OĞUL, HEY! - Ənvər Çingizoğlu - ESSE



SÖZ ÖNÜ. Oğullar vardı: qara qaya qaplanı, qara dağın qurdu. Oğullar vardı: on min yağıya oyunum deyən. Oğullar vardı: qırx min yağıdan qırpınmayan. Oğullar vardı: səksən min yağıdan səksənməyən. Oğullar vardı, oğullar!..
…Elə oğullar vardı: yağı görsə yardımlı, düşmən görsə durumlu. Aca əppək verən, yalavaca köynək verən.
…Yıxılsın Oğuz oymaqları, hanı oğulları?!

YUĞ. Əli dağ qalxanlı, çiyni ağır kamanlı, oxu tanrı qəzəbli, qılıncı zülfüqar kəsərli oğul, hey !..
Hay deyəndə halay pozan, huy deyəndə alay dağıdan. Hayqıranda yağı bağrı yaran oğul, hey !..
Arxası ağır elli, qənşəri qarı düşmənli, adı el-oba sipəri, qeyrəti dillər əzbəri oğul, hey !..

SÖZÜN CANI. Oğul var elə şöhrət, oğul var elə töhmət. Oğula düşmən toxmağı deyib dədələr. Elin-günün ağır çağında dəmir donunu geyib, qılıncını qurşayan oğullar keçmiş günlərləmi getdilər yoxsa?!
…Papaq altında yatan oğulları var hələ…Bu yurdun anaları oğul doğublar axı. Oğul da olan gündən oğuldu, at olan gündən atdı. Günlərin bir günü ürəyinə yurd sevgisi dolmuş oğullar atlarını minib yağı üstünə gedəcəklər. O günə çoxmu qalır? Çin olacağımı olacaqmı onların arzusu?..
Yurd yoxsulluğunu bilməzdi türk oğulları. Dünyanın bu uçundan o ucuna varıb gedəm,- deyərdilər. İstəkləri də gözlərində qalmazdı. Dədə dünyanın elə su qaynaqları yoxdur ki, türk atları oradan su içməmiş olsun. Hər iqlimdə yurdları vardı. Yurdlarında da naxır-naxır sığırları, sürü-sürü qoyunları, ilxı-ilxı atları, qatar-qatar dəvələri vardı. İndi nəyin var türk oğlu?! Varının çoxunu yağılar yağmalayıb.

YUĞ. Qurd ürəkli, aslan biləkli, bənövşə bığlı, minarə boylu, darvaza kürəkli, gen sinəli oğul, hey !..
Gözü qızlar ovçusu, dili qızlar elçisi oğul, hey !..

SÖZÜN CANI. Bilirsənmi başına nələr gəldi, türk oğlu?! Qan qardaşlarını doğma yurd-yuvalarından qoparağını elə götürüblər ki, harda bənd aldıqlarını özləri də bilmirlər…
…Qardaşına dəyən daş saman torbasına dəyirmi, türk oğlu?
Nədən belə?!
At deyəndə ürəyin atlanmırmı? Silah görəndə sinov getmirsənmi? Yoxsa gözünün odunu alıblar?! Bəlkə səni başdan çıxardılar? Bəlkə qulağını doldurdular? Bəlkə yenə birinin qoltuğunda, qısnağındasan? Bəlkə kiminsə bığının altından keçmək istəyirsən?..
Bağrın yarılıbmı, ürəyin düşübmü, gözün qorxubmu, tükün ürpənibmi, boğazın quruyubmu, dilin tutulubmu, türk oğlu?
Hayıf sənə, hayıf sənə türk oğlu. Ayıb sənə, ayıb sənə, türk oğlu !..

YUĞ. Ay kimi doğdun, gün kimi batdın. Minəndə at bağrı yardın, düşəndə yer bağrı yardın. Saydığına salam verdin, saymadığına yan verdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun, oğul, hey !..
Altının bədöy altına, çiyninin süzən tüfənginə, tərkinin dolu xurcununa, ağzının kəsərli sözünə qurban olum, oğul, hey !..

SÖZÜN CANI. Yollarda yalqız, yalnız yürüyənin umudu, umuru olmaz, qardaşlar! Birləşin! Birləşək!!!
Ağır atlaz geyən bəy balası gəbə-kəpənək geyən çoban-çoluq cocuqları ilə birləşə bilərmi? Niyə də yox?! Bu yurdun bəyləri gendə qalmayıblar. Bu elin bəyləri mərd olublar. Mərd olub torpağı qucublar. Namərd olub qaçmayıblar.
Bu torpaqda ucalan hər daş bir ərənin baş daşı! Bu daşlara göz olmaq, gözətçilik eləmək bu torpaq üstündə gəzənin borcudur.
Ötən çağlarda igid ömrü anlarla ölçülüb. Bir il bir igidin ömrüdür, - deyiblər. Elə indi də igid ömrü göz qırpımı ilə ölçülür. Amma harada?.. Oğul var dar səngərlərdə yağı gülləsinə sinə gərir. Oğul da var daldanacaq gəzir. Fərsiz oğuldan qara daşı yey bilib atalar.
Keçən günün harda qalıb, türk oğlu? Vaxt vardı atının ayaqladığı torpağı özününkü bilirdin, İndi torpağını yadlar ayaqlayır. Özünə gəl, türk oğlu. Özünə dön, türk oğlu!!!

YUM. Ucun uzağa getsin, yanın yayılsın. Dünün dündən, günün gündən, dəmin dəmdən yey olsun, türk oğlu!скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi