YOLÇU -Ənvər Çingizoğlu - ESSE



SORĞU. -Yolçu, allah qoysa, yolun hayanadır?
--Üzü gündoğana.
--Xeyir ola?
--Kökümün ardınca gedirəm.

SÖZÜN CANI. Gedirsən yaxşı yol! Amma istədiyini tapa biləcəksənmi? Əminsənmi tapacağına? Bəlkə özünü haqsız əziyyətə salırsan? Düşün, yolçu, düşün. Bəlkə o baban ölüb? Ordakı ağaclara kürəkliyə kəsiblər. Ocaqları söndürüblər. Külü ilə oynamağa gedirsən, yolçu!
Ordakı sular soğulub.Çiçəklər vağanıyıb. Tum tutmayıb. Dənlər dənzərməyib. Zəmilər zəif düşüb. Sünbüllər heşən olub. Sovulan xırmanları sovurmağa gedirsən, yolçu!

YUĞ. Orda yurdumuz vardı. Xum quyulardıq qumuna, yetişib al şərabı olardı. Tum səpərdik torpağına, yetişib sarı buğdası olardı. Mayabud gəlinlər gərdək ardından çıxıb, nərbud oğlanlar doğardılar. Oğullar ata minib axına varanda daş-qaş, savaşa varanda baş gətirərdilər.
Orda yasamız vardı, yasalımız vardı, yolçu!

SÖZÜN CANI. İndi oradakı geniş çöllər gödəlib. Bozqırlarda harın atlar kişnəmirlər. Kəmənd atan oğullar kətmən döyürlər. Sığnaqlar üstünə savaş sürən sərdarlar, sərkərdələr indi bir qədimi qul, köhnə kölə kimidilər.
Onların qılıncları qırılıb, xəncərləri xıncımlanıb. Oxları ovxamlanıb. Qısraqları qısır qalıb, qulunu yox. Sən ulaq itirib çulunu, at itirib nalını gəzirsən, yolçu!

SORĞU. -Hər bələndə qapıcı qurdu var yolların, yolçu!
--Salamat gözləyən səfərə varmamış!
--Yollar kələ-kötür, yollar daş kəsək…
--Dağ dumansız, yol tikansız olmaz.
--Yolda yoldaşın varmı? Yalqızın yolu iraq.
--Yaman yoldaşdan, yalqızlıq yey.
--Mənzilin uzaq, miniyin çolaq, umudun varmı çatacağına?
--Ya tələf olaram, ya xələf!

SÖZÜN CANI. Günəş səni qovuracaq yolçu! Külək səni sovuracaq. Yollar səni yoracaq. Toz olub yelə, su olub selə qarışacaqsan.

YUĞ. O yollardan quşlar uçmaz, karvanlar keçməzdi. Quş uçsa qanadı, qatır keçsə dırnağı qopardı. Biz keçdik tozumuz qaldı. Ötdük izimiz qaldı.
Onda biz top idik, toplum idik, yolçu!

SÖZÜN CANI. Gedirsən, get. Çarığının dabanını bərkit, mənzilə çat. Rahat-rahat yat. Ayılanda nə görəcəksən? Leylək uçub, kərkəz qonub. Umudunu qoz elə, yolçu! Yel əsib, qoz tökülüb…
-Mən kökümü tapacağam!

YUM. Arzun çin olsun, yolçu! скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi