• 23:56 – İraqın şimalında vəziyyət ağırlaşacaq 
  • 19:15 – Şəmsəddin Hacıyev məsuliyyətə cəlb oluna bilər 
  • 16:30 – Xoşqədəm Hidayətqızı tamaşaçıları aldadıb 
  • 15:00 – Tanınmış jurnalist Azərişıq ASC-nin sədrinə müraciət ünvanladı 
  • 14:00 – İsraillə diplomatik əlaqələr qurmalıdır-Qərar verildi 
  • 13:00 – Türkmən şeirinin ən parlaq nümunələri doğma dilimizdə 
  • 12:00 – Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə gedir 
  • 11:00 – Türkiyədə təyyarə qəzası oldu 

Bir yay günü...

  • Tarix: 06.07.2017, 14:00,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5570
Bir yay günü... Bir yay günü...
Bu keçən yayın bürkülü günlərinin birində tələbə dostum, bir qrupda oxuduğum Müslüm Türkoğlu özünə yaraşan qeyri-adiliklə iş otağının qapısını açdı. Gülüşü,səsi özündən əvvəl içəri girdi.Qucaqlaşdıq.Təqribən qırx il əvvəlki Müslüm idi.Müslüm Munis.Azca dəyişmişdi,bir az dolmuşdu,özü öz içində oturuşmuşdu.Heç dəyişməyən isə yırğalana-yırğalana yerişi,şaqqanaq gülüşü,isti təbəssümü idi.

Qırx il əvvəl necə vardısa elə olduğu kimi qalmışdı.Bir anlıq mənə elə gəldi ki,tətildən qayıtmışıq.Bir neçə günnən sonra dərslərimiz başlayacaq.Bir-birimizə təəssüratlarımızı danışacaq, olanlardan-keçənlərdən söhbət eləyəcək,yazdığımız şerləri oxuyacaq,bir növ bir-birimizə hesabat verəcəyik.
-Necəsən,başına dönüm,uşaqlar,ev-eşik?-yapışıqlı Qarabağ ləhcəsiylə hal-əhval tutur,qabağa düşür.Sifətində yol yorğunluğu şirin bir təbəssümlə əvəzləndiyindən çox xoşbəxt görünür,davamlı gülüşləriylə bu ovqat daha da aydınlaşır.

Bir anlığa sükut.Qırx ilin əvvəlinə dəyib-qayıdırıq.Vəziyyətini,keyf-əhvalını,balalarını soruşuram.Dərhal da xoşbəxt-xoşbəxt cavab verir,ikinci nigahdan olan kəklik balaları kimi urkək,istəkli üç qız övladı haqda gülə-gülə,sevinclə danışır.Həmişə olduğu kimi məni Bərdəyə,Bəcrəvan kəndinə dəvət eləyir.Yenə də,sağlıq olsun deyirəm.

Müslüm Türkoğlu tələbəlik illərində Müslüm Munis imzasıyla özünü tanıtdı,tələbə şairlər arasında seçildi.Qırx il əvvəl,indi Pedoqoji Universitet kimi tanınan Azərbaycan Dövlət Pedoqoji İnstitutunda, xüsusən filoloji fakültədə qaynar bir tələbəlik həyatı yaşadıq.Əsasən müəllim kadrları hazırlayan bu təhsil ocağı respublikada hətta deyərdim ki,o zamankı İttifaq daxilində sayılıb-seçilən bir ali məktəb idi.

Bu ali məktəb ölkədə adlı-sanlı alimlərin,dövlət xadimlərinin,tanınmış şairlərin,yazıçıların yetişdiyi,ərsəyə gəldiyi bir məkan kimi ad-san yiyəsi idi.

Tələbələr bu ali təhsil ocağında həm də əsil həyat məktəbi keçirdi,örnək olası müəllimlərdən dərs alırdı.Feyzulla Qasımzadə,Əzəl Dəmirçizadə, Əhməd Seyidov, Kövşər Tanrıverdiyeva,Əhəd Hüseynov,Xəlil Rza,Mirzə Cavad Bağırov,Xeyrulla Məmmədov,Əlirza Şükürov,Afat Qurbanov,Mürsəl Həkimov bu adları istənilən qədər sadalamaq, artırmaq mümkündür.

İndi bu böyük insanların milli ziyalıların çox böyük əksəriyyəti dünyadan köçüb.Tanrıdan onlara rəhmət diləyirik.Yaşayanlara uzun ömür,can sağlığı arzulayırıq.

Bizim filoloji fakültədə aldığımız təhsil,çoxumuzun müəllim,alim,zövqlü ədəbiyyatçı,tarixin dərin qatlarına baş vura biləcək tarixçi-dilçi kimi yetişməyimizdə fundamental bir baza oldu.O vaxtlar institutda «Gənc qələmlər» adlı ədəbi dərnək fəaliyyət göstərirdi.

Bu dərnək öz ətrafına ən istedadlı tələbələri yığmışdı.Bu dərnəyin məşğələlərində kənardan gələn tələbələr də iştirak edirdi.Ən yaxşı tələbə yaradıcılığı «Gənc müəllim »qəzetində dərc olunurdu.Çoxumuzun imzası «Gənc müəllim» qəzetinin səhifələrindən Respublikanın o zamankı çox ciddi və tələbkar mətbuatına ayaq açırdı. Bu ədəbi dərnəyin müxtəlif vaxtlarda rəhbəri olmuş Əhəd Hüseynovdan,Xəlil Rzadan,Zahid Xəlildən sənət dərsləri ala bildik.

O vaxt ədəbiyyata gələn tələbələrin çoxu ədəbiyyatda qala bildi,indi addı-sanlı şairlər,yazıçılar kimi fəaliyyətdədilər.Müəllim kimi öz doğma elinə-obasına qayıdanlar da az olmadı. Böyük rus klassik yazıçısı Maksim Qorkinin bir sözünü xatırlatmaq yerinə düşər.«Şer yazan gənclərin hamısı tanınacaq şair və yazıçı olmasalar da, çox yaxşı ədəbiyyat müəllimləri olacaq».Bu fikirdə böyük həqiqət həmişə qalır.

Bu fikir biz tələbə yaradıcıları ruhlandırırdı,heç olmasa yaxşı ədəbiyyat müəllimi olacağımıza inam yaradırdı.Tələbəlik illərinin acılı-şirinli anlarını, günlərini birgə yaşadığımız Müslüm Munis də müəllimlik yolunu tutdu.

Tələbəlik illərində istedadlı,şair kimi tanınsa da şəhərdə qalıb ədəbi yaradıcılığını davam elətdirənlərdən olmadı.Bəcrəvana qayıtdı.Ömür-gün şərikini tez itirən, həyatın ağır yükünü çəkən bir üzü qız,bir üzü gəlin anasının ağrılarını çəkmək,qayğılarını yüngülləşdirmək üçün yurduna döndü.

Bəcrəvan orta məktəbində müəllim işlədi,adlı-sanlı ədəbiyyat müəllimi kimi tanındı.Nə fərqi vardı elə müəllim işləyə-işləyə,kənddə ikinci cahan savaşı zamanı həlak olan,itgin düşən ataların yurdunu şenləndirə-şenləndirə,ev-eşik qura-qura elə şeir də yazmaq olardı,sənət də yaratmaq mümkün məsələ idi.

Tələbəlikdən bir neçə il sonra sınaqlardan çıxmış dostluğumuz bizləri görüşdürdü.

Əvvəl Bəcrəvanda,sonra isə indi düşmənə qalan ata yurdum Evlidə.Nə isə adam bilmir nədən başlayıb,nəyi yazasan,nəyi danışasan,təəssüratlar birmi, yüzmü, minmi?

Tələbə vaxtı çox sevdiyimiz,təqribən bizlərdən bir nəsil qabaq,sonralar Azərbaycan radiosunda birgə çalışdığımız,həyatdan vaxtsız köç eləyən şair İsa Ismayılzadənin bir misrası elə bu an yaddaşımnan bir sürət qatarı kimi addadı.«Deyimmi kim-kimi sevirdi onda»,Elə Müslüm müəllimlə bu görüşümüzdə də eləyəcəyimiz söhbətin baş mövzusu bu misra üstə qurulmalıydı: "deyimmi kim-kimi sevirdi,onda».

Bilirdik ki,bu misra həm də içimizin sirrərini açmaq gücündədi.Bütün şairlər bir anadan doğulur bəlkə,bəlkə bir köynəkdən keçir,yoxsa Sergey Yesenin ürəyindən keçənlər ürəklərimizin sirriynən, etirafıynan üst-üstə düşməzdi ki…-«Hamımız sevirdik amma o zaman,bizim özümüzü az sevirdilər».

Bu qəfil görüşümüzdə söhbətimiz bu yöndəmi keçəcəkdi? Əslində ürəklərimizdə həmişə sirri nöqtələrə qayıtmaq ehtiyacı var.Axı aradan qırx il keçir. Bilmirəm. Amma Müslüm müəllimlə görüşümüzdə mən bu ovqatdan çox-çox uzaq olduğumu heç ifadə eləmək də istəməzdim.

Yenə də bir anlığa getdiyim uzaqlıqdan qayıdıram.Müslüm müəllim bu görüşümüzdə də qırx il əvvəldə olduğu kimi çox qaynar görünür.Deyəsən sadəcə dediyim kimi dəyişən bir balaca görünüşdü,üzünün cizgiləridi,baxışlarının ifadəsidi.

Tələbə dostumla müqayisədə mən daha çox qoca,yaşlı,daha doğrusu yorğun görünürəm. Yorğunluğumugizlətmək istəsəm də alınmır.

O,isə gənclik eşqi ilə yaradıcılığınnan danışır,arada verdiyi fasilələrin,eləmədiklərinin əvəzini çıxmağı dostumu bərk sevindirir.Son illərdə yenidən mətbuata ayaq açmağı körpənin təzə ayaq açması kimi sevindirici və xoşbəxtedici görünür.

Bu yaxınlarda aldığı «Qızıl qələm» və daha bir neçə adda mükafatları sevincini tamamlayır,yeni yaradıcılıq nəşəsi yaradır.Həm də son illərdə çap elətdiyi iki kitabının sevincini yaşayır açıq-aydın.Mən isə səbrlə ona qulaq asıram.

Açığı lap çoxdan belə mövzular məni çəkmir.O, isə danışır,elə bil yaradıcılıq hesabatı verir.Söhbət əsnasında otağa rejissor dostumuz daxil olur,onları tanış eləyirəm.

Rejissor Müslüm müəllimin həyat və yaradıcılığının bəzi məqamlarına burdaca bələd olur,onu televiziyanın bir verilişinə çəkmək istəyir,bu lap göydən düşmə olur, öz-özünə alınır.

Çəkiliş gününü müəyyən eləsələr də,tezliklə fikir dəyişir,onu öz doğma kəndində Bəcrəvanda çəkməyi qərarlaşırırlar.

Müslüm tələssə də,sinəsini tez boşaltmaq istəsə də,mən də çəkilişin Bəcrəvanda aparılmağını lazım bilirəm.Sentyabrın,səhv eləmirəmsə 15-də Müslüm Türkoğlu haqqında maraqlı bir veriliş Azərbaycan televiziyasında yayımlanır.Maraqla baxırıq.Müslümü təbrik eləyirəm.Çox xoşbəxt görünür.Ay Tahir,başına dönüm telefonum dayanmadə ki,deyir.

Heç bir iki ay keçməmiş Bərdə ədəbi birliyinin sədri,tələbə dostumuz,tanınmış şair Telman Hüseynin zəngi qəfil üstümü alır.Hal-əhval tuturuq.Tahir,bədxəbərçilik olmasın,Müslüm Türkoğlu rəhmətə getdi,deyir.Eşitdiklərimdən sarsılıram,bir anlığa vaxt üstümnən necə keçir,bilmirəm.

Bu ötüşən yayda eşitdiyim ikinci ən ağır xəbər idi ki,məni beləcə sarsıdır,bir anlığa vaxtı unutdurur. İki-üç ay əvvəl Dərbənddən Aşıq Sakitin ölüm xəbəri də beləcə qəfil zərbəynən gəldi.Moskva Humanitar Universitetinin Dağıstan filialının rektoru dostum Ruslan Heydərovun zəngi məni sarsıtdı.

Aşıq sənətimizin sonuncu ən azman adlarından olan aşıq Sakitin və tələbəlik dostum şair Müslüm Türkoğlunun qəfil itkiləri,şair demiş dünyanın ən ağır qantellərini ovcumda sındırır.Gücüm bu misralara çatır.

Enibdi Tanrıdan,haqdan,
Dərddi yenə bizə gəlir.
Gedən aldanışa gedir,
Gələn hələ duza gəlir.

Mayası qudurub nəfdən,
Kefcili bayılıb kefdən,
Azrayılla dörd tərəfdə
Adamlar üz-üzə gəlir.

Beləcə doğub-törəyib,
Qurdu qəmgin,quşu qərib,
Bizi yiyəsizmi görüb,
Ölüm üstümüzə gəlir.

Bəlkə zövqümün,duyğumun ən uca yerində öz söz qalasını quran Nazim Hikmət demiş «Nəslimin yarpaq tökümü başlayıb?»

Yox,bu yarpaq tökümü də deyil.Yarpaq tökümüsə, niyə belə erkən?...Heç payız gəlməmiş,yayın lap əvəlindən,yarpaqlar tökülməyə başlayıb.Sıra böyükdü.

Akif Səməd,Məmməd Nazimoğlu,Eldar Nəsibli daha kimlər.Yarpaqlarsa tökülür,tökülür Müslüm Türkoğlu yazılarının birində belə deyir:

Əynimdə ucuz köynəyim,
İçimdə eşqim,göynəyim,
Siz Allah,mənə dəyməyin,
Az qalıb ölüm yaşıma.

Bu misralar göynəyən arı pətəyi kimidi.İçimizi göynədir.Bu göynək Müslümün ürəyinə damanlardı,nədi,öncə görmədi,yoxsa?Bəlkə bu ölümü gördüyünnən yana idi.


O çox tələsirdi,elə bil bütün itirdiklərini,bərpa eləmək istəyirdi.Ümid yeri sarıldığı qələmiydi,vəssalam.«Gözlərim gəzir səni» kitabında “Həyatım” adlandırarq yazdığı tərcümeyi-halından, bəzi məqamları xatırlatmaq istəyirəm:«1947-ci il – tərəzi bürcündə Bərdə rayonunun Becərvan kəndində anadan olmuşam.

Ata babam Usubalı oğlu Tərlan Tatallar elindəndir.Babam və atam Yaqub vəfat edəndə mən 3 yaşında,qardaşım Nizam isə 6 aylıq olub.Babamdan bizə bir at,iki inək qalmışdı.Sonralar kolxoz bu atı bizdən 5 qoyuna aldı.

Bu qoyunları xalam Dilbərin əri cavan olsa da Təhlə elində «Çal Məmməd»adı ilə tanınan Məmməd Süleyman oğlu aparıb saxladı.Sonra o,bizə 75 qoyun verdi. Anam Lilpar Muxtar qızı mənə həm ata,həm də ana oldu.O,gündüz kolxozda işləyir,axşamlar palaz,gəbə,kilim,corab, əlcək.. toxuyardı.Ana babam Muxtar Qəhrəman oğlu və dayılarım Əhəd,Cabbar,Şükür o illər bizə pasiban oldular. Ana nənəm Qönçə Ağdamın Kəngərli elindən idi.O,məni çox istəyirdi».

Bu sətirlərdən ağrı tökülür.Sonra yazır ki,ən çox sazı sevirəm,saz çalananda qəlbim titrəyir,gözlərim dolur.Uşaq vaxtı saz üstə o qədər ağlamışam ki...

Anam bir gün məni mağazaya saz almağa apardı,ancaq saz tapılmadı».Bəlkə də onu şair eləyən yetimliyin və sazın nisgili olub.Elə beləcə də düşünürəm,qənaətim yəqinləşir.

Müslüm Türkoğlunu şair eləyən səbəblərdən biri,bəlkə də ən başlıcası ona tanrıdan verilən sevgi olub.

Özü bu xüsusda yazır:«Öz sinif yoldaşım Tavat Calal qızı ilə ailə həyatı qurdum.Acılı-şirinli bir ömür yaşadıq.Amansız ölüm bizi cismən ayırdı».


Müslüm cismən çılğın olsa da sevgisində də,dostluğunda da qətiyyətli idi,sədaqətli idi.Şerlərində sevdiyi qızın öz sinif yoldaşının rəmzi adı«Suzan» idi.O vaxtlar tez-tez pıçıldadığı misralar içini və özünü tam ifadə eləyirdi:«Ana görən indi Suzan nətəri,Ağlayıram hər gün ondan ötəri»Ilk gəncliyindən ilk sevgisinə həsrətli şerlər yazdı.Bu sevgi axıracan onu tərk eləmədi.

Qaşı ilə,gözü ilə,
Dünyanı yandırır bu qız.
Mən nəyəm ki,qara daşı,
Dəmiri sındırır bu qız.

Aya desə çıxma,çıxmaz,
Suya desə axma,axmaz!
Allahdan,bəndədən qorxmaz,
Qanmazı qandırır bu qız.

Hanı belə gözəl,göyçək?
O atəşdi, yoxsa çiçək?
Əl uzatma,əlini çək-
Əlini yandırar bu qız.

Çiçək düzər ipək telə,
Şirin-şirin gülər elə,
Güləndə bənzəyər gülə
Gülü utandırar bu qız.

Qoy düzünü deyim,məni,
Sevmədi,neyləyim məni.
Ürəyinə dəymə,səni,
Yerində dondurar bu qız!

Bu yazını dörd ili dörd misralıq bir bayatı kimi bildiyimiz,hər vaxt bir yerdə olduğumuz tələbəlik dostlarımızdan Müslüm Türkoğlunun xatirəsinə həsr eləyib,ruhuna bağışladım.Ruhu şad olsun.

Müslümün ölümündən sonra yazdığım bu gəraylını da burda yazmağı vacib saydım.Allah bağışlasın.

Ömründə ən uca yer
Ölümə yıxıldığın yerdi.
Ən çox özünə bənzəyən
Ən çox sıxıldığın yerdi.

İçin-içində qurduğun,
Yorub-yortub yorulduğun,
Son ümidi də qırdığın
Yanıb-yaxıldığın yerdi.

Öz-özünə darıldığın,
Axıb-axıb durulduğun,
Bəlkə hər gün var olduğun,
Bir gün yox olduğun yerdi.
Tahir Talıblı
Əməkdar jurnalist
2010
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV