• 18:00 – Avtobusda sürücünü döyən oğlanın atası görün nə dedi 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 
  • 19:30 – 40 ABŞ hərbiçisi həlak olub. 

"O nədir yazmısan Zori Balayan" deyən Azadlıq şairi Eldar Baxış

  • Tarix: 12.09.2017, 11:00,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5296
"O nədir yazmısan Zori Balayan" deyən Azadlıq şairi Eldar Baxış "O nədir yazmısan Zori Balayan" deyən Azadlıq şairi Eldar Baxış
Eldar Baxış – 70

AZADLIQ ŞAİRİ

Bu il 70 yaşı tamam olan Eldar Baxış poeziyasının mövzu və problematikası çox zəngindir. Yaradıcılığının ilk illərində ənənəvi mövzularda qələmini sınayan şair həyatı dərk elədikcə, Azərbaycan və dünya ədəbiyyatının inciləri ilə tanış olduqca onun şeirləri yeni-yeni mövzularla zənginləşdi.

Ədəbiyyata ədəbiyyatdan yox, həyatdan gələn, gündəlik məişət qayğılarından yaxasını qurtara bilməyən, addımbaşı çətinliklərlə rastlaşan Eldarı düşündürən, qayğılandıran bütün problemlər yeni donda və yeni biçimdə onun poeziyasında öz bədii əksini tapmağa başladı.Həyatımızın rəngarəng problemləri Eldar Baxış poeziyasının da problematikasına çevrildi.

Yaradıcılığının ilk illərində istər-istəməz sovet ədəbiyyatının mövzularına müraciət edən Eldar Baxış özünə yeni-yeni mövzular axtarmağa başladı.Çox yaxşı ki, bu tipli, daha doğrusu bu mövzulu şeirlər Eldar Baxış poziyasının əbədi mövzusuna çevrilə bilmədi və şair öz ilham bulağının axarını öz daxili dünyasına, doğulub boya-başa çatdığı kəndə sarı yönəltdi…

Universitet mühiti, görkəmli tarixçi alimlərdən dərs alması, vətənpərvər insanlarla, şairlərlə, alimlərlə tanışlığı və ünsiyyəti adi bir kənd uşağının xarakterinin yeni istiqamətdə formalaşmasına zəmin yaratmışdı. O illər Azərbaycan Milli Azadlıq Hərəkatının gizli şəkildə oyanışı və dirçəlişi dövrü idi.

Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin vətənpərvər ruhlu şeirləri, ''Gülüstan'' poeması, Xəlil Rzanın, Söhrab Tahirin, Məmməd Arazın və başqalarının əsərlərinin mayasında Azərbaycanın birliyi, bütövlüyü, azadlıq və istiqlaliyyəti kimi mühüm, taleyüklü məsələlər dayanırdı. Şairlər bu məsələlərdən açıq şəkildə danışa bilməsələr də, fikirlərini ifadə üçün simvolik obrazlar, vasitələr axtarırdılar.

Xəlil Rzanın məşhur ''Azadlığı istəmirəm zərrə-zərrə, qram-qıram, İstəyirəm qolumdakı zəncirləri qıram, qıram'' misralı şeirlərini o zaman ''Ədəbiyyat və incəsənət'' qəzetinin baş redaktoru işləyən vətənpərvər ziyalı, tanınmış şair, ədəbiyyatşünas Qasım Qasımzadə ''Afrikanın səsi'' adı altında çap eləmişdi… Söhrab Tahirin ''Daha'' rədifli qoşmasının bu misraları dillər əzbəri idi:

Azad qardaşım var, onunla xoşam,
İstərəm sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.

Eldar Baxışın poeziyasında da Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi ideyası ön planda idi. Xudafərin körpüsünün o tayından bu taydakı qardaşlarına əl eləyən uşaq Eldarın ürəyini ehtizaza gətirirdi. Onun ''Əl'' şeirindəki bu misralar təsadüfi yaranmamışdı:

…Gör necə danışır, gör necə dinir,
Həsrətin, ümidin dilidir o əl.
Təkcə o oğlanın əli deyil ki,
On səkkiz milyonun əlidir o əl…

Eldar Baxış da çox zaman Xəlil Rza kimi Azərbaycan, onun istiqlaliyyəti haqqında fikirlərini xarici mövzuda yazdığı əsərlərdə əks etdirməyə çalışırdı. Bu baxımdan onun ''Fələstin şeirləri'' silsiləsi maraq doğururdu. Muin Bsisu və Mahmud Dərvişə ünvanlanan ''Oxudum şeirlərinizi'' adlı yazıda əslində Eldar Fələstinin problemlərinin arxasında gizlənərək xalqımızın dərdlərindən danışırdı.

Şairi Şimalda, Qərbdə, Şərqdə – dünyanın hər yerində başkəsənlərin göbələk kimi artıb çoxalmasından narahat idi. O, ''meydanın ortasında Azadlığı dəvə kimi xıxırdıb başını kəsənlər''ə nifrətini gizlətmirdi. Eldar Baxışı narahat edən bu idi ki, bu başkəsənlər təkcə adam başı, sərçə başı, beçə başı kəsməklə kifayətlənmirlər. Onlar:

''Ölkə başı kəsirlər, paytaxt başı kəsirlər,
Bayraq başı kəsirlər, torpaq başı kəsirlər…''
Vətənin ''təndirindən çıxan çörəyini, ağacının gətirdiyi barı, pətəyindən süzülən balı''… yeyən şair bunun əvəzini vermək üçün ondan bir qarış yer, bir ovuc torpaq istəyir.

Onun bu qənaətləri vətəndən bir qəbirlik yer istəyən, ''Çürüyüm bir qarış torpağın artsın'' – deyən şair Musa Yaqubun fikirləri ilə üst-üstə düşürdü… Eldar Baxış vətənə sevgisini belə ifadə edirdi:

''Vətən, uşaq anasını,
yetim göz yaşını,
kasıb balasını nə qədər istəyirsə,
mən də səni o qədər istəyirəm''…

Və bu sevgi onu vətənin azadlığı, istiqlaliyyəti uğrunda mübarizəyə səsləyirdi. Universitet divarları arasında qadağan olunmuş mövzularda gizli söhbətləri dinləməsi Eldarın mübarizə əzmini daha da artırırdı. O, cəmi 23 ay ömür sürən Demokratik Azərbaycan Respublikasının bərpa olunmasını arzulayırdı. Lakin bu arzunu o zaman dilə gətirmək mümkün idimi?

Nəhayət, gənc şair fikirlərini söyləmək üçün simvolik obrazlara müraciət etməli oldu. O zaman ədəbiyyatımızda fikri simvolik vasitələrlə ifadə etmək ənənəsi yaranmaqda idi və bu ədəbi üslubun öncülü ''Rənglər'' şeirlər silsiləsini yazan, ''sarı'' rəngi simvolik şəkildə ''kisiyin böyük qardaşı'' adlandıran, ''Bağları qum basdı'' deyə haray qaldıran, ''sarı qumun qara tənəkləri altına almasını'' söyləyən Rəsul Rza idi.

Rəsul Rzanın şeirlərini maraqla oxuyan, hətta onun haqqında məqalə yazıb çap etdirən Eldar Baxışın özünün də bu vasitəyə əl atması təsadüfi deyildi. Eldar Baxışın ''Yaşılım, yaşılım, hara gedirsən'' şeirindəki ''yaşıl'' rəng Demokratik Azərbaycan Respublikasının, onun hakim partiyası Müsavatın, ''sarı'' isə bu rəngi saraldıb solduran rusların simvolik obrazı ildi:

O sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
sındıracaq səni, əyəcək səni.
Düşəcək dalınca canavar kimi,
qurd kimi dağıdıb yeyəcək səni, -
Yaşılım, yaşılım, hara gedirsən?

Göründüyü kimi, Eldarın əksər şeirlərində olduğu kimi burada da əsas fikir sözün üst qatında yox, simvolik obrazlar vasitəsilə verilmiş daxili qatında, sətiraltı mənasındadır. Eldar izi azdırmaq, əsas fikri ''qlavlit''in gözündən yayındırmaq, pərdələmək üçün ''ağac yaşıl'', ''yarpaq yaşıl'', “ot yaşıl'' ifadələrindən istifadə edirdi…

Eldar Baxışın o zaman yazılan şeirlərinin bir qismində sovet ictimai quruluşuna qarşı nifrət motivləri sezilməkdə idi. ''Yana-yana'' şeirində çayxanada sadə adamların söhbətini ön plana gətirməklə müəllif öz əsas məramını verməyə çalışırdı.

Bu zaman bir bədii vasitə kimi kinayə onun köməyinə gəlirdi. Taksi sürücüsünün Fordun qarasına deyinməsi acı təbəssüm yaradırdı.
Eldarın ''Qara göz yaşları'' şeirində isə ''yarı balıqlar, yarı ətlər'', ''quru heykəl lər, quru bütlər''… tənqid hədəfinə çevrilirdi… ''Kefin necədir'' şeirinin daxili qatında isə ictimai quruluşun lirik qəhrəmanın əhvali-ruhiyyəsinə təsiri məsələsi ön plandı idi.

Azadlıq ideyası Eldar Baxışın əksər şeirlərinin başlıca leytmotivini təşkil edir. Şair nədən yazırsa-yazsın, bu və ya digər şəkildə azadlıqdan söhbət açırdı.

Məsəln, böyük türk şairi Nazim Hikmətə həsr edilmiş ''Qəribə adam'', zənci Con Harrisə həsr edilmiş ''Con Harrisə məktub'' və s. şeirlərinin mərkəzində də azadlıq ideyası ön planda idi.

Qarabağ hadisələrinin başladığı ilk gündən Eldar Baxış qələmini süngüyə, silaha çevirib düşmənə, onun havadarlarına hücüm eləyən qələm sahiblərimizdən biri idi.

Onun Zori Balayana yazdığı açıq məktub o zaman dillər əzbəri idi… Eldar xalqımızın düşməninə xatırladırdı ki, böyük budaqların böyük qolu var, ona meydan oxumaq hər xalqın işi deyil.

Eldar sözün bədii gücü ilə göstərirdi ki, ''İrəvan dilində sayıqlayan, Moskva dilində zarıyan'' Balayanın yazdıqları göydəndüşmə deyil, bu azar ona hampadan, keşişdən, ''böyük Ermənistan'' xülayasından gəlib.

Zori Balayanı ittiham edən,onu sözlə öz yerində oturtmağa çalışan Eldar Baxış özümüzdə də günahın az olmaması qənaətinə gəlirdi:

O nədir yazmısan Zori Balayan,
''Bala'' da bizimdir, ''zor'' da bizimdir.
Ölmək istəyirsən, gəl Qarabağa,
Kəfən də bizimdir, gör da bizimdir.

Ordan apararam öz kəndimizə,
Tutub apararam göyə çıxasan.
Ancaq qorxuram ki, gedəsən orda
Mənim kəndimə də yiyə çıxasan…

Bu misraları yazanda heç Eldar Baxışın ağlına gəlməzdi ki, indi rusların havadarlığına arxalanan ermənilər nəinki Dağlıq Qarrabığ, hətta ona bitişik ətraf rayonlara da, şairin doğulub boya-başa-çatdığı, babalarının, nənələrinin qəbri uyuyan doğma Müskanlıya da ''yiyə çıxacaqlar''…

Eldar Baxışı elə vətən dərdi öldürdü.Eldar torpaqlarımızın düşmən tapdağı altına düşməsinə heç cür dözə bilmirdi.

''Dünya sülh istəyir'' şeirində Eldar təəssüflə bu qənaətə gəlirdi ki, ''Azadlığın, Bərabərliyin, Qardaşlığın, Sülhün işi qalıb Allaha.''

1988-ci ildə qələmə aldığı mənim ''Çiçək xalqım'' adlı şeirində Eldar Baxış xalqımızın içində mürgüləyən vulkanı yuxusundan oyatmaq istəyir, onun övladlarına Şamanı, Atillanı, Şah İsmayıl Xətaini, Koroğlunu xatırladırdı.

Vəziyyətin son dərəcə gərgin olduğunu hiss edən, ''Silva Kaputikyanları, Zori Balayanları'' üstümüzə qaldıranların kimliyini yaxşı bilən şairin Allaha yalvarmaqdan başqa çarəsi qalmırdı.

Vətənin başına gətirilən müsibətlər, torpaqlarımızın işğal olunması,həm daxildə,həm xaricdəki düşmənlərin çoxluğu Eldar Baxışın şair ürəyini yaralayır,onun əsəblərini tarıma çəkirdi.

Təsadüfi deyil ki, həmin hadisələr zamanı dünyasını dəyişən Eldar Baxışı qələm dostları ''şəhid şair'' adlandırırdılır.

Torpaqlarımızın azad olunduğu günü görə bilməyən, qəbir daşına öz vəsiyyəti ilə ''Azadlıq'' sözü yazılan Eldar Baxışın vətənpərvərlik, müstəqillik,azadlıq,bütövlük,mərdlik, kişilik,qeyrət ruhuyla yoğrulan şeirləri indi də öz təsir gücünü itirməmişdir və yeni nəslin tərbiyəsində onun yaradıcılıq nümunələrinin təsir gücü böyükdür…

Rafiq Yusifoğlu
Şair,Əməkdar mədəniyyət işçisi,gilologiya elmləri doktoru,professor

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV