Fəridə Ləman

Fəridə Ləman
Tarix: 19-02-2016, 11:03 Toplam: nəfər paylaşdı.


Fəridə Ləman


SEVDİYİM VƏTƏN

Mən səni Ana bətnində
Sevmişdim,
Sonra Anamın qucağında,
Böyütdüyü ocağında.
Sonra da Əlifbamda,
Ana dilimdə adını
Dilimə gətirəndə,
Səni ürəyimdə
Ümid kimi bitirəndə.
Böyüdükcə hər yerdə
Səni gördüm-
Atamın şah duruşunda,
Mərd sözündə,
Qartal gözündə.
Nənəmin noğullu əlində,
Babamın qurşaqlı belində.
Anamın şükranlı dilində.
Təbiətin dağlardan əsən
Çiçək qoxulu yelində,
Çayların çoşqun selində
Sevdim Vətəni !
Böyüdüm ev-ev,
Məhlə-məhlə.
Sonra bir məktəb boyda,
Kənd boyda.
Sevdiyim Azərbaycan boyda.
Sevgim də böyüdü
Sevgilim oldu Vətən,
Hər yerdə əlimdən tutan.
Yellənən bayrağımı gördüm,
O yelləndikcə
Obamın,oymağımın varlığını gördüm,
Dünyanın düşmənin başına
Dar olduğunu gördüm.
Vuruldum rənglərin ahənginə-
Mavisinə,yaşılına,alına
Arıların pətəkdə balına,
Lalənin qara xalına.
Üzü haqqa yola alan
Sufi yoluna...
...Gördüm-Vətən deyib
Nəğməylə axan
Güzgülü bulaqları,
Gördüm bin-bərəkətli yaylaqları.
Göylərdən yağış,qar ələyən
Buludlu piyalələri.
Şəlalar gördüm –mirvari gülüşlü,
Qulac hörüklərini dağlardan atan,
Bu gözəlliklər içində
Sabahımızı gördüm sevincə batan
Bax belə sevdim Vətəni !
Qayalarda ağac tək,gül tək bitəni
Anadil quşutək öz sevdasıyla
Gecə-gündüz ötəni.
Belə sevdim Vətəni –
Ömür sürdüyüm ocaq boyda,
Böyüdüyüm qucaq boyda
İçimdə sevgisi ilə nur saçan,
Çıraq boyda.
Milyonların baxışından
İçimə axan işıq boyda,
Üzlərdəki təbəssüm,yaraşıq boyda.
Gördüm onu qalaq-qalaq
Sevda ilə yazılmış kitablarda,
Nəğməli dodaqlarda,
Barlı budaqlarda.
Bu sevdayla yol aldım
Çığırlara,izlərə,
Milyonlara,yüzlərə...
Qalxdım təpələrə,
Oradan qayalara
Qoca dağlara,almaz qaşlı zirvələrə.
Baxdım üzünə qan çəkmiş buludlara,
Uçurumlara,dərələrə,
Nələrə,ah,nələrə
Keçdi gözümdən qanlı tarix,
Şanlı tarix.
Sevdim onu
Qanını torpağına halal edən
Şəhidim kimi,
Azadlığım,əhdim kimi...
Yazılan taleyim,bəxtim kimi.
Bir də cəsədim boyda
Qazılacaq qəbrim kimi......
Sevdim səni,VƏTƏN !



DÜŞÜNƏK..... DÜŞÜNDÜRƏK.....SİLSİLƏSİNDƏN
S Ə K İ L Ə R

Gecələrin sakitliyində
Özünə haqq- hesab verər
Səkilər.
Addımlardan ağrıyan
Sinəsini küləyə verər
Səkilər.
Dili olmasa da,
Hər kəsin içini görər,eşidər
Səkilər.
... Kəsişər səkilər üstündə
Neçə-neçə ayaq izləri,
Dila açar bu səkilərdə
Neçə-neçə sevgidən alışan
Qəlb közləri.
Səkilər gözlərini
Ancaq gecələr yumar.
O da dincəlmək istər,
Bir rahatlıq umar.
Nə qədər dərd söylənər...
Tüstülü,yana-yana ,
Atılar siqaret kötükləri
Üstünə.
Bağrı yanar,haqsızlıqdan donar,
Sonra da tüpürcək köpükləri,
Tumlar,saqqızlar,mumlar...
İnsanlardan sonra itlər gələr,
İtlərdən tökülən bitlər gələr.
Daraşar səkilərin canına.
Səkilər silkələnə bilməz,
Heç insanın,itin,pişiyin
Dilini də bilməz...
Gündüzü sinəsi od tutar,
Gecəni qəlbi buz kəsər.
Hərədən bir söz,bir söyüş,
Keçən cütlüklər sanki döyüş
Meydanında
Sözlər yaraqlı,əvvəli yumşaq,
Sonu qəlbə atılan bir daş.
-Nələrə şahidəm ?!Heyhat !
Dərd içər su yerinə səkilər,
Yağış yağanda sevinər,
Ruhu yuyunar,durulanar.
Çiynindən sanki ağır yük götrülər,
Ağırlığı tökülər.
Dərindən bir nəfəs alar,
Ətrafa baxar,
Bəzən də fikrə dalar-
Səkilər...
... Amma insanlar da olmasa,
Yalnızlıqdan bağrı çatlar,
Onlarsız darıxar,ağlar-
SƏKİLƏR.....SƏKİLƏR.....



JURNALİST

( haqqın ipindən tutan həmkarlarıma )

Sözün əsgəridi,qələmi süngü,
Ədalət yolunda çalar külüngü.
Deyirlər-itidir sözün qılıncı
Tərəzi haqqındı,əyməz jurnalist,
Kimsənin qəlbinə dəyməz jurnalist!

Gəzər səngər-səngər,el-oba aşar,
Beyni buludlanar,gah da gün saçar.
Çox bağlı sirlərdən qıfılı açar,
Çökməz vicdanına qara dumanlar,
Gəlməz xəyalına şübhə,gümanlar.

Sözündən,fikrindən qələmi bəlli,
Əqidə,məramı,əməli bəlli
Hər gördüyü işdən təməli bəlli.
İstəsə,körpüdü el arasında,
Döyünən ürəkdi qol arasında.

Haqqı verə bilməz nahaqq ayağa,
Özülü bərkdirsə,ha yağış yağa.
Təpədən qalxırsan zirvəyə,dağa
Zirvədən boylanan nurdu jurnalist,
Çoxuna möcüzə,sirdi jurnalist !

Zəhmətdir kəlməsi,sözü,söhbəti,
Əkinçidi,cütdən çıxar qisməti.
Biçinçidi,anbarında hikməti
Sabahla səsləşər,ellə əl tutar,
Arı tək güllərdən şanı bal tutar.

Baxışı qartal tək göz ilə yazar,
Ağrılı nə görsə köz ilə yazar.
Hərdən iynə ilə,biz ilə yazar
Görün nələr çəkir,nələr jurnalist ?!
Dərdsiz üz görəndə gülər jurnalist!

Əriyər şam kimi,yanar şam kimi,
Sökülər üzlərə doğan dan kimi.
Gah alıva dönər,gah da qar kimi,
Bir misra üstündə dəyişər halı,
Qələmi dindirər dinməzi,lalı.

Bir qolunda Araz,bir qolunda Kür,
Deyirlər ömrünü yaşa,rahat sür.
Eh,dövran dəyişir,gör nələr olur?
Zamanın çarxına dönür jurnalist,
Hərdən alovlanıb yanır jurnalist !

Mərmi səsindədi hayı-harayı,
Fikrində bir görər o tay,bu tayı.
Kamanı düz çəksə,tuş gələr yayı.
Düşər hədəfinə nataraz,nadan,
Düşər hədəfinə ürək qanadan.

Danışar xalqından,millət adından,
Qığılcım sıçrayıb yurdun odundan.
Sözlərin rəngindən,dad və tamından
Çəkər göy qurşağı,bəzər jurnalist,
Sözüylə bədxahı əzər jurnalist!

Bərəylə kəsilməz selin qrşısı,
Sözdən baş çıxarmaz sənət naşısı.
Varsa,taleyində qələm naxışı,
Yaşar nəğmələrdə,eldə jurnalist,
Sədəfli tellərdə,dildə jurnalist !

Onun öz zirvəsi,öz bayrağı var,
Köksündə al qanlı şəhid dağı var.
Yuxusu perikib,hələ yağı var
Salatın,Alı tək ölür jurnalist,
Ölümə Çingiz tək gülür jurnalist !



OCAQ DAŞI
Səndən anamın ətri gəlir,Ocaq daşı!
ANAM SƏNİ ÖZ ƏLİYLƏ QOYUB BURA,
OCAQ DAŞI !
ÜMİD DAŞI,ARZU DAŞI,RUZİ DAŞI!
NƏ YAXŞI Kİ,YERİNDƏSƏN,
HEÇ YERİNDƏN TƏRPƏNMƏ SƏN,
HEÇ KİMSƏDƏM QIRPINMA SƏN.
SƏN ANAMIN YADIGARI,
YURD DAŞISAN
BACISISAN,QARDAŞISAN.
MƏN GÖRMÜŞDÜM SƏNİN İLƏ DANIŞANDA,
KİMLƏRDƏNSƏ HƏM KÜSƏNDƏ,BARIŞANDA.
DƏRDLƏŞƏRDİ SƏNLƏ ANAM,
BÖLÜŞƏRDİ SƏNLƏ SONAM.
SƏNİ YERDƏN TƏRPƏDƏNİN
ƏLİNƏ VUR.
BİRCƏ KƏLMƏ SÖZ DEYƏNİN
DİLİNƏ VUR.
TƏKİ BİRCƏ YERİNDƏ DUR.
XXX
SƏNDƏ ANAMIN ƏTRİ VAR,
SƏNDƏ ŞEİRİMİN SƏTRİ VAR.
BU GÜN GÖRDÜM,ÇOX KÖVRƏLDİM,
BULUD KİMİ YAĞDIM,DOLDUM.
HANSI DAĞDAN,DAŞDAN QOPDUN,
QAN AĞLAYAN YAŞDAN QOPDUN.
OCAĞMIZDA QAL , YAŞA SƏN,
BİRDƏFƏLİK QAL BU YURDDA
DÖN DAŞA SƏN.
MƏN GEDİRƏM ,ƏMANƏT OL ALLAHIMA,
AND VERİRƏM YERƏ-GÖYƏ,
QIRMIZIYANAQ ÇÖRƏYƏ
HƏR KƏSİ GÖRÜB ,EŞİDƏN
HAQQ OLAN UCA HAQQIMA.
XXX
...BU GÜN SƏNİ BURDA GÖRDÜM,
NƏ BİLİM SABAH HARDASAN?
BİR HÖRGÜDƏ,BİR DİVARDA,
YA BİR ÇÖLDƏ,DƏRƏDƏSƏN.
SƏNİ GÖRDÜM,
XATİRƏLƏR AYAQ TUTUB
YERİDİ BAX,
XATİRƏDƏN GÖZÜM YAŞI KİRİDİ BAX.
BAX YARIMÇIQ KÖSÖVLƏRİN NƏLƏR DEYİR?!
ƏZİZ ANAM,BU GÜN BU OCAQ BAŞINDA
YERİM,GÖYÜM ÇALXALANDI,
XATİRƏLƏR QALAQLANDI.
KÖLGƏN GƏZDİ ÜRƏYİMDƏ,
ŞƏFA ƏLİN KÜRƏYİMDƏ.
NƏFƏSİNİ HİSS ETDİM MƏN,
AYRILIĞIN KƏDƏRİNİ HİSS ETDİM MƏN.
FİKRƏ DALIB ,YAŞ AXITDIM,
RUHUNA QURAN OXUTDUM.
AMMA,YOXSAN,
YOXSAN ANAM!
AĞRIYIRAM YOXLUĞUNDAN,
AĞLAYIRAM YOXLUĞUNDAN.
OVUDAMMIR CIZMA-QARA YAZDIQLARIM,
GAH YARIMÇIQ POZDUQLARIM.
XXX
SƏN ADINDA OCAQLARI QUCAQLADIM,
BOY VERDİYİN AĞACLARI QUCAQLADIM.
DİLLƏRİNDƏ "NƏNƏ BİTƏN "-
UŞAQLARI QUCAQLADIM.
BİR YOL GÖSTƏR,ANAM MƏNƏ,
BİR YOL GÖSTƏR SONAM MƏNƏ.
BU OCAQDAN AYRILMAĞA AYAQ GETMİR,
OCAQ DAŞI HARAYMA ÇAT,
YA DA GƏL AL ÜRƏYİMİ,
OCAĞINA,TÜSTÜNƏ QAT.
QAYNAYIBDI QAZANLARI SƏNİN ÜSTDƏ,
NEÇƏ TAMIN ,DADIN ÜSTDƏ.
NƏĞMƏ QOŞUB ,BƏZƏYİBDİ,
BAYATISI ,BAL DİLİYLƏ,
OCAQ ÜSTƏ QAZANINI QAYNADANDA
GÖZƏL ANAM BELƏ DEYİB -
QAYNA ,QAZANIM,QAYNA,
QAYNA ,RUZİM BOL OLSUN.
QAZANIMDAN PAY DÜŞƏN,
QOY ÖMRÜN UZUN OLSUN!
RUZİ YAZSIN,TALE YAZAN,
HƏR EVDƏ QAYNASIN QAZAN.
OCAQ ÜSTÜ BOŞ QALMASIN,
DOLU OLSUN HƏR BİR ZAMAN!
XXX
BELƏCƏ QAYNADAR ANAM QAZANI,
ÜSTÜNDƏ MİN DUA,ALQIŞ EDƏRDİ.
YEDDİ BALASINI YEDİRDƏN ANAM,
ÜSTÜNƏ GƏLƏNƏ PAY-PÜŞ EDƏRDİ.
ÇÖMÇƏSİNİ FIRLATDIQCA
BƏRƏKƏTİ ÇOXALARDI,
XÖRƏKLƏR DƏ QAZANINDA
ƏLLƏRİNDƏN DAD ALARDI .
YEDDİ BALA ÜZÜNƏ
GÜLÜŞ ƏKİRDİ ANAM,
GÜL ÜZLÜ SABAHLARA
TOXUM SƏPİRDİ ANAM.
ÇİÇƏK TƏKİ GÜLÜRDÜ
ÜZÜMÜZ QIZARANDA,
ÇİÇƏK KİMİ SOLURDU,
ÜZÜMÜZ BOZARANDA.
XXX
ÖMRÜMÜN ÇİÇƏKLƏRİ,
GÜLLƏRİ,LƏÇƏKLƏRİ.
BÖYÜYÜB ,BAŞA ÇATIN,
GÜNƏŞİN SAÇAQLARI !
YEYİN HALAL NEMƏTDƏN,
ŞORBADAN,KİFTƏ,ƏTDƏN.
UZAQ OLUN PİS GÖZDƏN,
MURAD ALIN HƏYATDAN.
ARZU,DİLƏYİMSİNİZ,
HƏYAT GƏRƏYİMSİNİZ.
QADA,BƏLA GÖRMƏYİN,
VURAN ÜRƏYİMSİNİZ!
X X X
BƏLKƏ BİGANƏ ÖTƏRDİM,
OCAQ DAŞI ,
BAŞQA VAXTI MƏN YANINDAN,
AMMA MƏNƏ YADİGARSAN
GÜL ANAMDAN.
DAHA SƏNİ BƏYƏNMİRLƏR.
BİLİRƏM Kİ,BİR GÜN SƏNİ ATACAQLAR,
VALLAH,BİLLAH MİN GÜNAHA BATACAQLAR.
OCAQ DAŞI,XƏYALIMLA QANADLANDIM
GAH DÜNƏNƏ,GAH BU GÜNƏ.
OCAQ DAŞI,DÖNÜB YENƏ SƏNƏ GƏLDİM,
DUMAN OLDUM,ÇƏNƏ DÖNDÜM
BİR ÇƏKİLMƏZ QƏMƏ DÖNDÜM.
VAR OL SƏNİ,OCAQ DAŞI,
QORU ANAMIN İZİNİ,
QOYMA SÖNSÜN SON KÖZÜNÜ...
скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10