Tanınmış şair Vüqar Əhmədin "Dil qəhrəmanı" pyesi



Analoq.az tanınmış şair, Vüqar Əhmədin "Dil pəhləvanı" adlı pyesini təqdim edir:

Arvad divan üstə oturub qəzet oxuyur, kişi isə stol arxasında çay içir.
Arvad – Ax, alçaqlar?...
Kişi – Nə olub?
Arvad – Ermənilər sarı köpəklərin köməyi ilə Qəcəristanı da alıblar.
Kişi – Bəs, camaata nə olub?
Arvad – Yarısı birtəhər canını qurtarıb, amma yarısı...
Kişi – Bəs, o alçaqların qarşısına çıxan olmayıb?
Arvad – Olub, amma az imişlər odur ki, gücləri çatmayıb.
Kişi – Hı, gücləri çatmayıb, erməni nə zibildi ki, onlara bizimkilərin gücü çatmayıb.
Arvad – Elə demə, a kişi ermənilər çox qəddardı.
Kişi – Mən orda olsaydım!..
Arvad – Olsaydın neyləyərdin?
Kişi – Götürərdim avtomatı dır-dır hamısını öldürərdim.
Arvad – Ermənilər dayanıb baxacaqdılar ki, sən onları dır-dır necə öldürürsən. Uzaqdan döyüş adama asan gəlir.
Kişi – Əlbəttə, durub üzümə baxmayacaqlar. Amma bir dənə iş var ki, həm onlardan qat-qat ürəkli, həm də cəldəm. Onlar tərpənənə qədər yüzünü birdən gəbərdərəm.
Arvad – Yaman gəbərdərsən. Halva-halva deməyinən ağız şirin olmaz. Gərək min əziyyət çəkib halvanı bişirəsən.
Kişi – Yanıb tökülürəm də. Adə, bu ermənilər nə tuladı ki, bizimkilər bunların öhdəsindən gələ bilmirlər. Mən əsgərlikdə olanda onları lüt soyundurub buraxırdım. Bunlar isə heç nə bacarmırlar. Adə, vurun bunları də.
Arvad – A kişi bunlar çox hiyləgərdirlər. Elə biclik işlədirlər ki, heç kimin ağlına gəlmir. Özü də hər tərəfi minalayıblar.
Kişi – Əşi bu mina nədi ey, yumru şeydi də, mən onunla futbol oynayıram.
Arvad – Onlarda elə raketlər var ki, ikisi, üçü bir kəndi dağıdır.
Kişi – Mən o raketləri qaytarıb ataram o dığaların öz başlarına, özü də əlimlə bax belə.
Arvad – Ay kişi, elə danışırsan ki, elə bil müharibə oyuncaqdır sən də altı aylıq uşaq.
Kişi – Ax, bircə getsəydim ora, igidliklə vuruşub, Azərbaycanın milli qəhrəmanı adına layiq görülərdim. Onda məni televizorda göstərərdilər. Məndən müsahibə alardılar. Onda görərdin ki, mən necə cəsuram.
Arvad – Kişi, sən ki, belə özündən müştəbehsən get də. Səni tutub saxlayan var? Get vuruş milli qəhrəman da ol.
Kişi – Əcəb gülməli söz danışırsan. Bilmirsən ki, mənim 45 yaşım artıq tamam olub. Orduya isə 45-ə qədər aparırlar.
Arvad – Sən könüllü get.
Kişi – Könüllü ha... Nəyimə lazım sonra üstümə hərə bir ad qoşsun.
Arvad – Elə isə ərizə yaz ki, yaşım 45-i keçsə də, vətən uğrunda, torpaq uğrunda döyüşmək istəyirəm. Qoy qəbul eləsinlər hərbi xidmətə.
Kişi – Hı, ərizə yazım fikirləşsinlər ki, yəqin işpiondur. Orduya yazılır ki, gedib cəbhə bölgələrində silah anbarlarının yerini Rasiya ilə düşmənə xəbər versin.
Arvad – Sən ki, belə igidsən, onda get təkbaşına döyüş.
Kişi – Avtomatım var?
Arvad – Qəfildən bir ermənini boğazlayıb öldür, al avtomatını. Sən ki, çox zirəksən.
Kişi – Boğazlamağına lap əllisini boğazlaya bilərəm, ancaq mən oraları yaxşı tanımıram. Azıb eləyərəm birdən oralarda.
Arvad – Azmaqdan qorxursan?
Kişi – Mən, mən heç nədən qorxmuram.
Arvad – Nolar, azarsan, zirəkliyindən istifadə edib bir yol tapıb çıxarsan. Hə, nə deyirsən, çamadanını hazırlayım yola nə götürəcəksən?
Kişi – Mən getsəm bəs səni kim saxlayacaq?
Arvad – Məni sən saxlayırsan bəyəm? Mən ki, səndən çox maaş alıram.
Kişi – Onu demirəm, deyirəm qeyrətini kim çəkəcək. İndi deyirsən qeyrətimi, namusumu burda qoyum gedim?
Arvad – Ay kişi, sən Allah o qeyrətinin adını çəkmə. Televizorda axır vaxtlar o qədər qeyrət, qeyrət deyirlər ki, özü də qeyrətsiz adamlar o sözdən artıq iyrənmişəm.
Kişi – Onlar başqa, mən başqa.
Arvad – Bu torpaq namusdur a kişi. Bir də ki, bu qədər igidlər gedir, bəyəm onların arvadı, uşağı yoxdur? Qəm eləmə gedib qalaram atamın yanında.
Kişi – Atan qoca kişidir, birdən biri üstünüzə gəldi, əlindən nə gələcək. Yox-yox biabır olaram. Onda gərək bu papağı başıma qoymayam.
Arvad – Ay kişi, əsil papaq qoymağa layiq adamlar cəbhədədirlər. Əsil kişi onlardı.
Kişi – Arvad, məni əsəbləşdirmə, bu dəqiqə yığışıb gedərəm ha...
Arvad – Kişi, nə yaxşı olar getsən!
Kişi – Mənə həsrət qalarsan ha...
Arvad – Fikir eləmə, səsini maqnitafon lentinə yazmışam, yadıma düşəndə qulaq asaram özümçün.
Kişi – (Qışqırır) Gedərəm ha?...
Arvad – Şükür Allaha! Mən də toya-düyünə gedəndə hamı ayağa duracaq, qarşımda baş əyəcəklər ki, qəhrəmanın arvadı gəlir. Əri min dənə erməni gəbərdib.
Kişi – Sən ki, belə deyirsən, doğrudan gedərəm a, zarafat eləmirəm.
Arvad – Heç müharibə ilə də zarafat eləmək olar? Get, a kişi. Orada hamı səni gözləyir. Bilirsən, sənin kimi igidə necə ehtiyacları var? Bəsdi xalq zülm çəkdi.
Kişi – Gedəcəm, ermənilərin kökünü kəsəcəyəm. Xalq zülm çəkdi. Birə yüz intiqam alacağam. Hamının, hamının əvəzini çıxacağam.
Arvad – Nə yaxşı oldu. (Oxuyur).
İgid kişim dığaların başlarını əzəcək,
Zülm eyləyən yağıların nəsillərin kəsəcək,
Cəbhələrdə ad çıxarıb şöhrət ilə gəzəcək,
Yaxasına orden-medal nişanları düzəcək.
Arvadı da öz ərini məhəbbətlə süzəcək
Qəhrəmanım, pəhləvanım, cəsur insanım.
(Qapı döyülür)
Arvad– Buyurun, kimdir?
Əsgər– (Gəlir) Üzr istəyirəm. Lovğalı burda yaşayır?
Arvad – (Sevincək) Hə budur, bu kişidir Lovğalı.
Əsgər – Zəhmət olmasa, bura qol çəkin. (Əlindəki kağızı ona verir)
Kişi – Bu nədir belə?
Əsgər – Sizi hərbi komissarlığa çağırırlar.
Kişi – (Uçunur) Mən..., Mən...?
Əsgər – Bəli, siz.
Arvad – Nə yaxşı, ay kişi. Daha üstünə işpiyon adı qoymazlar.
Kişi – Axı, mənim yaşım 45-i keçib?
Əsgər – Bilmirəm, göndəriblər gəlmişəm. Hələ bir neçə evə də bu kağızdan verməliyəm.
Arvad – Hə, a kişi tez ol, tifil uşaq tələsir. Oğlum otur, xalan sənə yemək versin, çay versin?
Kişi – Təşəkkür edirəm, üzr istəyirəm, çox tələsirəm.
Əsgər – Niyə?
Kişi – Çünki mən niqodnıyam.
Əsgər – Hə, onu hərbi komissarlıqda ayırd edərlər. Hərbi biletinizi apararsınız. Əgər niqodluğunuz sübut olunarsa, azad eləyərlər.
Kişi – Mən ora necə gedim, axı gözlərim pis görür.
Arvad – A kişi korsan? Məni aldadıb kor kişiyə veriblər? Neçə ildi bilməmişəm?
Əsgər – Nə olar. Həyat yoldaşınız kömək eləyib mindirər maşına.
Kişi – Maşına ətək-ətək pul vermək lazımdır.
Əsgər – Orada deyərsiniz gözüm pis görür. Apararlar həkim yoxlayar. Əgər doğrudan da belədirsə, azad eləyərlər.
Kişi – Ay elədilər a, o qədər sağlam adamlardan rüşvət alıb, niqodnuları onların yerinə basırlar ki, həm də bilirsiniz, mən fiziki cəhətdən də çox zəifəm. Heç adi avtomatı da götürməyə gücüm çatmaz.
Arvad- Bayaqdan 50 ermənini yumruqla yerə sərirdi
Əsgər – Hər halda səhər saat doqquzda olarsız hərbi komissarlıqda. Hamısını orada deyərsiniz.
Kişi – Niyə mən qol çəkməliyəm? Niyə mən getməliyəm? Niyə bu minlərlə avaralanan, siqaret satan, çayxanalarda veyllənən nər kimi cavanları aparmırlar, mənim kimi qoca, xəstə, kor, şikəst bir adamı aparmaq istəyirlər?
Əsgər – Darıxma dayı, onlara da növbə çatacaq. İndi siz bura qol çəkin, xahiş edirəm mənim vaxtımı almayın, sabah gələrsiniz, yəqin ki, sizi aparmazlar.
Arvad – A kişi, uşağın vaxtını alma. (Kənara) kormuş bilməmişəm.
Kişi – Yox gedə bilmərəm. Birdən məni apararlar. (Diz çökür) Yalvarıram sənə oğlan. Deynən orada elə adam yaşamır. Tapa bilmədim.
Arvad- Vaxsey, biabır olduq bu lap dovşan ürəkliymiş ki. Amma danışanda elə bil bir dənə yırtıcı pələngdir.
Əsgər – Durun ayağa dayı. Mənim vaxtımı almayın. (Eynək taxır) Bax, bura qol çəkin.
Kişi – Yox, yox yalvarıram məni öldürərlər orda.
Arvad- Kül sənin kimi kişinin başına. Arvad səndən qeyrətli imiş.
Əsgər – (Kağıza diqqətlə baxaraq) Dayanın, dayanın burada Kovxalı yazılıb ki, bağışlayın səhv görmüşəm.
Kişi – Kovxalı?
Əsgər – Hə, Kovxalı.
Kişi – Kovxalı Nazim (Ayağa durur) Hə..., O bizdən bir mərtəbə yuxarıda yaşayır.
Əsgər – Cavandır?
Kişi – Hə lap cavandı. Lap öküz kimidir.
Arvad- A kişi qonşumuz Nazimi deyirsən? O ki, şikəstdir.
Kişi – Şikəst niyə olur. Bir qıçı yoxdur, amma nə olar, protezi var da. Bir də avtomatı əlləri ilə götürəcək də?
Arvad- Gör dili necə açıldı, başqasının yerinə necə danışır. Sənin qıçın ki, protez deyil?
Əsgər – Onda üzr istəyirəm xala narahat elədim. (Kişiyə) Amma elə belə yaxşıdır. Sizin kimisi müharibəyə getməkdənsə, evdə oturmağı məsləhətdir. Yoxsa düşmənin qabağından qaçarsınız bütün dünyada biabır olarıq.
Kişi – Bura bax, məni, atan yerində kişini tənbeh eləyirsən? Özün niyə getməyirsən cəbhəyə hə? Yəqin adamın var burda saxlatdırıblar... Sən də elə bu kağızlardan paylayıb baş girləyirsən.
Arvad- A kişi görmürsən onun gözləri yaxşı görmür? (Əsgərə) Ay oğul sənin gözlərin ki belə fərli görmür, özün də əsgər geyimində.
Əsgər – Neyləyim xala? Sən ağa, mən ağa, inəkləri kim sağa? Gözüm pis görür deyə, saxlayıblar burada. Amma mütləq gedəcəm cəbhəyə. Bir az geci tezi var. Salamat qalın!
Kişi – Hı, getdi kor əbləh.
Arvad- Kor o deyil, sənsən, özü də sənin bütün mənəviyyatın kordur. Kül sənin kişi başına. (Çıxırlar)
SON
1993
Vüqar Əhməd

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi