"Mən getsəm, dərələr, dağlar qalacaq"-MƏMMƏD ARAZIN ŞEİRLƏRİ



Payız nidası

Sənə də qar yağdı, güvəndiyim dağ!
Sən də örənidin, a yaşıl yamac!
Sən niyə dinməzsən, qaragöz bulaq,
Sən niyə kövrəksən, ürəyini aç!

Lal dili verilib bu dəli çaya,
Bir cavan yasından gələnlər kimi.
Sən niyə tutqunsan, xınalı qaya,
Ər yolu gözləyən gəlinlər kimi.

Mən insan bilmişəm qayanı-dağı,
Təbiət yaşamır təbiət üçün.
Mən ki, bu yerlərə gəlmirəm axı,
Sadəcə təəssüf, ya heyrət üçün.

Mənim də baxtımda bu mənzərələr
Fəsil fırlatmağa girəvə tapır.
Mənim də daş əlim qılınc dərələr,
Mənim də boş əlim
Daş zirvə tapır.

Hanı o başıma dolu yağdıran
Başı ayağından yalın olanlar.
Hanı kürəyinə tərif yaxdıran
Dili dabanından qalın olanlar.
Tökər budağından çürük qozları,
Ərinti, çürüntü bişirər payız.
Yayın bürküsündə qalxan tozları
Dağlardan aşağı düşürər payız.

Dağlar payızlıdır, mən titrək əlli,
Gözümdə gör nələr canlandı, nələr...
Dağlar baharlıdır, mən əqidəli,
Yaşasın baş-başa bu abidələr!
1970

*****

Bir ömür xatirə

Bir xatirə dəftərinə bənzəyər ömrüm,
Neçə tale görüşdürər, aralayar o.
Bir xatirə dəftərini bəzəyər ömrüm,
Bir xatirə dəftərini qaralayar o.

Xatirələr qızıl donu, gümüş donünda
Dünənini geyindirər, bəzər, yorulmaz.
Xatirələr ömrü boyu dərviş donunda
Qapı-qapı itiyini gəzər, yorulmaz.

Xatirələr görüşlərin arasında çay,
Adlayaraq körpüsündən o yan - bu yana.
Xatirələr xətri ucuz insandan qaçar,
Xatirələr insanlıqda dönər insana.

Günəşliydi, gəncliyimin güney yastanı,
Çiçəkliydi, çisəkliydi, quzeyləri qar...
Xəyalımda xatirələr məzarıstanı,
Xəyalımda xatirələr muzeyləri var.

Adamlar var bir sözümü saxlar yadında,
Bir vədədə bir taleyin gümanı yatır.
Ürəyimin kəşf olunmaz sirli qatında
Açılmamış xatirələr divanı yatır.

Eh, oyatdım mən onları çox nahaq yerə,
Udacaqdır onları da yer-ürəyi buz.
Bir xatirəm köçəcəkmi xatirələrə?
Min xatirə köçəcəkdir mənimlə, əfsus!...
1970

*****

Mən getsəm...

Mən getsəm, dərələr, dağlar qalacaq,
Meşələr, çəmənlər, bağlar qalacaq.
Buludlar qalacaq, ağlar qalacaq,
Ey mənim yaşamaq, yazmaq həvəsim,
Tək səni özümlə aparasıyam.

Dırman zirvələrə yel qanadında,
Tökül dənizlərə sel qanadında.
Bir ağı, bayatı, dil qanadında
Bir yuva qurmasan, ay quru səsim,
Mən səni özümlə aparasıyam.

Hələ uçqunlara indi tanışam,
Sınıq qayaları yamamamışam.
Hələ nə ərkim var belə danışam:
Vətən daşlarına düşməyən əksim,
Mən səni özümlə aparasıyam.

Nə düz deməmisən, düzünü de ki...
Bu torpaq ağartsın üzünü, de ki...
Dünyaya sonuncu sözünü de ki,
Ey qardaş qələmim, desəm-deməsəm,
Mən səni özümlə aparasıyam.
1969-1970.


*****

Şöhrət atılan güllə

(İya Çavçavadzeni öldürən güllə
indi onun ev-muzeyində saxlanılır.)

Bir dərə bağırıb güllə səsindən,
Açılıb döşlərdə yarğan-yaralar.
Bir qaya hellənib dağ zirvəsindən,
Bəlkə şairi yox, onu vuralar.

Çıxıb mehvərindən fayton çarxları,
Atlar göy qaşıyıb dırnaqlarıyla.
Səksənməsin deyə gürcü dağları
O, boğub səsini dodaqlarıyla.

Qırmızı püskürüb vulkan sinəsi,
Ağaclar qırmızı yarpaq gətirib.
O gün düşmənini al qan sinəsi
Özüylə evinə qonaq gətirib.

Döşündə yatmayıb qurğuşun qonaq,
Keşikçi dayanıb ev sahibinə.
Baxıram, boz kini indi də oyaq...
Qorxur oyadarlar, oyanar yenə...

Uyuyur bir evdə ilham, xəyalət,
Şair ayrı deyil öz millətindən;
Şöhrətin yanında dustaq -- xəyanət
Necə də ərimir xəcalətindən.

O, mənə çox tanış göründü, dayan!
Neçə yüz illərin gülləsidir o.
Bəlkə Nəsimini dabandan soyan
Cəllad bıçağının qəlpəsidir o.

Bəlkə də yayınıb yönəlib bura
Dantes gülləsinin təpdiklərindən.
Qafqazda sağ qalan Lermontovlara
Tuşlanan tüfəngin tətiklərindən.

Sabirə tuşlanan hiylələr hərdən
Nizəyə dönməyi bacarmayanda,
Tiflisin xəyanət muzeylərindən
Sifarişlər gəlib yəqin o anda.

Baxıram, bir xurma dənəsi boyda
Bir güllə nə dondan nə dona girir.
Bəzən bir elatın qurduğu toyda
Min illik adətin qoynuna girir;

Sürünür şöhrətin quyğurunda o,
Keçib divar olur, yeri gələndə,
Bir az aralı dur, aralı, qatso,
Qurğuşun göyərir şair görəndə...
1972

*****

Qayıt dedim

Bir bahara əl uzatdım, bir qışa
Qayıt, dedim, qayıtmadı.
Bir səhraya qəfil düşən yağışa
Qayıt, dedim, qayıtmadı.

Yazımın son bənövşəsi - küsənim,
Günəş sənin, torpaq sənin, su sənin.
"Ay ətrindən doymadığım süsənim,”
Qayıt, dedim, qayıtmadı.

İnadına qamçı vurub ötürmə,
Uçan dağın daş ömründən ömür nə?
Qaya yıxdım, bir də qaya ömrünə
Qayıt, dedim, qayıtmadı.

Daş ayıltdı, su kiritdi bu havar:
Qocalığa nə tələsək, bu ha var.
Gəncliyimi harayladım bu hava:
Qayıt, dedim, qayıtmadı...

1980

*****

İki dost arasında

İki dostun arasından üçüncü adam
Su keçirtdi;
Bölündü bu bolünməz iki.
Su çalxalandı, su duruldu, suya lil qatan
Haray saldı:
"İçilməzdi, keçilməzdi ki..."
Su içildi, su keçildi,
körpü yarandı;
Bəli, sahil yaratmaqdı birinci addım,
Körpü uçan, körpü sınan, körpü yanandı,
Dost arası atılmışdı bu incə addım...

1980

*****

Yaşayaq öz ömrümüzü

Elə bir məqamda durmuşam indi,
Yıxılsam,
görəsən kim məni saxlar...
Bilirəm,
yıxılsam dərdim sənindi,
Açıqca bildirsən, qınayacaqlar.

Bir kimsə danışmaz iki qayğıdan,
İki könül yaşar gözlərdən uzaq.
Elə bil tufanlar keçib qayıdan
Bir gəmi sahildən çəkinir ancaq.

Tənələr, qınaqlar sədd olar bizə,
Bəs yıxıb adlasaq?
-- görsələr əgər?..
Biz qapı açmışıq öz eşqimizə,
Keçməyə qorxuruq:
-- Görən nə deyər...
Fevral, 1974скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi