Bizə atom stansiyası lazımdırmı?- ANALİZ



Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikmək təklifi irəli sürüb. Bununla bağlı Rusiyanın dövlət şirkəti olan “Rosatom”un baş direktoru Aleksey Lixaçov Prezident Vladimir Putinlə Prezident İlham Əliyevin görüşünün nəticəsini şərh edərkən məlumat verib. “AES azərbaycanlı tərəfdaşlarımız necə istəsə, elə də olacaq. Biz güclü stansiya təklif edirik”- o deyib. Baş direktor qeyd edib ki, 2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu, böyük rəqəmdir.

Nüvə enerjisi: dünyanı hörümçək toru kimi bürümüş gecpartlayan bombalar

Dünyada nüvədən silah məqsədilə ilk dəfə ABŞ (1945-ci il atom bombaları), dinc məqsədli enerji məqsədilə isə ilk dəfə SSRİ (1954-cü ildə Obninsk AES) istifadə edib. Sonralar bu cür stansiyaların ABŞ, Çin və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erası tam sürət götürdü. Lakin 1986-cı ildə SSRİ-də baş verən atom qəzası bu prosesi bir qədər ləngitdi. Yaponiyadakı daha böyük “Fukuşima” qəzası isə sanki yanan odun üzərinə su tökdü. Amma bu od sönmədi və alovlanmaqda davam edir.

Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 450-yə yaxındır. Onlardan 300-ün istismar vaxtı keçib. 2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.
Rusiyada 32, ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Almaniyada 19, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 4 AES var. Amma Çində daha 6-sı də inşa edilir.

Fransa AES-lər vasitəsilə enerjiyə olan tələbatının 80, Litva 74, Ukrayna 47, İngiltərə 22, Ermənistan 33, Almaniya 30, Yaponiya 34, Rusiya 15, ABŞ 20 faizini təmin edir.

Bununla yanaşı, AES-lərə malik olan, lakin öz əhalisinin sağlamlığını və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina etməyə başlayan dövlətlər də var- Avstriya, Danimarka, Filippin, İtaliya, İspaniya, Qazaxıstan, Almaniya.
Azərbaycanın hansı siyahıda olacağı hələlik tam müəyyən edilməyib.

İqtisadi cəhətdən sərfəli, insan həyatı üçün təhlükəli?


Atom Elektrik Stansiyası (AES)- bir və ya daha çox sayda nüvə reaktorun yanacaq kimi radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən stansiyadır. AES-lərin əsas yanacaq xammalı urandır.

Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 500 ilə kifayət edəcəyi ehtimal olunur. Neft-qaz ehtiyatının isə ən yaxşı halda əsrin sonunadək kifayət edəcəyi proqnoz edilir.

AES-lərin əsas problemi təhlükəsizliklə və qəza halında çox ağır nəticələri ilə bağlıdır. “Çernobıl” və “Fukuşima” qəzaları hələ yaddaşlardan silinməyib. Bu qəzalar bəzi ölkələri AES tikməkdən vaz keçməyə, bəzilərini isə mövcud AES-lərdən imtina etməyə vadar etdi.
Lakin, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi hökumətləri “yoldan çıxarır”. Çünki, enerji təhlükəsizliyi hər bir dövlət üçün ən vacib hala gəlib.

Bununla belə, AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi və əhalinin sağlamlığını iqtisadi səmərədən üstün tutub əleyhinə çıxış edirlər.

Nüvə texnologiyası 2 dəfə ciddi xəbərdarlığını edib, lakin...

İlk AES qəzası 1979-cu ildə ABŞ-da olmuşdu, amma onun nəticələri elə də ağır olmamışdı, minlərlə insan şüalanmaya məruz qalmır, 200 min adam evakuasiya edilmişdi. Hərçənd bəzi Amerika mütəxəsisləri hökuməti bu qəzanın daha ağır nəticələrini müvəffəqiyyətlə gizlətməkdə ittiham edir.
1986-cı ildə isə SSRİ-də (Çernobıl AES-də) daha güclü texnogen qəza baş verdi. Qəzadan sonra radioaktiv bulud bütün Avropanı bürüdü. Ukrayna SSR-in özündə, Belorusiya SSR və RSFSR-də yaşayan milyonlarla insan müəyyən dozalarda radiaktiv şülayanmaya məruz qaldı. Qəza nəticəsində ilk günlərdə 30 insan öldü, sonrakı illərdə isə şüalanmadan ölənlərin sayı artdı.

Ölkə iqtisadiyyatına da böyük zərər dəydi. 130 min sakin evakuasiya olundu. Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 minədək Sovet insanı daha böyük faciənin qarşısını almaq üçün misilsiz qəhrəmanlıq nümunəsi göstərdi.
Hazırda “Çernobıl” AES ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Onlarla kənd, qəsəbə, 50 min əhalisi olmuş Pripyat şəhəri boş qalıb. İnsan orada tam təhlükəsiz şəraitdə bir də 50 min il sonra yaşaya bilər…

Bəşəriyyətə 3-cü- ən güclü xəbərdarlıq: Fukuşima atom faciəsi

Yaponiyada baş verən zəlzələ və sunamidən sonra "Fukusima-1" AES-də baş verən qəza nəticəsində güclü şüalanma yarandı və böyük həcmdə radiaktiv axıntı Sakit okeanın yarısını zəhərlədi. Beynəlxalq səviyyədə ən yüksək risk 5 balla xarakterizə edilsə də, "Fukusima"da ciddilik risk səviyyəsini aşaraq ən yüksək səviyyəyə- 7-ə çatdı. "Fukuşima-1" AES-ində baş vermiş qəzadan sonra ətrafa buraxılan radioaktiv tullantıların həcmi “Çernobıl” AES-də baş vermiş analoji qəzadan 20 dəfə çoxdur.

Qəzadan sonra AES-in ətrafındakı dəniz sularında radiasiya 10 min dəfə artdı. "Fukuşima"nın radiasiyası yeraltı sulara da qarışdı. Hökumət "Fukusima"ya məğlub olduqlarını etiraf etməyə məcbur oldu. Güclü şüalanmadan 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.
Bəlkə digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom bombasından sonra tarixdə nüvə radiasiyanın dəhşətli nəticələrini görmüş, güclü şüalanmadan yüz minlərlə qurban vermiş ilk xalq olan yaponlar üçün AES tikməyi bağışlanmaz səhv saymaq olar.
ABŞ, SSRİ və Yaponiya qəzaları göstərdi ki, ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkələr belə bu fəlakətin qarşısını almaqda acizdirlər.

Ümumiyyətlə, Yaponiyadakı qəza AES tərəfdarları üçün "soyuq duş" oldu. Halbuki, “Çernobıl” qəzasını "unudan" bəzi alimlər AES-lərin vacibliyini cidd-cəhdlə müdafiə edirdilər.

Radiasiya Problemləri İnstitutu AES tikilməsini niyə istəyir?

AMEA-nın Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir. İnstitutun direktoru Adil Qəribov bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında bildirib ki, atom stansiyasında alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə ucuz- hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.

“Əlbəttə, atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası bundan 2 dəfə ucuzdur. Amma AES-dən əldə olunan enerjinin ucuzluğu sayəsində bu fərq 2 ilə aradan qalxa bilər. Məsələn, biz 1000 meqavatlıq elektrik enerjisi stansiyası tikmək istəyirik. Neftlə işləyəndə 1 meqavatı əldə etmək üçün 1 mln ton neft yandırmalıyıq. Amma o biri variantda 10-13 ton uran yandırmalıyıq. Bu qədər neft yandırılanda atmosferə xeyli tullantı atılacaq. 10-13 ton uran yandırıldıqda isə atmosferə heç nə atılmır"- A.Qəribov bildirib.

Qeyd olunur ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 1 milyon ton neftin qiyməti 600 mln dollardır. 60 ton uran isə cəmi 25 milyon dollara başa gəlir. Yəni, məsələnin iqtisadi tərəfi önə çəkilir.
AES tərəfdarları onu da qeyd edirlər ki, bu stansiyalarda havaya zərərli maddələr atılmır. Bəzi plutonium kimi təsirsiz qazlar çıxa bilər ki, onlar da xüsusi qurğular vasitəsilə tutulur.

Böyük enerji resurslarımız olduğu halda riskə getməyə dəyərmi?

Bir vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə layihə də hazırlanmış, Nəvahi qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi. Çernobıl qəzası bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu. İndi bu məsələ yenidən aktuallaşdırılır.
Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları və böyük alternativ enerji potensialı olan Azərbaycanda atom enerjisindən istifadə məsələsini gündəmə gətirməyə belə ehtiyac yoxdur. Azərbaycan hələlik özünün hidroresurslarından, digər alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik.

Nüvə tullantılarının utilizasiyası da olduqca bahalı bir əməliyyatdır. Bu ekologiya üçün də zərərlidir. Bir çox nüvə ölkələri öz tullantılarını ölkədən mümkün qədər uzaqda dəfn etməyə çalışırlar. Məsələn, ABŞ, Britaniya və Fransa kimi ölkələr öz nüvə tullantılarını Ukraynada, Çernobıl zonasında basdırmaqla bağlı Kiyevlə razılığa gəliblər. 30-40 il sonra yerin dərinliyinə basdırılmış bu çənlər çürüyür. Bu halda yeraltı su mənbələrinə radiaktiv tullantılar qarışa bilər və bunun da nəticəsi ağır olar.

Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kifayət edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Buraya alternativ enerji potensialımızın çox yüksək olduğunu da əlavə etsək, atom elektrik stansiyasına heç bir ehtiyacımız olmadığını görərik.


Elçin Bayramlı
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi