ƏSAS SƏHİFƏ Ədəbiyyat "Bəlkə, bu ağac qadındı elə,öpmək olar yarpağından"-Allahşükür Ağanın şeirləri

"Bəlkə, bu ağac qadındı elə,öpmək olar yarpağından"-Allahşükür Ağanın şeirləri

Tüstülərdə göz yaşı

Bacalardan qalxan tüstülər
Meşələrin ahıdır bəlkə.
Ona görə özlərini dumana bənzətməklə
Ovunmaq istədilər bir az...

Ağacların gələcəyidir tüstülər,
Hər gün meşələrin üstündə dayanıb,
Əl eləyirlər,
bir az susurlar.

Yenə dumanda bir az göz yaşı var,
Bir az yaşla sevinir adamın gözü.

Amma
Göz yaşı da yanıb
Bu tüstülərin.
Adamın gözündən dartıb
Yaşı da çıxarır hələ.
Biz neylədik, insanlar,
Göz yaşlarını yandırıb
Qızınmaqmı olar?

****

Çiçəklər, əllər

Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi
Çiçəklərin yuvası kimi.

Əllər daha çox ağlayır, məncə.
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.

Indi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
Indi də zibil qabını.

Arxasınca ağlayan xatirələr,
Çiçəklərin ayağının tozudur,
Məncə.

****

Ağac haqqında nağıl

Bu ağacın kölgəsi o qədər dərindi ki,
Boğulmaq olar.
Bu ağac o qədər doğmadır ki,
Qoynunda quş kimi
Doğulmaq olar.

Bəlkə, bu ağac qadındı elə,
Öpmək olar yarpağından.
Bəlkə, bu ağac ölümdü elə,
Asılmaq olar budağından.

Bəlkə bu ağac axşamdı,
Şam yandırmaq olar altında...
Bu ağacın kölgəsi yağışdı,
Şamı söndürər onda.

Bu ağac da şəhərdi,
Elə ağac adında...
Biz də onun yadında...
Yaddaşında, huşunda...

****

Bir it qaçırdı yolla

Bir it qaçırdı yolla,
Boynunda zənciri sürüyə - sürüyə,
Başqa itlər də itin yanınca
yüyürə - yüyürə,
Uşaqlar da itin arxasınca qaça – qaça
Gedirdi bir kənd.

Əslində tamaşaydı bu,
adamlar dayanıb baxırdılar
itin qaçışına.
Zəncirini sürüyə - sürüyə
Aparmağına.
O zənciri necə
Qoparmağına.

Heç nəyin fərqində deyildi it,
It çəkib aparırdı azadlığını.
Bir də onun azadlığını boğan
əllərimizi...
Biz də əllərimizin arxasınca
qaçırdıq.

****

İsmin 7 – ci halı

Gəlin belə düşünək,
Nizələrin qan daman ucu
Əslində bir parça torpaq deyilmi?

Güllələrin özü də,
Lap qırma düyməciklər-
Başlarında torpaq yaddaşı daşıyırlar.

Ekskavatorla başladı ayrılıqlar,
Zülmlə ayırdılar torpaqdan filizi...
Hələ də ağlayır anası torpaq üçün dəmir.
Torpağı axtarır deyə özünü hər yerə çırpır,
Hər yerə dəyir.

Bəlkə də insan bədəni də tanışdı ona,
Tanışdı yox, yaddaşdı ona.
Torpaqda bir yaşayırdılar,
Elə ki ayrıldılar,
Hərəsi bir adda
Çağrıldılar.

Biz yaratdıq ayrılıqları,
Torpaqdan dəmir ayırdıq,
Can ayırdıq,
Indi həsrətlilər qovuşanda ölürük,
Dönürük ismin 7 – cı halına.

Allahşükür Ağa

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu