Amil Avoğlu

Amil Avoğlu


Amil Avoğlu



Görünmür

Gəlib çatdım ömrün payız fəslinə,
Ağartdığım saç gözümə görünmür.
Seyrəkləşib can söyləyən ətrafım,
Kölgəm belə heç gözümə görünmür.

Fərqi yoxmuş: ağlayan ol, gülən ol,
Bu dünyanın hər üzünü bilən ol,
Nə gətirir, nə ötürür o ağ yol,
Gedən karvan, köç gözümə görünmür.

Vaxt var idi sanırdım ki, dağam mən,
Heç bilmirəm indi varam, yoxam mən,
Gecə-gündüz qəm yeyirəm, toxam mən,
Yetim-yesir, ac gözümə görünmür.

Çox dedilər, içində dərd daşıma,
Yandım gedən torpağıma, daşıma,
Mənası yox, qoysalar da başıma,
İnnən belə tac gözümə görünmür.

Dərdi-qəmi uşaq ikən qanmışam,
Gözüm görən dəhşətlərdən donmuşam,
Üzdə gülüb içimdə çox yanmışam,
Daha bayır, iç gözümə görünmür.

Hara qoydum ləl saxlayan sədəfi?
Seçəmmirəm yaxın, uzaq hədəfi,
Dolaşdırıb, düyün saldım kələfi,
İtirmişəm, uc gözümə görünmür.

Amil, itik birmi, beşmi - axtarım?
Uçub getdi neçə durna qatarım,
Gedənləri necə geri qaytarım,
Ha baxıram güc gözümə görünmür.




İçim döyüş meydanıdı

İçim döyüş meydanıdı, hey gəlirik üz-üzə,
Mən düşmana, düşman mənə qalib gəlmək istəyir.
Gecə-gündüz çək-çevirdə keçir mənim hər anım,
Mən vicdana, vicdan mənə qalib gəlmək istəyir.

Kədər məni gizli-gizli sağa çəkir, qəm sola,
Xoşbəxtliklə bir doyunca dolanmadım qol-qola,
Əzəl başdan zəmanəylə gedə bilmirəm yola,
Mən dövrana, dövran mənə qalib gəlmək istəyir.

Bu dünyanın fələk adlı tərs fırlanan carxı var,
Qabağımda keçilməyən neçə dərin arxı var,
Mənim aslan cürətimin içində bir qorxu var,
Mən dovşana, dovşan mənə qalib gəlmək istəyir.

Vallah-billah nə sənindi, nə mənimdi bu yer, göy,
Hər qarışın sahibi var, sən ögeysən, mən ögey,
Eşitdiyim ayrı şeydi, gördüklərim ayrı şey,
Mən yalana, yalan mənə qalib gəlmək istəyir.

Fəsillər də öcdü mənlə “yaz getməmiş qiş gələr”,
Hər gün umud boxçalarım “dolu gedər, boş gələr”,
Gözləyərəm həsrət-həsrət bəlkə sabah xoş gələr,
Mən gümana, güman mənə qalib gəlmək istəyir.

Qoy deyim bir həqiqəti bunu başa düş öncə,
Tanrım mənə bəxş edibdi başqa ağıl, düşüncə,
Nəfs mənimlə cəngə çıxır ələ fürsət düşüncə,
Mən şeytana, şeytan mənə qalib gəlmək istəyir.

Amiləm, çox qaralanib taleyim də, günüm də,
Dəyişməyib, yerindədi imanım da, dinim də,
Mən könüllü təslim ollam görəndə ki, önümdə
Şərə asi insan mənə qalib gəlmək istəyir.



Mən sevən şairləri güllələyiblər

Mən sevən şairləri güllələyiblər,
Sağ qalanları arxadan topa tuturlar,
Nizamidən üzü bu yana
Şairlərin soyqırımı başlayıb.

Bu yol uzaqlardan gəlir,
Görən hara aparır bizi?
Salıb şeytanın arxasınca
Qarabaqara aparır bizi.
Tətik çəkən,
Balta endirən türkün
Hədəfi öz başıdı.
Min illərdi kükrəyən
Kür çayı, Araz çayı
Millətin halına ağlayan şairlərin
göz yaşıdı.

Mən sevən şairlərin axıdılan qanı
Göyərtdi kötükləri.
Müşfiqin yeri-yurdu bilinmir,
Ruhunun yanına qayıtdı
Cavidin sümükləri.
Əmin ol bir gün
Düşməndən qisas almaq mümkün.
Amma cavabsız qalır bir sualım:
Bəs özüm kəsdiyim başlara görə
Özümdən necə qisas alım?

Tətik çəkən, balta endirən türk,
Heç olmasa bir dəfə əl saxla,
Daşı ətəyindən tök.
Tükəndi göy əski,
Bir yol da gününü
Gülə, çiçəyə bük.



Yol birdi

Dövran bizi pərən-pərən salsa da,
Vətən birdi, millət birdi, yol birdi.
Dəyişməyib qara bulud, qasırğa,
Üstümüzdən əsib keçən yel birdi.

Gördüyünə göz yumubdu babalar,
Biz də yatdıq, kaş yatmaya nəvələr,
Gizli-gizli tələ quran qüvvələr,
Əzəl gündən şeytan ilə dilbirdi.

Başımıza nələr gəldi, kim bilmir,
Elə dərd var özgələrə deyilmir,
Sənin dərdin mənim dərdim deyilmi,
Göz yaşından o yaranan göl birdi.

Doğru bilmə hər deyilən yalanı,
Öz başına özün açma bəlanı,
Mən verəndə sən almırsan salamı,
Ətrafında yağı düşmən əlbirdi.

Amil, elin, vətəninlə fəxr elə,
Pərvanə tək ətrafında dövr elə,
Tutacaqdır haqq yerini, səbr elə,
Görəcəksən zaman özü xəlbirdi.



Qızılı tellər

Tökülüb çiyninə qızılı tellər,
Üzünə, gözünə işıq, nur yayır.
Mənim barmaqlarım həsrət, aralı,
Onu bir əsimlik külək darayır.

Yaman öcəşibdi külək mənimlə,
Yaman qısqanıram, yaman qorxuram.
Gah pərişan edir, gah sığal çəkir,
Mənim cəsarətim çatmır toxunam.

Saçların bir tonqal alovdu, oddu,
Daldalan tutmasın onu küləklər.
Mən çoxdan yanmışam, eh mənə nə var,
Alov dilimləri xalqı kül eylər.

Bu sevgi mənə tanış
Nakam eşqinə ağlayan qız,
Bir az da gül, danış.
Bu sevgi Leyli sevgisidi,
Bu sevgi mənə tanış.

Səni də yolundan elədilər,
İndi peşiman olmusan.
Yanıb şam tək əriyirsən,
Halı pərişan olmusan.

Bu nə görkəm, nə bənzəyiş,
Mənim yadıma o qız düşür.
Onu payızda sevmişdim,
İndisə ömrümə payız düşür.

Yenə payız havasıdı,
Sənsə onun o zamankı qız yaşıdı.
Göydən yağan da leysan deyil,
Hər ikinizin göz yaşıdı.

Səni bir də o cür kim duyacaq,
Baxışlarından qopan harayı
Kim eşidəcək?
Axan bu isti göz yaşların
Olsa-olsa yastığını isidəcək.

Tarix dönür, təkrarlanır,
Nə olsun ki, bir az eyni,
Bir az yanlış.
Bu sevgi mələk sevgisidi,
Bu sevgi mənə tanış.



Sən deyilsən

“Bu axşam ömrü boyu oxunmayan mahnı kimiyəm” deyən bir qadına

Bəstələdi zaman məni, sonra atdı bir tərəfə,
Oxunmayan mahnı mənəm, sən deyilsən.
Öz içində ağı deyib subhü dirigözlü açan
Gecələrin mahı mənəm, sən deyilsən.

Sən tək bir yol oxunmadın,
Mən illərlə susub qaldım.
Suya həsrət cadar-cadar torpaq kimi susuz qaldım,
Hər deyilən acı sözdən öz içimdə küsüb qaldım,
Gizli çəkən ahı mənəm, sən deyilsən.

Görürsənmi dərd çəkməyə bir gecəlik təhərin yox,
İndi yəqin uyqudasan, yerdən, göydən xəbərin yox,
Zaman vuran zərbələrdən talan olmuş şəhərin yox,
O şəhərin ruhu mənəm, sən deyilsən.

Duman olub sərməst gəzir başım üstə həsrət, qubar,
Bir axşam yox, qırx ildi yol gözləməkdən gözüm qabar,
Oxunmayan, gizli qalan “Leyli-Məcnun” dastanım var,
Eşq elmində dahi mənəm, sən deyilsən.

Mən Amiləm, ömrüm boyu yol vermədim qəbahətə,
O, qol açdı xəyanətə, mən əl açdım məhəbbətə,
O, gül oldu var-dövlətə, mən qul oldum sədaqətə,
Sevənlərin şahı mənəm, sən deyilsən.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10