Hey İvan -Ənvər Çingizoğlu-ESSE



Sorğu. Hey İvan, haçan atına eşşək, dəvənə köşək dedim?! Mənim varımda niyə gözün var, buna nə sözün var?! Ələyim var, sacım var, sənə nə borcum var?
Nədən yaxamı buraxmırsan? Niyə haqqı qoyub, nahaqqı tutursan. Niyə dovşana qaç, tazıya tut deyirsən?

Sözün canı. Özünə böyük deyirsənsə, böyüklüyünü bil. Böyük savaşanı ayırandır, qızışdıran yox.
Mənfəətin nifaqdandır. Qazancın savaşdandır. Yediyində göz yaşları var, tutmazmı səni?

Öyüd. Özünü ər biləndə, özgəsini nər bil. Güvənmə bu varlığa, sənin də əlin düşər darlığa. Sənin də ocağın sönər, dövranın dönər. Cübbə-cövşən qəza oxun saxlamaz. Silah-sursatın pas tutar, anan sənə yas tutar. Göy yıxılar, yer yarılar bir gün. Bəlanın gəldiyi yönü belə bilməzsən.
Odu sevən kül olar, suyu sevən gül.

Sözün canı. Arxa durduğun dağ adamı, xəstə edir sağ adamı. Gəmişdirdiyin quş qanıqdı, qana yanıqdı.
Biz tikirik, o uçurur. Biz çiçəklənirik, o qanqallanır. Biz sevinclə dən üyüdürük, o, yandığından yarma dartır. Yediyi yeddi fətirin yeri göynəyir.
Biz paylayırıq, o dilənir.

Öyüd. Hey İvan, harda hay var, orda vay var. Bir gün o vay sənin qapından da girəcək. Ərin ər işi, şərin şər işi. Toxluğundan səninlə dostdur. Ac qoysan, sənə də hürəcək. Hürəyən it örüşünə qurd gətirər. Qapıcı qurda tuş gələrsən. Dostunu tanı.

Sözün canı. Hey İvan, əmr əri, buyruq qulu gəzirdin. Tapdın axtardığını. Əli döşündə, başı sinəsində qara qul xislətli bəndeyi-fərmanı qazandın.
Arpa cadı, acı soğan öynəliyə yeyən sənə yaradı, şilə-şişlik yeyən yaramadı? Acgözü tutub, gözütoxa yan çevirdin?
Ac doyuran ağaları, yalavac donadan adamları bəyənmədin. Nəsəbli-nəcabətli sənə sərf eləmir? Kökünü söyməyən, düşmənini öyməyən yarımır sənə?
Hey İvan, qardaş demə haya, əməyin gedəcək zaya! Vaxt vardı, bizim taxılımızı biçib, ayranımızı içirdilər.
İndi girəvə gəzirlər. Fürsət axtarırlar. Münasib vaxt tapan kimi gəmirəcəklər səni.

Qınaq. Hey İvan, təzə xəbər var: Əl quzun, bəsləmə danan özgəsinə meyl edir. Yaxşı ipin qaldı əlində!
Bilmirsən ki, onun üzü çox üzlər görüb? Onun üzü, dəvənin dizidir. Dəfələrlə arını satıb, çörəyinə yavanlıq eləyib. Abrını verib, abi-kövsər alıb. Şərəfdən şəri götürüb, qeyrətdən qeyi?!
Ay-hay! Dost tapmısan! Qeyrət paylananda qayğanaq yeyirmiş. Bilmirsən ki, dost tutduğun hay, əməli zaydır? Bilmirsən ki... Məncə bilirsən!

Yum. Hey İvan, axar su ağlına axsın. Ağıllan! Ağıllanmasan, ağlına keçə yamayım.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi