İçindəki hissləri köklü-köməcli çıxarıb atdı, yerində təzə şitillər əkdi...

İçindəki hissləri köklü-köməcli  çıxarıb atdı,  yerində təzə şitillər əkdi...
Tarix: 17-02-2016, 00:43 Toplam: nəfər paylaşdı. Baxılıb: 5290


İçindəki hissləri köklü-köməcli  çıxarıb atdı,  yerində təzə şitillər əkdi...
Güləhməd axşam-səhər qonşusu Niftalının beynini yeyirdi ki, dəyişilmək lazımdı. Mütləq lazımdı! Nə yolla olursa-olsun, nəyin bahasına olursa-olsun lazımdır da, qardaş. Bu həyatdı, dəyişsən, yaşayacaqsan, dəyişməsən yox, başqa çarə yoxdu.

Ömrünün yetmişinci baharını xırda pul kimi yenicə sayıb zaman daxılına atan Niftalı Güləhmədin hücumlarından nə qədər yayınsa da, hərdən nokauta düşürdü. Dəyişə bilməsə, başına gələcəklərinin xofu onu əməlli-başlı havalandırırdı. Amma necə dəyişsin, dəyişməyə haradan başlasın, harasını birinci dəyişsin, bax bu qəliz suallar qarmaq kimi yaxasından əl çəkmirdi.

Bir dəfə çəkinə-çəkinə mətləb üstə gəldi, məsləhət istədi. Güləhməd əlindəki təsbehi tərsinə fırladıb iri gözlərini bərəltdi:

– Burnundan başla. Uşaq vaxtından əngəllidi. Əvvəlcə burnunu səliqə-səhmana sal...

Təsbehini bir də çevirib sözünə davam elədi:

– Sonra başla bala-bala dəyişilməyə.

Niftalı əvvəlcə vahimələndi, sonra açıqdan-açığa Güləhmədə yaltaqlandı:

– Güləhməd, gəl burnuma toxunmayaq, başqa yerdən başlayaq, məsəlçün elə üst-başımdan.

– Olmaz! – Güləhməd bomba kimi partladı.

Üç gündən sonra Niftalı burnu gipsli evə gələndə Güləhməd bir şüşə konyak, yanında da italyan şokoladı alıb Niftalının burungördüsünə getdi.

Birinci əməliyyat uğurlu keçmişdi. Niftalı təzə burnu ilə hələ nəfəs ala bilməsə də, hərəkətləri ilə birtəhər başa saldı ki, əməliyyat ağır olub, ölüb, ölümdən qayıdıb. Niftalının gözündəki təlaş Güləhmədi əvvəl qorxuya salsa da, iki qədəh konyakdan sonra dəyişilməyin necə xeyirli şey olduğu barədə sicilləmə hekayət uydurdu.

Sözün düzü, Niftalının yeni burnu gözlədiyi kimi qalmaqalla qarşılanmadı. Arvadı Səmənixanım daldaya düşəndə ərinə çıldırlatdı ki, gözəl-göyçək, yaraşıqlı kişiymişsən, heç xəbərim olmayıb.

Bu alovlu sözlərdən sonra bir müddət Niftalının günü güzgü qabağında keçdi. Amma Güləhməd bir ucdan “dəyişmək, mütləq dəyişmək” – deyib qonşusunun beynini yeyirdi.

– Bura bax, Niftalı, dəyişdin ölmədin ki, azından 20 yaş cavanlaşdın da, qardaş, bu da dəyişilməyin xeyri.

Niftalı qonşusunun sözündən lap ürəkləndi.

– Sən de, dəyişim də, bu qara lələşin ölməyib ki.

Güləhməd zəndlə qonşusuna baxdı.

– Niftalı, səni anadan olandan tanıyıram. Yarım əsrdən çoxdu saçını yana darayırsan. Başa düşürəm, ortada burun söhbəti vardı. Bu dağı əritdin, indi zəhmət çək, saçını arxaya dara, krem çək, balaca burunla bu fason noxudla pivə kimi gedər.

Niftalı qonşusundan daha ağır şərtlər eşidəcəyini güman elədiyindən Güləhmədlə əlüstü razılaşdı.

Sabahı Niftalı yeni imiclə məhəllədə gəzib-dolaşanda heç kim ona pis gözlə zadla baxıb eləmədi. Əksinə, təzə qonşularından biri etiraf etdi ki, ağsaqqallarda belə həyat eşqi görəndə, yaşamaq istəyir ( Gör cavanlar nə gündədir))).

İkinci qələbədən sonra Niftalı dəyişilməyin dadını bildi. Özünü bütünlüklə Güləhmədin ixtiyarına verib təcrübə siçovulu kimi itaətkar oldu. Güləhmədin “Dəyişilmək qanunu”nun müddəalarına əməl edə-edə camaatın 20 ildə əldə edə bilmədiyi yenilikləri əldə etdi. İngilis dili kursuna yazıldı, kompüter bilgilərinə yiyələndi, Nitşe fəlsəfəsindən vurub hind fəlsəfəsindən çıxdı, köhnəliyin buxovlarından azad olub yeni insana çevrildi.

Elə-belə yox ha, Güləhmədin sayəsində. Güləhməd adi Güləhməd deyildi. Yaşı 80-i haqlasa da qıpqıvraq, özünəbaxan, müasir, açıqgözlü zəmanə adamı idi. Uzun illər zavodların birinin mədəniyyət evində müdir işləmişdi. Öz qanunları ilə yaşayan bu adam bütün istəklərinə nail olmuşdu. Şagirdindən on yaş böyük olsa da, bir məhəllənin uşağı idilər. Güləhməd Niftalı üçün etalon idi. Dünən də, elə bu gün də...

Güləhməd vaxtaşırı şagirdinə təlqin edirdi:

– Azadlıq, sərbəstlik, özünəinam insana oksigen kimi lazımdı. Sən beş dəqiqə oksigensiz yaşaya bilərsən? Bilmərsən, qardaş, heç üç dəqiqə də dözmərsən. Ruhuna azadlıq ver, preslənib eyyy içində, onu elə, bunu eləmə, belə oturma, belə durma, belə yemə, belə içmə, belə sevmə, belə ölmə. Qardaş, bu...

Bu yerdə Güləhməd dahiyanə görkəm alıb uzun-uzadı fikrə gedirdi. Niftalı xırda gözlərini qonşusunun ağzına dikib açıqdan-açığa möcüzə gözləyirdi.

Əvəzində Güləhməd handan-hana dərindən köks ötürüb:

– Bu, yaşamaq deyil – deyib susurdu.

Bir sözlə, Güləhməd dönə-dönə Niftalıya qərb insanının təfəkkürünü, həyat tərzini nümunə gətirir, ona zamanın içində özünü axtarmağı, özünü tapmağı tövsiyə edirdi. Allah üçünə Niftalı gecə-gündüz özünü axtarırdı. Başı özünə o qədər qarışmışdı ki, ailəsindən, evindən, keçmişindən uzaqlaşıb soyuqqanlı, laqeyd, başısoyuq birinə çevrilmişdi.

Axır vaxtlar Niftalının gülərüz, qonaqpərvər arvadı Səmənixanım Güləhmədə əvvəlki sifəti göstərmirdi. Daldaya düşəndə gileylənirdi ki, Niftalı quzu kimi fağır, abırlı-həyalı bir adamıydı, kişinin evini bu bambılı yıxdı.

Güləhmədsə məhəllədə şortiklə gəzən, qulağında nauşnik ingilis dilini təkmilləşdirən, keçən ay arvadının təqaüdünü öz təqaüdünün üstünə qoyub velosiped alıb yıxıla-yıxıla öyrənən Niftalıyla fəxr edirdi.

Amma öz işini bildiyindən Niftalıgilə daha əvvəlki kimi ərklə, ürəklə gedə bilmirdi.

Bu dəfə ideya qardaşları vədələşdikləri yerdə – məhəllədəki çayxanada görüşəndə zamanla ayaqlaşmaq üçün daha hansı yollara əl atacaqlarından, hansı yeniliklərdən yararlanacaqlarından uzun-uzadı danışdılar.

Əldə etdiyi yeniliklər Niftalının tək gözünü yox, dilini də açmışdı. Ömrü boyu qırışa-qırışa gəzən Niftalıda özünə inam qədərini çoxdan aşmışdı. Güləhmədin xəbəri yox idi ki, Niftalı içindəki hissləri köklü-köməcli çıxarıb atıb, yerində təzə şitillər əkib.

Niftalı çoxdandı kompüterdə “odnoklassnik”də yeni sevdaya tuş gəldiyini deyəndə, okeanın o üzündə – Amerikada – Florida ştatında həyatının qadınını – Ursulanı tapdığını, nə yolla olursa-olsun qara mirvarinin ardınca gedəcəyini inadkarcasına söyləyəndə Güləhmədin ağzı açıla qaldı. Niftalı birbaşa Güləhməddən sitat gətirdi: “İnsan qısa, çox qısa ömründə ürəyinin istəyinə qulaq asmırsa, ölüdü!!!” Mən ölü deyiləm, Güləhməd! Dırnağımın ucundan başımın tükünə, hüceyrələriməcən dəyişmişəm. Dəyişilməyimin qarşısını heç kəs ala bilməz, heç sən də!

Güləhməd quyruğu tələdə qalan tülkü kimi vaqqıldadı. Fağır Niftalı şir kimi nər-nər nərildəyirdi.

– Bəs pul, ora getmək üçün bir ətək pul lazımdı, qardaş. Bir də o qara-qura arvaddan ötərin bu boyda yolu getməyə dəyər- dəyməz, bunu bilmirəm? – deyib Niftalını qərarından daşındırmaq istədi.

– Bəs dəyişmək nəyə deyirsən, Güləhməd? Mən Ursulanın səsinə səs verməyə gedirəm. Evdəkinin bir az lazımsız metal kütləsi vardı – qır-qızılı deyirəm, dəyər-dəyməzinə satdım, bilet aldım, sabah uçuram.

Güləhmədin rəngi ağardı.

– Belə tez?

– Gözləmək uduzmaqdı, qardaş, bu dəfə Güləhmədin sevimli “qardaş” sözünü o dedi.

– Tələsməliyik. Qara mirvarinin ürək döyüntülərini eşidirəm. Adamların səsinə səs vermək, adamları dəyişdirmək üçün dünyanın o başına da getməyə dəyər.

– Bəs Səmənixanım, bəs milli-mənəvi dəyərlər, bəs...

– Dəyərlər??? Hansı dəyərlər? İnsan hissləri qarşısında bütün dəyərlər dəyərsizdi. Biz dəyərləri ona görə uydururuq ki, kimsə öz arealından kənara çıxmasın, öz çəmənində otlasın – dəyərlər sərhəddi. Mən o sərhədi yaracam, azad adam olacam.

Güləhməd təcrübə siçovulunun belə fərasəti olacağını heç ağlına da gətirməmişdi. Ömrü boyu ayaqqabı fabrikində mühasib işləyən, bir ömür şotkada rəqəmləri sağa-sola şaqqıldada-şaqqıldada daşıyan, adət-ənənələrdən yarım santimetr kənara çıxmayan Niftalı 9 min kilometrlik məsafəni keçməyə hazırlaşırdı.

Görüşüb ayrıldılar.

O gecə Güləhməd səhərəcən çimir eləmədi. Özünü Niftalı uçandan sonrakı tufana hazırladı...

Səhər heç nə baş vermədi. Heç sonrakı günlərdə də fövqəladə bir şey olmadı. Güləhməd uzun müddət Səmənixanımın gözünə görsənmədi.

Axır bir gün qarşılaşdılar. Səmənixanımın tükü də sınmamışdı. Güləhməd ürəklənib Niftalını soruşdu.

Səmənixanım canıyananlıqla dedi:

– Ay Güləhməd qardaş, gedəni saxlamaq olmaz. Niftalı feysbukda uşaqlarla hər gün danışır. İpini qırıb çəmənliyə qaçan at kimi kefi sazdı. Qoy gəzib dolaşsın, havasını dəyişsin, anası ölmüş eşşək kimi işləməkdən başqa bu dünyada nə gün görüb.

Elə bil Güləhmədin üstündən dağ götürüldü...

Yeddi aydan sonra Niftalı qəflətən peyda oldu. Güləhmədlə həmişəki çayxanada görüşdülər. Niftalı elə bil yenidən doğulmuşdu. Pivə içə-içə səfəri barədə xeyli danışdı. Dediyinə görə həyatının qadını Ursula ilə yeddi ay unudulmaz günlər yaşayıb. Sevgi bağı soluxub payız bostanına çevriləndə hər ikisi razılıq yoluyla hekayələrinə nöqtə qoyub, qara mirvarı onu təmtəraqla öz keçmişinə yola salıb. Nəvələrinə pay-puş da göndərməyi unutmayıb. Üstəlik dəyişilmə əməliyyatı uğurla həyata keçirdiyinə görə Niftalıya ömrünün sonunacan bəs edəcək xeyli ayaqqabı alıb bağışlayıb. Tövsiyə eləyib ki, bacardıqca bütün ölkələrin torpağını tapdalasın. Qadında ürəyə bax!

Niftalı danışdıqca Güləhməd özünü naftalin kimi hiss edirdi.

Niftalı söz verdi ki, Güləhmədi dəyişdirəcək, mütləq dəyişdirəcək! Güləhməd təcrübə dovşanı kimi key-key baxırdı
525-ci qəzetскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10