"İkimizin bir dənizi"-Məryəm Əliyevanın şeirləri



QAĞAYILAR DƏN AXTARIR...

İkimizin bir dənizi,
Bir qumsallı sahili var.
Həm tərtəmiz gözyaşıtək,
Həm yosunlu sahili var.

Ləpələrdən hürkülüyük,
Coşur, gəlir yuyur bizi.
Düşünmə ki, küsülüyük,
Ləpələr ayırır bizi.

Üstümüzdən aşan dalğa,
Gəlir bizə göz eyləyir.
Hirsimizdən daşan dalğa,
İndi bizə söz eyləyir.

Çəkiləndə özümüzə ,
Dəniz bizə don axtarır.
Qonub gəlir üstümüzə,
Qağayılar dən axtarır.

Görəndə ki, geridəyik,
Can atırıq qarışmağa.
Onsuz da ki, bir yerdəyik,
Sarılırıq qovuşmağa.

İkimizin bir dənizi,
Bir qumsallı sahili var.
Həm tərtəmiz gözyaşıtək,
Həm yosunlu sahili var.

Susasam su verməz kəhrizlərin də,
Ölsəm məzarlarda yer də tapılmaz.
O qədər yerlərdə gəzdim, dolaşdım,
İndi buludlarda, yerdə tapılmaz.

Bu nə taledir ki,düşdü bəxtimə,
Acının böyüyü, inadın tərsi.
Məni öz-özümdən didərgin etdi,
Nadanın keçdiyi adamlıq dərsi.

Bir qıl körpüsündən keçir yollarım,
Deyəsən üstündən çıxan bənddəyəm.
Nə olsun Tanrının yolun bilirəm,
İndi xatirindən çıxan bəndəyəm.

QARDAŞIMIN ƏZİZ XATİRƏSİNƏ !

Tanrıdan istərəm bircə möcüzə,
Bütün günlərimdən bu günü silim.
Razıyam çəkməyə hər cəzasını,
Tək bütün ömrümdən bu günü silim.

Əzəldən bir gündü bu günlər kimi,
Taki səni məndən çalıb apardı .
Bir zaman ömrünə ömür bəxş edən,
Bu gün məni səndən alıb qopardı.

Nə olsun ayrıydıq oğul, qız kimi,
Mənim əl verdiyim sənin əlindi.
Var idi sənintək evdə ikisi,
Anlaya bildiyim sənin dilindi.

Bax, yenə gəlmişəm səni görməyə ,
Yenə də çarəsiz baxışırıq biz.
Eşidə bilmirik bir-birimizi ,
Elə səssiz-səssiz danışırıq biz.

Bilirsən, bəlkə də raxat olardım,
Bilsəydim yerində indi biri var.
Qoxunu alardım ondan doyunca,
Olmazdın indi də yurdu tarimar.

Nə olar, anla ki, çox darıxmışam,
Yuxular içində güldürüb getmə.
Öpüm doya-doya ay atam oğlu,
Sənsizəm, məni də öldürüb getmə!

DAHA HAMAR GÖRÜNMÜR...

Bax, düşüb tellərimə ömrün bəyaz izləri,
Ötüb keçən illəri ağardıqca görünür.
O qədər dərindir ki, qapanmayan dərdlərim,
Yaraların izləri sağaldıqca görünür .

Böyütdüyüm dərdlərin dağı dağa qarışıb,
Əritmişəm könlümün yağı yağa qarışıb.
O sapsarı saçların ağı ağa qarışıb,
Günəş kimi dilləri azaldıqca görünür....

İllər ötür gözümdən baxışlarım dəyişir,
Daha hamar görünmür bax, qaşlarım dəyişir.
Çöhrəmdəki bər-bəzək naxışlarım dəyişir.
Gözəlliyin sirrləri qocaldıqca görünür .

MƏRYƏM ƏLİYEVA

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi