ADƏM ÖVLADI -Ənvər Çingizoğlu - ESSE



SÖZÖNÜ. Dün gecədən yağmır yağmış, çamır olmuş. Yayıcı-yaradan çamırı götürmüş, əlində yoğurmuş. Yoğurub adam yapmış…
Bəli, təni gildən, tını yeldən, gözü gildən, qanı dənizdən, sümüyü dağdan götürüb adam yaratmış ulu tanrı. Bu adama ruh vermiş, uslu-huşlu etmiş. Dünyanı tutub yaşamış adam. Yaşadıqca da canın dadlı bilmiş. Bilməmiş ki, uzun yaşın ucu ölümdür…

SÖZÜN CANI. Nəyə bel bağladın, adəm övladı? Bilmirdin ki, dünya beşgünlükdür? Qara torpaqdan, sarı gildən yarandığını duymadınmı? Önün nəyidisə sonun da o olmalıydı. Nə tez unutdun?!
İlk öyrəndiyin bölgü oldu, adəm övladı! Əlinlə əlçimlədin, ovucunla ovucladın, qarışınla qarışladın. Qol götürüb qulacladın, dirsək tutub dirsəklədin. Tutam-tutam böldün, addım-addım böldün. Böldün bölgə yaratdın, böldün ölkə yaratdın, böldün bölük yaratdın. Dağ-dağ, bağ-bağ, çay-çay, tay-tay böldün. Elə bölündün, dilə bölündün…
Qazancın nə oldu adəm övladı? Bölməyin sonu paylaşmaqdır.

ÖYGÜ. Yer üzünün əşrəfi, yaranmışın tacısan. Ağlın, düşüncən, dərrakən var. Göydə quşdan tez uçursan, suda balıqdan cəld üzürsən, yerdə heyvandan bərk qaçırsan. Dünyanın nə yaxşısı varsa sənin qismətindir.

SÖZÜN CANI. Niyə bəs canbir, qanbir, ruhbir qardaşına yağı kəsilirsən? Səbəbsiz qardaş qanı tökürsən. Yava-yava əməlinə bəraət qazandırırsan. Hələ bir ayıbına örtük, pis işinə tutuq olan qanunlar icad eləmisən. Yanlışı naxış sayırsan. Bu baqi və borc olmayan dünyanı özəlləşdirib özününkü eləmisən. Buna haqqın varmı adəm övladı?
Doğalıdan yaman-yavuz əməllər öyrəndin. Doğru yol görürkən əyrisinə vardın. Nəbilər, vəlilər dəvətinə məhəl qoymadın. Başına gələn işlərdən ibrət götürmədin. Günah sənə irsdi adəm övladı. Baban Adəm işlətdiyi suç üzündən behiştdən qovulmadımı?!
Açıb oxuduğundan öyrənmədinmi haramdan uzaq olmaq gərəkdir? Yasaqlardan çəkinmək lazımdır? Yoxsa nəfsinə qul olmağı ağa olmaqdan üstün tutdun? Yadında saxla ki, bu üstünlük səni qəbr əzabından, cəhənnəm odundan sovuşdurmayacaq. Körpüdən keçəndə əlinə tutalqa gəzəcəksən.
Yaxşı-yamanlıqların aranıb-daranananda peşman olacaqsan. İndidən başının çarəsini qıl. Savab işlərdən yapış.

YUM. Əl uzadana ətəyin kəsilməsin. Verən ovcun bükülməsin. Süfrən açıq, qazanın qaynar olsun. скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi