə sənət aləmində iz buraxıb. Həmin sənətkarın başqa əsərləri də olub, o əsərlər də ona az şöhrət gətirməyib, amma həmin o bircə əsər daha çox xatırlanıb və o sənətkardan söz düşəndə də, ilk növbədə, həmin əsərin adı birinci sırada çəkilib.....

Azaflı əksər şeirlərində müdrik pir kimi danışır. Hətta aşiqanə şeirlərində də, o, məcnunluğun aşiqliyindən daha çox, filosof yönünü üstün tutur. Onun fikrincə, aşiq olan kəs təkcə sevgilisinin yox, həm də dünyanın dərdini çəkməlidir. Şeirlərində tez-tez ədalət, ilqar, iman, əhd-peyman və s. sözlər təkrar olunur, bunlar o məqamda səslənir ki, aşıq insanları, həməsrlərini düzlüyə, ədalətə, tərəqqiyə çağırır”.

Türkiyəli alim Eyup Akman Aşıq Mikayıl Azaflı haqqında məqalələrinin birində yazır:
- Mikayıl Azaflı üçün Türk olmaq, Türk törəsinə görə yaşamaq və İslam qaydalarına uyğun gəlmək ən başda gələn vazifələrdir.

Lakin dövr, heç də bunları açıqca söyləyib yaşayabiləcək dövr deyildi. Bundan ötəri Azaflı vətən sevgisini izah etdiyi şeirlərində Türk sözü yerinə Azəri kəlməsini seçmişdir. Lakin digər ölkələrdə yaşayan Türklərə də qardaşı deməyi unutmaz və ataları olaraq Dədə Qorqudu, Nizamini göstərir:

Qoca Azaflı'yam, dilim var, "lal" am
Təbrizdə qardaşım, Sibir'də balam,
Elə dərd varmı ki, çəkməmiş olam,
Bax, onlar ağartdı başımı mənim.

Burda Dədə Qorqud boyları qurdu,
Salsal'ı, Babək'i əcnəbi vurdu.
Nizami, Füzuli, Nəsimi yurdu
Azərbaycandanam, azər oğluyam.

Azaflının arzusu, ölmədən əvvəl bir dəfə Türkiyəni görməkdir. Onun bu arzusu 1989-ci ildə İstanbula gəlməsiylə reallaşmışdır. Artıq nə onu təqib edən kommunist partiya var, nə də onu maneə törədəcək bir hakimiyyət. İllərdir söyləmək istəyib də söyləyəmədiyi duyğularını açıqca söyləmişdir:

Dinimiz bir, dilimiz bir-
Sizin ellər, bizim ellər.
Salamımız, "bəli"miz bir-
Sizin ellər, bizim ellər.

Aşıq Elman İsmayılov ustad Aşıq Mikayıl haqqında aşağıdakı fikirləri bizlə bölüşdü:

- Ustad Azaflı Mikayıla Allah rəhmət eləsin. Azərbaycan Aşıq sənətinin görkəmli nümayəndəsidir.Onun yaradıcılığı özünəməxsusluğu ilə seçilir.Elə bundan irəli gəlir ki, Azaflı sənəti özünə saysız-hesabsız pərəstişkarlar toplayıb.

Azərbaycanın hansı bölgəsini gəzsən Azaflını tanımayan tapılmaz. Bu ondan irəli gəlir ki, Azaflı sənəti öz mənbəyini eldən alır.
İcmişəm eşqin camını,
Bilmişəm mən xoş tamını,
Azaflı da ilhamını,
Öz ustadı eldən alar.

Türkiyədə yaşayan aşıq Qara Süleymanov ustad haqqında aşağıdakı sözləri bizlə bölüşdü:- Mikayıl Azaflı möhtəşəm, əzəmətli bir şair, həmdə yaradıcı aşıq olub. Mikayıl Azaflı dövrünün ən məlahətli və savadlı sənətkarlarından biri idi.

Şifahi xalq ədəbiyatını, klassik ədəbiyatı və aşıq ədəbiyatını çox dərindən bilən bir ozan idi. Mikayıl Azaflı vətən və millət qayğısı üçün həyatının bir qisimini zindanda keçirdiyi üçün həyatın ən gözəl sirlərini bilirdi. Bu baxımdan yazdığı şeirlər çox oxunur və sevilir.

Çünki xəyal dünyasının gücü ilə yox, yaşadığı atmosferin həqiqət gücü ilə yazırdı.Mikayıl Azaflını sadəcə Azərbaycanda yox, onu Güney Azərbaycan, Borçalı və Anadolu türkləridə çox sevib və ifalarını böyük bir məhəbbətlə oxuyurdular. Hələdə Mikayıl Azaflının sözləri ozan və musiqiçilər tərəfindən oxunur.

Məqaləni hazırlayarkən tanınmış şair İsa Cavadoğlu ilə əlaqə saxlayaraq dostu Azaflı Mikayıl haqqında bir neçə kəlməni yaddaşından bizə hədiyyə etməsini xahiş etdik.Bunu böyük məmnuniyyətlə qəbul edən və özünün “Tənha qocanın nağılı” kitabında Azaflı Mikayıl haqqında yazdığı xatirələri bizlərlə bölüşdü:

“Ağır təbiətli, təmkinli bir insan idi. Səsində olduğu kimi, məclislərdə sözü-söhbəti də dinləyicidə əzəmət, vüqar hisləri oyadır, məhz Aşıq Mikayılın məclisində iştirakına görə öyünməyə haqq verirdi”.

ADİU-nun magistri
Mahmud Sadıqov
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV