Onlar--Ənvər Çingizoğlu-ESSE



SÖZÖNÜ. …Onlar ayaq üzəngidə, diz qabırğada at sürüb, yol yorurdular. Gecə yatmayıb, gündüz oturmayıb, at çapırdılar. Evdə əyalından, çöldə malından ayrılıb günəşin batdığı yerə tələsirdilər. Onlar uclarını ululadıb, yanlarını yaymağa gedirdilər.

ÖYGÜ. Onlar yağıları yenmiş, düşmənləri dağıtmışdılar…
Onlar dikbaşa baş əydirmiş, dizibərkə diz çökdürmüşdülər…
Onlar qurd kimi, yağılar qoyun kimi, onlar quş kimi, yağılar leş kimi idilər…
Onların önündə doqquz tuğlu bəylər, qaba ələmli bayraqçılar gedirdilər…
Onlar yan-yana, çiyin-çiyinə at sürürdülər…

SÖZÜN CANI. Olar get-gedə dəyişdilər. Atalarına oxşamadılar. Babalarına çəkmədilər. Öz adlarını atıb, özgə adını tutdular. Kafir çörəyini yeyib, kafir qılıncını çaldılar. Qanlı meydanlarda biləyinə güvənən, kürəyinə güvənmədi. Arxaları boş qaldı. Qırım günündə «vurun» deyən olmadı. Ağaları özgə, yad ocağı başında əyləşib, yuxa qırağı suladı. O gündən onlar yenildilər. Oğulları qul, qızları kün-kəniz oldu. Onlar parçalandılar, onlar tikələndilər. Ta yan-yana, çiyin-çiyinə at sürmədilər…

YUĞ. Bağdaddan bac, Xorasandan xərac gəlmədi onlara. Əcəm almasına, Şam şamamasına tamarzı qaldılar. Çindən çini, Maçindən müşk göndərmədilər. Hinddən hil, Gilandan gül kəsildi. Damaqlarından dad getdi. Yedikləri yeddi fətirin yeri göynədi. Ağıları acı oldu. Türküləri təlx daddı. Keçən günlərindən nağıllar söylədilər. Gəl zaman, get zaman…

SÖZÜN CANI. Onlar keçmişlərini unutdular. Tamam yadırğadılar. Tarixlərini sapanda tutdular. Onlar bilmədilər ki, keçmişinə xor baxan, gələcəyinə kor baxar.
Onlar döyüşcü ikən dərviş oldular. Qılıncdan qaşıq yey-deyib aşçı oldular. Qılıncdan qələm yey-deyib başçı oldular. Qılıncdan qulluq yey-deyib, işçi oldular…

ÖYGÜ. Onların sulu mülkündə-su yerlərində cəmri-cığay bay idi. Ağban evləri, xan-hamamları vardı. Sığırları naxır dolu, samanları axur dolu. Ac-yalavacları, özgəyə möhtacları yoxdu. Tat-tarançıların əlləri işli, qarınları aşlı idi. Əyinləri donlu, önləri qoyunluydu. Bazarlarında mal, ciblərində pul bol idi. Onların sım-sərhədlərinə yad-yabançı, yağı ayağı dəyməzdi. Doğruluqla gələnə dost idilər…

SÖZÜN CANI. Onlar özgə felinə uydular. Al dilə aldanıb, yoldan çıxdılar. Özgələrə yey, özününkülərə ögey oldular. Öz çörəklərini özgə minnəti ilə yedilər. Özgə danasını bəslədilər. Yada yalaq, qohuma çolaq oldular. Haramı artırıb, halalı batırdılar. Qardaşları qan ağlayanda qanları səsmədi.
Onlar bilmədilər ki, qol içəriyə əyilir. Nə versən gərək özününkünə verəsən.
…İndi onlar ulaq itirib çulunu, at itirib nalını gəzirlər.
…Onlar - bizimkilərdir…

YUM. Dostun dırnağına daş dəyməsin. Düşmənin əkdiyi buğda, dərdiyi başaq olsun. Başağını da eşşək yesin!
…Dostun ömrü dağ kimi, düşmənin ömrü qar kimi olsun!
…Amin!
Amin deyən dillər didar görsün!..

Ənvər Çingizoğluскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi