Kaş biryolluq məhv edəydi-Eynulla Sadıqın şeirləri



Eynulla Sadıq (Axunov Eynulla Sadıq oğlu) 1957-ci ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub. 1979-cu ildə Xankəndi Pedaqoji İnstitutunu bitirib. İxtisasca Azərbaycan dili və ədəbiyyat müəllimidir. Qırx ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur. Ədəbi yaradıcılığa yeniyetmə yaşlarından başlayıb. Şeirləri və məqalələri bir çox mətbu orqanlarda - qəzetlərdə, jurnallarda, o cümlədən müxtəlif almanaxlarda dərc olunub. 2007-ci ildə "Mən necə qocaldım" adlı şeirlər kitabı işıq üzü görüb. İkinci şeirlər kitabı çapa hazırlanır.

Təcnislər

Yaxam əlində

Yerlə yeksan olub bezirəm candan,
Qaldıqca nadanın yaxam əlində.
İlahi qıymasın qalam ömürlük
Ya naşı əlində, ya xam əlində.

Sığın qucağıma, məni qalan san.
Sən ki yaddaşımda daim qalansan.
Nadanı əfv etmə, oda qalansan,
Yandır amalın da, yax əməlin də.

Doxsan iki, on səkkiz may şər yaz a!
Gözəl günlər gedib çıxdı şər yaza.
Bir alçaq ki, böhtan deyə, şər yaza,
Yandıram dilin də, yaxam əlin də.

***
Yaxana

Özünü dünyada aciz tanıtsan,
Şeytan dərdi, qəmi asar yaxana.
Baş endir bir olan qadir Allaha,
Diz çökmə sultana, şaha, ya xana.

Zülmü sinəm üstə mən düzəm əlli,
Ovudar qəlbimi kim düzəməlli...
Qırx ildə görmədim heç düz əməlli,
Hər gün rast gəlirəm ürək yaxana.

Elin satqınını, pisini, ata,
Koroğlusan - deyib mindirdik ata.
Bir oğul elini, yurdunu ata,
Ona haram olsun ocaq, ya xana.

***

Sənəm, ay Sənəm

Otuz il yaşadıq can bir qəlibdə,
Sən mənsən, mən də ki, sənəm, ay sənəm.
Behişt yaratmışıq ömür bağında,
Şəhdi-şirəsini sən əm, ay sənəm.

Dövranla döyüşdə olmasa pəncə,
Kədər dərz bağlayar, ələmsə pəncə.
Bəxt həsrət qalmasın çahara, pəncə,
Verməsin gözünə sə nəm, ay sənəm.

Qaşların gözəldir o gözəl Aydan,
Eynulla çəkərmi heç göz, əl Aydan.
Hər kəs ləzzət alar bir gözəl aydan,
Mənə mart əzizdir, sənə – may, sənəm.

***

Yarandı

Bu məhəbbət möcüzəmi, yuxumu?
Bu məhəbbət heçdən, yoxdan yarandı.
Bu məhəbbət yarandığı çox deyil,
Bu məhəbbət yarandığı, yar, andı.

Ürəyimə eşq xalısı toxundu,
Soyuqluğun ürəyimə toxundu,
Vüsalını həsrətimə toxundu,
Əhd bağlasaq, gör kim pozar, yar, andı.

Eynullanın qara saçın qar alar,
Sevdalı ürəyə gəlməz qaralar,
Həsrətindən ağ günlərim qaralar,
Bir “hə” sözün zülmətləri yarandı.

***

Ay aşıq

Gəldim qəbrin üstə, yar yada düşdü,
Mən də sən dərdliyəm, Sarı, ay aşıq.
Öz əhdinlə dəfn ediblər tərsinə,
Baxırsan Yaxşıya sarı, ay aşıq.

Qananlara şan-şöhrətdi üz ağı,
Namərd verən bal zəhərdi, söz – ağı.
Xəyalıma gəldi yüz söz, yüz ağı,
Qanatdım yaramı, sarı, ay aşıq.

Aşiq daim haqdan dilər: yaşa, yar,
Eynulla ölsə də, eşqi yaşayar.
Rəhm eləmir həsrət tökən yaşa yar,
Qondurur qönçəyə sarı, ay aşıq.

***

Budu yar

Sən nə üzlə böhtan dedin, şər yazdın?!
Varlığına nifrət eylər bu diyar.
Bəd əməldən əl çəkməsən, unutma,
Haqq qamçısı bir gün səni buduyar.

Budu böhtan, budu fitnə, budu şər,
İnanmıram haqq yoluna bu düşər.
Taleyinə zülmət çökür, budu şər,
Günahların çətin anlar, bu duyar.

Sən olmusan bir biçimsiz dağdağan,
Fəsadından aran da qan, dağ da qan.
Bu elləri az etmədin dağ-dağ an,
Üz döndərib səndən qohum, budu yar.

***

Oy anacan

Yandı canım qürbət adlı
Cəhənnəmdə, oy anacan.
Kaş biryolluq məhv edəydi
Dərd canımı oyanacan.

Bu yer vermir yuxuya tam,
Getmək olmur yuxuya tam.
Qəriblikdə yuxu yatam,
Doğma yurdda oyana can.

Eynullanın yazı qara,
Yazan yazıb yazı qara.
Təsir etmir yazı qara,
Oyan, a can, oyan, a can.

***

Dünya

Nə yatmısan marığıma,
Yağı dünya, qarı dünya.
Günü-gündən cavanlaşma,
Qocal, dünya, qarı, dünya.

Uşaq tək oynatdın topla,
Yurdumu dağıtdın topla.
Üstümə insafla topla
Qarı, dünya, qarı, dünya.

Eynullanı bilmə zəli,
Haram tikə bilməz əli,
Sir-sifətin, bil, məzəli,
Arvad dünya, qarı dünya.


Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi