Orxan Paşa poeziyasına bir nəzər



Ədəbiyyat həyat fəlsəfəsinin, ilahi və insani duyğuların cəmləşdiyi məkandır. İnsan özünün, dünya və ilahi varlığın dərkini burada anlayır. Ədəbiyyat sahilsiz, sərhədsiz elmdir. Onun dərinliyinə vardıqca əzəmətini dərk edirik. Hər kəsi öz ağuşuna alaraq, çox az adamı buradan kamil çıxarır. Bədii aləm insan ömrünü uzadan, sağlam edən ilahi nemətdir. Çünki sözü və ona sığal çəkməyi bizlərə uca Yaradan qismət edib. Bədii ədəbiyyatla tanış olmayan, oxuyub sevməyən insan kasıb və məğlubdur. O ürəkdən gələn elmdir. Ürəklə qidalanır və oradan bulaq kimi süzülür. Bədii aləm ürəklə yaşayır, dayanması ilə də sona yetir. Küləyin səsini, suyun şırıltısını, ildırımın çaxmasını və s. təbiət gözəlliklərini bizə sevdirən ədəbiyyatdır.

Şairlik bir başqa aləmdir. Sonu bilinməyən ümmandır. Daxilində böyük söz xəzinəsi olan insandır. Şairlərə ilahidən bir qüvvə verilir. Bu qüvvə onlara ilham, həvəs verərək ümidlər yaradır. Şair olmaq asan deyil. Bu sənət böyük sənətdir. Hər bir insan şair ola bilməz! Mən bir oxucu kimi şairləri sonsuz bir çoxluq kimi görürəm. Hansı ki, o çoxluq tükənmir. Şairdə də bunu belə təsəvvür edirəm. Onlar yazdıqca yaradırlar. Şairi böyük bir rəssama bənzədirəm. Rəssam hansısa bir gözəlliyi görür və onu cansız təsvir edir. Şair gözəlliyi görür və onu sözlə canlandırır. Gözlə görünən gözəllik, sözlə daha ifadəli olur, daha cəlbedici xarakter daşıyır. Çünki onu bir şair canlandırır. Biz düşünürük amma qələmə heç nə almırıq. Ancaq şair düşünür və bunu qələmə alır. Şairi bir müəllimə də bənzədirəm. Çünki qarşısındakı şagirdi, tələbəni müəllimdən daha yaxşı heç kim tanıya bilməz. Şairlik də belədir. Əgər insanda şairlik ruhu varsa ətraf mühiti ondan yaxşı heç kim dərk edib qələmə ala bilməz. Onun daxilini, xaricini yalnız şair ruhu canlandıra bilər.

Poeziya insanı, təbiəti, ilahi varlığı, aləmi insana sevdirən ədəbiyyatın tərkib hissəsidir. Bu sevgi hardan qaynaqlanır? Poeziya öz qüdrətini torpaqdan, qandanmı alır? Bu suallar hələ də mübahisə obyektidir. Danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s. təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Bunlar şairə ilham verir. Suyun səsi, güllərin xoş ətiri, dağların uca zirvələri və s. kimi duyğular insanı yazmağa səsləyir.

Başında qartallar uçan, bulaqları qaynayan, buludlara söykənən uca zirvəli Tovuz mahalı bədii aləmdə öz yeri ilə seçilir. Bu bulaqdan su içən, güllərini qoxuyan, dağlarında gəzən insanlar necə söz qoşmasın. Aşıqların bulaqlar başında məlahətli səsi, dastanları şairlərin ilham qaynağı olmuş və onları poeziya aləmində yazıb-yaratmağa vadar etmişdir. Tovuz rayonu sözün, ələlxüsus ozan-aşıq sənətinin yurdu, məskəni və yaşadığı bir coğrafiyadır. Burada bir sıra tanınmış aşıq və şairlər yetişmiş və xalq içərisində sevilərək xalq sənətkarlarına çevrilmişlər. Aşıq və şairlərin yaradıcılığı dövrünün bütün xüsusiyyətlərini özündə yaşatdığı üçün onların sənətləri müasir dövrdən götürülüb tədqiq edildikdə əhəmiyyəti məlum olur. Bu baxımdan aşıq və şairlərin yaradıcılığı və həyatları elm insanları ilə yanaşı insanşünaslıq üçün də vacibdir. Tovuzda isə belə insanlar çoxluq təşkil edir. Aşıq Hüseyn Bozalqanlı, Mikayıl Azaflı, Aşıq Əkbər, Aşıq Mahmud, Çopur Ələskər və s. aşıqları, Məmməd İsmayıl, İsa Cavadoğlu, Həsən Mülklü, Səlim Sinədəftər, Elman Tovuzlu, Əziz Məftun və s. şairləri Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, Müseyib Müseyibov və s. ailmləri və bir sıra tanınmış şəxsləri misal göstərə bilərik. Tovuzun ötən əsrin ortalarından başlanan fəal ədəbii mühiti olduqca rəngarəng inkişaf etmiş və gözəl qələm ustadları yetişmişdir. Həmin mühitin təsirində olan insanlar çoxlu əsərlər yazaraq Tovuz ədəbii mühitini daha da zənginləşdiriblər.

Tovuz deyilərkən gözlərimiz önündə şeir və ozan sənəti canlanır. Bu yazımızda Professor Məhərrəm Qasımlının yaradıcılığı haqqında söz açacağıq. Professor Məhərrəm Qasımlı yaradıcılıqda Orxan Paşa təxəllüsü ilə oxucularla görüşür. “Yağmur qoxusu” adlı şeirlər kitabı ilə oxucuları ilə görüşən Orxan Paşa yaradıcılığı diqqət cəlb edir. Şeirləri vətənə, millətə, saf məhəbbətə, ülvi duyğulara köklənib. Şairin “Ürəyimin səcdəgahı” şeirinə nəzər yetirək:

Azərbaycan – ulu Vətən,
Anamsan, dünyamsan mənim.
Dil açıb ruhumda ötən,
Laylamsan, laylamsan mənim.

Gözəllərin çiçək kimi,
İgidlərin şimşək kimi.
Vətən, sənə qurban olum-
Sinəmdəsən ürək kimi.

Bu Vətən sevgisi öz doğma kəndindən rayona, oradan ölkəsinə və bütün Türk dünyasına yönəlir. Şeirlərində türkçülüyə böyük yer verən Orxan Paşa şeirlərinin birində qələmə alır:

Sökülməyən bənd-bərələr sökülər,
Dəli çaylar yatağından çəkilər,
Dağlar-daşlar əriyib də tökülər,
Türklüyümüz yenilməz!

Şairin kitabının elə ilk hissəsi “Sənə sözüm var” başlığında Vətən şeirləri cəmlənmişdir. Şairin “Şuşanın “Xarı bülbülü”ü” şeiri də diqqət cəlb edir.

Ay ürəyim, gözüm gülü,
Nədən oldu hüzün gülü?
Bizə doğma uzaqlardan
Boylanırsan üzüntülü.
Sənsiz haçan üzüm gülür?
Şuşanın “Xarı bülbülü”ü.

Orxan Paşa yaradıcılığı ilə bağlı tanınmış alim filologiya üzrə elmlər doktoru Salidə Şərifova “525-ci” qəzetdə çap olunan “Yağmur qoxulu şeirlərin izi ilə...” adlı məqaləsində yazır: “Orxan Paşanın əsərlərindəki bədii fikrin tam anlanması üçün oxucu tarix, dilçilik, din və sair sosial elmlərdən xəbərdar olmalıdır”. Haqlı olaraq alim S.Şərifova Orxan Paşa yaradıcılığına müraciət edən oxucuların yüksək intelektinin mövcud olmasını vurğulayır.
Jurnalist İradə Sarıyeva Orxan Paşa yaradıcılığı haqqında “Bakı-Xəbər” qəzetində çap olunan “Yağmur ətirli sözlər boğçası...” adlı məqaləsində yazır: “Orxan Paşanın şeirlərini oxuyakən onların gözəlliynə, duyğusallığına, hərəkətli ifadəsinə heyran oluram. Nələr yoxdur onun şeirlərində - ana, Vətən, torpaq, uşaqlıq, gənclik, ayrılıqlar, hicran ağrısı, bütövlük, xalqa sevgi”.

Filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmət “Mədəniyyət” qəzetində “Məhərrəm Qasımlının “Yağmur qoxusu” şeir kitabının üzərində düşüncələr” adlı məqaləsində yazır: “Alim kimi tanıdığım Məhərrəm Qasımlıyla şair kimi qarşılaşdığım an bir həsrət qoxusu duydum nəfəsindən:
Yerində saymaqmış, ay ömrüm, günüm,
Nə ki yol gəlmişik indiyə qədər.

Orxan Paşa adı ilə şair olaraq qarşıma çıxan illərlə tanıdığım Məhərrəm müəllim bir eşq mütəfəkkirinə çevrildi nəzərimdə. Mən də bu eşq dastanını oxuyan oxucu...”
Biz Məhərrəm müəllimin yaradıcılığı deyərkən onu poeziya hüdudları çərçivəsində məhdudlaşdırmağımız düzgün deyildir. Professor Məhərrəm Qasımlının Aşıq sənətinə dair sanballı elmi məqalələri və kitabları təqdirə layiqdir. Elm ictimaiyyəti tərəfindən müfəsssəl əsərlər kimi qiymətləndirilir məqalə və yazıları. Danılmaz həqiqətdir ki, Aşıq sənəti əsrlərlə unikal əsərlərdə cəmlənməyib. Xüsusi ilə ötən əsrdən başlaraq Aşıq sənəti ilə bağlı tədqiatlar aparılmış və qalaq-qalaq əsərlər çap edilib. Bunların içərisində xüsusi yer tutan əsərlərdən biri də “Ozan-aşıq sənəti” fundamental əsəridir. Professor Məhərrəm Qasımlının “Ozan-aşıq sənəti” fundamental əsəri Aşıq sənətinin tədqiqi baxımından təqdirə layiq əsərdir. Sənətin geniş məzmunlu problemləri araşdırılmış və elm auditoriyasına təqdim edilmişdir. Aşıqlığın tarixi ibtidaidən müasirliyə doğru öyrənilmiş, sənətin coğrafiyası müfəssəl təşkil olunmuşdur. Aşıq sənətinin elmi əsaslarla əbədiləşməsi baxımından professor Məhərrəm Qasımlının əsərini dövrünün zəruri əsərlərindən hesab etsək heç də yanılmarıq. Dövrü mətbuatda çox az-az Aşıq sənəti haqqında və onun tarixi barəsində araşdırma yönümlü yazılar görürük. Bu aşıq sevənləri əlbəttə üzür. Ancaq son dövrlərdə bu problem aradan qalxmaq üzrədir. Professor Məhərrəm Qasımlı, professor Qəzənfər Paşayev, AAB-nin katibi Musa Nəbioğlu, jurnalist İradə Sarıyeva, aşıq Gülara Azaflı və başqa şəxslərin timsalında bu boşluq doldurulmaq üzrədir.


Mahmud Əyyub
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi