Qənbər ŞƏMŞİROĞLU: "Məhəmməd Nərimanoğlu Kəlbəcərin dərd karvanının sarvanıdır"



Məhəmməd Nərimanoğlunun qələmə aldığı kitab-ları oxuyub bəyənmişəm. Kəlbəcərin ermənilər tərəfin-dən 1993-cü ildə işğalından sonra həm şəhidlərimiz, həm də ümumilikdə Kəlbəcərin tarixi keçmişi və kəlbəcərlilərin qaçqın-köçkün həyatı barədə oxunaqlı dillə qələmə aldığı (“Dağların sinə dağı”, “Yurd göynərtisi”, “Ümid işığı” və s.) neçə-neçə kitablarını oxumuşam. Məhəmməd Nərimanoğlunun qələminə isə hələ Ağdaban faciələri zamanı bələd olmuşam. Güllə başından yağa-yağa o, Ağdabanda baş vermiş qanlı hadisələri öz gözləri ilə görmək və onu qələmə almaq üçün Ağdabana getmiş, min bir işgəncələrlə qətlə yetirilmiş, yandırılmış Ağdaban şəhidlərini fotoaparatın yaddaşına köçürmüş, sonra onu publisistik dillə oxuculara çatdırmışdır.
Mən Məhəmməd Nərimanoğlu haqqında oxucularına təzədən heç nə deyəsi deyiləm. Onun dəst-xətti də, vətənpərvərliyi də hamıya məlumdur. İşlədiyi qəzetlərdə didərgin yurddaşları ilə yanaşı, qayğıya ehtiyacı olan bütün soydaşlarımızın mənəvi dayağı olmağa çalışıb və çox şükürlər ki, mən onun haqqında həmişə xoş soraq eşitmişəm.
Eşidəndə ki Məhəmməd Nərimanoğlu Dədə Şəm-şir ocağının faciəsini ürəyinin ağrısına çevirərək, onu yad¬daş tariximizə yazır, doğrusu, çox mütəəssir oldum. Ağdabanlılardan xəbərsiz onların dərd-sərini qələmə alan jurnalist hər birimiz üçün doğmadır. O, Aşıq Şəmşir nəslinin dünəni və bugünü barədə “Dədə ocağı” adlı çox dəyərli bir sənədli povest yazmış və əlavə olaraq atamın dostları ilə bağlı xatirələrinə bir ayna tutmuşdur. Hazırlanmış materiallar gərgin əməyin və peşəkar jurnalistin qələmindən süzüldüyü üçün çox mütəəssir oldum.
Kitabdakı bütün yazıların, mənə görə, böyük mə-nəvi dəyəri vardır. Aşıq Şəmşirin yaradıcılığı barədə in-diyə kimi çap olunmuş bədii-publisistik yazılar bu topludakı kimi nəslimizin aynası olmamışdı, çünki Ağdaban faciəsi ilə bizim nəslin tarixi həmin kitabda cəmləşdi.
O, həmin kitabı araya-ərsəyə gətirib çapa hazırlayanda nəslimizin ağsaqqalı kimi, məndən xeyir-dua verməyi xahiş etdi. Mən toplanmış və qələmə alınmış materialları dönə-dönə vərəqləyib, onun dediklərindən əlavə heç nə yaza bilmədim. Amma xeyir-dua verməli idim. Nəslimizi, Ağdaban-Çayqovuşan faciəsini sizlərə olduğu kimi çatdırmaq bizim borcumuz idi. Düşmən tapdağında qalan və bu gün də bizlərdən imdad diləyən, əlimiz çatmayan, kimsəsizlikdən ürpəşən qəbirlərimiz bu kitabdakı yazıların ana xəttidir. Müəllif mövzunu özünün duyğu süzgəcindən elə keçirib ki, orada artıq-əskik heç nə yoxdur. Kitabın bədii dillə yanaşı, publisistikaya söykənməsi də müəllifin uğrudur.
Mövzunun ağır və ağrılı olması kitabın oxu-naqlılığına qətiyyən xələl gətirmir, əksinə, oxucunu va-dar edir ki, faciəni özününkü hesab edib, onu unutmasın.
Vətən dar gündə olanda qeyrətli oğulları onun keşiyində dayanır. Həmin çətin və üzüntülü günlərdə belə ağrılı mövzuları ədəbiyyata gətirən qələm sahiblərimiz də əlinə silah alıb ön cəbhədə dayanan əsgərlərimizdəndir.
İndi isə mən, Aşıq Şəmşir ocağının ağsaqqalı kimi, kitabın “qapılarını” açaraq, sizlərin hər birini bizim yurd yanğılı qələm adamlarından biri kimi, Məhəmməd Nərimanoğlunun növbəti kitabını, sadəcə, vərəqləməyə dəvət eləyirəm. Allah amanatı!..
Qeyd: (Material Məhəmməd Nərimanoğlunun 1998-ci ildə nəşr olunmuş “Dədə ocağı” kitabının ön söz əvəzində dərc olunmuşdur).
***
...Məhəmməd Nərimanoğlunun qəlbinin Vətən üçün necə döyündüyünü o, Dədə Şəmşir ocağının faciəsinə həsr etdiyi “Dədə ocağı” kitabının ön söz yerində yazdığım “Xeyir-dua”da demişəm. Onda bizim qaçqın-köçkünlük taleyimiz təzə başlamışdı və Məhəmməd üç-dörd il ərzində dərd-sərimizi, faciələrimizi ilk qələmə alanlardan biri kimi tanındı. Aradan illər keçdi, o, Kəlbəcərin təəssübünü necə çəkdiyini növbəti kitablarında və qəzet-jurnallarda dərc etdirdiyi yazılarında da təsdiqlədi. Onun Adil Cəmillə, sonra Yusif Hüseyn və Füzuli Ramazanoğlu ilə birlikdə toplayıb çap etdirdiyi, Kəlbəcərin ədəbi mühitindən soraq verən “Kəlbəcər: yüz şairin bir kitabı”, “Kəlbəcər: sazın-sözün harayı” (əlbəttə, o, bütün bu işlərdə mənimlə məsləhətləşməyi unutmamışdır) antologiya və almanaxlarının araya-ərsəyə gəlməsində əziyyəti unudulmazdır.
Mən Məhəmməd Nərimanoğlunun bədii təfəkküründə cilalanmış bir neçə qoşma və gəraylısını da eşitmişəm. Demək, onda fitri istedad var ki, bu da ana-dangəlmədir. Çünki o, anası Güllər Məmmədqızının da şeir yazdığını ömrünün son illərində bilmiş və hələ sağlığında “Qəriblər ağısın oxuyan durna”, ölümündən sonra isə “Orda açıb, burda solan bir güləm” kitablarını çap etdirmişdir.
Məhəmməd elədiklərini təmənnasız edir. Ona görə də onu elə bilirəm ki, təkcə kəlbəcərlilər yox, tanıyanların hamısı xatirini əziz tutur. “Dədə ocağı” kitabının redaktoru İslam Əcgəroğlu onun barəsində çox tutarlı deyib: “Məhəmməd Nərimanoğlu həsrətli adamdır – Yurda, Ocağa... o Yurdun, o Ocağın adamlarına, o Yurdun dağlarına, çaylarına, o Ocağın işığına...
Məhəmməd Nərimanoğlu o Ocağa, o Yurda, o dağ-la¬ra, təbiətə... vəfalı, etibarlı adamdır, görən o Ocaq, o Yurd, o dağlar, o adamlar... bilirmi bunu?
Məhəmməd o Ocaqdan, o Yurddan, o dağlardan, o adamlardan... yaza-yaza özü dönüb Yurd olub, Ocaq olub... O Yurdun yurd boyda Qayası olub, o dağların Dağ boyda Ahı olub Məhəmməd – “Dağların sinə dağı”, “Yurd göynərtisi”, “Ümid işığı”, bu dəfə də “Dədə ocağı”!
Bu kitabları da o Həsrətdən “boy verib”, “çiçəklənib”, barlanıb. Kitabları da bu Ocağa, bu Yurda xiffət çəkdirir, dərd verib, dərd alır, adamları ümid işığına haylayır. Kitablarının ayağı bundan belə sayalı, düşərli. Sinəsi dağlı dağlardan göynərtili yurda və Dədə Ocağına düzlənən yurd karvanının yolu ümid işığınadır. Eşq olsun bu yolun sarvanlarına... salam, Dədə Ocağı”...
Bütün bunlardan sonra deyim ki, Məhəmməd Nərimanoğlunun şeir yazmasını sonralar eşitdim. Hətta mənim yubiley yaşıma da bir qoşma yazıb göndərmişdi:
... Kəlbəcərin nisgili sən, dərdi sən,
Sınıq könüllərin dərdi-sərisən!
Qurban ocağının bəxtəvərisən,
Kəsmisən elinlə halal duz-çörək,
Şəmşiroğlu, səksən yaşın mübarək!

Çox Məhəmməd dədəsizdi bu yanda,
Şad oluram sizlər yada salanda.
Halallıq var kökündə, həm soyunda,
Yüzündə də səni belə saz görək,
Şəmşiroğlu, səksən yaşın mübarək!

Füzuli Ramazanoğlu onun yaxşı şeirlər yazdığını mənə bildirmişdi. O, həm də ustad, böyük-kiçik yolu gözləyən bir qələm adamıdır. Dədə Şəmşir ünvanlı bu qoşması da göstərir ki, Məhəmməd ustad yolu gözləyən söz adamı, qələm sahiblərindəndir:

Dədə Şəmşir, bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları!
Balaları şirin-şəkər dil açmır,
Bürüyübdü fəryad, ağı dağları.

Köç eyləyib, ellər səndən aralı,
Sinəsindən çalın-çarpaz yaralı.
Alıbdı nişana körpə maralı,
Salıbdı kəməndə yağı dağları.

Məhəmmədəm, ocağım yox bu yanda,
Qılınclar pas atır hələ ki qında.
Novruz günlərində, bayram ayında
Dağlayır sinəmin dağı dağları.

Düzü, şeirlərini oxumamışdım, oxuduqdan sonra məni təəccübləndirmədi. Çünki o, Kəlbəcərdə, sazın-sözün beşiyində dünyaya göz açmışdı. O yerlərin həsrətini də dərdə çevirib belə yaşadır:

Əsir düşüb torpağım da, daşım da,
Orda qalıb qar-boranlı qışım da.
İldırımlar şaqqıldayır başımda,
Axar çayım, daşar selim bəs hanı?

Məhəmməd Nərimanoğlunun yazdığı nə varsa - məqalə, şeir, kitab materialları, hamısı oxunaqlı olması ilə diqqəti çəkir. Yanıqlı misralarına da rast gəlmişəm, vətənpərvər hisslərinə də. Kəlbəcər haqqında çox yazıb və radio-televiziyada danışıb. Deyilənləri təkrar eləmir. Hiss edirəm ki, şeirlərində də bunu gözləyib.
Dədəm deyərdi ki, oğlum, şeirlər zəif də ola bilər, təsirli də. Bağda bar ağacın meyvəsinin hamısı eyni olmaz ki. Şairlər, söz adamları da elədi də: birinin yazdıqları şirin olar, digərininki turş, bağdakı meyvə ağac-larının barı kimi. Qoy olsun, onların da öz yeri var. Əsas odur ki, sazın sinəsinə yazılsın o şeirlər, onda həm yadda qalacaq, həm də müəllifini tanıdacaq.
İlk dəfə şeirlərini kitab halında oxuculara təqdim eləyən cəfakeş, zəhmətkeş, qayğıkeş Məhəmməd Nərimanoğluya uğurlar arzulayıram...скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi