ƏSAS SƏHİFƏ Gündəm "Səs versələr də, verməsələr də mən seçiləcəyəm”-Çingiz Qənizadə

"Səs versələr də, verməsələr də mən seçiləcəyəm”-Çingiz Qənizadə

Milli Məslisə növbədənkənar seçkiyə start veriləndən İmişli ictimaiyyəti arasında ciddi bir gərginlik yaşanmaqdadır. Bunun əsas səbəbi isə 9 fevral Milli Məclisə seçkilərdə eks-deputat Çingiz Qənizədənin yenidən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən öz namizədliyini irəli sürməsidir. Məsələ aydındır, rayon ictimaiyyəti dövlət başçısının tam demokratiya və şəffaflıq şəraitində keçəcək seçkilərdə öz sıralarından olan namizədlərdən birini deputat görmək istəyir. Amma Çingiz Qənizadə "gün çıxmamış, seçki başlamamış” böyük əminliklə rayon ictimaiyyətinə, hətta namizəd rəqiblərinə belə İmişlidən yenidən özünün deputat seçiləcəyini bildirir.

Əslində, İmişli seçicilərinin narazılığını başa düşmək o qədər də çətin deyil. Çünki onlar hələ Çingiz Qənizadənin bu dairədən ilk dəfə də, ikinci dəfə də namizədliyini irəli sürəndə narazılıqlarını bildirmişdilər. Ötən il dekabrın 11-də "Yenigündəm.az” "Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma… – rayon camaatı ETİRAZ EDİR” məqaləsində bunu yerli-yataqlı belə açıqlamışdı:

"Çingiz Qənizadə parlament seçkilərində bir dəfə Ağdaşdan namizəd olub, amma camaat onu seçməyib. Sonra özü də başa düşdü ki, bu rayonda insanların ona etimadı yoxdur, ona görə də getdi başqa dairədən namizəd oldu. İndi də çalışır ki, rayona icra başçısı gəlsin. Düzdür, rayon camaatı hazırkı başçı Tofiq İbrahimovdan da narazıdır, amma Çingiz Qənizadəni də istəmirlər. Onun rayonda reputasiyası çox pisdir. Yaxınlarda qardaşının və qohumlarının borc qalmaqalı da insanlarda lap pis təəssürat yaratdı. Əgər o, rayona başçı gəlsə böyük narazılıqla qarşılanacaq”.

Maraqlıdır ki, Çingiz Qənizadə özü Ağdaşlı ola-ola ağdaşlılar onu nə deputat, nə də başçı kimi görmək istəmirlər. Məsələn, 2005-ci ildə 90 saylı Ağdaş seçki dairəsindən parlamentə namizədliyini irəli sürsə də, qohum -əqrabasından başqa ona səs verən tapılmadı. Sonra bu keçmiş müxalifətçini "verbovat” edən Prezidentin sabiq köməkçisi, media maqnat və Azərbaycan jurnalistikasında reputasiyası aşağı olan Əli Həsənov məsələyə qarışır. Ç.Qənizadənin özünün də dar çərçivədə etiraf etdiyi kimi, 2010-cu ildə o, Ağdaşda səs toplaya bilməyəcəyini bilib, öz şefi Əli Həsənovun görtərişi ilə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən seçkilərə qatılıb və iki seçimdə də dostunun dəstəyi sayəsində həmin dairədən deputat "seçilib”.

Deputat mandatının və kreslosunun ləzzətini görən artıq üçüncü dəfə zorla İmişlidən deputat seçilmək istəyir. İmişlililər də Prezidentin ölkədə bütün sahələrdə radikal islahatlar keçirdiyi və seçkilərin də tam demokratik şəraitdə keçəcəyini bəyan etməsindən ruhlanaraq, bu seçkilərdə heç kimin onların arzusunun əksinə çıxıb zorla eks-deputat Ç.Qənizadəni bu dairədən deputat seçdirə bilməyəcəyini bəyan edirlər.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadənin rəqib namizədlərindən biri, yazıçı Kəramət Böyükçöl sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasına ünvanladığı müraciətdə yazır: "Hal-hazırda İmişli rayonunda keçirilən seçkilərə müdaxilələr üçün ciddi planlar qurulur. İcra başçısı Vilyam Hacıyev keçmiş millət vəkili Çingiz Qənizadə ilə əlbir olub onun təzədən seçilməsi üçün işlər görməyə hazırlaşır. Məlumatlara görə İmişlinin biznesmen, bina tikən adamları seçiciləri pulla ələ almaq üçün Çingiz Qənizadəyə ciddi maliyyə dəstəyi göstərir. "Çingiz Qənizadə yuxarıdan tapşırılıb” sözlərini eşitməkdən daha yorulmuşuq...”

Yazıçı namizəd hələ səsvermə gününə az qala bir ay qalmış ümidsizliyə qapılaraq dövlət başçısına müraciətini bu sözlərlə yekunlaşdırır: "Təsəvvür edin, İcra başçısı, biznesmenlər, bina tikənlər Çingiz Qənizadəyə hər cür yardım göstərir. Bizi dəstəkləyənlər isə sadə kənd adamlarıdır ki, onlara da pul paylayıb səslərini bu yolla almağa cəhd eləyirlər. Bəs biz neyləyək?”

İnsafən, belə iddialarla çıxış edən təkcə namizəd yazıçı Kəramət Böyükçöl deyil. Məsələn, Ramin Məhəmmədoğlu adında bir şəxs "facebook”da Çingiz Qənizadənin namizədliyi ilə bağlı fikirlərini bölüşərək yazır ki, İmişli rayionunun icra başçısı Vilyam Hacıyev Çingiz Qənizadənin namizədliyinin irəli sürülməsi üçün imzatoplama kampaniyası aparıb. "Mənə belə bir məlumat verildi ki, İmişli rayon icra başçısı Vilyam Hacıyev ... artıq Çingiz Qənizadənin təbliğat təşviqat işləri ilə məşģuldur. İcra başçısı Vilyam Hacıyev vətəndaşlara təyziq edir ki, onlar səsvermədə yalnız Çingiz Qənizadənin namizədliyini dəstəkləsinlər. İddia edilir ki, icra başçısının göstərişinə əsasən Ərazi İdarəetmə şöbəsinin müdiri Bələdiyyə və İcra nümayəndələrinə zəng edərək imza toplamaq üçün sakinlərin şəxsiyyət vəsiqələrini yığdırır. Məlumatlara görə Çingiz Qənizadənin namizədliyinin irəli sürülməsi üçün lazım olan imzalar bir günün içərisində toplanaraq MSK-ya təhvil verilib. Bu isə sakinlər arasında haqlı narazılığa səbəb olub”.

Bu mövzuda danışıqlar rayonun bütün yaşayış məntəqələrində gərginliklə müzakirə edilir. Hətta icra hakimiyyətindən sızdırılan informasiyada açıqlanır ki, Çingiz Qəniyevin seçilməsini Prezident Aparatının "məlum şöbəsindən” tapşırıblar və guya bu günlərdə icra başçılarının Administrasiyaya çağırılmasında məqsəd də məhz bu kimi məsələrlə bağlı onlara müvafiq tapşırıqlar vermək olub.

Atalar deyir, "Od olmasa, tüstü çıxmaz”. Çingiz Qənizadənin ictimaiyətə özünü iqtidarın namizədi kimi təqdim etməsi və "istəsəniz də, istəməsəniz də mən seçiləcəyəm” deməsi, onun arxalı olmasından irəli gələn "cəsarətdir”. Sakinlər qeyd edirlər ki, Çingiz Qənizadə parlamentdəki fəaliyyəti dövründə heç bir iş görməyib, nəinki seçiciləri ilə görüşməyib, heç onların telefon zənglərinə belə cavab verməyib. Amma özü üçün nə desən edib. Məsələn, elə İmişlidə Bakı Dövlət Universitetinin hüquq fakültəsini qırmızı diplomla bitirən oğlanlar işsiz-gücsüz qaldıqları halda, Çingizin oğlu deputat atasının dəstəyi ilə ölkənin baş şəhərində prokurorluq orqanlarında yüksək vəzifəyə təyinat alıb. "İndi biz imişlililər nəyə görə onun yenidən parlamentdə təmsil olunmasına səs verməliyik. Məgər öz elimizdə-obamızdan olanlar ondan savadsız, zəif, iş qabiliyyəti aşağı olan adamlardır”. Haqq sözə nə deyəsən. Ancaq haqqla hesablaşırlar ki, imişli seçicilərinin də haqqını saya salsınlar! İnanmırsız, yaşıyarıq, görərik! Nə qalıb ki...

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu