Gülnar Səmadan şeirlər



Gülnar Səmadan şeirlərSənsizlik

Sənsizliyin gözəlliyi
Sənsizlikdə imiş elə.
Həsrətimdən duyuq düşən
Hicranı demirəm hələ.

Sənsizliyin gözəlliyi
Sənsiz olanda bilinir.
Sənsizliyin özəlliyi
Mənsiz qalanda bilinir.

Səninlə hər şey gözəldi
Sənsizlik də ona bənzər.
Bu hər şeyin başlanğıcı
İlk baxışdan sona bənzər.


Gəlmişəm

Əlindən tutmağa əlim gəlmədi,
Ayrılaq!- deməyə dilə gəlmişəm.
Sənə od qoymuşam... Od da müqəddəs,
İndi də əlimdə tələ gəlmişəm.

Bilmirəm sən hansı tora düşəcən,
Sevsən də, ikinci tura düşəcən,
Nə bilim, ordan da hara düşəcən,
Haradı bilmirəm, hələ, gəlmişəm.

Gəl burdan ayrılıq tərəfə gedək
Ömürlük həsrətin xeyrini güdək.
Onsuz da, bilirsən ömrü çox gödək,
O qəlbinə düşən xala gəlmişəm.


Göyçək Fatma

Mən göyçək Fatmayam, düşüb başmağım
Sizin küçənizin o tərəfinə.
Bir sevgi nəğməsi zümzümə etdin
Düşdü həyatının qu tərəfinə.

İlk və son nəğməni dilə gətirdin,
Amma bir dinləyən olmadı onu.
Mənimçün ölərək düşdü tarixə-
O boyda ömrünün tək bircə anı.

Mən göyçək Fatmayam, itən başmağım
Getdi şahzadənin əlinə keçdi.
Sənin arzuların qarı nənənin
O bitli-birəli telinə keçdi.

Danışsın

Hələ çox su aparacaq bu xəmir,
Hələ çox söz qoparacaq səs-səmir.
Dama-dama göl olacaq, hey damır
Qoy lap elə çaylar bizdən danışsın.

Çıxıb gedək, səmasında baş qataq,
Bizdən ötrü göyün üzü boş otaq.
Gündə bir yol bostanına daş ataq,
Qoy həftələr, aylar bizdən danışsın.

Hər adamın yolunda iz olmayaq,
Hər adamın gülündə yaz olmayaq
Hər adamın dilində söz olmayaq,
Özümüzə taylar bizdən danışsın.



Həsrətə həsrət

Mən sənin üzünə elə həsrətəm,
Sən mənim üzümə həsrət qalantək.
Qoru bu həsrəti, qoru inadla
Qoru, ən alınmaz bürcün, qalantək.

Həsrətlə oynadıq, ağıllanmadıq,
İndi də biz həsrət-həsrət oynayaq.
Elə alışmışıq həsrət oduna
İndi də biz həsrət-həsrət qaynayaq.

Nə həsrət payımız vardısa, aldıq
Həsrətin payını verməyə həsrət.
Sən mənim üzümdə həsrət görürsən,
Mən sənin üzünü görməyə həsrət.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi