"Mənim könlüm qan ağlayan bir kaman"-Vüqar Əhmədin şeirləri



Analoq.az tanınmış şair Vüqar Əhmədin şeirlərini təqdim edir:

VƏTƏNİMİ QORUMAĞA

Ölkəmin bir bucağından,
İsti ata ocağından,
Yaxınların qucağından
Ayrı düşdüm, ər olmağa,
Bu Vətəni qorumağa.
Sola döndüm, döndüm sağa,
Yol vermərəm yad qonağa,
Yaş düşməsin bir yanağa,
Son qoyaraq ağlamağa,
Bu Vətəni qorumağa.
Sərkərdəmiz versə fərman,
Biz hazırıq hər gün, hər an,
Andımızdır bayraq, Quran,
Haydı, gedək Qarabağa,
Bu Vətəni qorumağa.
Düşmüşük biz dil-dodağa,
Dava neçə il qadağa.
Rəhbər desə: - kim qabağa!
Ana, bacı, millət gedər,
Bu Vətəni qorumağa.
İlham ilə, cəsarətlə,
Mərdlik ilə, cəsarətlə,
Allahıma ibadətlə,
Allah-deyib, marş irəli,
Bu Vətəni qorumağa.
İgidlər cərgə-cərgədi,
Azərbaycan bir ləşkərdi,
Vüqar Əhməd bir əsgərdi,
Siyahıya onu da yaz,
Bu Vətəni qorumağa.

BƏSIMDI

Gülə bilsəm cani-dildən, ürəkdən,
Uzaq olsam fitnə-feldən, kələkdən,
Bir arzumu ala bilsəm Fələkdən,
Şükr edərdim İlahiyə, bəsimdi.

Bir qapıya elçi kimi gedəydim,
Qız köçürüb, oğul toyu edəydim,
Allahıma razılıqla deyəydim,
Şükr edirəm mən buna da, bəsimdi.

Qarabağım yenə mənim olaydı,
Düşmənlərdən qisasımı alaydım.
Vətən məni igid oğul sanaydı,
Şükr edərdim İlahiyə, bəsimdi.

Sağalsaydı sağalmayan xəstələr,
Dil açardı qəlbimdəki bəstələr.
Gecə-gündüz söz buketi dəstələr,
Şükr edərdim İlahiyə, bəsimdi.

HƏLƏ ZÜLMÜ QABAQDADIR DÜNYANIN...

Eh, ay bala, sən hələ nə bilirsən?
Şükür olsun sevinirsən, gülürsən.
Eniş-yoxuş-əziyyətlər qabaqda,
Leysan axan göz yaşları yanaqda.

Lal fəryadlar çeynənilən dodaqda,
Mərdi qova-qova namərd edəndi,
Sevinci yox edib, o dərd verəndi,
Hələ zülmü qabaqdadı dünyanın.

Doğmalar da nəsə umur, istəyir,
Üzdə gülür, arxada da pisləyir,
Qəm-kədəri hey artırır, kəsməyir,
Hələ zülmü qabaqdadı dünyanın.

Bilməyirsən yerliçilik sən nədir,
Müdirlərin atmacası çərlədir,
Kasıbçılıq səni necə tərlədir,
Hələ zülmü qabaqdadı dünyanın.

Doğulanda ağlamağın bax budur,
Nə bilmişdin, insan gəlir dünyaya.
Həm güldürür, həm də elə ağladır,
Hələ zülmü qabaqdadı dünyanın.

Mən küsürəm taleyimdən, özümdən,
Mən küsürəm düz deyilən sözümdən,
Mən küsürəm sərt baxılan gözümdən,
Bu küsməyə baxan varmı, görəsən?

Mən küssəm də, çəkən yoxdu nazımı,
Qış ürəkli görə bilmir yazımı,
Dinləyənlər pisləsə də şerimi,
Oğlum-qızım qoruyacaq yazımı...

AZƏRBAYCAN

Yağmurludur qışım, yazım,
Qəmli çalır telli sazım,
Bayrağımdı canamazım.
Həm gülərdi, həm ağlayan,
Azərbaycan, Azərbaycan.

Biz Məcnunuq,osa Leyli,
Ona saldıq mehri-meyli,
Həm Qüzeyli, həm Güneyli
Qarabağçın saç ağardan,
Azərbaycan, Azərbaycan.

Havalana-havalana,
Yol gedirəm Savalana,
Dua edib Yaradana.
Təbrizimə deyirəm:- Can!
Azərbaycan, Azərbaycan.

Savaşlarda yaralandı,
Torpaqları paraladı,
Iki yerə aralandı.
Bir olacaq görən haçan?
Azərbaycan, Azərbaycan.

Altmış milyon soydaşımız,
Azər türkü qardaşımız,
Ayrı düşüb göz yaşımız.
Göydə Allah, yerdə “Quran”,
Qələbə çal Azərbaycan.

ALINMA

Xoş günümlə öyünməyim?
Təzə libas geyinməyim?
Mən ömürlük sevinməyim?
Alınma, işlərim, alınma.

Arzularım çin olmasın,
İstədiyim gün olmasın,
Qönçələrim gül olmasın?
Alınma, işlərim, alınma.

Vəd versinlər, sonu yalan,
Kimağasa, biz də palan,
Ümidlərim tozda qalan,
Alınma, işlərim, alınma.

Yalanlara aldanıram,
Düz sözlərə şadlanıram,
Mən talesiz adlanıram,
Alınma, işlərim, alınma.

Alınmırsan mən dilənim,
Mən sümsünüm, hey sülənim,
Qüruruma mən güvənim,
Alınma, işlərim, alınma.

Ruzi atlı, mən piyada,
Acıları dada-dada,
Şükr elədim quru ada,
Alınma, işlərim, alınma.

Yəqin belə məsləhətdi,
Haqq söz demək qəbahətdi,
Fani dünya səyahətdi,
Alınma, işlərim, alınma.

Kef eləsin bəxtəvərlər,
Zülm çəkin, igid ərlər,
Mən doğuldum vətənpərvər,
Alınma, işlərim, alınma.

Gecə-gündüz çəkdim zəhmət,
Axır verər Allah qiymət,
Deyirəm ki,Vüqar Əhməd,
Alınacaq bu işlərin ?

UŞAQLIQ XƏYALLARI

Yada düşdü uşaqlıq xəyalları,
Dəcəlliyim, cocuqluq ədaları.
Yada düşdü ağlamağım, gülməyim,
Hər şey üstə böyüklərdən küsməyim.

Şirnilərlə dolu idi məcməyi,
Qar yağanda geyinərdim əlcəyi.
Uşaqlığın son gecəsi gözəldi,
Mənim üçün o muğamdı, qəzəldi.

Yada düşdü uşaqlıq xəyalları,
Qış gününün qorxulu nağılları,
Novruzdakı xonçanın noğulları,
O illərin qızları, oğulları.

Qaçdı-tutdu mənim ilk azadlığım.
Gizlənpaçda bol olardı şadlığım,
Şirinçayla şorqoğalı daddığım,
İlk iştahdı ləzzətini andığım.

Çox xoşəxtdik, bəxtəvərdik biz onda,
Nə əvvəldə düşünərdim, nə sonda.
Uşaqlığın xəyalları yadımda.
Bir uşaq da vardı Vüqar adında.


RUHUMA TOXUNMAYIN

Dəyişin bədənimi, əzaları,
Verin mənə mənəvi cəzaları,
Necə ki, verirsiniz.
Yazın əleyhimə yazıları,
Necə ki yazırsınız,
Amma ruhuma toxunmayın.
Toxunmayın ruhuma, Vətənimə,
Qıymayın qələm tutan əlimə,
Yasaq qoyma doğma ana dilimə,
Muğamımdı, nəğmələrdi, dilimdi,
Azdlığım tənha bitən gülümdü.
Vaxt çatanda ruh ayrılar bədəndən,
Dünyasını dəyişəndən, öləndən,
Ruhum ölsə, daha pisəm öləndən,
Toxunmayın siz ruhuma,ey insan.
Eyləməyin siz ruhumla zarafat,
Qul deyiləm mən dayanım farağat,
Mənim dərdim həm Dəclədi, həm Fərat,
İmam Hüseyn məzarına od yağır,
Müsəlmanın güzəranı çox ağır.
Nəğmələrim, laylalarım yadlaşır,
Türk görürəm öz dilində hey çaşır,
Doğma millət bir-birilə dalaşır,
Toxunmayın ruhuma siz, a qardaş.
Ürək açır, nəzər salsam keçmişim,
Hər ölümə, qəmli günə, matəmə,
Çox sevinir həm molla, həm keşişim,
Yanır ruhum bu işləri görəndə,
Bir “Ruhani” çaldırın siz Vüqar Əhməd öləndə...

QARABAĞDAYAM

Şuşanı yuxumda gördüm dün gecə,
Şəhərim bərbaddı ilahi necə,
Gecəykən röyada gündüz, həm gecə,
Cənnət bağındayam-Qarabağdayam,
Ürəyi yaralı Qarabağdayam.

Bu əllər qovacaq burdan yağını,
Səngər eyləyəcək Ağrı dağını,
Geri qaytaracaq Qarabağımı,
Cənnət bağındayam-Qarabağdayam,
Ürəyi yaralı Qarabağdayam.

Ağ atlı oğlanam-nağıllardayam,
Ər oğul-nər oğul oğullarlayam,
Nə qədər qan içrə boğulmaqdayam,
Cənnət bağındayam-Qarabağdayam,
Ürəyi yaralı Qarabağdayam.

Yuxuma girmişdi Kəlbəcər-Laçın,
Yuxuma girmişdi bir milyon qaçqın,
Ay Allah bu dərdi mən kimə açım?
Cənnət bağındayam-Qarabağdayam
Ürəyi yaralı Qarabağdayam.


BALALARIN XƏTRİNƏ...

Hərdən oldu haqsızlığa göz yumdum,
Acı sözü,hər zəhəri mən uddum,
Dinc oturub şər-böhtandan gen durdum,
Balaların, balaların xətrinə...

Vaxt var idi cəngavərdim,qəhrəman,
Od-alovdum,qorxubilməz bir insan.
Dostlar deyir: -Gəl danışma sən "Quran",
Balaların, balaların xətrinə...

Dərdi, qəmi vücuduma yayıram.
Gücüm yoxdur, qəmi qəlbdən ayıram.
Yerdə qalan günlərimi sayıram,
Balaların, balaların xətrinə...

Əskik olmur dualarım dilimdən,
Pislik gəlmir vallah ,mənim əlimdən,
Möhlət istər ömrüm qəfil ölümdən,
Balaların, balaların xətrinə...

Qələmimlə mehr saldım zəhmətə,
Hey çəkildim kədərimlə xəlvətə.
Allah qıyma bəndən Vüqar Əhmədə,
Balaların, balaların xətrinə...

VƏTƏNDİR

Azərbaycan-doğma elim,
Nə gözəldi ana dilim.
Ən ətirli solmaz gülüm
Vətənimdir, Vətənimdir.

Naxçıvanım, Bakım, Gəncəm,
Qarabağım güldən incəm.
İstiqlalım fidan, qönçəm,
Vətənimdir, Vətənimdir.

Nəğmələri şöhrətlidi,
Oğulları qeyrətlidi,
Hər qarışı qiymətlidir,
Vətənimdir, Vətənimdir.

Bölünübdür Vətən iki,
Birləşməyir Təbriz-Bakı,
Şimaldakı, Cənubdakı
Vətənimdir, Vətənimdir.

BAKIM MƏNİM

Bu torpağa ibadətim,
Bu dünyaya səyahətim.
Ömrüm, günüm, səadətim,
Bakım mənim, Bakım mənim.

Uşaqlığım, dəcəlliyim,
Həm qocalıq, həm gəncliyim.
Ey əbədi bir gəncliyim,
Bakım mənim, Bakım mənim.

Üç gözəl var, bir bilsəniz,
İstanbuldu, Bakı, Təbriz.
Yaşamaram Bakı sənsiz,
Bakım mənim, Bakım mənim.

İç dünyam – İçərişəhər,
Qız qalasın dünya sevər,
Çox gözəldi gecə, səhər,
Bakım mənim, Bakım mənim.

Ölkəmizin ürəyisən,
Bu millətin gərəyisən,
Neft ətirli çörəyisən,
Bakım mənim, Bakım mənim.

Gedib gəzsək biz hər yanı,
Seyr eləsək bu dünyanı.
Əvəz etməz el-obanı,
Bakım mənim, Bakım mənim.

Köhnə məhlə, köhnə küçə,
Dalanlardan keçə-keçə.
Bulvar dolu hər gün gecə,
Bakım mənim, Bakım mənim.

Çox qədimdi abidələr,
Şirvanşahlar deyir nələr.
Şeir, muğam, qəzəl deyər,
Bakım mənim, Bakım mənim.

Duyanların səni sevir,
Səndə yadlar qalmır, gedir,
Zər qədrini zərgər bilir,
Bakım mənim, Bakım mənim.

Ayrı düşsəm əgər səndən,
Baş açmaram kədər, qəmdən.
Vüqar Əhməd deyir qəlbən:
- Bakım mənim, Bakım mənim

GÖZLƏRİNDƏ

Gözəl şairimiz Ramiz Rövşənə... (nəzirə)

Mən özümü görürəm
Oğlumun gözlərində,
Mən gözümü görürəm
Oğlumun gözlərində.

Mən dünyanı görürəm
Yarımın gözlərində,
Xoş röyanı görürəm
Yarımın gözlərində.

Öz sözümü görürəm
Yarımın sözlərində,
Bir dözümü görürəm
Yarımın gözlərində.

Gözəlliyi görürəm,
Toy libası geyirəm,
Mən anamı sevirəm
Yarımın gözlərində.

Şeir-qəzəl yazıram,
Qəm-kədəri pozuram,
Mən yolumu azıram
Yarımın gözlərində.

Gələcəyi görürəm
Oğlumun gözlərində,
Soykökümü görürəm
Oğlumun gözlərində.

Nəğmələrim sevinir
Oğlumun gözlərində,
Mənə sevgi bilinir
Oğlumun gözlərində.

Şeirim rövşənləşir,
El-obamız şənləşir,
Oğlum mənlə tənləşir
Oğlumun gözlərində.

Nəğmə olur bu gözlər,
Gözəlləşir gözəllər,
Fağırlaşır dəcəllər
Oğlumun gözlərində.

MƏN ÇƏKƏN

Çoxluq içində təkəm,
Necə tənhayam, təkəm.
Bu dünyanın qəmini
Sən çəkəsən, mən çəkəm.

Dünyanı qəm alıbdır,
Göyləri çən alıbdır.
Yerin, göyün dərdini
Sən çəkəsən, mən çəkəm.

İtirib əzizini,
Dünyanın ləzizini,
Haqqın tərəzisini
Sən çəkəsən, mən çəkəm.

İtirib hər vüqarı,
Düz sözü, düz ilqarı,
Qəlblərdəki qübarı
Sən çəkəsən, mən çəkəm.

QAZAN YOX

Qəlblərdəki qəm-kədərin
Səbəbini araşdıran, yazan yox.
Kasıbların yeməyi yox,
Süfrəsində, ocağında qazan yox.

Dərd gətirən, dərd yaradan
Necə çoxdu, dərdi qəlbdən pozan yox,
Şən nəğmələr, şıdırğılar
Oxuyan çox, qəm hayqıran ozan yox.

Vüqar Əhməd dərddən çələng
Hörür, yazır, faydası yox, baxan yox,
Kim qazıdı özü düşdü,
Daha ona gizli qəbir qazan yox!


VƏTƏN

Vətən nəçidir, nədir?
Ürəyimin içidir,
Vətən mənimçin nədir?
Səcdəgahdır, qiblədir.
Bu dünyanı o mənə
Cani-dildən sevdirir,
Çox şirindir, bal dadır,
Güneydə, Qarabağda,
Amma məni ağladır.
Gülənləri güldürür,
Öz qanı çox qaradır.
Türkün nərəsi gəlsə,
Ermənini öldürür.
Vətən bizimçün kimdir?
Bir loğmandır, həkimdir.
Tarımda sarı simdir,
O,muğamdı, qəzəldi,
Dünyada ən gözəldi,
Vətən hara, hardadır?
Göyçə, Borçalı, Təbriz,
Xəzər adlı göy dəniz.
Dərbənddən ta Zəncana,
Doğmadır şirin cana,
Bizim Azərbaycana.
Vətən Kürüm,Arazım,
Tar, kaman, telli sazım.
Vətən harda, haradır?
Bakı, Gəncə, Qubadır.
Bu Vətənin hər göyü,
Türk əsilli obadır.
Qarabağım, Şirvanım,
Qazaxım, Naxçıvanım,
Qəmlidi Savalanım,
Vətən bura, buradır.
Astara, Lənkərandır,
Ərdəbildir, Gilandır,
Kəlbəcər, Zəngilandır,
Vətən bura, buradır.
Boldu nefti, sərvəti,
Malı, varı, dövləti,
Vardır bir də Vətənin
Şair Vüqar Əhmədi.

EŞİT MƏNİM SƏSİMİ

Allahımın yetsə mənə zərrəsi,
Mənim olar bu dünya, yer kürəsi,
Sındıraram yaşadığım qəfəsi,
Uca Tanrım, eşit mənim səsimi!

Yetişərsə Allahıma dualar,
Bilərəm ki, haqq sözümdə nida var.
Yollarımda əsməyəydi gilavar,
Uca Tanrım, eşit mənim səsimi.

Eniş-yoxuş olan yolum ol rəvan,
Mən yetim də qoy yaşayım firavan,
Uca Tanrım, bir qulaq as sən Quran,
Uca Tanrım, eşit mənim səsimi.

İstəyirsən deyim doğum yerimi,
Bircə saxla doğma ana dilimi,
Özümə ver neft qoxuyan gülümü,
Uca Tanrım, eşit mənim səsimi.

Bimar canım əskik deyil mərəzdən,
Şan-şöhrətim uzaq deyil qərəzdən,
Nəğmələrim üstündü hər çərəzdən,
Uca Tanrım, eşit mənim səsimi.

Xəzərdən də indi artıq küsmüşəm,
Sirdaşımla ünsiyyəti kəsmişəm,
Qan ağlayan, qəlbi susan dərvişəm,
Uca Tanrım, eşit mənim səsimi!

Mənim könlüm qan ağlayan bir kaman,
Arzularım vaxtsız solan bir fidan,
Söylə mənə, bu dərd gəlir haradan,
Uca Tanrım, eşit mənim səsimi.

Nə yaxşı ki anam vardır dünyada,
Məni duyan, qanan vardır dünyada,
Dərdlərimə yanan vardır dünyada,
Uca Tanrım, eşit mənim səsimi.

Səadət ver millətimə,elimə,
Ucalıq ver doğma ana dilimə,
Şöhrət gətir, nəğmə dolu şeirimə
Uca Tanrım, eşit mənim səsimi.

Ancaq səndən gözləyirəm qiyməti,
Taleyimdən qoyma alım töhməti,
Sən hifz eylə şair Vüqar Əhmədi,
Uca Tanrım eşit mənim səsimi!


ARZULAR

Mən soraqladım bəxt ulduzumu,
Mən arzuladım ümid, arzumu.
Arzular ümman, arzu nə boldu,
Arzulu dünyam taleyə yoldu.

Arzular şirin, arzu röyadır,
Arzusuz günüm qəmli dünyadır
Arzu, arzu həyatdır,
Arzu sabaha qoldur, qanaddır.

Nə çoxu, azı arzulayıram,
Minlərlə arzu arzulayıram.
Bizi yaşadan xoş arzulardır,
Ruhdan da salan boş arzulardır.

ANA, MƏNƏ LAYLAY DE

Nə günəş de, nə ay de,
Ana, mənə laylay de,
Şirin yuxu tapım mən,
Hər an, hər gün, hər ay de,
Ana, mənə laylay de.
Bir az dərdim dağıldı,
Sandım ömrüm nağıldı.
Səsin şəkər, noğuldu,
Tez ol, yoxsa boğuldum,
Ana, mənə laylay de.
Layla ana dilimdi,
Muğam-mənim qəmimdi,
Vətən solmaz gülümdü,
Xəzər-nəhəng gölümdü,
Ana, mənə laylay de.
Uşaq olum yenə də,
Qayğı olsun mənə də,
Oğul, söylə nənənə,
De ki, mənə nağıl de,
Nənə, mənə nağıl de.
Ana, mənə laylay de.
İstəmirəm, ay ana,
Qorxulu nağılları,
Qorxutma oğulları,
Ürəkaçan nağıl de,
Ana, mənə nağıl de,
Ana, mənə laylay de.
Səksəkədi, qorxudu,
Bu yaşanan ömrümüz,
Yaman qorxub gözümüz,
Nağıl olduq özümüz,
Ana, mənə nağıl de,
Ana, mənə laylay de.
Oxşa, əzizlə məni,
Yastıq eylə sinəni,
Heydən salıb qəm məni,
Qoy ürəyim boşalsın,
Ana, mənə laylay de.
Ağlatsın məni layla,
Sevinc, məni harayla,
Qoy sevinim,gülüm mən,
Sonra rahat ölüm mən,
Ana, mənə laylay de.
Yolum Allah yoludu,
Qəlbim necə doludu,
Bu səs necə uludu,
Mənə bu məlhəm oldu,
Ana, mənə laylay de.
Yorulmadın sən qəti.
Verdin boyu,qaməti,
Dinlə Vüqar Əhmədi,
İkilikdə xəlvəti,
Ana, mənə laylay de.

İSTƏDİM

Özümə Allahdan hər nə istədim,
Oldu da, olmadı yenə küsmədim,
Dostu təriflədim, pisi pislədim,
Səni özümdən də mən çox istədim.

Sənsiz bir qapını açıb döymədim,
Özümü çəkmədim, dartıb öymədim,
Səni danlamadım, səni söymədim,
Səni özümdən də mən çox istədim.

Vəfa görməyəndə yanıb-göynədim,
Əynimə dar gəldi iri köynəyim,
Bilsəm ki, tənhayam sənsən köməyim,
Səni özümdən də mən çox istədim.

Hərdəmxəyal olma, etibarlı ol,
Min dəfə söylədim, mən sənə min yol,
Taleyimizdə var işıqlı bir yol,
Səni özümdən də mən çox istədim.

BUNA DA ŞÜKÜR

Əl atdım haraya, hər yan qıfıldı,
Qəm, kədər boynuma necə sarıldı.
Qaçdım dərd əlindən səbrim daraldı,
Qismətim belədir, buna da şükür.

Nə sığal çəkən var, nə də ki, qayğı,
Bəxtimin yollarda sınıb ayağı,
Bir dost tapmayıram özüm sayağı,
Qismətim belədir, buna da şükür.

Dənizə deyirəm dərdimi axır,
Təlatüm, fırtına qarşıma çıxır.
Qərib qağayılar üzümə baxır,
Qismətim belədir, buna da şükür.

Udduğum zəhərlər qaşıq-qaşıqdı,
Hər bir qaranlığın sonu işıqdı.
Beynimdə fikirlər çox qarışıqdı,
Qismətim belədir, buna da şükür.

Əlimin duzu yox,görən nədəndir,
Acı söz qəlbə ox ənənədəndir,
Vüqar Əhməd yalnız dua edəndir,
Qismətim belədir, buna da şükür.

“TALE HARA GEDIM SƏNIN ƏLINDƏN...”

(Xalq şairi Nəbi Xəzrinin əziz xatirəsinə)

Tale, hara qaçım sənin əlindən,
Tale, hara gedim sənin əlindən,
Allaha dualar düşmür dilimdən,
Pislik də gəlməyir mənim əlimdən.

Haqlını əzirlər haqsız dünyada,
Xoş anlar yaşadın fəqət röyada,
Gümanım heç yoxdur çıxım yaya da,
Tale, hara gedim sənin əlindən.

Göylərə getməyə mən tələsmirəm,
Bu xəstə canımçın heç də əsmirəm,
“Şükür” - kəlməsini dildən kəsmirəm,
Tale, hara gedim sənin əlindən.

Sağ ikən ölüyük, yoxsa diriyik,
Bədbəxt bəndələrdən biz də biriyik,
Kim nə sifətdədir, vallah bilirik,
Tale, hara gedim sənin əlindən.

Bilin, dəyişmərəm doğum yerimi,
Sevdim vətənimi, doğma dilimi,
Kimsəyə açmaram heç vaxt əlimi,
Tale, hara gedim sənin əlindən.

Arzularım çin olmayır neyləyim,
Hamı deyir: - Danışmayım, dinməyim,
Yaddan çıxıb bir ürəkdən gülməyim,
Tale, hara gedim sənin əlindən.

Dərdimi deməyə bir kəs də yoxdur,
Dostun atmacası zəhərli oxdur,
Halalı çox azdır, şivəni çoxdur,
Tale, hara gedim sənin əlindən.

Allaha şükr edib, səbr dilədim,
Məəttəl qalıram, necə ölmədim,
Bəlkə də ölmüşəm, özüm bilmədim,
Tale, hara gedim sənin əlindən.

Deməyin kədərdən ruhum bezməyir?
Əvvəl-axır cismim kəfən gözləyir,
Məmurun zülmünə qəlbim dözməyir,
Tale, hara gedim sənin əlindən.

Ömür boyu hey çəkirəm zəhməti,
Allahımla dərdləşirəm xəlvəti,
Ya Rəbbim, hifz eylə Vüqar Əhmədi,
Tale, hara gedim sənin əlindən.

İNSANLIQ ƏZƏLİ ABŞERONUMDU

Əncirli, üzümlü yaşıl donumdu
Dünyanın gözəli Abşeronumdu
Ömrümdü, günümdü, ilkim, sonumdu,
İnsanlıq əzəli Abşeronumdu.

Qızılın qarası,qızılı qum da,
Vahidin qəzəli Abşeronumdu.
Nəyimiz varsa da Yaradanındı,
“Qədəmgahi-Əli” Abşeronundu.

Bakı möcüzələr abidəsidir,
Adalar gözəli Abşeronumdur.
Xəzərin Xəzrisi, Gilavarı da,
Küləklər dəcəli Abşeronundur.

Hacı Zeynalabdin, Məmmədəmin də,
O nakam Şıxəli- Abşeronumdur
Tar, kaman, muğamın keşiyindədir,
Qəzəl-muğam eli- Abşeronumdur.
Ürəyi haradır Azərbaycanın?
Vüqar Əhməd deyir:- Abşeronumdur.


BƏXT AĞARAYDI

Bəxtim də qaraydı, saçım da qara,
Saçlarım ağardı, bəxt ağarmadı.
Deyin dərd əlindən mən gedim hara,
Saçım ağarınca, bəxt ağaraydı.

Saçlar gündən-günə bəyazlaşırdı,
Nankorlar get-gedə dayazlaşırdı,
Şeytan sırtıqlaşır, həddi aşırdı,
Saçım ağarınca, bəxt ağaraydı.

Ağ günləri soraqlayıb qovurdum,
Səadəti mən axtarıb yoruldum,
Cavan ikən bir ağsaqqal mən oldum,
Saçım ağarınca, bəxt ağaraydı.

Oyanmazmı qara bəxtim, ay Allah,
Qismət eylə bəndələrə xoş sabah.
Mən nə acam, nə də toxam, yox tamah,
Saçım ağarınca, bəxt ağaraydı.

Səadətin yenə üzü dönübdür,
Bəlkə, elə bəxt ulduzum sönübdür.
Vüqar Əhməd bir dərvişə dönübdür,
Saçım ağarınca, bəxt ağaraydı.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi