Mən sevirəm payıztək,əsən yeldən qorxum yox-Məryəm Əliyevanın şeirləri



Mən susaraq danışıram
Ümid mənim,pənah sənin.
Neyləyim ki,çox sevirəm,
Anlamırsan günah sənin

Sətirlərim sənlə dolu,
Vergülü sən,nidası sən.
Böyütdüyüm məhəbbətin,
Şeir kimi nöqtəsisən.

İçin-için qovruluram,
Gəl danışdır,dinlə məni.
Unutma çox istəyirəm ,
Sətirlərdən dinləməni.

Düşünmə ki,yazmaq olur,
Gizli eşqi düz ürəyə.
Bəlkə sənə demək asan.
Çox çətindir qız ürəyə.

***
Kaş mən də sənin kimi aşıq ola biləydim,
Hayqıraydım içimdən səni sevirəm deyə.
Dolanaydı üzündə utancaq baxışlarım,
Yandıraydı gözüm də səni sevirəm deyə.

Sətirlərdə gizlənən məhəbbəti görəydin,
Sevdirəydim özümü ,sevilərək sevəydim.
Sonunda bu ürəyim dillənəydi,deyəydim,
Mən axı dəli kimi səni sevirəm deyə!

Sükunətim ağrıdır,inciyirsən,küsürsən,
Bəlkə də sevmir deyə ümidini kəsirsən.
Ay əzizim,unutma,sən könlümə əsirsən,
Amma deyə bilmirəm ,səni sevirəm deyə !

***
Bu gecə köz kimi düşdün içimə,
Söylə qibləgahım ,canım necəsən?
Elə bağlamısan gecə gözümü,
Açılmaz sabahım,danım necəsən?

Gördüm baxışların cənnət nübarı,
Əlin əllərimin mehri,tumarı.
Nə olar,qoy öpüm mən o qabarı,
Özümə günahım sanım necəsən?

De indi rahatmı evin-eşiyin,
Görünməz pəncərən,taxta “beşiyin”.
Ay Ata, izn ver çəkim keşiyin,
Tükənərsə ahım,yanım necəsən?

***
Ömür bir ağacdı qollu-budaqlı,
Dostum, neçə payız yükü səndədi.
Çalışma əlinlə baltalayasan,
Boyu göy üzündə kökü səndədi.

Bəlkə də bu yolun sonu belədi
Saplağı qırılan torpağa düşər.
Yazın ağrısını payız çəkirsə,
Hər ölüm saralan yarpağa düşər.

O qədər böyük ki,yaşam həvəsi,
Tutub dörd fəsilə sığdırmaq çətin.
Günləri aylarda saymağa nə var,
Bir ömrü bir vəslə yığdırmaq çətin.

Nə qədər çalışsan nə qədər etsən,
Oyanmaz bəxtində yatan illərin.
Bəlkə də xoşbəxtlik yuxusundadı,
Dərdini başından atan illərin.

Daşlama içində özünü belə
Savablar içindən günah oyanar.
Sənin oyatmağa çalışdığın qəlb,
Düşünmə yatdısa sabah oyanar .

***
Güvəndiyim uca dağa zirvə idin,
Xəyalımı duman ,çəndən izləmirəm.
Addımını tərsi-düzə qoyma nahaq,
Daha gəlmə,indi mən də gözləmirəm!

Kədər məni üzsə belə görmə daha,
Mənə doğru bircə ümid hörmə daha.
Məni səndə səni məndə yorma daha,
Daha gəlmə ,indi mən də gözləmirəm .

Düşünmə ki,sənə doğru yol eylərəm.
Qısa ömrü dəli eşqə qul eylərəm.
Gərəkirsə səni məndə dul eylərəm
Daha gəlmə,indi mən də gözləmirəm.

***
Mən sevirəm payıztək,əsən yeldən qorxum yox,
Həsrətimdən usanmış yağışlar islatsa da.
Yenə böyük məhəbbət ,eşq gözüylə baxıram,
Bir-birindən utanmış naxışlar ağlatsa da.

Üzərimi alsa da vaxtsız düşən soyuqlar,
Donmayacam bilirəm,gövdəmdə tonqal itər.
Dəyişsə də yarpağım tükənmərəm ağactək,
Unutsam budağımı köksümdə qanqal bitər.

Sevirəm xəzan kimi,rənglərimin sayı çox,
Düzüldüm bircə-bircə məhəbbət budağına.
Bəlkə də çürüyərəm,yaşamaram bir daha,
Arzum budur qarışım ləyaqət torpağına.

***
Mənim eşq adlanan sənli dünyamın,
Göyü yerə gəlir, yeri göydədi.
Bir ayrı döyünür köksümdə ürək,
Ruhu dərddə gəzir, goru göydədi.

Bivəfa ömürdə, zaman dənlənir,
Gecələr, gündüzlər yaman tənlənir.
Qırılır xəyallar güman çənlənir,
Yarı səcdə gəzir, yarı göydədi.

Kəsdim kənarını nur dolu teştin,
İçimdən içinə yüz dəfə keşdim.
Məni sevdalayan bu dəli eşqin
Sən adında ixtiyarı göydədi.....

Məryəm Əliyeva
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi