İsmayıl Şıxlı: yaddaşlara əbədi həkk olunmuş yazıçı



İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. Nasir, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1949), Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikasının Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991) İsmayıl Qəhrəman oğlu Şıxlınski 1919-cu il martın 23-də Azərbaycanın Qazax rayonunun II Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirdikdən sonra Qazax pedaqoji məktəbində (1933-1936) təhsil almışdır. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işlədikdən sonra APİ-nin (indiki ADPU-nun) dil və ədəbiyyat fakültəsində 1937-1941-ci illərdə təhsil almışdır. 1941-1942-ci illərdə Qazax rayonunun Kosalar kəndində dərs hissə müdiri işləmişdir. Ikinci Dünya müharibəsi başlandıqda İsmayıl Şıxlı Sovet ordusunun tərkibində ön cəbhələrdə - Şimali Qafqazda, Krımda, III Belorusiya cəbhəsində, Şərqi Prussiya istiqamətində düşmənə qarşı sıravi əsgər kimi vuruşmuşdur. Müharibədən tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir. 1946-1949-cu illərdə APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinin aspirantı olmuş, müəllim, baş müəllim, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. İsmayıl Şıxlı 1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1976-1978-ci illərdə “Azərbaycan” jurnalının baş redaktoru, 1981-1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, 1981-1987-ci illərdə SSRİ Yazıçılar İttifaqının katibi kimi çalışmışdır. 1991-ci ildə AzərbaycanYazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir.

İsmayıl Şıxlı ictimai fəallığı ilə həmişə fərqlənmişdir. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983-cü illər), Azərbaycan KP Bakı şəhər komitəsinin üzvü (1968-1970), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin üzvü, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir. 1976-cı ildə xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti xəttilə Almaniya Demokratik Respublikasına, 1982-ci ildə Almaniya Federativ Respublikasına göndərilən Sovet nümayəndə heyətinin tərkibində olmuşdur. İsmayıl Şıxlı xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilmişdir. 1979-cu ildə “Qırmızı əmək bayrağı”, 1985-di ildə II dərəcəli “İkinci Dünya müharibəsi” orden və medallarını, 1973-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını almışdır.

Keçən əsrin 80 – ci illərində İsmayıl Şıxlı Sovet rejimində gedən “yumşalma” prosesini görürdü və ona görə də milli taleyimizlə bağlı məsələlərə ziyalı mövqeyindən yanaşırdı. Açığı deyək ki, milli taleyimizlə bağlı məsələlərdə cəsarət göstərirdi, fəallığını və milli marağını gizlətmirdi.
1988 – ci ildə Qərbi Azərbaycandan (indiki Ermənistan adlanan ərazidən) soydaşlarımız deportasiya olunarkən o, ağrılı, acılı insanları ruhdan düşməməyə çağırırdı və “Su axan yerdən bir də axar” deməklə bizim dədə - baba yurd yerlərimizə sahib çığacağımızı söyləyirdi.

1990 – cı ilin “20 yanvar” hadisəsindən sonra çoxları xalqdan uzaq düşdülər, xalqdan qaçıb gizləndilər. Ancaq İsmayıl Şıxlı 1990 – cı ilin “20 yanvar”ında xalqın içində idi. Şəxsən özü qabağa düşüb Ali Sovetin sessiyasının çağırılması üçün əlindən gələni etmişdi. Xalqı sakitləşdirmək, hadisələrə ayıq başla qiymət vermək üçün Ali Sovetin iclasına özü sədrlik etmişdi. Həmin günlərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda çəkinmədən Primakovun üzünə onun və bütün Qorbaçov dəstəsinin “ermənilərin əlində oyuncaq”, “milli və siyasi əqidəsinə xəyanət edən adamlar” olmasını söyləmiş, “Xalqı qırmaqla onun iradəsini sındırmaq cəhdi vəhşilikdir!” demişdir. Və İsmayıl Şıxlı çıxışını bu sözlərlə bitirərək kommunistlərlə vidalaşmışdır: “Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərbaycan KP MK üzvlüyünə namizədəm. Azərbaycan SSR Ali Sovetinin deputatıyam. SSRİ Yazıçılar İttifaqının üzv və katibiyəm. 45 illik partiya stajım var. Mən müharibədə kommunist bolşeviklər partiyasına üzv olmuşam. İndi isə bu partiya Qorbaçov və sizin kimi rəhbərlərin ağlı ucundan öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli “SS” partiyasına çevrilib. Mən sizinlə bir sırada dayanmaq və belə bir partiyanın üzvü olmaq istəmirəm”. O, xalqımızın qanını axıtmışlara nifrət əlaməti olaraq partbileti qaytardı.

İsmayıl Şıxlı Azərbaycan mühitinin XX yüzildə yetirdiyi nəhəng şəxsiyyətlərdən biridir. Bu nəhəng şəxsiyyətin qəlbi 1995-ci il iyulun 26-da döyünməkdən qaldı. İki gün Azərbaycanın hər yerindən onunla vidalaşmağa gələnlərin ardı-arası kəsilmədi. İyulun 28-də İsmayıl Şıxlı Fəxri Xiyabanda torpağa tapşırıldı.

İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi – halına həkk olunan bir məsələdir. O, müharibənin başlanması xəbərini APİ-nin (indiki ADPU-nun) axırıncı kursunda dövlət imtahanı ərəfəsində eşitmişdi. İsmayıl Şıxlı müharibənin başlanmasını belə xatırlayırdı: “Nahar vaxtı idi, yataqxanadakı yeməkxanaya toplaşmışdıq. Deyib-gülür, zarafatlaşır, toyu olanları,nişan taxılanları təbrik edirdik. Divardan asılmış radionun səsinə də əhəmiyyət vermirdik. Şəmistan adlı bir yoldaşım mənə yaxınlaşdı. Səsi titrəyə-titrəyə qulağıma pıçıldadı ki, müharibə başlayıb. Inanmadım, axı almanlarla müqavilə bağlamışdıq. On il bir-birimizə hücum etməməyə söz vermişdik. Belə namərdlik ola bilməzdi ...

Birdən hiss etdim ki, yeməkxanaya sükut çökdü . Qaşıqlar əldə, xörəklər qabaqda qaldı. Molotov danışırdı . . .”

İsmayıl Şıxlı qələbə gününü də öz yaddaşına yaxşı həkk etmişdi. Qələbənin sevinci ona rahatlıq gətirən xəbər olmuşdu. O, qələbəni belə xatırlayırdı: “Katerin radiosundan Levitanın səsini eşitdim: “Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur”. Qaçıb yoldaşlarıma dedim inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü . . .”

İsmayıl Şıxlı cəbhə dostluğunu, səngər dostluğunu təmənnasız dostluq sayırdı. Belə hesab edirdi ki, ağır günlər insanlarda bir-birinə qarşı həssaslıq, qayğıkeşlik yaradır. Onun fikrincə, «Cəbhədə dostun və düşmənin kim olduğunu aydın bilirsən. Kimə arxalandığını, kimə qarşı vuruşduğunu gözəl bilirsən. Bilirsən və arxayınsan ki, səngər dostun üzünə gülüb arxadan səni vurmaz » . O, insandakı ən gözəl keyfiyyətlərdən birini də inam hesab edirdi. ” İsmayıl Şıxlı insanda bir sıra gözəl keyfiyyətlər sırasında dostluğu, qayğını, aydınlığı və inamı vacib sayırdı. Ona görə, “. . . dostluq olmadan, qayğı olmadan, aydınlıq olmadan, inam və əqidəyə arxalanmadan cəmiyyəti irəli aparmaq qeyri-mümkündür”.

Cəbhə yolları İsmayıl Şıxlının tərcümeyi-halının silinməz, pozulmaz səhifələrindəndir. Bu yolun çox ağır, uzun bir yol olduğunu o, heç vaxt unutmamışdır. Onun cəbhə yolu Dərbənd şəhərindən başlamışdır. Gecə-gündüz alman tanklarının əleyhinə xəndəklər qazır, dəmir dirəklər basdırır, tikanlı məftillər çəkirdilər. Onlar imkan vermirdilər ki, almanlar Mozdokdan bu yana Dərbəndə doğru gəlsinlər. İsmayıl Şıxlı həmin günləri belə xatırlayırdı: “Biz Xəzər sahilindən Qura dəniz sahilinə, Tuapse tərəfə, oradan isə Krasnodar şəhərinə doğru irəlilədik.

İrəlilədik demək düz deyil, əslində biz bu yolları dizin-dizin süründük, qarış-qarış keçdik”.
Böyük Vətən müharibəsindən uzun illər keçdi. Ancaq İsmayıl Şıxlı müharibə illərini unutmadı. Bəzən nəfəsini dərib geriyə - ömür yollarına baxanda müharibə illərinin ağrı, acısını istər-istəməz xatırlamalı olurdu. Müharibəni və onun ağrı, acılarını yaşamağı heç kəsə arzu etmirdi.
İsmayıl Şıxlının qələm adamı olmasında, yazıçı olmasında mühitin böyük rolu olmuşdur. Əlbəttə, burada Qazax seminariyasının abı-havası, üstəlik ədəbiyyat müəllimlərinin rolu danılmazdır. İsmayıl Şıxlı müsahibələrinin birində deyirdi: “Qazax seminariyasına qəbul olub, qələm tərəfə baxmamaq, gizlicə ona sarılmamaq mümkün deyil. Elə bil ki, oranın abı-havası özü adamı dingildədir, canından, qanından söz-söhbət, od-alov qoparmaq istəyir. Ədəbi ocağa bənzəyən hər addımda Firidun bəy Köçərlinin, Əli Hüseynin, S.Vurğunun, Osman Sarıvəllinin adı çəkilən bir yerdə hünərin var lal-pitik ol.

Üstəlik, ədəbiyyat müəllimlərimizdən S.Vurğunun, O.Sarıvəllinin dostları Mirqasım, Əli, Sarı Hüseyn kimi müəllimlər gənc ürəklərimizi körük kimi basırdılar”.

İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlib və onun cəmi bir şeiri – “Quşlar” şeiri çap olunubdur. Amma o, şeirdə daynmayıb nəsrə küçibdir. O, öz ürək sözünü nəsrlə demək istəyib, nəsrdə özünü tapa bilib və istedadlı bir yazıçı kimi özünü nəsrdə təsdiq edibdir.

İsmayıl Şıxlını tanıyanlar onu şair gözləyirdilər. Ancaq o, nasir oldu. Hətta onun müəllimi Sarı Hüseyndən soruşanda ki, İsmayıl Şıxlının müəllimi olmusunuz, onun yazıçı olacağını görürdünüzmü sualına belə bir cavab verilmişdir: “İsmayılı ədəbiyyat dərnəyindən tanıyırdım. Sözlərinin gün-gündən sərrastlaşdığından, mətləbə tezcə gələ bilməsindən hər şeyi bəlli eləyirdi.
Düzü mən onu şair gözləyirdim”.

İsmayıl Şıxlı heç olmazsa, bircə şeirinin çap olunması arzusu ilə yaşasa da, bu arzu həyata keçdikdən sonra şair olmaq sevdasından tamam uzaqlaşmışdır. Və bu məsələni sonralar belə xatırlamışdır: “Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim - nəhayət, şeirim çıxdı; kədərlənirdim – heyf ki, bir də şeir yazmayacağam . . .”

(1-ci yazı)
DAVAMI VAR...
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi