Bu dövləti və xalqı nə xilas edə bilər? – TƏRBİYƏSİZLİK BAŞ ALIB GEDİR




Bu mövzuya müraciət etməklə əslində özümü ağıllı və canıyanan göstərmək fikrindən uzağam. Nə mənası var axı bunun? İndi heç kimin kitabını oxuyan da yoxdur, dediyin fikrə biganə, laqeyd münasibət hədsizdir, təklif və təşəbbüsün cəmiyyətin vecinə də deyil. Amma yazmalıyam, ürəyimdə niyə saxlayım ki?! Bu gün varıq, sabah Allah bilir hardayıq. Gəldiyim ilk qənaət isə belədir. Cəmiyyət lütlənib, hər bir zərərli “küləkdən” xəstələnir, immuniteti aşağı düşüb. Bütün bunlar isə tərbiyədən asılıdır.

Tərbiyə böyük anlayışdır. Bu ifadəni işlədəndə ağlınıza yalnız uşağı tərbiyə etmək kimi sadə məsələlər gəlməsin.

Doğrudur, əslində tərbiyə evdən, ailədən, sonra isə məktəbdən başlayır və insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına yönələn davamlı, genişmiqyaslı bir anlayışdır.

Tərbiyə dedikdə buraya mənəvi, siyasi, cinsi, hüquqi, əmək, əqli, fiziki, bədii, ekoloji, iqtisadi, estetik, etik və digər sahələri ehtiva edən bütöv, şüurlu təşkil edilmiş proses başa düşülməlidir.

Mən xüsusilə dövlətçilik tərbiyəsi ətrafında var-gəl etmək istəyirəm. Çünki yaralı yerimdir.

Həyatım boyu qarşılaşdığım ən iyrənc situasiyalar məmurlarla bağlı olub. Çünki bu məmurların əksəriyyətinin dövlətçilik tərbiyəsi olmayıb. Hər kəsdən üstün olmaq ehtirası, var-dövlət, şan-şöhrət hərisliyi, maxinasiya üzrə “fərasətlilik” nümunəsi və daha bu kimi eybəcər xüsusiyyətləri dövlətçilik tərbiyəsi olmayan dövlət qulluqçularında gördüm.

Dövləti, büdcəni və ölkəni talayan, Prezidentin etimadından sui-istifadə edən “dövlət qulluqçuları” getdikcə varlandı, varlandıqca heysiyyatını itirdi və Vətən, Dövlət sevgisi azalmaqla kosmopolit vətəndaşa çevrildi.

İş o yerə çatdı ki, dövlətin ideologiyası ilə məşğul olan Əli Həsənov kimilər oliqarxa çevrildi.

Hələ 3 il bundan qabaq mötəbər yerlərdə bəzi məqamları açıqlayanda barmaqlarını dodaqlarına aparıb mənə “SUS” işarəsi verənlər də var idi.

Amma görünən odur ki, bütün bunların ağrısını isə mən, sən, o və biz, siz, onlar çəkir. Və nəticədə Dövlət əziyyət çəkir, təngnəfəs olur, tövşüyür, yenə güc idarəetmə sükanı arxasında olan şəxsə düşür.

Şükürlər olsun ki, qarşıma layiqli oğullar da çıxıb. İnanın səmimiyyətimə, nə yaxşı ki, onlar var və bu DÖVLƏTİ təmənnasız sevirlər.

Təmənna olmadan Dövlətini sevən tərbiyəli Azərbaycan VƏTƏNDAŞLARI isə çox yaxşı bilir ki, Qarabağsız, işğal edilmiş torpaqlarsız Azərbaycan YOXDUR.

Şükür ki, hələ də yarımcan məmləkətimizdə bu tərbiyəyə malik Vətən övladları var ki, rəhbərlik etdikləri kollektviləri və sahələri öz xoşları ilə idarə etmirlər. Belə dövlət qulluqçuları üçün əsas tezislər vəzifə və səlahiyyətindən sui-istifadə etməməkdir. Strateq kimi öz intellekt işığı ilə qanunları tətbiq etmək, Prezident və Ali Baş Komandanın proqram xarakterli çıxışlarını mənimsəmək və uğurla icra etmək, xüsusilə də insanlarla işləmək bacarıqlarına vərdiş etməkdir.

Biabırçılıq odur ki, belələrinə də maneə yaradırlar. Çünki tərbiyəsizlər var ki, hələ də iş başındadır.

Bacarıqsız, səriştəsiz, “əli-vəli” prinsipi, iradəsizlik və digər mənfi keyfiyyətləri ilə dövlətin əsaslarını dağıtmaq prosesi davam edir. Bütün bunlar isə insanlarda ümidsizlik yaradır, cəmiyyətdə depressiyanı artırır, siyasi sabitliyi böyük durğunluğa çevirir.

Çıxış yolunu, əlbəttə, DÖVLƏT anlayışını daha yaxşı anlayan PREZİDENT bilir. Əsas konturlar da bəllidir: davamlı islahatlar, günün tələblərinə cavab verən kadr dəyişiklikləri, mütəhərrik sistem, daha əlverişli biznes mühiti və s.

Siyahını artırmaq da olar. Amma ən əsası yeni ideoloji konsepsiyanın yaradılması DÖVLƏTÇİLİK institutunun daha da formalaşdırılmasına xidmət etməlidir. Burada islahatları sarsıdan ideoloji boşluqlar, təhsilin bütün komponentlərinin yenidən işlənməsi, kütləvi tədbirlərin geniş miqyas alması, media siyasətinin yeni aspektlərinin formalaşdırılması və nəticədə tərbiyəsiz kadrların sürətlə çıxdaş edilməsidir.

Yenə də ümid edirəm ki, ölkədə son vaxtlar aparılan geniş islahatlar fonunda bu amilləri görmək bizə nəsib olacaq.

Fadil PAŞAYEV konkret.az

Analoq.Az

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi