O, qorqud qopuzunun ucalan ruhundan çıxıb gəldi



O, qorqud qopuzunun ucalan ruhundan çıxıb gəldi
Torpaq, Vətən, Yurd... Müqəddəs hisslər, duyğular. Bu hissi, duyğunu insanlara yaşadan söz adamları... Onlarla ünsiyyətdən doğan İlahi hisslər... Onların saf dünyasının özünəməxsus özəlliyi... İndi mən Yurd aşiqi bir insandan söhbət açmaq istəyirəm. Amma bu hissləri qələmə almağa acizəm. Acizəm ona görə ki, o şair bu dünyada söz möcüzəsidir. Söz möcüzəli insanlar Uca Allahın Göylərdən Yer üzünə ən böyük hədiyyəsidir.

O şair Könül adamı, torpaq oğludur!
O şair Çingizxan əsgəridir!
Onun öz dünyası var!

O, min ilin yaddaşından qopub gəldi. O, qorqud qopuzunun ucalan ruhundan çıxıb gəldi. O, əcdadlarımızın özünü bizə gətirdi. Min ilin yaddaşından gəldi ki, Vətən var olsun. Qorqud qopuzunun ucalan ruhundan gəldi ki, “Saza da, sözə də səcdə edilsin”. Əcdadlarımızı bizə gətirdi ki, qibləmizi unutmayaq. O, “Avesta”dan bizə gəldi. O, Xeyirin Şər üzərində qələbə çalmağının həqiqət olmasını sübut etmək üçün bizə gəldi. Onun özü də, sözü də xeyir, nur, işıqdır. Onun hər addımı dərdlərə dəva olan Yunis İmrənin “40 ilin dərvişi”nin addımlarıdır. O, bir gün doğulmadı. O, hər səhər yenidən doğur. Çünki hər kəsin onun özünə, qəlbinə, sözünə ehtiyacı var. O, insanların yaddaşında öz varlığına yer tapa bilən azman şairdir. O, Türkdür. Onu görməyi ay da, günəş də hər an arzulayır. Günəş ona çatmaq üçün hər gün dünyaya yenidən işıq saçır:
“Hər səhər doğur günəş,
Qaçır gün... türkə çatsın!”
O, qorqud qopuzunun ucalan ruhundan çıxıb gəldi
O, Türk soylarının bölünməyən köküdür. O, “Bir yol doğrananda yüz yol doğulan, Min kər şöy verən tut ağacının” köküdür. O, ziyarətgahlara sarvandır. Çünki o varisi olduğu ocağın “alovu səngiməz, közü qaralmaz.” O, palıd möhkəmliyi, palıd məğrurluğu gətirdi ədəbiyyatımıza. O, “palıdların qocasıynan qohum”dur. O, cənnətə gedir. Çünki onun qanadı üstündə anası var. Onun anası Vətən, Vətəni anadır. O, yolumuza işıq saçan Uğur Adamıdır. Onun öpdüyü cansız çöp belə o nəfəsi duyandan sonra yenidən dünyaya gəlməyə bilməz:

“Sən elə bilirsən hər il dünyada
Təkcə dərə-təpə, düz yaşıllaşır.
Çöpün də üzündən öpürəm deyə,
O saat öpdüyüm üz yaşıllaşır.”

O, Koroğlunu, Nəbini, Nizamini, Füzulini, Nəsimini, S.Vurğunu, İ.Şıxlını, X.R.Ulutürkü, H.Arifi, A.Səmədi ürəyində məhəbbətlə yaşadır. Çünki onun ürəyindən axan qan tək bir bədəni yaşatmaq üçün axmır. Onun qanı:
“Nəsimi, Füzuli məzarınacan,
Dərbəndə, Hələbə, Xoyacan axır.”
Haqqında söhbət açdığımı insanın kim olduğunu yəqin hər kəs bildi. O insan Yurd şairi, müasir ədəbiyyatımızın Vətən şairi, Əməkdar incəsənət xadimi, şair Barat Vüsaldır. Biz də bu qüdrətli şairi səmimiyyətimizlə təbrik edirik! 65-ci baharın mübarək olsun deyirik!

Böyük hörmətlə: Səbinə YUSİFскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi