Qız, nə qız?! -Ənvər Çingizoğlu-ESSE



SÖZÖNÜ. …Mən o qızı arzulamışdım. Yuxuda görmüşdüm. Xəyalımdan keçirmişdim. Onun haqqında düşünmüşdüm.
Mən onu gördüm. Arzum həyata keçdi. Yuxum çin oldu. Xəyalım həqiqətə çevrildi. Düşüncəm gerçəkləşdi.
Tanrıya şükür, o qıza qırx kərə maşallah, - dedim. Vəsfini öymək üçün şair olmaq istədim. Gözəlliyini misra tərifinə sığışdıra bilmədim, hüsnünü söyləmək üçün aşıq olmaq istədim. Saz çala bilmirdim. Görkəmini musiqi dilinə çevirməyə qüdrətim çatmadı. Bəstəkar deyildim. Duyğumu, düşüncəmi ona çatdırmaq üçün ərənlərin, ozanların sözlərinə möhtac qaldım.

ÖYKÜ. Qız, nə qız? Elə bil tanrı -təala onu xoş gündə, xoş saatda yaradıb. Can olan, incə miyan, nazik bədən, sünbül nişan, aşiq öldürən, rəng solduran, incə belli, sərv boylu, şux duruşlu, ceyran yerişli, maral baxışlı…

SÖZÜN CANI. Qərəz, bu qızın sevdası qəlbimə dolalı başım qıvırcaq saçlı, gözüm tumurcuq yaşlı qaldı. Sevgimi səhərin səbasından göndərdim, cavab almadım. Dərdimi dağlara dedim, dağlar dillənmədi. Gələndən, gedəndən xəbər sordum. Dedilər o qız kim?

ÖYKÜ. Qız, nə qız?! Qaməti ərər, sinəsi mərmər, bədəni billur, gözləri zanbaq, dodağı qaymaq, dili badam içi, qaşlar qurulu yay, kirpiklər ox, saçlar kəmənd…

SÖZÜN CANI. O qızı görər-görməz Məcnun oldum, çöllərə düşdüm, Fərhad oldum, dağlara çəkildim, Kərəm oldum, alışdım, yandım. Ocağa apardılar, pirə apardılar, mollaya cadu, axunda pitik yazdırdılar. Xeyri olmadı. Eşqim topuğuma vurdu, cing-cing cingildətdi məni. Doğma dostlarım, yaxın yoldaşlarım məsləhət gördülər ki, evlərinin önünə gedib bayatı oxuyum. Gecəni arayı salıb eyvanlarına dırmaşdım. Nə gördüm?

ÖYKÜ. Gördüm bir qız əyləşib, amma nə təhər əyləşib? Firişteyi - kiridar, ürəkbasan, sarfa kəsən, gözünü süzən, qanlar üzən, düymə düzən, qönçə dəhan, güli-reyhan, süzgün baxan. Qərəz, gəl məni gör, dərdimdən öl…

SÖZÜN CANI. Gözümü yumdum, açdım. Gördüm hələ yerindədir. Görünüşü gözlərindən çəkilmədi. Əriyib, gecənin qaranlığına qarışmadı. Dilimdən serenada süzüldü.

ÖYKÜ. Qız, nə qız? Əyləşib güllü eyvanda, saçını qulac-qulac edib töküb dal gərdənə. Özünə yeddi qələmlə zinət verib. Ondörd gecəlik ay kimi bədirlənib. Dodaqları qızılgülün yarpağı kimi, yanaqları yaqutun qırağı kimi. Elə bil qar üstünə qan çilənib. Qız demə, quzu ceyran de. Aləm ona heyran de. De, qadan alım !..

SÖZÜN CANI. Səsimə dönüb baxan, məni yandırıb-yaxan qıza göz-qaş eyləyib, dərdimi bildirdim. İnsafən arif imiş. Anladı, dedi get, ay batandan, anam yatandan sonra gəl. Dedim aşiqlər gecə seyrinə çıxanda ay axşamdan doğur. Dedi: aşiqlərdə qaydadır, gözləmək cana faydadır. Dedim, gözləməyə taqətim, tabım yox. Dedi: Səbr elə, halva bişər, ey qora, səndən… İstədim deyəm… Gördüm yox, bu «dedim-dedi» dananı qurda verəcək. Qayıdıb ayın batmasını gözlədim. Ay batmadı. Səhəri dirigözü açıb, üz tutdum o qızın seyrangahına. Eşit çuğuldan.

Bir çuğul oğlu çuğul, şeytan-şuğul vardı. Bizim halımızı aparıb, qoydu qızın anasının ovcuna. Anası qızını çağırıb, öyüd-nəsihət yağmuruna tutdu. Öyüd-nəsihət kar etmədiyini görüb böyüklər yanına şikayətə getdi.
YIR. Səni yanasan, ay qız,
Bircə dənəsən, ay qız.
Aparırlar xan yanına,
Məni danasan, ay qız!

SÖZÜN CANI. Bu eşqdir-könül işi. Ona fərman kar etməz, dərman çarə etməz. Böyüklərin hədəsi, hərbəsi qulağıma girmədi. Meydanda, meyxanada eşqimi hamıya bəyan edib oxudum.

ÖYGÜ. Qız, nə qız?! Qüdrətin kərəmi cuşə gəlib, gözəllik paylayanda qələmi o qıza çəkib. O qədər gözəl, o qədər gözəl ki, baxan deyir, bir də baxım. Əcəm alması, Şam şamaması.
Saçı sırma, teli burma, gözü sürmə, əlini vurma, gendə durma !…

SÖZÜN CANI. Qurğular qurdum, qarılara baş vurdum. Şanlı namələr yazdım. Ünvanı bildirib, qızı nişan verdim.

ÖYGÜ. Qız, nə qız?! Huri-mələk, şəhla gözlü, şirin sözlü, hilal qaşlı, balınc döşlü, fındıq burunlu, açıq alınlı, gülabatın ətəyi, dili bal pətəyi, dişləri inci, gözəllikdə birinci…
…Bəs olmadımı, qarı nənə? Onda al gəldi, dübarə.
Qız demə ceyran de, qaşları kaman, kirpiyi peykan de, gözlər piyalə, burun hind fındığı, sinə səmərqənd kağızı…

SÖZÜN CANI. Qarını nar çubuğu ilə döydülər, nar bağında görüşdük, gül çubuğu ilə döydülər, gül bağçasında. Tanrıdan xoş günlər çalıb, kefimizi sürdük. Çuğul ölməyib ki! Burda da tutulduq. Qızı darü dərbarına, məni dar ayağına gətirdilər. Qırmızı donlu cəllad sordu ki, aşiq ölməyinə dəyərmi o qız?

ÖYGÜ. Qız, nə qız?! Aya deyir: sən bat, mən çıxacağam, künə deyir sən çıxma, mən çıxacağam.
Elə gözəl, elə gözəl ki, çiçək ətrini, gül rəngini, günəş parlaqlığını, ay şöləsini, cəvahir qiymətini, ceyran duruşunu, cüyür baxışını, laçın uçuşunu, şahin vüqarını o qızdan alıb.

SÖZÜN CANI. Cəllad ağladı, camaat da ağladı. Məni əhv etdilər. Kəcavələr bəzəndi, qəflə-qatır yükləndi. Tar-tənbur, dəf-dünbələk çalındı. O qızı toy-düyünlə gəlin gətirdilər.
Aha! Sonluğunu bilmək istəyirsiniz? O qız indi mənim başımda qoz sındırır…

YUM. Tanrı hər kəsə öz qismətini tuş eləsin !..

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi